Maddə 20.
Məcburi lisenziya və patent sahibinin razılığı olmadan digər istifadə halları
1. Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən 3 il müddətində ixtira, faydalı
model və sənaye nümunəsindən üzürsüz səbəbə görə istifadə etmədikdə, istifadəyə ciddi
hazırlıq görmədikdə, yaxud istifadəni 3 ildən artıq dayandırdıqda və bu müddət qurtardıqdan
sonra lisenziya verməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı
model və sənaye nümunəsindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə
iddia ilə müraciət edə bilər. Məcburi lisenziya qeyri-müstəsna xarakter daşıyır.
Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən 2 il ərzində istifadə etmədikdə patent sahibi
qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziyanın ləğv edilməsi barədə məhkəməyə
müraciət edə bilər.
Məcburi lisenziyanın verildiyi tarixdən patent sahibi ilə məcburi lisenziyanı almış şəxs
arasında münasibətlər bu Qanunla müəyyən edilmiş lisenziarla lisenziat arasındakı
münasibətlərə bərabər tutulur.
2. Patent sahibi başqa patent sahibinin hüquqlarını pozmadan ixtira, faydalı model və sənaye
nümunəsindən istifadə edə bilmədikdə ondan lisenziya müqaviləsi bağlamağı tələb edə bilər.
Bu barədə mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
2. Aşağıdakı şərtlərə riayət etməklə, hüquq sahibinin razılığı olmadan patent
obyektindən dövlət və ya onun müvəkkil etdiyi şəxslər tərəfindən digər istifadə hallarına yol
verilə bilər:
2.1. bu cür istifadəyə icazənin verilməsi patent obyektinin fərdi xüsusiyyətlərinə
əsaslanmalıdır;
2.2. bu cür istifadədən əvvəl müraciət etmiş istifadəçinin məqbul kommersiya şərtləri
ilə hüquq sahibindən razılıq almaq cəhdləri uğursuzluqla nəticələnmişdirsə istifadəyə icazə
verilə bilər.
Bu şərtə fövqəladə hallarda və ya digər fors‐major hallarında, habelə dövlətin qeyri‐
kommersiya məqsədləri üçün hüquqdan istifadə etdiyi hallarda riayət olunmaya bilər. Belə
olduqda patent hüququnun sahibinə ən qısa müddətdə məlumat verilməlidir;
2.3. bu cür istifadənin həcmi və müddəti ona razılıq verilən məqsədlə məhdudlaşır,
yarımkeçiricilər texnologiyası sahəsində isə yalnız dövlət tərəfindən qeyri‐kommersiya
məqsədləri və yaxud məhkəmə və ya inzibati prosedurlar nəticəsində rəqabəti
məhdudlaşdıran kimi müəyyənləşdirilən təcrübənin qarşısının alınması üçün nəzərdə
tutulur;
2.4. bu cür istifadə müstəsna xarakter daşımır;
2.5. bu cür istifadəni həyata keçirən müəssisənin hissəsi və ya onun qeyri‐maddi
aktivləri ilə birgə olmadan bu cür istifadə digər şəxslərə verilə bilməz;
2.6. hər bu cür istifadəyə razılıq verilməsinin əsas məqsədi ilk növbədə daxili bazarın
tələbatının ödənilməsi olmalıdır;
2.7. əgər bu cür istifadəyə səbəb olan hallar aradan qalxarsa və onların yenidən
təkrarlanması ehtimalı aşağı olarsa, razılıq alan şəxslərin qanuni maraqlarının təmin
edilməsi şərtilə istifadə hüququ ləğv edilir.
Bu maddədə göstərilən halların davam etdiyinə dair əsaslandırılmış ərizə daxil olarsa
müvafiq icra hakimiyyəti orqanı bu cür istifadəyə icazə verilməsi məsələsinə yenidən
baxmaq səlahiyyətinə malikdir;
2.8. hər bir halın xüsusiyyətləri və razılığın iqtisadi dəyəri nəzərə alınmaqla, hüquq
sahibinə müvafiq mükafat (kompensasiya) ödənilir;
2.9. bu cür istifadəyə verilən razılıq və hüquq sahibinə ödənilən mükafat
(kompensasiya) barədə istənilən qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada
məhkəməyə şikayət verilə bilər;
2.10. məhkəmə və ya inzibati prosedurlar nəticəsində rəqabəti məhdudlaşdıran kimi
müəyyən edilən təcrübənin aradan qaldırılması məqsədi ilə patent obyektinə istifadəyə
razılıq verildiyi halda, bu maddənin 2.2‐ci və 2.6‐cı bəndlərində göstərilən şərtlər tətbiq
edilmir.
Rəqabəti məhdudlaşdıran təcrübənin aradan qaldırılmasının zəruriliyinə baxılarkən,
ödəniləcək mükafatın (kompensasiyanın) məbləği nəzərə alına bilər. Razılığın verilməsinə
əsas olan halların yenidən yaranma ehtimalı olduğu halda müvafiq icra hakimiyyəti orqanı
razılığın ləğv edilməsindən imtina edə bilər;
2.11. əgər bu cür istifadəyə razılıq başqa patentə (birinci patent) dair hüquqları
pozmadan patentin (ikinci patent) istifadəsinin mümkün olmadığına görə verilirsə,
aşağıdakı əlavə şərtlər tətbiq edilir:
a) birinci patentin obyekti olan ixtira ilə müqayisədə ikinci patentin alınması üçün
verilən iddia sənədindəki ixtira böyük iqtisadi dəyərə malik olan əhəmiyyətli texniki həlli
özündə əks etdirməli;
b) birinci patent sahibinin ikinci patentlə iddia edilən ixtiradan istifadə etməsi üçün
münasib şərtlərlə çarpaz lisenziya müqaviləsi bağlamaq hüququna malik olmalı;
c) birinci patentə verilən razılıqdan istifadə hüququ, ikinci patentə dair hüquqların
verilməsi istisna olmaqla, digər şəxslərə verilə bilməz.
3. İxrac edilən patentləşmiş əczaçılıq məhsullarına məcburi lisenziya verilərkən,
lisenziya müqaviləsində aşağıdakı şərtlər öz əksini tapmalıdır:
a) lisenziya üzrə məhsul yalnız zəruri miqdarda idxal edən ölkənin minimum
tələblərini təmin etmək məqsədilə istehsal edilə bilər;
b) lisenziya üzrə istehsal edilən məhsul idxal olunan məhsuldan müvafiq işarə və ya
nişanla fərqlənməlidir. Lisenziya üzrə istehsal olunan məhsulların bu cür fərqlənməsi
məhsulların xüsusi bükmələri və (və ya) bilavasitə məhsulların rəngləri (formaları) ilə o
şərtlə həyata keçirilə bilər ki, bu fərqlənmə amilləri tətbiq edilə bilən olsun və məhsulların
qiymətinə təsir etməsin;