Başlanğıc və sonluq. Onlar, demək olar, istənilən fəaliyyət növündə ən
çətinidir. Məgər ictimai fəaliyyət sahəsində də gözəl peyda olmaq və bundan az
olmayan gözəlliklə arenadan getmək ən çətin iş deyilmi? İşgüzar söhbətdə ən
çətin məsələ –başlanğıcda həmsöhbəti özünə yaxınlaşdırmaq və sonda uğura nail
olmaqdır.
Çıxışın yekunu, həqiqətən də, özü ilə nitqin strateji cəhətdən ən mühüm
hissəsini təcəssüm etdirir. Natiqin sonluqda dediyi, onun axırıncı sözləri natiq
artıq çıxışını başa vurandan sonra da dinləyicilərin qulaqlarında səslənir və ən
çox yadda qalan da məhz elə bunlardır. Lakin natiqliyə yenicə başlayanlar bu
faydalı faktorun mühüm əhəmiyyətini nadir hallarda dərk edirlər. Çox vaxt
istəyərdik ki, onların çıxışlarının finalı daha yaxşı olsun.
Onların ən tipik səhvləri hansılardır? Gəlin onlardan bəzilərini nəzərdən
keçirək və onları düzəltməyin yollarını tapmağa çalışaq.
Birincisi, belə natiqlər var ki, onlar nitqlərini aşağıdakı kimi yekunlaşdırırlar:
“Budur, bu da mənim bu məsələ ilə bağlı demək istədiyim təqribən hər şey.
Odur ki, bununla yekunlaşdırmağım yaxşı olardı”.
Bu, sonluq deyil. Bu, səhvdir.
Dərhal görünür ki, natiq – diletantdır. Bu cür səhv, demək olar ki,
bağışlanmazdır.
Əgər bu, sizin demək istədiyiniz hər şeydisə, niyə də elə bununla
yekunlaşdırmaya və yekunlaşdırmağa hazırlaşdığınız barədə söhbətsiz-filansız
yerinizə əyləşməyəsiniz. Əyləşin, bunun demək istədiyinizin hamısı olub-
olmadığı barədə qənaətə gəlməyi isə sakitcə və ədəb-ərkanla dinləyicilərinizin
öhdəsinə buraxın.
Belə natiqlər olur ki, onlar ürəklərində olanın hamısını deyirlər, lakin çıxışı
necə yekunlaşdırmalı olduqlarını bilmirlər. Deyəsən, hələ Coş Billinqs öküzü
buynuzundan yox, quyruğundan yapışmağı məsləhət görmüşdü, çünki bu halda
onu buraxmaq daha asan olacaq. Öküzün buynuzundan yapışan natiq ondan
çəkilmək istəyir, lakin o, nə qədər səy göstərsə də, arxasında gizlənmək üçün
yararlı çəpər və ya ağac tapa bilmir. Buna görə də o, əvvəl-axır sehrli dairədə
olduğu kimi vurnuxmağa başlayır, dediklərini təkrar etməyə məcbur olur və özü
haqqında mənfi təəssüratlar qoyur...
Belə vəziyyətdə bəs nə kömək edə bilər? Hərdən çıxışın sonluğunu
əvvəlcədən planlaşdırmaq lazımdır, doğru deyilmi? Artıq dinləyicilərin qarşısına
çıxdığınız, əsəbi gərginlik vəziyyətində olduğunuz, sizin fikirlərinizin nə haqda
danışdığınıza yönəlməli olduğu bir vaxtda öz nitqinizin sonluğunu düşünmək
məgər ağıllı işdir? Sağlam təfəkkür məsləhət görür ki, çıxışınızın sonluğunun
əvvəlcədən, sakit və tələsiklik olmayan şəraitdə hazırlanması arzuolunandır.
Hətta Vebster, Brayt, Qladston kimi ingilis dilini gözəl bilən görkəmli natiqlər
də hesab edirdilər ki, öz çıxışlarının axırıncı sözlərini əvvəlcədən yazmaq və
bunları əzbərdən öyrənmək onlar üçün zəruridir.
Natiqliyə yenicə başlayan əgər bu deyilənlərə riayət edərsə, onda o, buna
nadir hallarda heyifsilənmiş olacaqdır. O, çıxışını məhz hansı sözlərlə
tamamlamalı olduğunu çox dəqiq bilməlidir. O, çıxışın sonluğunu bir neçə dəfə
məşq etməlidir, mütləq deyil ki, hər dəfə təkrar edəndə eyni sözlərdən istifadə
etsin, lakin öz fikirlərini konkret cümlələrdə ifadə etməlidir.
downloaded from KitabYurdu.org
Natiq improvizə edilmiş nitq söyləyəndə çıxışı bəzən əhəmiyyətli surətdə
dəyişmək, ixtisar etmək lazım gəlir ki, nitq onun dinləyicilərinin reaksiyasına
müvafiq gəlsin. Buna görə də sonluğun iki və ya üç variantının əvvəlcədən
hazırlanması, həqiqətən də, ağıllı iş olardı. Əgər onlardan biri yaramayarsa,
başqası uyğun gələ bilər.
Natiqlərin bəzisi öz çıxışlarının sonuna, ümumiyyətlə, gəlib çata bilmir.
Haradasa ortalarda onlar sürətlə və rabitəsiz danışmağa və elə bil yanacağı,
demək olar, qurtaran mühərrik kimi yanıb-sönməyə başlayırlar və bir necə
naümid sıçrayışdan sonra tamamilə dayanırlar. Qəza. Belələrinə, əlbəttə, daha
ciddi hazırlaşmaq lazımdır və daha çox təcrübə toplamaq zəruridir – ehtiyat
benzin olmalıdır.
Natiqliyə yenicə başlayanların bir çoxu çıxışlarını həddən artıq kəskin qurur.
Onlarda aramlı olmaq və öz nitqini yekunlaşdırmaq bacarığı çatışmır. Onlarda
sonluq faktiki olaraq yoxdur; onlar, sadəcə olaraq, qəfildən danışmağı
dayandırırlar. Bu, xoşagəlməz təəssürat doğurur və dinləyicilər görürlər ki,
qarşılarına çıxan diletantdır.
Əgər sizin tanışınız söhbət əsnasında qəfildən öz nitqini kəssəydi və sizinlə
nəzakətlə vidalaşmadan, qaçaraq otağı tərk etsəydi, siz nə düşünərdiniz?
Hətta Linkoln kimi natiq də prezident postuna keçdiyi vaxt etdiyi çıxışının
ilkin variantında bu səhvə yol vermişdi.
Həmin nitq ağır dövrdə söylənilmişdi. Narazılığın və nifrətin qasırğa
buludları artıq ətrafda topalaşmağa başlayırdı. Üstündən bir neçə həftə keçəndən
sonra qan seli və dağıntılar fırtınası ölkənin üstünə gəldi. Cənubun sakinləri üçün
nəzərdə tutulan yekun sözlərlə çıxış edərkən Linkoln öz çıxışını aşağıdakı kimi
tamamlamaq niyyətində idi:
“Vətəndaş müharibəsi kimi çox vacib problemin həlli sizin əllərinizdədir,
mənim narazı həmvətənlərim, mənim əlimdə deyil. Hökumət sizin üstünüzə
hücum çəkməyəcəkdir. Əgər siz özünüz təcavüzkar olmasanız, bizim heç bir
münaqişəmiz olmayacaqdır. Mən hökuməti qoruyub saxlayacağım və müdafiə
edəcəyimlə bağlı ən təmtəraqlı and içdiyim halda, siz onu məhv edəcəyinizlə
bağlı göylər qarşısında heç bir and içməmisiniz. Siz onun üstünə hücum
çəkməkdən özünüzü saxlaya bilərsiniz. Mən isə onu müdafiə etməkdən yayına
bilmərəm. Ən vacib sualın həlli məndən yox, məhz sizdən asılıdır: sülh olacaqdır,
yoxsa qılınc!”
Linkoln bu nitqi öz naziri Syuarda göstərdi və o da tamamilə ədalətli olaraq
bildirdi ki, yekun sözlər həddən artıq kəskin, birbaşa, təhrikedicidir. Syuard
çıxışın sonluğunu özü dəyişməyə çalışdı; o faktiki olaraq iki variant yazdı.
Linkoln onlardan biri ilə razılaşdı və xırda dəyişikliklərlə onu ilkin olaraq
hazırladığı nitqin axırıncı üç cümləsinin yerinə istifadə etdi. Nəticədə onun
prezident postuna keçərkən etdiyi birinci nitqi özünün təhrikedici kəskinliyini
itirdi və dostcanlılığın, həqiqi gözəlliyin və poetik ibarəbazlığın zirvəsinə çatdı:
“Mən öz çıxışımı həvəssiz tamamlayıram. Biz düşmən deyilik, dostuq.
Biz düşmən olmamalıyıq. Hansısa ehtiraslar qızışa bilər, lakin bunlar bizim
dostluq bağlarımızı pozmamalıdır. Hər bir döyüş meydanından və hər bir
patriotun məzarından bizim ucsuz-bucaqsız torpağımızın hər yerində yaşayan
hər bir ürəyə və hər bir ocağa uzanan yaddaşın sirli simləri – əgər onlara bir
downloaded from KitabYurdu.org