General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini
elə itirmişdi ki, min bir əziyyətlə özünə tay
düzəldib, eyni məqamda gah orda, gah
burda görünə-görünə, ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə
oyanacağı ağlına belə gəlmirdi. Bəziləri hətta onun letargiya yuxusuna getdiyindən
şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə çoxaldılmasına, prezident
sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq, deyirdilər ki, guya kimsə
sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri,
müqəddəs
çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri
görüb... Onda bütün məmləkət dərin sükut içində donmuşdu, günortadan sonra
sübhün açılacağını gözləməyə başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb
dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-döşəyində, yuxuda öldüyü barədə şayiələr
gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli məmurlar bu ölüm xəbərini ona
görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd edə bilməmişdilər.
O, yaxın günlərdə taleyində nə isə baş verəcyini hiss etsə də, bütün bu söhbətlərə
əhəmiyyət vermirdi.
Hərdən bir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq
kəsib general Rodriqo de Aqilardan soruşdu ki, «dostum, vəziyyət ümumiyyətlə
necədir?», onda o biri: «Hər şey öz əlimizdədir, mənim generalım, ölkədə
sakitlikdir», - deyirdisə də, o, canına yeriyən qorxudan azad ola bilmir, sarayın,
mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində nə isə daha
qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların
dibində gəzir, oralarda da heç nə tapmayanda, həyəcandan titrəyə-titrəyə anası
Bendisyon Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarin ağaclarının
sərin kölgəsində yellənə-yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa
da, həyat eşqiylə alışıb-yanan anası da köhnə yelləncəkdə onunla yanaşı oturub,
təmiz
havadan uda-uda yellənir, yan-yörəsində hərlənən toyuq-cücəni,
tovuzquşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna yayxanıb
şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: «İçin,
sərinləyin, zat-aliləri…» - deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır,
anasına demək istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: «Ey mənim
əziz anam Bendisyon Alvarado, sən bilsəydin ki, mən daha bu dünyayla bacara
bilmirəm, artıq tükənmişəm, canımı götürüb
bu məşəqqətdən heç özüm də
bilmirəm hara qaçmaq istəyirəm!..» Bu ah-tuxun əsl səbəbindən xəbərsiz anası da
elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən, bu qaraşın qızlardı. Odu ki, axşam
düşən kimi, şəhərin işıqları yanar-yanmaz, o, gizli yolla öz yerinə - saraya qayıdır,
qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə, qarovulun addımlarına diqqət
kəsilirdi. Qəfildən onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: «Hər şey öz
qaydasındadır, zat-aliləri! Tam sakitlikdir!» - deyə hesabat verirdi. O isə gözəl
bilirdi ki, onlar bunu vəzifə borcları kimi, qeyri-iradi deyir, onu da, özlərini də o
səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə bir gərgin dövr idi
ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər şey
öz qaydasındadır.
Onu rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər
qatıb hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu
anlaşılmaz xof idi. Hər şey də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz
döyüşündən sonra başladı! Gecələr o, quru döşəmənin üstündə uzanıb,
yuxusuzluqdan gözü acışa-acışa, hardansa uzaqdan - kasıbların toyundan eşidilən
17
musiqinin – nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların, gecə
saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca
verdiyi asta, ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan
qızılgüllərin xışıltısına qulaq asır, bədəni soyuq tər basa-basa içini çəkir, bircə
dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa gizli duyğusu, gecənin
havası, anasıgildən qayıdarkən, küçədə rastına çıxanlar ona çox şey deyirdi.
Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan kütləni, taybatay açılan
pəncərələri, şəhərin qeyri-adi canlanmasından həyəcanlanıb dekabr səmasının mavi
ənginliklərində uçan qaranquş qatarını gördü və hər şeyi bir az da aydın görmək
üçün karetin pərdəsini aralayıb özü-özünə: «Mənə əziyyət verən,
bax bu idi, ana!
Üzüb əldən salan bu idi! Axır ki baş verdi!» - deyə fikirləşdi və elə həmin an da,
dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng şarlara – qırmızı,
yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə əcayib
bir yüngüllük hiss elədi.
Sonra qəfildən nə oldusa, hürkmüş qaranquşların arasından göyə qalxan şarların
hamısı birdən-birə səssizcə partladılar… minlərlə rəngbərəng vərəqələr şəhərin
üstünə səpildi və çovğunun süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi.
Prezident karetinin sürücüsü, qarmaqarışıqlıq idi deyə, atların başını geriyə
döndərib izdihamın içindən kənara sıçradı. Heç kim də bu karetə fikir vermədi,
tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı. Camaat vərəqələri göydə
tutur, ayaq altından yığırdılar, hamı bir adam kimi yığırdı, mənim generalım!
Vərəqələrin mətnini bərkdən-bərkdən eyvanlardan oxuyurdular, döngələrdən: -
«Rədd olsun zülm! Cəllada ölüm!» - səsləri eşidilirdi. Hətta saray qarovulunun
əsgərləri belə, dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: «Bir
əsrlik despotizmə qarşı mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın
arvada qarşı mübarizə aparan vətənpərvərlərin birliyinə eşq olsun!
Rədd olsun,
korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun quldurluq!» Bütün ölkə minillik
yuxudan ayıldığı həmin bu dəqiqələrdə ən dəhşətli xəbəri o, karet tövləsində aldı:
«Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!»
Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb
üzüldüyündən, Patrisio Araqonesə, dəmir şahı atıb talelərini öyrənməyi təklif
eləmişdi. «Pulu ataq, - demişdi – əgər qartal üzü düşsə, demək birinci sən
öləcəksən, yox, əgər o biri üzü düşsə, mən.» Patrisio Araqones isə pulu atmaqdan
imtina
edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul atmağın da heç
bir xeyri yoxdu, udan, uduzan olmayacaq. «Bəyəm unutmusunuz, pulun hər iki
tərəfinə prezidentin profili döyülüb?» Onda general ona, talelərini dominoda
sınamağı təklif etdi: iyirmi oyundan çox udan sağ qalacaq. «Mən razı, - Patrisio
Araqones dedi – böyük məmnuniyyətlə,
lakin bir şərtlə, mənim generalım! Mənə,
sizi udmaq hüququ verilməlidir.» Bu hüquq ona verildi və onlar oynamağa
başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə generala uduzan Patrisio
Araqones, iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin tutuşmanın
üzüntüsündən tərləyib soyuyan üzünü silərək, içini çəkdi: «Nə etməli, mənim
generalım, təəssüf ki, mən də ölmək istəmirəm?!..» - dedi. Onda general
dominoları taxta qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan
müəllim təbiriylə, özünün də, ələlxüsus da domino oynuna görə zorla ölməyə
18