ki, öz şüuru solğun və dumanlı təəssüratları yadda saxlasın. Bu, əlbəttə, qeyri-
mümkündür.
“Nyu-York Uorld” jurnalının təsisçisi Cozef Pulitser öz redaksiyasının
əməkdaşlarının hamısının stolu üzərində bu yazı olan lövhə asdırmışdı:
“DİQQƏTLİ OLUN, DİQQƏTLİ OLUN, DİQQƏTLİ OLUN”.
Sizə də məhz elə bu lazımdır. Yeni tanışın familiyasını düzgün eşitmək
zəruridir. Buna nail olun. Familiyasını təkrar etməyi ondan xahiş edin.
Onun necə yazıldığını soruşun. O, bu cür diqqətdən xoşhallanacaq, siz isə
onun adını yadda saxlamağa müvəffəq olacaqsınız, çünki siz diqqətinizi onun
üzərində cəmlədiniz.
Bu minvalla da siz aydın, möhkəm təəssürat aldınız.
Linkoln niyə hündürdən oxuyurdu
Linkolnun uşaqlıqda getdiyi məktəbin döşəməsi ikiyə bölünmüşdü, pəncərə
yerinə isə dəftərlərdən qoparılan və üstünə piy çəkilmiş kağız vərəqləri
yapışdırılmışdı. Məktəbdə dərs kitabı yalnız bir dənə idi və müəllim kitabı
hündürdən oxuyur, şagirdlər isə onun dalınca dərsi xorla təkrar edirdilər. Daim
uğultu eşidilirdi və qonşuluqdakı sakinlər bu məktəbi “uğuldayan pətək”
adlandırırdılar.
Bu “uğuldayan pətək”də Linkoln sonra bütün ömrü boyu onda vərdişə dönən
adət qazandı: o yadda saxlamaq istədiyini həmişə hündürdən oxuyurdu. Hər
səhər Sprinqfilddə öz vəkil kontoruna gələndə o, divanda yayxanır, uzun ayağını
böyürdəki stulun söykənəcəyindən aşırır və qəzeti hündürdən oxuyurdu. “O,
məni dəhşətli dərəcədə bezdirirdi, – deyə onun kompanyonu gileylənirdi. – Bir
dəfə mən ondan qəzeti nə üçün məhz belə oxuduğunu soruşdum. O, mənə izah
elədi ki, “mən hündürdən oxuyanda bu vaxt məna iki duyğu orqanı tərəfindən
qəbul olunur. Birincisi, mən oxuduğumu görürəm, ikincisi, mən bunu eşidirəm və
buna görə də daha yaxşı yadda saxlayıram”.
Onun yaddaşı qeyri-adi dərəcədə möhkəm idi. “Mənim yaddaşım,
– deyirdi o, – bir parça polad kimidir. Ona nə isə cızıb həkk eləmək çətindir,
amma bir dəfə yazılanı pozmaq, demək olar, qeyri-mümkündür”.
O, lazım olan materialı yaddaşında həkk etmək üçün iki duyğu orqanından
istifadə edirdi. Eyni şeyi siz də edə bilərsiniz...
Yadda saxlamaq lazım olanı yalnız görmək və eşitmək deyil, həm də onu
əlləşdirmək, iyləmək və dadına baxmaq ideal olardı.
Lakin ən əsası – görməkdir. İnsanın yaddaşında təəssüratları həkk edən
orqan əsas etibarilə görmə duyğusudur. Görərək alınan təəssüratlar möhkəm
pərçimlənir. Çox vaxt elə olur ki, biz adamı üzdən tanıyırıq, amma onun adını
xatırlaya bilmirik.
Gözlərdən beyinə gedən əsəb telləri qulaqdan beyinə aparan əsəb
tellərindən iyirmi dəfə artıqdır. Çinlilərdə məsəl var: “Bir dəfə görmək yüz dəfə
eşitməkdən yaxşıdır”.
Yadda saxlamaq istədiyiniz telefon nömrəsini, məruzənin planını yazın. Öz
yazdığınıza baxın. Gözlərinizi yumun. Onları özlüyünüzdə alovlu hərflərlə
yazılmış kimi təsəvvür edin.
Mark Tven qeydlərsiz danışmağı öyrənirdi
downloaded from KitabYurdu.org
Mark Tven görmə yaddaşından istifadə etməyi öyrəndikdən sonra öz
çıxışlarını uzun illər ərzində korlayan qeydlərdən imtina etməyi bacardı. O, bu
haqda “Harpers meqezin”in səhifələrində danışmışdı:
“Tarixləri yadda saxlamaq çətindir, çünki onlar rəqəmlərdən ibarətdir:
rəqəmlərin görkəmi ifadəli deyil və yaddaşda möhkəmlənmir. Onlar bir mənzərə
təşkil etmir və buna görə də göz onlardan yapışa bilmir. Şəkillərsə tarixləri yadda
saxlamağa kömək edə bilər. Onlar yaddaşda, demək olar, hər şeyi möhkəmlədə
bilər – ələlxüsus da əgər şəkli siz özünüz yaradarsınızsa. Ən əsas olanı – rəsmi siz
özünüz yaratmalısınız.
Mən bunu öz fərdi təcrübəmdən bilirəm. Otuz il əvvəl mən əzbər öyrəndiyim
mühazirəni hər axşam oxuyurdum və hər axşam mənə yanımda özümə kömək
üçün, çaşmamağa görə qeydlər olan vərəq saxlamaq lazım gəlirdi. Qeydlər
deyəndə, abzasların birinci sözlərini yazırdım, onların sayı on bir idi. Onlar
təqribən belə olurdu:
Bu rayonda hava...
O vaxtlar bir adət mövcud idi ki...
Lakin Kaliforniyada heç kim eşitməmişdi...
Bu cür on bir qeyd. Bu, nəyinsə üstündən keçməməkdə mənə kömək edən
mühazirə planı kimi bir şey idi. Lakin kağız üzərində onlar bir-birinə oxşayırdı,
onlar nə isə bir mənzərə təşkil etmirdi. Mən onları əzbər bilirdim, lakin onların
ardıcıllığını möhkəm yadda saxlamaq mənə müyəssər olmurdu. Odur ki, həmin
qeydləri həmişə qarşımda saxlamaq və vaxtaşırı onlara boylanmaq lazım gəlirdi.
Bir dəfə mən onları harasa qoydum və həmin axşam məni bürüyən dəhşəti siz
təsəvvür edə bilməzsiniz. O vaxtdan mən başa düşdüm ki, sığorta üçün mən
gərək başqa bir üsul da fikirləşib tapam. Onda mən həmin cümlələrin birinci on
hərfini yadda saxladım, onları mürəkkəblə dırnaqlarıma yazdım və bu cür də
tribunaya qalxdım. Əvvəl mən barmaqlarıma ardıcıllıqla baxırdım, lakin sonra
çaşdım və indicə hansı barmağıma baxdığımı artıq bilmirdim. Mən axı hərfdən
istifadə edəndən sonra onu barmağımdan yalayıb poza bilməzdim. Bu, etibarlı
metod olsa da, dinləyicilərdə həddən artıq böyük maraq oyadardım. Mən onlarda
onsuz da maraq doğurmuşdum – onlara belə gəlirdi ki, məni mühazirədən çox
dırnaqlarım maraqlandırır. Sonra bir neçə nəfər məndən soruşdu ki,
barmaqlarıma nə olub.
Bax onda mənim ağlıma şəkillərlə bağlı fikir gəldi. Bununla da mənim
əzablarım qurtardı. İki dəqiqə ərzində mən altı şəkil qurdum və onlar on bir
başlanğıc cümləni mənim üçün yaxşı əvəz etdi. Şəkilləri hazırlayandan dərhal
sonra mən onları atdım, çünki əmin idim ki, gözlərimi yumub, onları istənilən
vaxt öz qarşımda görə biləcəyəm. O vaxtdan əsrin dörddəbiri keçib və həmin
mühazirənin mətni mənim yaddaşımdan iyirmi il olar ki, buxarlanıb yox olub,
lakin mən onu həmin şəkillərlə təzədən yaza bilərdim – onlar mənim
yaddaşımda qalıb”.
Bir dəfə mənə yaddaş haqqında mühazirə oxumaq nəsib olmuşdu və mən
həmin mühazirədə bu fəsildə haqqında danışılan materiallardan bacardıqca çox
istifadə etməyə çalışdım. Mən ayrı-ayrı məqamları şəkillər kimi yadda saxladım –
Ruzveltin pəncərələri altında kütlənin səs-küyü və orkestrlərin musiqisi səslənən
vaxt onu tarix oxuyan vəziyyətdə təsəvvür elədim. Mən gözlərim önündə albalı
downloaded from KitabYurdu.org