Linkoln bilirdi ki, bu, belədir. O özü bu yolu keçmişdi. O, bütün ömrü ərzində
məktəbdə üst-üstə bir ildən çox oxumamışdı. Bəs kitablar?
Linkoln deyirdi ki, mütaliə üçün xahiş-minnət edib ala biləcəyi istənilən
kitabı əldə etməkdən ötrü evindən əlli mil radiusda yerlərə piyada gedirdi.
Onun komasında bütün gecəni od yanırdı və o, hərdən şam işığında
oxuyurdu. Divarda, ağac dirəklərin arasında yarıqlar var idi və çox vaxt Linkoln
kitabı bu yarıqlardan birinə taxırdı. Sübh açılan kimi o, özünün yarpaqlardan
olan çarpayısından atılıb qalxır, gözlərini ovxalayır, kitabı çıxarır və hərisliklə
onu oxumağa başlayırdı.
O, hansısa bir natiqi dinləmək üçün iyirmi-otuz mil məsafəyə piyada gedirdi
və evə qayıdandan sonra nitqlərin söylənməsində təcrübəni hər yerdə keçirdi:
əkin sahəsində, meşədə, Centrivilldəki Consun baqqal dükanının yanında
toplaşan kütlə qarşısında. O, Nyu-Seylemdə və Sprinqfilddəki diskussiya
klublarına üzv yazılmışdı və günün qayğılı mövzuları ilə bağlı çıxışlarla sizin kimi
təcrübə toplayırdı.
Natamamlıq hissi ona həmişə əzab verirdi. Qadınların yanında utanır və bir
söz də deyə bilmirdi. Meri Toddla münasibət qurduğu vaxtlarda elə olurdu ki, o,
qonaq otağında utana-utana dinməzcə oturur və danışmağa söz tapmadan yalnız
onun dediklərinə qulaq asırdı. Lakin elə həmin adam məşqlər və özü özünü
hazırlamaq yolu ilə elə bir natiqə çevrildi ki, senator Duqlas kimi yüksək savadlı
bir adamla diskussiya edə bilərdi. Həmin adam Gettisberqdə prezident postuna
təkrar seçilməsi münasibətilə etdiyi çıxışda bəşər tarixində başqa natiqlərin çox
nadir hallarda yüksələ bildikləri gözəl, aydın, parlaq natiqlik zirvəsinə qalxdı.
Buna görə heç təəccüblü də deyil ki, o, adlamalı olduğu qorxunc çətinlikləri
və əzablı mübarizəni yaddan çıxarmayaraq yazırdı: “Əgər siz hüquqşünas olmağı
möhkəm qət etmisinizsə, işin yarısından çoxu artıq edilmişdir”.
Teodor Ruzveltin otağında Avraam Linkolnun əla portreti asılmışdı.
“Mürəkkəb və dolaşıq məsələ ilə bağlı qərar qəbul etməli olduğum hallarda,
hüquq və maraqların toqquşduğu vaxtlarda, – deyirdi Ruzvelt, – mən Linkolna
baxır və onun eynilə bu cür şəraitdə necə hərəkət edəcəyini təsəvvür etməyə
çalışırdım. Bu, sizə qəribə görünə bilər, lakin açıq deyəcəyəm, mənə belə gəlirdi
ki, bu, mənim çətinliklərimin həllini asanlaşdırır”.
Ruzveltin nümunəsini siz də niyə təkrarlamayasınız? Əgər siz ruhdan
düşmüsünüzsə və natiqlik sənətinə yiyələnmək uğrunda mübarizəni atmağa
hazırsınızsa, cibinizdən üstündə Linkolnun portreti olan beş dollarlıq əsginazı
çıxarın və onun bu şəraitdə necə hərəkət edəcəyini özünüzdən soruşun. Onun
necə hərəkət edəcəyini axı siz bilirsiniz. Stiven A.Duqlas ABŞ senatına seçkilərdə
onun üzərində qələbə çalanda Linkoln öz tərəfdarlarına dedi ki, “bir yox, heç yüz
məğlubiyyətdən sonra da təslim olmaq” olmaz.
Səylərinizin mükafatlandırılacağına əminlik
Mən çox istəyərdim ki, siz həftə ərzində hər gün səhər yeməyində Harvard
Universitetinin professoru, məşhur psixoloq Uilyam Ceymsin aşağıda verilən
sözlərini əzbərləyənə qədər bu kitabı açıq saxlayasınız:
“Heç bir yeniyetmə aldığı təhsilin istiqamətindən asılı olmayaraq, onun
nəticəsinə görə həyəcanlanmamalıdır. Əgər o, iş gününün hər saatında vicdanla
zəhmət çəkərsə, son nəticəyə qətiyyən şübhə etməyə bilər. O, buna möhkəm
downloaded from KitabYurdu.org
ümid edə bilər ki, biliyin hansı sahəsini seçmiş olsa da, gözəl səhərlərin birində
yuxudan oyananda öz nəslinin ən bacarıqlı adamlarından biri olduğunu
görəcəkdir”.
İndi isə məşhur professor Ceymsin fikrinə əsaslanaraq bunu deməyi özümə
rəva bilirəm ki, əgər siz ictimaiyyət qarşısında danışmağa vicdanla və ruh
yüksəkliyi ilə hazırlaşacaqsınızsa, əgər siz dərrakə ilə təcrübə toplayacaqsınızsa,
siz tam əsasla buna bel bağlaya bilərsiniz ki, gözəl səhərlərin birində yuxudan
oyananda şəhərinizin və ya icmanızın ən yaxşı natiqlərindən biri olacaqsınız.
Bu, sizə fantaziya kimi görünə bilər, lakin bu, prinsip etibarilə düzgündür.
İstisnalar da, əlbəttə, belə olur. Aşağı intellekt sahibi və şəxsiyyət kimi özü ilə
heç nə təcəssüm etdirməyən, deməyə bir sözü olmayan adam yerli miqyaslı
Daniel Vebster ola bilməyəcək, lakin bu fikir dərrakəli hədlərdə doğrudur.
İzin verin mən konkret nümunə göstərim.
Natiqlik sənəti məktəbinin dinləyicilərinin buraxılışı ilə bağlı Trentonda
təşkil olunan banketdə Nyu-Cersi ştatının keçmiş qubernatoru Stouks iştirak
edirdi. O dedi ki, həmin axşam dinlədiyi şagirdlərin çıxışları Vaşinqtonda
Nümayəndələr Palatası və Senatda eşitdiyi nitqlərdən heç də pis deyildi.
Trentondakı həmin çıxışlar hələ bir neçə ay əvvəl auditoriya qarşısında dilləri
tutulan biznesmenlər tərəfindən söylənmişdi. Onlar heç də gələcək Siseronlar
deyildilər, onlar Nyu-Cersi ştatının biznesmenləri idilər. Lakin, bununla belə, bir
də gördülər ki, gözəl səhərlərin birində onlar öz şəhərlərinin ən yaxşı natiqləri
sırasındadırlar.
Sizin natiq kimi uğurunuzun bütün perspektivi iki məqama dirənir: sizin
təbii qabiliyyətləriniz və sizin məqsədə çatmaq istəyinizin dərinliyi və qüvvəsi.
“Demək olar, bütün sahələrdə, – deyir professor Ceyms, – öyrəndiyiniz işə
münasibətdə coşqun maraq sizi xilas edəcəkdir. Əgər siz nəticəyə kifayət qədər
qüvvə ilə can atırsınızsa, buna mütləq nail olacaqsınız.
Əgər siz dövlətli olmaq istəyirsinizsə, dövlətli olacaqsınız, əgər siz alim olmaq
istəyirsinizsə, alim olacaqsınız, əgər siz yaxşı olmaq istəyirsinizsə, yaxşı
olacaqsınız. Amma bircə siz, həqiqətən də, bunu və yalnız bunu istəməli, eyni
zamanda eyni qüvvə ilə bir-birinə aidiyyəti olmayan yüz cür şeyə can
atmamalısınız”. Və professor Ceyms eyni dərəcədə ədalətlə bunu da əlavə edə
bilərdi: “Əgər siz natiq, özünə inamlı natiq olmaq istəyirsinizsə, siz elə də
olacaqsınız, amma bunu, həqiqətən də, istəmək lazımdır”.
Mən özünə inam hissinə yiyələnməyə və ictimaiyyət qarşısında danışmağı
öyrənməyə cəhd edən, hərfi mənada, minlərlə kişi və qadını diqqətlə müşahidə
etmişəm.
Buna müyəssər olanların yalnız az bir hissəsi parlaq qabiliyyətlərə malik idi.
Əksər hallarda bu, adi, sizin öz şəhərinizdə gördüyünüz kimi adamlar olub. Lakin
onlar inadkar idilər. Belə də olurdu ki, daha qabiliyyətli adamların bu işə əlləri
soyuyur, ya da pul dalınca qovhaqova başları həddən bərk qarışmışdı və buna
görə də onlar xüsusi uğura nail olmurdular. Lakin xarakter və məqsədyönlülüyün
yiyəsi olan orta təfəkkürlü adam əvvəl-axır qabağa çıxırdı.
Bu, tamamilə təbii və insana xas olan haldır. Məgər siz eyni hala kommersiya
və professional fəaliyyətdə rast gəlməmisiniz? Ata Rokfeller deyirdi ki, biznesdə
downloaded from KitabYurdu.org