18
Bu dövrdə torpaqşünaslığın inkişafında K.D.Qlinkanın mühüm rolu (1867-1927) olmuşdur. O, Baş
Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur.
Onun tərəfindən dağ
süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür.
K.D.Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental
dərsliyin müəllifi olmuşdur. K.D.Qlinka
Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq)
kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V.V.Dokuçayev
adına Torpaqşünaslıq Institutunun təşkilatçılarından biri olmuşdur. K.D.Qlinka rus və sovet torpaqşünaslıq
elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır.
P.S.Kossoviç (1862-1915) – torpaqların fiziki, kimyəvi və aqrokimyəvi xassələrinin öyrənilməsinin
banilərindən biri olmuşdur. “Torpaq haqqında təlimin əsasları” (1911), “Torpaqşünaslıq kursu” (1903),
“Torpaqəmələgətirən amillər genetik torpaq təsnifatının əsası kimi” (1910) əsərlərində müəllif torpaqlar
haqqında məlumatları sistemləşdirməklə kifayətlənməmiş, torpaqların əmələgəlməsi, təsnifatı və təkamülü
haqqında orijinal ideyalar irəli sürmüşdür. P.S.Kossoviçin 1914-cü ildə, əvvəlki
müəlliflərin bioloji və
aqronomik istiqamətli işlərindən fərqi “Torpaqşünaslıq” dərsliyi nəşr olunmuşdur.
Rusiyada 1917-ci il inqilabından sonra torpaqların milliləşdirilməsi, sonradan torpaq üzərində kollektiv və
dövlət mülkiyyəti formalarının yaranması torpaqşünaslığın inkişaf şəraitini və onun
nailiyyətlətinin xalq
təsərrüfatında istifadəsinin xarakterini dəyişdi. Həmin dövrün ziddiyyətli xarakteri torpaqşünaslığın inkişafında
da öz əksini tapmışdı. Sovet dövrünün torpaq qanunvericiliyi ilə torpaq ümümxalq, sosialist mülkiyyəti olub,
alqı-satqı obyekti kimi götürülə bilməzdi. Bu da torpaqların bonitirovkasını və iqtisadi
qiymətləndirilməsini
müəyyən çərçivəyə salırdı. Hətta XX əsrin 20-30-cu illərində “
sosializmdə torpaq rentasının olmaması” və bu
səbəbdən də dövlət torpaq kadastrı tərkibində torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi tədbirinin
öz əhəmiyyətini itirməsi kimi yanlış nəzəriyyənin ortaya atılması və bəzi elmi dairələrdə,
xüsusən də o dövrün
nüfuzlu torpaqşünas alimi akademik V.R.Vilyams tərəfindən bu nəzəriyyənin müdafiə olunması həmin təlimin
uzun müddət (50-ci illərin ortalarına kimi) inkişafdan qalmasına gətirib çıxarmışdı. Yalnız XX əsrin 50-ci
illərinin ortalarında bu nəzəriyyənin yanlışlığı məlum olduqdan sonra torpaqların qiymətləndirilməsi məsələsi
yenidən aktuallıq kəsb etməyə başladı. Bununla belə, bu dövrdə istər bütövlükdə Sovetlər İttifaqında,
istərsə də
Azərbaycanda torpaqşünaslıq sahəsində dəyərli nailiyyətlər əldə edilmişdi. Keçən əsrin 20-ci illərində SSRİ və
müttəfiq respublikaların Elmlər Akademiyalarında torpaqşünaslıq üzrə dövlət elmi-tədqiqat müəssisələri təsis
edilir, universitetlərdə və kənd təsərrüfatı ali təhsil məktəblərində torpaqşünaslıq kafedraları şəbəkəsi xeyli
genişləndirilir. Torpaqşünaslıq sahəsində tədqiqatların koordinasiyası və toplanmış materialların
ümumiləşdirilməsi SSRİ EA-nın nəzdində yaradılmış V.V.Dokuçayev adına (1925) Torpaqşünaslıq İnstitutuna
həvalə edilir. Bütün bu tədbirlər torpaqşünaslığı təşkilati baxımdan xeyli möhkəmləndirmiş və nəzəri
tədqiqatların sonrakı inkişafı və ölkə torpaqlarının kənd təsərrüfatının tələblərinə uyğun öyrənilməsi üçün
möhkəm baza yaratmışdı.
Təbiət elmləri arasında torpaqşünaslığın əhəmiyyətli rolu və nailiyyətlərini nəzərə alaraq 1927-ci ildə SSRİ
EA-nın nəzdində xüsusi torpaqşünaslıq kafedrası təsis edilir. Həmin il K.D.Qlinka,
ilk torpaqşünas alim kimi
EA-nın həqiqi üzvi seçilir. Sonrakı illər bu yüksək ada K.K.Hedroys, D.N.Pryanişnikov, V.R.Vilyams,
N.M.Tulaykov, L.İ.Prasolov, B.B.Polınov, İ.V.Tyurin, Y.V.Peyva, İ.P.Gerasimov layiq görülür.
1927-1930-cu illərdə Orta Asiya, Qazaxıstan, Qafqaz, Ukrayna və Belorusiyada geniş torpaq tədqiqatı
işlərinə başlanılır. K.D.Qlinkanın redaktorluğu ilə SSRİ-nin Asiya (1927) və Avropa (1930) hissələrinin torpaq
xəritələri
tərtib edilir, torpağın fizikası, kimyası, biologiyası, genezis təlimi, torpağın coğrafiyası və
kartoqrafiyası inkişaf etdirilir.
Sovet torpaqşünaslığının bu dövründə K.K.Hedroys tərəfindən torpaq kolloidlərinin torpaqəmələgəlmədə
və torpaq münbitliyində rolunun tədqiqi əsasında torpaqların uduculuq qabiliyyəti haqqında təlimin yaradılması
əhəmiyyətli nəzəri töhvə idi.
K.K.Hedroys (1872-1932) torpaqların kolloid xassəsinin dərin təhlilini vermiş və onların kənd təsərrüfatı
bitkilərinin inkişafında əhəmiyyətini göstərmiş, həmçinin turş torpaqların əhəngləşdirilməsi
və fosforit-
ləşdirilməsi, şorakətlərin gipsləndirilməsi və s. ilə bağlı tədbirlərin nəzəri əsaslandırılmasını işləmişdir.
K.K.Hedroysun “Torpağın uduculuq qabiliyyəti haqqında təlim”, “Torpaqların kimyəvi analizi”, “Şorakətlər və
onların mənşəyi” kimi əsərləri torpaqşünaslıq və aqrokimyanın inkişafında əhəmiyyətli mərhələ olmaqla yanaşı
bu əsərlərdə torpaqəmələgəlmə proseslərinin və torpaqların kimyəvi meliorasiyası metodlarının fiziki-kimyəvi
mahiyyəti haqqında müasir baxışların əsası qoyulmuşdur.
Torpağın coğrafiyasının, ekologiyası və təkamülünün inkişafında S.S.Nestruyevin (1874-1928) “Torpaq
coğrafiyasının elementləri” və “Torpaqlar və eroziya tsiklləri” əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Bu
kitablarda V.V.Dokuçayevin torpaqəmələgətirən amillər haqqında ideyaları inkişaf etdirilmişdir.
XX əsrin 30-cu illərində torpaqşünaslığın sovet dövrü özünün növbəti inkişaf mərhələsinə qədəm qoyur. Bu
dövrdə bütün ölkə ərazisində yerquruluşu məqsədlərindən ötrü geniş torpaq tədqiqat işləri həyata keçirilir və bu
tədqiqatların prinsip və metodları təkmilləşdirilirdi (L.İ.Prasolov, K.P.Qorşenin, A.A.Krasyuk və b.). Eyni
zamanda geniş sahələrdə aqrokimyəvi tədqiqatlar aparılırdı (D.N.Pryanişnikov, A.N.Sokolovskiy,