etdi ki, onun özünümüdafiə instinkti
tamam-kamal kütləşdi və o, tez-tez camatın
arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiəti ilə adi, gerbsiz karetdə
şəhəri gəzir, yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə
ən gözəl kilsə elan edilən, qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə,
piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı kərpicli, qədim evlərə, sarı
bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn tərəfə, açıq
eyvanlarda cansız üzlərindəki
donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə
şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevirən
günəbaxanlara, bir vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin
səsi gələn monastırın qaranlıq pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən
məhəllənin vavilionsayağı izdihamına qarışıb, adamların hay-küyünü batıran
hiddətli musiqi sədaları altında, lotereya biletlərindən hörülən çələnglərə, çaxır
dolu arabalara, iri iuqana* yumurtasından yığılan yumurta təpələrinə, günün
altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə
çevrilən qızın vahiməli portretinə, axşam çağları şam yeməyinə bir-iki balıq
qazanmaq, dərdini unutmaq üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar
quruyanacan, piştaxtaların qabağında lüt-uryan peyda olub, göyərtisatanlarla
latayır küçə söyüşü ilə söyüşən dul arvadların
küçə boyu düzülən miskin
komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o,
uzaqdan, gözqamaşdıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində
təpələrin üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budu, bu da liman!
Ah, liman! İylənmiş çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet az qala,
limanı gözdən keçirən kədərli qocanın simasında ölümün özünü görürmüş kimi
hürküb yerində səndələyən zənci qadını vuracaqdı. «Bu odur! – zənci qadın
heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!» «Eşq olsun!» - deyə kişili-
qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan,
qəlyanaltıxanalardan çıxıb karetin başına yığıldılar, «Eşq olsun! Eşq olsun!» -
deyə-deyə bir qisim adam qızğın atların cilovundan tutub saxlayır, bəziləri rəhbərin
əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun insanlar onun başına qeyri-iradi
axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı tapançanın
tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: «Adam
qorxaq olmaz,
leytenant, onlar məni sevir, buna mane olmayın!» Son günlərin təsirli
təəsüratlarından və bu sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo
de Aqilar belə, açıq karetdə gəzmək fikrindən döndərə bilmirdi; «Qoy vətən
övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-filan da yoxdur, boş şeydir!»
O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın vətənpərvərlik
bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf etmək
üçün təhlükəsizlik xidməti
tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən
bu kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik
həyatından sonra paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində
rənglənmiş köhnə qatarını işə salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın,
kədər və məyusluq vilayətinin sərhədəlri boyu, səhləb çiçəyi və amazon
balzaminlərinin kolları arasından meymunları, pələnglərin zolağında uyuyan
cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə ölkənin
içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə
13
yollandı; stansiyalarda onu, matəm havalarına bənzər ürəküzən musiqi ilə
qarşılayır,
kilsə zəngləri vurur, onu müqəddəs üçlüyün sağ apostolu elan edən
şüarlar dalğalanırdı; prezident vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri
şərəfləndirməkdən ötrü qatarın qabağına ilk əvvəl hindular çıxırdı, lakin vaqona
yaxınlaşanlar, pəncərənin tozlu şüşəsi arxasında bərəl qalmış gözlərdən, titrək
dodaqlardan və salamlaşmaq məqsədi ilə yuxarı qalxan əldən savayı heç nə
görmürdülər; prezidentin qolu görünmürdü deyə, yuxarı qalxan ovucu havadan
asılı qalmış kimi görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə
cəhd göstərərək: «Ehtiyatlı olun, general, siz vətənə lazımsınız!» - deyəndə, o,
qəribə özünəarxayınlıqla: «Narahat olma,
polkovnik, bu adamlar məni sevir!»
deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano dillərinə oxşar taxta pərləri
ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən gəmiyə keçdi
və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın
dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış
adamların böyründən üzdü. Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin
yanğınına bənzər qürub közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb
kəndlər görününrdü.
Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə
çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli
əldən savayı ayrı bir şey görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından,
bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən adamlara, suya atılaraq gəmiyə
qədər üzən, prezidentin şam süfrəsi
üçün diri çəpiş, yaxud quşla dolu səbət
çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - «Bir baxın, kapitan, onlar
mənim ardımca üzür! Onlar məni sevir...» - deyirdi.
Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə, o öz karetində dağ yolu boyu,
dağın lap kəlləsində ucalan binaya qalxır, orda, bir-iki gecə dünyanın müxtəlif
ölkələrindən qovulan diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları
ilə – uzun illər bundan əvvəl siyasi sığınacaq verdiyi adamlarla domino oynayırdı.
Burda, bu binanın artırmasında dalğın vücudlarıyla kreslolara yayxanan bu
boşboğaz qurumsaqlar, onun rəhm kölgəsi altında qocalıb qartıya-qartıya, günlərin
bir günü ardlarınca gələn gəminin, onsuz da onları əvvəlki
yerlərinə - öz
kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq,
ölkələrdən qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu
adamların hamısı bir adam idi, onların hamısı generalın yanına eyni cür – səhərin
ala-toranında, gecə köynəyinin üstündən, necə gəldi əyinlərinə keçirdikləri parad
geyimində, bir əlində, dövlət xəzinəsindən çırpışdırdığı pulla dolu sandıq, o biri
əlində, içinə orden-medallarını, səhifələrinə qəzet mətnləri yapışdırılan köhnə
dəftərxana kitabları və fotoalbom doldurduğu çanta ilə gəlirdilər. Millət atalarının
hər biri bu albomları, şəhadətnamə əvəzinə generala təqdim edərək, dodaqaltı:
«Baxın, general, - deyirdilər – burda mən hələ leytenant rütbəsindəyəm,
bu isə
artıq prezidentliyə yenicə qədəm qoyduğum vaxtdır, burda isə prezidentliyimin on
altıncı ildönümünü qeyd edirlər, amma burda...» Lakin general nə təzə gələnə, nə
də onun şəhadətnamə əvəzi, ona təqdim etmək istədiyi alboma məhəl qoymurdu,
çünki belə hesab edirdi ki, və bu hesab etdiyini də hər yerdə ucadan deyirdi ki,
14