taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən
yeganə ləyaqətli sənəd -
onun ölümü barədə şəhadətnamədir.
O, hər gələnə yalnız müvəqqəti, az bir müddətdə gəldiyi nəticə barədə təmtəraqlı,
üfürülmüş nitqinə nifrətlə qulaq asırdı:
«Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!» Lakin,
general gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq
almağın qəbul olunmuş qaydasıdır! O, onların hər birindən, ən birinci gələndən
axırıncıya kimi, eyni şeyi – onun nəyə görə taxtdan aşdığını, onu aşıranın, bunu
niyə elədiyini, vaxtı ilə onu yıxanın özünün də bir gün yıxılacağı barədə dedikləri
eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar anlamırlar ki, siyasət, ilk əvvəl
kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət, belə bir şeydi ki, it getdisə, ip də
əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdu!
Bir-iki
ay general, təzəgələnin başını qatmaq məqsədi ilə, o biri bizim generala son
sentavosunu uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir
günü təzəgələni dənizə açılan pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə
həyatın puçluğundan danışdı: «Bu, həyat deyil, başdan-ayağa cəhənnəm əzabıdır,
sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda, o biri yandan açır. Bir baxın,
qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib qalan nəhəng
okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq
ayrılıb. Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz
həmdərdlərinizlə istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..»
O
özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam
yığnağının içində domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz
ala-ala, bu adamlardan biri olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz
varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir az da gözəl yaşamağa – səhərin
erkən çağında döşəmə süpürən işvəli cananları, ayaq barmaqlarının üstündə gəzə-
gəzə izləyə-izləyə, canını qıdıqlayan şirin xəyalları həqiqətə çevirməyə, günah dolu
arzularını doyuzdurmağa çalışırdı. O, qızların yataq otağının spesefik qoxusundan
cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə,
xoruz toyuğu qamarlayan kimi,
qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı
səsləri eşidilirdi: «Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz
olursuz!» Lakin, sevgi dəqiqələrinin bitməyi ilə, generalın qəm dəryasına batmağı
bir olurdu və o, bu qüssəni canından çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib
oxuyurdu: «Ah, yanvar ayı! Bir bax: sənin pəncərəndə mənim qəmim edam
edilir!»
Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o
xalqının sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon
Alvaradonun yaşadığı məmləkətin həyətndə, həyətin uzaq,
tənha bir küncündə
asaraq canüzən siesta saatlarını burda, tamarinlərin kölgəsində, keşiksiz-filansız,
yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir, yuxuda, sarayın yataq
otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, «Vətən - ən gözəl
uydurmadır, anacan!» - deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona
qoltuğundan tər iyi gəldiyini deyə bilərdi. Siestadan sonra o, öz iqamətgahına,
15
dünyadan razı ovqatda, möcüzəli qəraib baharından, yanvar əməköməcindən
doyub sakitləşərək qayıdırdı. Belə vaxtlar Vatikan səfiri Roma papasının gözünə
yatırdı. Odur ki, səfir tez-tez, çox vaxt da axşamüstü nunsisidə onun yanına gəlir,
bir fincan şokaladla peçenye yeyə-yeyə, bizim generalı, katolik kilsəsinin ağuşuna
qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda kövrək
söhbətlər aparırdı. General isə gülməkdən
uğuna-uğuna ona deyirdi ki, «əgər
Allah-taala, siz deyən kimi, böyükdürsə, onda mənim xahişimi ona çatdırın, qoy
məni bu qulağagirən murdar ilbizdən uzaq eləsin…» sonra köynəyini başına siyirib
qarnını göstərərək: «qoy bu köpdən canımı qurtarıb, artıq havanı içimdən
çıxarsın.» Lakin papa inadkar idi, öz dediyindən əl çəkmirdi, yenə dönə-dönə israr
edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali Ruhdan törənib.
General isə əvvəlki məzə ilə: «Barıtı boşuna işlətməyin, müqəddəs ata, - deyirdi. –
Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da mən elə siz deyəni eləyirəm, daha
nə istəyirsiz?..» Lakin onun,
duoğun körfəz kimi sakit qəlbi, xoruz döyüşünə
baxmaq üçün gəldiyi uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi. Döyüşlərin
birində vəhşiləşmiş xoruz, öz rəqibinin başını boğazından qoparıb ləzzətlə
dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş çalanacan, gözünü qan
tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General döyüş
meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ
biləcək incə bir işarə kimi yozdu.
O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi
əmr etdi. Musiqiçini tutdular və belə məlum oldu ki, onun yanında silahı da varmış
və o, camaat çıxışa tərəf axışanda, bu silahdan generala atəş açacağını böyük
işgəncələrdən sonra boynuna aldı. «Mən
bunu o dəqiqə başa düşdüm, - general
dedi – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə ki, mən hamının gözünün içinə
baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu yaramazdan, bu bədbəxt
kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı». O gündən
generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd general yaxşı başı düşürdü
ki, əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan, heç də xoruz
döyüşündə baş verən əhvalat deyildi.
Təhlükəsizlik xidmətinin, narahatçılıq üçün
heç bir əsasın olmadığı, hər şeyin öz qaydasıyla getdiyi barədə qəti bəyanatlarına
baxmayaraq, o, hər gecəsini sarayın qalın divarları arasında dəhşətli qorxu içində
keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O, Patrisio ilə yerini
doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə
yedirtməyə başladı. Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər.
«Heç olmasa təkcə ölməyim.» - general fikirləşdi...
İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri
bilinməsin deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri
süzülən yaşımtıl mayak işığının içi ilə sanki üzürdülər.
Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin
ayrılıq fiti sahil boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri
dolurdu... Ya da hər ikisi üzücü sentyabr axşamları səhərdən-axşamacan
pəncərənin qabağında dayanıb, əlindən bir iş gəlməyən aşiqlər kimi qaranquşları
sayırdılar.
16