məlumatların üzərində daha çox düşünüb-daşınan və onlar arasında daha sıx
əlaqələr quran adam daha yaxşı yaddaşa malik olacaqdır”.
6. Əgər siz bir faktı başqa, artıq sizə bəlli olan faktla assosiasiyalaşdırmaq
istəyirsinizsə, onda təzə faktı bütün nöqteyi-nəzərlərdən düşünüb-daşının. Öz
qarşınıza bu cür suallar qoyun: “Bu, niyə belədir?”, “Necə olub ki, bu, belədir?”,
“Nə vaxt belə olur?”, “Kim deyib ki, bu, belədir?”
7. Tanış olmayan adamın familiyasını yadda saxlamaq üçün həmin adama
suallar verin – familiya necə yazılır və s. O adamın xarici görkəmini diqqətlə
öyrənin. O adamın familiyasını onun sifəti ilə əlaqələndirməyə çalışın. Onun nə
ilə məşğul olduğunu öyrənin və Pensilvaniya atletik klubuna toplaşan qrupla
edildiyi kimi, onun adını onun məşğul olduğu işlə bağlayan mnemonik cümlə
qurmağa çalışın.
8. Tarixləri yadda saxlamaq üçün onları sizin bildiyiniz əlamətdar tarixlərlə
assosiasiyalaşdırın. Məsələn, Şekspirin doğulmasının üç yüz illiyi ABŞ-da
Vətəndaş müharibəsi tarixi ilə üst-üstə düşmüşdür.
9. Öz çıxışınızın abzaslarının ardıcıllığını yadda saxlamaq üçün onları belə
yerləşdirin ki, bir mövzu məntiqi olaraq özündən əvvəlkindən çıxsın. Bundan
başqa, siz əsas məqamları özündə cəmləşdirən mnemonik cümlə fikirləşib tapa
bilərsiniz, məsələn, belə: “İnək siqar çəkirdi və Napoleona şıllaq atdı, ev isə dini
kultlarla birlikdə yandı”.
10. Əgər bütün ehtiyat tədbirlərinə baxmayaraq, deməyə hazırlaşdığınızı
qəflətən unudursunuzsa, onda siz sonuncu cümlənin axırıncı sözlərini təzə cümlə
üçün birinci sözlər kimi istifadə etməklə tam iflasdan canınızı qurtara bilərsiniz.
Bu minvalla nitqi siz öz çıxışınızın növbəti bəndini yadınıza salana qədər
davam etdirmək mümkündür.
Beşinci fəsil
İctimaiyyət qarşısında
uğurlu çıxışın ilkin şərtləri
Bu sətirlərin yazıldığı gün, yanvarın 5-də cənab Ernest Şekltonun vəfatının
ildönümü qeyd olunur. O, əla gəmi olan “Kvest”də (“Axtarış”) Antarktikanı tədqiq
etmək üçün cənuba üzərkən vəfat etmişdi. “Kvest”in göyərtəsinə qalxanların
diqqətini ilk cəlb edən mis lövhədə həkk olunmuş aşağıdakı sətirlər idi:
Əgər sən arzu edə və arzularını
öz sahibinə çevirməməyi bacarırsansa,
Əgər sən fikirləşə və fikirlərini
öz-özlüyündə məqsədə çevirməməyi bacarırsansa,
Əgər sən triumfla və bəla ilə qarşılaşmağı
və bu iki yalançı ilə eyni cür davranmağı bacarırsansa,
Əgər sən ürəyini, əsəbini, əzələlərini onlar artıq olmayanda da
öz işini görməyə məcbur etməyi bacarırsansa,
Və beləliklə, onlara: “Möhkəm durun!” deyən iradədən başqa, səndən
daha heç nə qalmayanda da özünü yaşatmağı bacarırsansa,
Əgər sən bir göz qırpımında əldən çıxan dəqiqəni
altmış saniyəlik yürüşlə doldurmağı bacarırsansa –
Yer və onda olan hər şey sənə məxsus olacaq,
Və hələ bundan da çox, sən insan olacaqsan, oğlum mənim!
downloaded from KitabYurdu.org
Şeklton bu şeiri “Kvesta”nın ruhu adlandırırdı. Və həqiqətən də, Cənub
qütbünə yola düşən adamın – ictimaiyyət qarşısında çıxış edərkən özünəinam
hissini qazanmağı arzulayan adamın da – özünə hopdurmalı olduğu ruh əks
olunmuşdur bu şeirdə.
Lakin təəssüflə deməliyəm ki, natiqlik sənətini öyrənmək istəyənlərin heç də
hamısı bu işə həmin ruhu özünə hopduraraq girişmir. Çox-çox il bundan əvvəl,
mən öz müəllimlik fəaliyyətimi yenicə başladığım vaxtlarda axşam tədris
müəssisələrinə daxil olan tələbələrin xeyli hissəsinin öz məqsədlərinə
çatmayaraq yorulub məşğələləri atdıqlarına heyrətlənirdim. Onların sayı o qədər
çoxdur ki, bu eyni zamanda həm heyrət, həm də kədər doğurur, insan təbiətini
xoşagəlməz şəkildə qiymətləndirməyə sövq edir.
Mən öz kitabımın ortasına yaxınlaşıram və təcrübəmdən bilirəm ki,
oxucuların bəzisi ruhdan düşüb, çünki auditoriya qarşısında qorxularını adlaya
və özlərinə inam hissini qazana bilməyiblər.
Çox qüssəlidir, çünki:
“Dözümü olmayan necə də miskindir!
Yaranı ani olaraq müalicə etmək məgər mümkündür?”
Şekspir.
İnadkarlıq zəruridir
Biz hansısa bir işi, məsələn: fransız dilini, qolf oynamağı, yaxud natiqlik
sənətini öyrənəndə heç vaxt aramsız irəliləmirik. Biz uğurları tədricən
qazanmırıq. Biz onları gözlənilməz sıçrayışlar, kəskin irəliləmələrlə edirik. Biz
hərdən müəyyən müddətə dayanırıq və ya hətta geri diyirlənib əvvəllər
qazandıqlarımızdan nələri isə itirə də bilərik. Staqnasiyanın və ya reqresin bu
mərhələləri psixoloqların hamısına yaxşı məlumdur və “hazırlıq əyrisində plato”
adını almışdır. Natiqlik sənətini öyrənənlər bəzən həmin “platoların” birində
həftələrlə durub ləngiyəcəklər. Onlar nə qədər sürətlə işləsələr də, irəliləməyə
müyəssər olmayacaqlar. Zəiflər naümidliyə qapanır və bu işi atırlar, möhkəm
xarakterli adamlar isə davam edir və bunda əmin olurlar ki, birdən, qəfildən,
bunun necə və niyə baş verdiyini heç özləri də anlamadan böyük uğur
qazanmağa başlayırlar. Onlar platodan təyyarə kimi qalxırlar. Qəfildən onlar
tələb olunan vərdişləri əldə edirlər. Onlar qəfildən özlərini sərbəst hiss edirlər,
çıxış edən zaman təbii olmaq və özünə inam, eləcə də auditoriyaya təsir etmək
bacarığı əldə edirlər.
Bu kitabda artıq deyildiyi kimi, ictimaiyyət qarşısında çıxışınızın ilk
məqamlarında siz hansısa ötəri qorxu, təlatüm, əsəbi həyəcan, ola bilsin, həmişə
hiss edəcəksiniz. Lakin əgər siz inadkarlıq nümayiş etdirmiş olarsınızsa, tezliklə
bütün qorxulardan yaxa qurtaracaqsınız, bircə başlanğıc qorxusu istisna olmaqla,
başlanğıc qorxusu da çox qısamüddətli olacaqdır. İlk bir neçə cümlədən sonra siz
özünüzü ələ alacaqsınız. Çıxış sizə şübhəyə yer qoymayan həzz verəcəkdir.
Qətiyyətli olun
Hüququ öyrənmək istəyən bir cavan oğlan bir dəfə Linkolndan məsləhət
almaq xahişi ilə ona məktub yazmışdı. Və Linkoln ona cavab vermişdi:
“Əgər siz hüquqşünas olmağı möhkəm qət etmisinizsə, işin yarısından çoxu
artıq edilmişdir... Həmişə yadda saxlayın ki, sizin uğur qazanmaq qətiyyətiniz
qalan hər şeydən vacibdir”.
downloaded from KitabYurdu.org