Naço, - o dedi - sakit olun və məni başa salın ki,
niyə siz, özünüzə gəmi boyda
nəhəng bir mülk almırsız? Əgər sizi pul maraqlandırmırsa, onda niyə gecə-gündüz
uzunqulaq kimi işləyirsiz? Niyə əsgər kimi, kazarmada yaşayırsız, axı, ən əxlaqlı
qadınlar belə, sizinlə bir yataqda yatmaqdan ötrü sinov gedir. Nədi bu, Naço, siz
monarxlardan da müqəddəssiz?» Xose İqnasio Saens de la Barra isə boğulurdu,
bədənini buz kimi soyuq tər basırdı, otağın, kremasiya sobası kimi cəhənnəm
alovlu, onun soyuqqanlılıq maskasını əridib tərlədirdi. «Saat on birdi, - o dedi –
fürsət əldən çıxdı! Bu dəqiqə onlar, bütün ölkə boyu qiyam qaldırmaq üçün şərti
siqnalları teleqrafla bütün qarnizonlara ötürürlər!» Həmin vaxt həqiqətən, qiyamçı
generallar, hakimiyyətə gələcək xunta üçün şəkil çəkdirməyə hazırlaşır, ordenlərini
parad mundirlərinə taxır, generalların yavərləri, bu rəqibsiz döyüşdə onların
adından
son əmrləri verirdilər; döyüş əməliyyatları onunla nəticələndi ki, ordu,
rabitə mərkəzi və mühüm hökumət binaları üzərində öz nəzarətini bərqərar etdi.
Prezidentin otağında isə, əla həzrətləri gözünü qırpmağa macal tapmamış, məxmər
dərili Lord Köxel, təhlükə duyub, əzələləri titrəyə-titrəyə, ağzının suyu süzülə-
süzülə döşəmədən qalxdı. «Qorxmayın, Naço, - general dedi, - yaxşısı budu, başa
salın görək, niyə ölümdən bu qədər qorxursuz?» Xose İqnasio Saens de la Barra,
tərdən islanmış sellüloid boyunluğunu çəkib qopartdısa da, daşa dönmüş bariton
müğənnisi sifətini dəyişə bilmədi. «Bu, təbiidi, ölümqabağı xof
- xoşbəxt həyatdan
miras qalan közərmiş kömürdü. Bu hiss, sizin üçün əlçatmazdı, odu ki, onu duya
bilməzsiz, general!» - o dedi və adəti üzrə, kilsə zənginin zərbələrini sayıb ayağa
qalxdı: «On iki! Hər şey bitdi! Bu dünyada sizə sadiq olan daha heç kəs qalmadı!
Mən sonuncuydum, general!» Lakin general, de Armas meydanı boyu irəliləyən
ağır tankların səsindən titrəyən yerin gurultusunu eşidənəcən, kreslosundan
tərpənmədi, tankların uğultusu eşidiləndə isə: «Səhviniz var, Naço, mənim xalqım
var.» - deyib gülümsündü.
Bu, həqiqətən də beləydi! Onun hələ xalqı vardı… yenilməz qocanın gizli planıyla,
sübh çağından xeyli əvvəl küçələrə çıxan yoxsul, sədaqətli xalqı; o, dövlət radio və
televiziyasıyla bütün xalqa - siyasi əqidəsindən asılı olmayaraq, bütün
vətənpərvərlərə həyəcanla müraciət edib bilirdi ki, şəxsi əmriylə, xalqın
suveren
iradəsini ifadə edən bütün qoşun dəstələri, rejimin qüdrətli ideallarından
ruhlanaraq, həmişəki kimi, kütlələrin haqlı qəzəbinə gəlmiş bu qanahəris adamın
terror maşınını, bu tarixi gecə birdəfəlik darmadağın etmişlər!»; bu adamı xalq özü
mühakimə edib cəzalandırdı. «Siz, əlləri qana batmış bu cəlladın, əcnəbi
səfirliklərin heç birində gizlənə bilməməsi, siyasi sığınacaq istəməməsi üçün,
uzaqgörənlik edib bizə, səfirliklər olan rayonu mühasirəyə almaq əmrini verəndə,
mənim generalım, Xose İqnasio Saens de la Barra, sizin bir vaxt dediyniz kimi, de
Armas meydandakı fənərdən - cinsi orqanı ağzında, ayaqlarından başıaşağı asıldı.
Asılmamışdan qabaq camaat onu daşa basdı, amma bundan əvvəl biz, dörd mülki
adamın içalatını yeyib-tökən, dörd əsgəri ölümcül dişləyən yırtıcı köpəyi
güllələyib, aşsüzənə döndərməli olduq;
bütün bunlar, bu yaramaz cəlladın
iqamətgahına hücum zamanı baş verdi. Camaat onun pəncərələrindən, iki yüzdən
çox, etiketli zərxaralı, təptəzə jilet, geyilməmiş üç min italyan ayaqqabısı… üç
min, mənim generalım, dövlətin pulunu gör bir, bu nəyə xərcləyirmiş!.. Allah bilir,
nə qədər qardeniya qutusu, axı onun ilgəklərində həmişə təzə qardeniya olurdu…
149
və Bruknerin bütün vallarını bayıra tulladı. Sonra adamlar, zirzəmiləri açıb
dustaqları çölə buraxdılar, «Generala eşq olsun, yaşasın əsl kişi! Yaşasın həqiqəti
üzə çıxaran!» - deyə hamı qışqıra-qışqıra, keçmiş holland dəlixanasının
işgəncə
kameralarını yandırdılar… axı, hamı elə bilirdi ki, siz heç nə bilmirdiz, mənim
generalım, ürəyiyumşaqlığınızdan, təhlükəsizlik xidmətinin xəbis cəlladları istifadə
ediblər. Üsyan vaxtı onları, siçovulları tutan kimi tutduq, mənim generalım, sizin
köməyinizlə tutduq, çünki, təhlükəsizlik xidmətinin uzun sürən hökmranlığı
zamanı, camaatın üst-üstə yığılan nifrətini üzə çıxarmaq üçün, onların hər hansı
müdafiə və mühafizədən məhrum olunması əmrini də siz verdiniz, mənim
generalım.»
O, xalqın bütün hərəkətlərini bəyəndi – «Razıyam!» - Ona minnətdarlıq edən
camaatın istiqlal nəğmələrindən, şadyanalıqla çalınan zəng səslərindən və sevincək
hay-küylərdən kövrəldi; de Armas meydanına toplaşan adamların əllərində iri
transparantlar vardı; «İlahi, bizi terror zülmətindən qurtaran dahilər dahisini hifz
et!» Zəng sədaları və camaatın uğultusu ona, çoxdankı, xoş xatirələri xatırlatdı. Bu,
həmin o gözəl illərin efemer əks-sədası idi; o, bu səslərə,
uğultuya qulaq asa-asa,
hakimiyyət daxilində yaranan katorqa zəncirlərini qırmaqda ona kömək etmiş zabit
kadrlarını öz patiosuna yığdı, barmağının bircə işarəsiylə, gücdən düşmüş rejiminin
son ali komandanlığını bu zabitlərdən təşkil etdi. Onlar, Letisiya Nasarenonun və
uşağının qatillərini – siyasi sığınacaq almağa çalışarkən, əcnəbi səfirliklərin
qapılarındaca, alt paltarında tutulan generalları əvəz etdilər. İndi o, onların heç
birini xatırlamırdı, adlarını da unutmuşdu; ən əsası isə o idi ki, ölənəcən ürəyində
saxlamaq istədiyi qəzəbin közünü axtararkən, alçaq xudbinliyinin külündən savayı
heç nə tapa bilmədi. Bu külü üfürüb alovlandırmağa dəyməzdi: «Qoy rədd
olsunlar!» - deyə əmr verdi. Qatil generalları gəmiyə mindirdilər və gəmi elə bir
yerə yön aldı ki, orda onlar heç kimə lazım deyildilər,
orda bu bədbəxt
qurumsaqlar heç kəsin yadına belə düşməyəcəkdilər. O, yeni hökumətin ilk iclasını
– yeni əsrin yeni nəslinin bütün bu say-seçmə nümunələrinin, əvvəlki tozlu
sürtuklu, süst mülki nazirlərindən ibarət olduğunu həmin dəqiqə hiss edərək, bu
yenilərin, əvvəlkilərindən daha şöhrəstpərəst, daha qorxaq və yaltaq, daha faydasız
və yararsız oldğunu anlayaraq, ciddi məsuliyyət hissi ilə aparırdı. Matəm içində
olan ölkənin xarici borcları, satılası hər bir şeyin dəyərinin qiymətini ötüb
keçmişdi. «Sonunucu qatar, arandan keçən dəmir yolundan uçuruma, səhləb
çiçəklərinin arasına yuvarlanıb, mənim generalım, indi
onun yumşaq
oturacaqlarında bəbirlər mürgüləyir. Nuh əyyamından qalma təkərli gəminin
sınıqları, çəltik zəmilərinə dağılıb. Məktublar, gəminin apardığı poçt kisələrində
çürüyüb. Bir cüt Steller inəyi* prezident kayutunun güzgüləri arasında
məzələnməkdədi. Sizinsə bundan xəbəriniz yoxdu, mənim generalım! Əlbəttə,
qanun çərçivəsində Tərəqqiyə inanmaq, sizinçün cəmi bir nüsxə tirajla çap olunan
bu qəzetdə, sizi cazibə və həzz dünyasına – bu adi, zəhlətökən siestadan fərqli
aləmə aparan sərfəli xəbərlər, xoşunuza gələn foto şəkillər,
reklam və elanlar da
dərc olunub!»
«Mən, heç nəyə inanmayan bu gözlərimlə, nazirlik binalarının möhtəşəm parıltısı
arxasında, həmin limanın - təpələr boyu sıralanan alabəzək, zənci komalarının
gizləndiyini, dənizin sahilə çıxaraq, bulvar boyu əkilmiş palma və eyvanları bir-
150