idilər, lakin döyüşməyə nə üçün göndərildikləri barədə təsəvvürə onlardan çox
azı malik idi. Mən bu haqda bilirəm, çünki onlardan soruşmuşam. Bununla belə,
Lordlar Palatasının üzvü olan yepiskop həmin adamların beyninə “beynəlmiləl
dostluq” və “Serbiyanın günəş altında yerə haqqı olduğunu” yeridirdi.
Bəli də. Onların yarısı Serbiyanın nə olduğunu bilmirdi: bu, şəhərdir, yoxsa
xəstəliyin adı. Onun nitqinin yekunlarına gəlincə isə, o, eyni müvəffəqiyyətlə
nebulyar kosmoqonik nəzəriyyə
54
ilə bağlı da bəlağətli mədhiyyə söyləyə
bilərdi. Bununla belə, əsgərlərdən biri də zalı tərk etmədi: revolverlə silahlanmış
hərbi polislər onun nitqi ərzində hər qapıda dayanmışdı və heç kimi bayıra
buraxmırdılar.
Mən həmin yepiskopun qabiliyyətlərini kiçiltməyə hazırlaşmıram. İstisna
deyil ki, o, savadlı adamların qarşısında çıxış edəndə yaxşı natiq olduğu bəlli
olardı. Lakin bu əsgərlərlə o, uğursuzluğa düçar oldu, özü də tam uğursuzluğa: o,
öz dinləyicilərini tanımırdı və birmənalı ki, nə çıxışının dəqiq məqsədini bilir, nə
də onu necə çatdırmağı.
Çıxışın məqsədi deyəndə biz nəyi nəzərdə tuturuq? Bax bunu: hər bir çıxışın
qarşısında natiqin bunu dərk edib-etməməsindən asılı olmayaraq, dörd əsas
məqsəddən biri durur. Bu, nə məqsədlərdir belə?
1. Hansısa bir məsələni izah etmək.
2. Təəssürat yaratmaq və inandırmaq.
3. Hərəkətə nail olmaq.
4. Əyləndirmək.
İzin verin bu müddəanı bir neçə nümunə ilə aydınlaşdırım.
Mexanika ilə az və ya çox dərəcədə maraqlanan Linkoln vaxtilə təyinatı
gəmiləri dənizdəki dayaz qumsallıqdan çıxarmaq olan qurğu ixtira etmiş və onu
patentləşdirmişdi. O, öz vəkil kontorunun yaxınlığındakı mexaniki emalatxanada
işləyir, bu qurğunun modelinin hazırlanması ilə məşğul olurdu. Bu qurğu son
nəticədə yaramasa da, Linkoln onun imkanları ilə bağlı entuziazmla dolu idi.
Dostları modelə baxmaq üçün onun kontoruna gələndə Linkoln qurğunun iş
prinsipini izah etmək üçün vaxta heyifsilənmirdi. Bu izahların əsas məqsədi
aydınlıq gətirməkdən ibarət idi.
Linkoln Gettisburqda ölməz nitqini söyləyəndə, prezident postuna keçərkən
etdiyi birinci və ikinci nitqində, Henri Kley vəfat edərkən onun haqqında nitq
söyləyəndə – bütün bu hallarda Linkolnun əsas məqsədi təəssürat yaratmaq,
inandırmaq idi. İnandırmaq üçün o, əlbəttə, aydın danışmalı idi, lakin bu hallarda
onun əsas qayğısı aydınlıq gətirmək deyildi.
Andlılar məhkəməsi qarşısında çıxış edəndə o, özünə lazım olan qərarın
çıxarılmasına nail olmağa çalışırdı. Öz siyasi nitqlərində o, seçicilərin səsini
almağa can atırdı. Bu hallarda onun məqsədi hərəkət idi.
Linkoln prezident seçilməzdən iki il əvvəl ixtiralarla bağlı mühazirə hazırladı
və bu mühazirələrin məqsədi dinləyiciləri əyləndirmək idi. Hər halda, onun
qarşısında məhz belə bir məqsəd dayanmalı idi. Lakin o, burada böyük uğura
açıq-aşkar nail olmayıb. Populyar lektor qismində karyerası ona faktiki olaraq
ciddi məyusluq gətirdi. Bir şəhərdə onun mühazirəsinə heç gələn də olmadı.
Lakin o, başqa, haqqında artıq danışdığım çıxışlarında uğur, hətta böyük
uğur qazandı. Niyə? Ona görə ki bu hallarda o, öz məqsədini başa düşürdü və ona
downloaded from KitabYurdu.org
necə çatacağını bilirdi. O, hara getmək istədiyini və ora necə çatmaq lazım
olduğunu bilirdi. Bir çox natiq məhz bunu bilmədiyindən çox vaxt sözlərdə
dolaşır və çətin vəziyyətə düşür.
Məsələn, mən bir dəfə Nyu-Yorkun köhnə ippodromunda bir amerikalı
konqresmenin necə fitə basıldığını və onun tribunanı tərk etməyə məcbur
edildiyini görmüşəm. O, şübhəsiz ki, qeyri-şüuri, ağılsız seçim etmişdi. Bu,
müharibə vaxtında baş vermişdi və o, dinləyicilərinə Birləşmiş Ştatların
müharibəyə necə hazırlaşdığını danışırdı. Kütlə istəmirdi ki, ona nəyisə
anlatsınlar, kütlə istəyirdi ki, onu əyləndirsinlər. O, rabitəsiz şəkildə danışmaqda
davam edir, bir fikirdən başqasına atılıb keçirdi, dinləyicilərin səbri tükəndi və
onlar buna artıq dözə bilmirdilər. Kimsə istehza ilə alqışlamağa başladı. Başqaları
bu alqışları dəstəklədi. Bir dəqiqədən sonra isə minlərlə dinləyici fit çalır və
qışqırırdı.
Öz auditoriyasının əhvali-ruhiyyəsini başa düşməyi bacarmayan fərsiz natiq
çıxışını davam etdirməyi qərara aldı. Bu isə onları özündən çıxartdı. Döyüş
başlandı. Onların dözümsüzlüyü hiddətə keçdi. Dinləyicilər natiqi susmağa
məcbur etməyi qət elədilər. Narazılıq gurultusu getdikcə daha bərkiyir və
güclənirdi. Nəhayət, qəzəblənmiş kütlənin səs-küyü onun sözlərini batırdı və
hətta iyirmi fut məsafədə belə onu eşitmək artıq mümkün olmurdu. Onda o, geri
çəkilməyi, məğlubiyyətini etiraf etməyi və alçaldılmış surətdə mürəxxəs olmağı
qərara aldı.
Bu nümunəni yadda saxlayın. Çıxışınıza hazırlaşmağa başlamazdan əvvəl öz
məqsədinizi bilin, onu ciddi dəqiqliklə müəyyən edin. Siz həmin məqsədə necə
çatmalı olduğunuzu bilməlisiniz. Bundan sonra ona çatmaq üçün hərəkətə keçin,
incə və işi bilən adam tək işləyin.
Daha çox aydınlıq gətirmək üçün
müqayisələrdən istifadə edin
Aydınlığa gəlincə isə, onun nə qədər vacib olduğunu düşünərək ona çatmağın
çətinliyini olduğundan az qiymətləndirmək lazım deyil. Bir dəfə mən irlandiyalı
hansısa şairin tədbirdə öz əsərlərini oxuduğunu eşitmişdim. Onun nə haqda
danışdığını dinləyicilərin heç on faizi də müəyyənləşdirə bilmirdi. İctimaiyyət
qarşısında və ya intim şəraitdə çıxış edən natiqlərin bir çoxu həmin adamı
xatırladır.
Mən ictimaiyyət qarşısında çıxışların əsas prinsiplərini cənab Oliver Lodcla,
qırx il universitetlərdə və publika qarşısında mühazirələr oxuyan adamla
müzakirə edəndə o, birincisi, bilik və hazırlığın, ikincisi isə “asan başa düşülməyə
yönəlmiş səylərin” əhəmiyyətini qeyd etdi.
Fransa-Prussiya müharibəsinin əvvəlində general fon Moltke öz zabitlərinə
demişdi: “Cənablar, yadda saxlayın ki, düzgün başa düşülməyən istənilən əmr elə
düzgün də yerinə yetirilməyəcəkdir”.
Napoleon bu təhlükənin varlığını etiraf edirdi. Onun öz katiblərinə ən təkidli
surətdə və daha tez-tez təkrar etdiyi göstəriş bu idi:
“Bacardıqca aydın ifadə edin! Bacardıqca aydın ifadə edin!”
Şagirdləri Məsihdən onun adamları nə üçün hədislərlə öyrətdiyini soruşanda
o cavab vermişdi: “Onlar görə-görə görmürlər və eşidə-eşidə eşitmir və dərk
etmirlər”.
downloaded from KitabYurdu.org