bir neçə dəfə hırtıldamağa var qüvvələriylə səy göstərəcəklər, hərçənd
ürəklərinin dərinliklərində uğursuz yumoristə iflasına görə yazıqları gələcəkdir.
Belə natiqlər özlərini öz yerlərində hiss etməyəcəklər. Bu cür fiaskonu müşahidə
etmək məgər sizə heç vaxt nəsib olmayıb?
Ağır natiqlik sənətində dinləyiciləri gülməyə məcbur edə bilməkdən daha
mürəkkəb və daha nadir başqa heç nə yoxdur. Yumor – bədahətən olan,
individuallıqla, şəxsiyyətlə bağlı olan işdir.
Yadda saxlayın, hekayə öz-özlüyündə çox nadir hallarda gülməli olur. Hər şey
necə danışmaqdan asılıdır. Mark Tveni məşhur etmiş eyni əhvalatları danışan
yüz nəfərdən doxsan doqquzu dağıdıcı süquta uğrayardı. Linkolnun İllinoys
ştatının səkkizinci məhkəmə dairəsinin tavernalarında təkrar-təkrar danışdığı
hekayələri oxuyun – o hekayələri ki, adamlar onlara qulaq asmaq üçün uzun yol
qət edirdilər, o hekayələri ki, onları səhərə qədər dinləyir və şahidlərin sözlərinə
görə, hərdən dinləyiciləri şaqqanaq çəkib gülməyə və stullardan yıxılmağa
məcbur edirdi. Həmin hekayələri öz ailənizə hündürdən oxuyun və görün onlar
təbəssüm doğuracaqlarmı. Budur, Linkolna heyrətamiz uğur gətirən heka-
yələrdən biri. Siz onu danışmağa niyə də cəhd etməyəsiniz? Amma bunu, lütfən,
başqalarının yanında, auditoriyanın qarşısında etməyin:
“Bir dəfə gecəyə qalan və İllinoysun pis gündə olan yolları ilə evinə tələsən
yolçu yolda bərk yağışa düşür. Gecə mürəkkəb kimi qaranlıq idi. Yağış elə bərk
yağırdı ki, elə bil göylərdə bənd dağılmışdı. İldırımlar hirsli buludları sanki
dinamitlə partladırmış kimi partladırdı. Aramsız işartılar ətrafda yıxılan ağacları
işıqlandırırdı. Gurultu yolçunun qulaqlarını batırırdı. Nəhayət, bu köməksiz
adamın ömründə nə vaxtsa görüb-eşitdiklərindən daha qorxulu, daha dəhşətli
ildırım çaxdı və onu diz üstə çökdürdü. O, adətən, heç vaxt dua etməzdi, lakin indi
boğula-boğula dua edirdi: “Aman qüdrətli Tanrı, daha çox işıq və daha az səs-küy
göndər”.
Siz nadir yumor vergisi verilmiş xoşbəxt adamlardan biri ola bilərsiniz. Əgər
bu, belədirsə, onda bu vergini özünüzdə bütün vasitələrlə bəsləyib yetişdirin.
Harada çıxış etməyinizdən asılı olmayaraq, sizi hər yerdə üçqat isti
qarşılayacaqlar. Lakin sizin talantınız başqa sahələrdədirsə, onda Çonsi
M.Depyunun mantiyasını əyninizə geyməyə çalışmaq sizin tərəfinizdən ağılsızlıq
və hətta demək mümkündürsə, dövləti cinayət olardı.
Əgər sizə nə vaxtsa onun nitqlərini, Linkolnun və ya Cob Hodcesin çıxışlarını
oxumaq nəsib olarsa, onda onların hər cür əhvalatları öz dinləyicilərinə ələlxüsus
da nitqin əvvəlində nə qədər az danışdıqları sizi, görünür, heyrətləndirərdi.
Edvin Ceyms Ketell mənə danışmışdı ki, o, məzəli əhvalatları heç vaxt yalnız
gülmək xətrinə danışmırdı. Belə əhvalatlar gərək yerinə düşsün və haqqında
danışılan hansısa bir vəziyyəti illüstrasiya etsin. Yumor tortun üstündəki şirədir.
Tortun layları arasında şokolad olmalıdır, amma heç bir vəchlə tortun özü
olmamalıdır. Birləşmiş Ştatlarda ən yaxşı lektor-yumorist olan Striklend Cilliani
çıxışının birinci üç dəqiqəsi ərzində heç bir əhvalat danışmamağı özünə qayda
qoymuşdu. Əgər o, bunun öz işinə yaradığını hesab edirdisə, onda düşünürəm ki,
siz də, mən də onun nümunəsindən ibrət götürə bilərik.
Belə olan halda çıxışların başlanğıcı ağırçəkili, təmtəraqlı olmalıdırmı?
Qətiyyən heç bir halda.
downloaded from KitabYurdu.org
Əgər bunu edə bilərsinizsə, mövcud situasiya ilə və ya sizdən əvvəlki hansısa
bir natiqin qeydləri ilə bağlı yerli xarakterik xüsusiyyətlərə istinadlardan istifadə
edərək zalda gülüş doğurun. Hansısa bir uyğunsuzluğu qeyd edin. Onu şişirdin.
Bu cür zarafatlar sizə Pet və Maykdan, qayınana və ya keçi barədə köhnəlmiş
lətifələrdən qırx dəfə tez uğur gətirər.
Amma belə düşünürəm ki, şən əhvali-ruhiyyə yaratmaq üçün ən asan yol
şəxsən öz ünvanınıza etdiyiniz zarafatdır. Hansısa gülməli və ya dolaşıq
vəziyyətə düşməyinizlə bağlı özünüz haqqında nə isə danışın və bu, yumoristik
mühiti dərhal təmin edəcəkdir. Eskimoslar hətta ayağını sındıran adama da
gülürlər. Çinlilər ikinci mərtəbənin pəncərəsindən düşən və yerə çırpılıb ölən itə
də hırıldayırlar. Biz bir qədər onlardan mərhəmətliyik, amma məgər biz küləkli
havada şlyapasının dalınca qaçan, yaxud bananın qabığını tapdalayıb yıxılan
kiməsə gülümsəmirik?
Əgər uyuşmaz şeylər tutuşdurularsa, adamları, demək olar, hər kəs güldürə
bilər. Məsələn, bir jurnalist bəyanatında yazırdı ki, onun “uşaqları, döyülmüş
ətdən xörəkləri və demokratları görməyə gözü yoxdur”.
Görün Redyar Kiplinq İngiltərədə etdiyi siyasi çıxışlarından birində
dinləyicilərin gülüşünü necə ağıllı surətdə doğurmuşdu. O, hazır lətifələri
danışmır, əvəzində öz şəxsi təcrübəsini bölüşür və uyuşmazları şən-şən
tutuşdururdu:
“Hörmətli lordlar, xanım və cənablar! Cavan yaşlarımda və Hindistanda
olanda qulluq etdiyim qəzetdə mən, adətən, cinayət işlərini işıqlandırırdım. Bu,
maraqlı iş idi, çünki mən saxta pulkəsənlərlə, bədxərclərlə, qatillərlə və bu
növdən olan digər işgüzar “idmançılarla” tanış olmuşdum (gülüş). Elə olurdu ki,
mən məhkəmə zalından hesabatı tərtib edəndən sonra həbsxanada cəzalarını
çəkən dostlarıma baş çəkirdim (gülüş). Mən bir nəfəri tanıyırdım, o, qətlə görə
ömürlük həbsə məhkum olunmuşdu. Bu, ağıllı, fikirlərini yaxşı ifadə edən cavan
oğlan idi və o, mənə özünün ömür tarixi adlandırdığını danışmışdı. O demişdi:
“İnanın mənə – əgər adam vicdansız yola qədəm qoyursa, onda bir əməl öz
arxasınca digərini çəkib gətirir və bu, o vəziyyətə qədər davam edir ki, o, yenə də
düz yola çıxmaq üçün kimisə öz yolundan götürmək məcburiyyətində qalır”
(gülüş). Nazirlər kabinetinin hazırkı vəziyyətini məhz belə müəyyən etmək olar
(gülüş, təqdiredici xitablar)” .
Metropoliten Layf İnşurans kompaniyası rəhbərlərinin hər il keçirilən
banketində Uilyam Qovard Taft da eyni tərzdə yumor payını qata bilmişdi. Ən
gözəli isə bax bundan ibarətdir: o zarafat edir və eyni zamanda da dinləyicilərə
zərif kompliment söyləyirdi:
“Cənab prezident, Metropoliten Layf İnşurans kompaniyasının hörmətli
əməkdaşları!
Mən öz doğma yerlərimə təqribən doqquz ay əvvəl baş çəkmişdim və orada
banketdə ruh yüksəkliyi ilə danışan bir centlmenin çıxışını eşitdim. O dedi ki,
banket nitqlərinin söylənməsində çox böyük təcrübə yiyəsi olan bir dostu ilə
əvvəlcədən məsləhətləşib və həmin dostu ona bildirib ki, bu sayaq nitqlər üçün
ən yaxşı auditoriya – yaxşı təhsil almış, lakin dəmlənmiş ziyalılar auditoriyasıdır
(gülüş və alqışlar). Mən bu gün deməliyəm ki, sizin auditoriyanız banketdə
çıxışlar üzrə mütəxəssis üçün nə vaxtsa rastlaşdığım ən yaxşı auditoriyadır.
downloaded from KitabYurdu.org