və sənaye nümunəsinin bütün mühüm əlamətlərini birləşdirən
üsulun tətbiqi ixtira, faydalı
model və sənaye nümunəsindən istifadə sayılır.
2. Patenti bir neçə şəxsə məxsus olan ixtira, faydalı model və sənaye nümunəsindən istifadə
üzrə münasibətlər həmin şəxslər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bu cür
müqavilə olmadıqda onların hər biri, ixtira, faydalı model və sənaye nümunəsi üzrə
lisenziyanın və ya patentlə bağlı hüquqların digər şəxsə verilməsindən başqa, ixtira, faydalı
model və sənaye nümunəsindən istədiyi kimi istifadə edə bilər. ixtira, faydalı model və sənaye
nümunəsi barəsində patent sahibləri arasında yaranan mübahisələrə qanunvericiliklə müəyyən
edilmiş qaydada məhkəmədə baxılır.
3. ixtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı patenti alanadək obyektdən istifadə
hüququnu, müqavilə əsasında istənilən hüquqi və ya fiziki şəxsə verə bilər. ixtira, faydalı
model və sənaye nümunəsinin bir neçə iddiaçısı olduqda iddia sənədi üzrə hüquqlar onların
hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verə
bilər. İstifadə hüququnun verilməsi barədə müqavilə iddiaçı vəsatət qaldırdıqdan və
müəyyənləşdirilmiş rüsumu ödədikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyata
alınır.
ixtira, faydalı model və sənaye nümunəsinin müvəqqəti hüquqi mühafizəsi dövründə ondan
istifadə etmiş hüquqi və ya fiziki şəxs iddiaçı tərəfindən patent alındıqdan sonra ondan
istifadəni davam etdirmək üçün bu Qanunun 19-cu maddəsinə uyğun olaraq patent sahibi ilə
lisenziya müqaviləsi bağlaya bilər.
4. Patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə
onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir.
Maddə 16.
İlkin istifadə hüququ
1. Patentlə mühafizə olunan ixtira, faydalı model və sənaye nümunəsinin ilkinlik tarixinə
qədər onun müəllifindən asılı olmayaraq eyni ixtira, faydalı model və sənaye nümunəsini
yaradıb Azərbaycan Respublikası ərazisində vicdanla istifadə etmiş və ya ondan istifadə üçün
zəruri hazırlıq işlərini görmüş hüquqi və ya fiziki şəxsin ixtiyarı var ki, maneəsiz olaraq və
patent sahibinə haqq ödəmədən, istifadə həcmini genişləndirməmək şərtilə bu obyektdən
müstəqil istifadəni davam etdirsin.
2. İlkin istifadəçinin hüquqlarının tanınması üçün müvafiq icra hakimiyyəti orqanı onun
vəsatəti əsasında iddiasına baxıb bu barədə patent sahibinə 1 ay ərzində bildiriş göndərir. İlkin
istifadəçi vəsatət verdikdə müəyyənləşdirilmiş rüsumu ödədiyini təsdiqləyən sənədi də təqdim
edir.
Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə müvafiq icra
hakimiyyəti orqanı ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar çıxararaq müvafiq
dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edir.
İlkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılır.
3. İlkin istifadə hüququ varisə, başqa hüquqi və ya fiziki şəxsə yalnız ixtira, faydalı model və
sənaye nümunəsinin istifadə edildiyi və ya onun istifadəsi üçün hazırlıq işləri görülmüş
istehsalatla birlikdə verilə bilər. Varis, hüquqi və ya fiziki şəxs həmin hüquqdan bu maddənin
1-ci bəndinə uyğun olaraq ilkin istifadəçiyə verilmiş həcmdə istifadə edə bilərlər.
Maddə 17.
ixtira, faydalı model və sənaye nümunələri ilə bağlı hüquqların verilməsi
1. Azərbaycan Respublikasının qanunvericiliyində digər hallar nəzərdə tutulmayıbsa,
istənilən iddia sənədi, patent və ya onlarla bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər.
2. Patent hüququnun girov qoyulması barədə müqavilə müəyyən edilən dövlət rüsumunun
ödənilməsi şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar
əsasında qeydiyyata alınır.
3. ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin, patentin və ya onlarla
bağlı hüquqların başqasına verilməsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.
Maddə 18.
ixtira, faydalı model və sənaye nümunəsindən patent sahibinin razılığı
olmadan istifadə
Milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının
patent sahibinin razılığı olmadan ixtira, faydalı model və sənaye nümunəsindən istifadəyə
razılıq vermək hüququ vardır. Bu hallarda patent sahibinə uyğun kompensasiya ödənilir.
Patent sahibi kompensasiyanın məbləğindən razı olmadığı halda Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.
Maddə 19.
ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun
verilməsinə dair müstəsna və qeyri‐müstəsna lisenziya müqavilələri
1. Patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye
nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə
bilər.
Lisenziya müqaviləsinə görə patent sahibi (lisenziar) ixtira, faydalı model və sənaye
nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya
fiziki şəxsə (lisenziata) verir. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanında
qeydiyyata alınır.
2. Lisenziya müstəsna və qeyri-müstəsna ola bilər.
Müstəsna lisenziya lisenziata ixtira, faydalı model və sənaye nümunəsindən lisenziya
müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verir.
Lisenziat lisenziarın yazılı razılığı ilə digər hüquqi və ya fiziki şəxslə sublisenziya müqaviləsi
bağlaya bilər. Bu müqavilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.
Sublisenziya qeyri-müstəsna xarakteri daşıyır və başqasına verilə bilməz. Müstəsna
lisenziyaya xitam verildikdə sublisenziya müqaviləsinə də xitam verilir.
3. Qeyri-müstəsna lisenziya zamanı lisenziar ixtira, faydalı model və sənaye nümunəsindən
istifadə hüququnu müqavilə əsasında lisenziata verməklə patentlə təsdiq edilən bütün
hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayır.
4. Müvafiq icra hakimiyyəi orqanında qeydiyyata alınmış lisenziya müqaviləsində tərəflərin
qarşılıqlı razılığı ilə dəyişikliklər edildikdə bu cür dəyişikliklər həmin müvafiq icra
hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.
5. Lisenziya müqaviləsi ilə bağlı mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada
məhkəmədə baxılır.