İlin fəsilləri gələcək və gedəcək,
Hər şey solur, bildiyiniz kimi, vaxtı gələndə.
Bir şey var, amma daim şeh təki çiçəklənir və təravətlidir –
Bu, mənim sizə sevgim və bağlılığımdır”.
Bu kiçik şeir Harri Loderin şəxsiyyətinə tam uyğundur və şübhəsiz ki, onun
bütün çıxışı ilə həmahəng səslənir. Buna görə də konkret halda o, gözəl idi. Əgər
“Rotari” klubunun hansısa bir başqa üzvü həmin şeiri özünün təmtəraqlı nitqinin
sonunda istifadə etmiş olsaydı, onda bu, o qədər qeyri-təbii görünərdi ki, demək
olar, gülünc olardı. İctimaiyyət qarşısında çıxış etmək sənətini mən nə qədər çox
tədris edirəmsə, həyatın bütün halları üçün düzgün olacaq ümumi qaydaları
verməyin qeyri-mümkün olduğunu bir o qədər aydın başa düşür və daha canlı
dərk edirəm. Axı müzakirə predmetindən, vaxtdan və hadisənin baş verdiyi
yerdən, elə insanın özündən də çox şey asılıdır.
Hər bir kəs, müqəddəs Pavel dediyi kimi, öz xilasını həyata keçirməlidir.
Azad peşə sahibi olan bir nəfərin Nyu-Yorkdan getməsiylə bağlı verilən vida
naharında qonaq qismində iştirak etmişdim. Natiqlər bir-birinin ardınca ayağa
qalxır, şəhərdən gedən dostlarını vəsf edir və fəaliyyətinin yeni sahəsində ona
uğurlar diləyirdilər. Bir düjünə yaxın çıxış edilmişdi, lakin onlardan yalnız biri
yaddaqalan şəkildə tamamlandı. Bu məhz elə şeirlə tamamlanan çıxış idi. Çıxış
edən şəhərdən gedənə tərəf döndü və hisslə dolu səslə dedi: “Hə, indi isə
görüşənədək, mən sənə özümə arzulaya biləcəyim bütün hər şeyi diləyirəm!
Mən əlimi Şərq əhli sayaq ürəyim üstə qoyuram:
Qoy Allah sənə yar olsun.
Sən harada olsan, hara gedib çıxsan da,
Qoy orada Allahın gözəl palmaları yetişsin,
Zəhmətli gündüzlər və dincəldiyin gecələr sənə
Qoy Allahın xeyir-duasını gətirsin.
Mən əlimi Şərq əhli sayaq ürəyim üstə qoyuram:
Qoy Allah sənə yar olsun.
Bruklindəki L.A.D. Motors korporasiyasının vitse-prezidenti C.A.Ebbot öz
təşkilatının qulluqçuları qarşısında sadiqlik və əməkdaşlıqla bağlı çıxış edirdi. O,
öz çıxışını Kiplinqin “Cəngəlliklərin ikinci kitabı” əsərindən cingiltili sətirlərlə
bitirdi:
Bu da sizin üçün Cəngəlliklər Qanunu –
Və o, göy qübbəsi tək dəyişməzdir.
Canavar onu sayanadək sağdır;
Qanunu pozan Canavar öləcəkdir.
Lianatək, sarmaşıqtək hər iki tərəfə sarılır Qanun:
Canavar kimi yaşamaqdadır Dəstənin gücü,
Canavarın gücü – doğma Dəstədir”.
Əgər siz şəhərinizdəki kitabxanaya gedərsinizsə və kitabxanaçıya
deyərsinizsə ki, filan-filan mövzu ilə bağlı çıxış hazırlayırsınız və bu, yaxud başqa
bir ideyanı ifadə etmək üçün poetik sitat axtarırsınız, onda Bartlettin “Tanış sitat”
tipli hansısa bir məlumat kitabından sizin üçün, ola bilsin ki, oxşar nəsə tapmış
olarlar.
İncildən gətirilən sitatın qüvvəsi
downloaded from KitabYurdu.org
Əgər siz öz çıxışınızda Müqəddəs Kitabdan sitat gətirə bilərsinizsə, onda
sizin bəxtiniz gətirəcək. Yerinə düşən halda İncildən gətirilən sitat çox vaxt dərin
təsir göstərir. Məşhur maliyyəçi Frenk Vanderlip bu metodu müttəfiqlərin
Birləşmiş Ştatlara ödəməli olduqları borca həsr olunmuş çıxışının sonluğunda
istifadə etmişdi:
“Əgər biz öz tələbimizin, hərfi mənada, yerinə yetirilməsini təkid etmiş olsaq,
onda o, dəqiq ki, yerinə yetirilməmiş olacaqdır. Əgər biz eqoistik mülahizələrdən
çıxış edərək təkid etsək, onda biz pul yox, nifrət alarıq. Əgər biz genişürəkli olsaq
– müdrikcəsinə genişürəkli – onda borclar bizə qaytarıla bilər və bununla
edəcəyimiz xeyirxahlıq bizim üçün maddi cəhətdən, bizim itirə biləcəyimiz başqa
nə iləsə müqayisədə daha böyük demək olacaqdır.
“Zira öz həyatını xilas etmək istəyən onu itirəcək, lakin öz həyatını mənə və
Müqəddəs Kitaba görə itirən onu xilas edəcəkdir”.
Kulminasiya
Kulminasiya özü ilə çıxışın başa çatdırılmasının populyar üsulunu təcəssüm
etdirir. Onu həyata keçirmək çox vaxt çətin olur və o, bütün natiqlər və bütün
mövzular üçün heç də həmişə yerinə düşən sonluq olmur. Lakin o, yaxşı yerinə
yetirilibsə, parlaq təəssürat qoyur. O, hər cümlə ilə daha da güclənərək zirvəyə
çatır. Kulminasiya üçün yaxşı nümunə kimi mükafatla təltif olunan və üçüncü
fəsildə göstərilən Filadelfiya haqqında çıxışın sonluğunu göstərmək olar.
Linkoln kulminasiyanı Niaqara şəlaləsi haqqında mühazirələr üçün öz
qeydlərini hazırlayarkən istifadə etmişdi. Diqqət yetirin ki, hər növbəti müqayisə
əvvəlkindən daha güclüdür və o, Niaqaranın yaşını Kolumbun, Məsihin, Moiseyin
(Musa peyğəmbər), Adəmin (Adəm peyğəmbər) və b. dövrü ilə müqayisə
etməklə kulminasiya effektinə necə nail olur:
“Bu, yaddaşda sonsuz keçmişi oyadır. Kolumb ilk dəfə bizim kontinenti
axtaranda, Məsih xaçın üstündə əzab çəkəndə, Moisey İsraili Qırmızı dənizdən
keçirəndə, bundan da çox, hətta Adəm ilk dəfə Tanrının əli ilə yaradılmış olanda
– o vaxt indi olduğu kimi burada Niaqara şəlaləsi nərildəyirdi. Nəsli kəsilmiş,
sümükləri Amerikanın təpələrini dolduran tarixəqədərki nəhənglərin gözləri
Niaqaraya biz ona indi baxdığımız kimi baxırdı. İnsanların birinci qəbiləsinin
müasiri və ilk insandan yaşlı olan Niaqara bu gün on min il əvvəl olduğu kimi
güclü və təravətlidir. Nəsli çoxdan kəsilən, nə vaxtsa mövcud olduqlarını yalnız
çox iri sümük qalıqları təsdiq edən mamontlar və mastodontlar da bütün bu uzun
dövr ərzində bircə saniyə belə dayanmayan və axını heç vaxt qurumayan, heç
vaxt donmayan, heç vaxt dincəlməyən Niaqaraya baxıblar”.
Tussen-Luvertyure haqqında çıxışında Uendell Fillips eynilə belə bir fənddən
istifadə etmişdi. Onun çıxışının sonluğu aşağıda verilir. Bu hissə ictimaiyyət
qarşısında edilən çıxışlara həsr olunmuş kitablarda tez-tez iqtibas gətirilir.
Onda enerji və həyat qüvvəsi hiss olunur. O, bizim praktiki əsrimiz üçün
həddən artıq bərbəzəkli olmasına baxmayaraq, maraqlı təsir bağışlayır. Bu çıxış
əlli il bundan əvvəl yazılmışdı. Con Braun və Tussen-Luvertyura ilə bağlı – “əlli il
sonra, həqiqət öz sözünü alanda” deməklə – verdiyi proqnozunda Uendell
Fillipsin nə qədər haqlı olmadığını qeyd etmək maraqlıdır. Görünür, tarixin
gərdişini öncədən görmək gələn il birjada qiymətlərin və ya donuz salasının
neçəyə olacağını əvvəlcədən deməkdən asan deyilmiş.
downloaded from KitabYurdu.org