324
Haldoninin «Mehmanxana sahibəsi» tamaşası yadıma gəlir
və o tamaşaya da,
səhv etmirəmsə, rəhmətlik Mehdi Məmmədov quruluş vermişdi. O tamaşada
Mirandolinanı Barat Şəkinskaya, Kavaler Ripafrattanı Möhsün Sənani, Markiz
Forlipopolini Mustafa Mərdanov, Qraf Albofioritanı isə Ağasadıq Gəraybəyli
oynayırdı və bu korifeylərin oyununun da İlyas Əfəndiyevin ürəyinə necə yağ kimi
yayıldığının mən dəfələrlə şahidi olmuşdum.
Sonrakı illərdə – gərək ki, 1955-ci il idi – yenə Mehdi Məmmədov «Hacı
Qəmbər»i tamaşaya qoymuşdu və İlyas Əfəndiyevin (mən
də həmişəki kimi, onun
yanında!) premyeradan sonra baş rolun ifaçısı Məmmədəli Vəlixanlının qrim
otağına gedib onu necə sidq-ürəkdən gələn bir hərarətlə təbrik etməsi də mənim
teatrla (və atamla!) bağlı gözəl xatirələrimdən biridir.
Bizim komik aktyorlardan yuxarıda adlarını çəkdiyim Ağasadıq Gəraybəylinin,
Mustafa Mərdanovun, Möhsün Sənaninin, eləcə də Məmmədəli Vəlixanlının
(xüsusən, onun Ocaqqulusunu və «Lənkəran xanının vəziri»ndəki Vəzirini),
Ağahüseyn Cavadovun, Ismayıl Osmanlının, Lütfəli Abdullayevin, Məcid
Şamxalovun, Füzuli teatrının aktyoru (və ömrünün sonuna kimi bizə gəlib-gedən)
Mürşüd Həşimlinin sənətini, Barat Şəkinskayanın, Mirvari Novruzovanın, Məlik
Dadaşovun komik istedadını (məsələn, onun Şeyx Nəsrullahını),
Ağadadaş
Qurbanovun Mirzə Səməndərini, Ələsgər Ələkbərovun Salamovunu, Əminə
Sultanovanın Mariya Timofeyevnasını atam böyük sənətkarlıq nümunəsi hesab
edirdi.
Sonrakı aktyorlar nəslinə mənsub olan Səyavuş Aslanın istedadı barədə həmişə
ağızdolusu danışırdı və «Hökmdar və qızı»nın məşqlərində satirik planda işlənmiş
erməni Vanya rolunu ifa edən Səyavuşun oyunundan çox razı idi. Yeri düşmüşkən
deyim ki, Səyavuşun tərəf-müqabili kimi Haykanuş rolunun ifaçısı Kübra Əliyeva
da İlyas Əfəndiyevin qiymətləndirdiyi aktrisalardan idi.
Çox təəssüflər ki, İlyas Əfəndiyev «Hökmdar və qızı»nın premyerasını görə
bilmədi. 1996-cı il oktyabrın 3-də İlyas Əfəndiyev vəfat etdi,
iki aydan sonra,
dekabrın 15-də isə «Hökmdar və qızı»nın ilk tamaşası göstərildi və zalda oturub
Səyavuşla Kübra xanımın gözəl ifasına tamaşa edə-edə, tamaşaçıların gülüşünü,
alqışlarını eşidə-eşidə mənə elə gəlirdi ki, İlyas Əfəndiyev də hardasa, başımızın
üstündən səhnəyə baxır və bu artistlərin oyunundan xoşu gəlir...
Amma mən yenə keçmişlərə qayıtmaq istəyirəm.
1954-cü ildə Tofiq Kazımov «Atayevlər ailəsi»ni tamaşaya qoymuşdu və mən
də İlyas Əfəndiyevlə birlikdə hər axşam o tamaşaya gedirdim. Tamaşada yozumu
satirik planda verilmiş Sadıq surətinin ifasında Mustafa Mərdanov ilə Məmmədəli
Vəlixanlı bir-birinə dublyor idi. Hərdən tamaşadan sonra İlyas Əfəndiyev Tofiq
Kazımovu və Niyazini (tamaşanın musiqisini o bəstələmişdi) köhnə «Inturist»də
restorana dəvət edirdi və süfrə arxasındakı söhbət əsnasında Tofiq Kazımov
şikayətlənirdi:
– Əşşi, qalmışam Mustafa ilə Vəlixanlının arasında.
O deyir bu gün mən
oynayacağam, bu deyir, yox, mən oynayacağam...
İlyas Əfəndiyev gülüb:
– Tofiq,– deyirdi.– Məni bu işə qatma. Mustafa da böyük sənətkardı, Vəlixanlı
da!
325
Orası da indi gözəl bir xatirə kimi yadıma düşür ki, həmin «Inturist»
məclislərindən sonra, Niyazi bəzən təkid edirdi ki, bizə gedəcəyik! İlyas Əfəndiyev
də, rəhmətlik Tofiq Kazımov da nə qədər edirdisə ki, indicə süfrənin arxasından
qalxmışıq, gecdir, mümkün olmurdu, təzədən Niyazigilə gedirdilər (mən – 5-ci sinif
şagirdi də onlarla! onlar yeyib-içib söhbətləşirdi, mən də onlara qulaq asırdım) və
məlum olurdu ki, Həcər xanım (maestronun vəfalı həyat yoldaşı) plov bişirib
Niyazini gözləyir. Onların Niyazigildəki məzəli söhbətləri, oradakı o
duzlu ab-hava
da heç vaxt mənim yadımdan çıxmayacaq.
Mən lap uşaqlıq çağlarımdan İlyas Əfəndiyevin həyatının sonuna qədər, onun
Mehdi Hüseynlə, Əli Vəliyevlə, Adil Isgəndərovla, Süleyman Rüstəmlə, Mir Mehdi
Seyidzadə (ona «Ağa» deyirdilər) ilə, professor Əmir Həbibzadə ilə,
bəstəkar Sultan
Hacıbəyovla, atamın, Əmir müəllimin, xüsusən, Sultanın dostu, musiqiçi,
Mədəniyyət Nazirliyinin işçisi, çox koloritli bir adam olan rəhmətlik Davud
Balayeviç Qədimovla (ona «Dodik» deyirdilər), həkim-yazıçı Əli Ağabəyli ilə,
başqaları ilə duzlu-məzəli söhbətlərinin, zarafatlarının şahidi olmuşam.
Fikirləşirəm ki, o zarafatların, məzəli əhvalatların bir qismi ilə, eləcə də həm
İlyas Əfəndiyevdən
eşitdiyim, həm də başqalarının mənə danışdığı bəzi hadisələrlə
oxucuları tanış etsəm, bu, bir insan, şəxsiyyət kimi, İlyas Əfəndiyevin xarakterini
duymağa kömək edər.
Eyni zamanda, güman edirəm ki, bu yumoristik hadisələr, epizodlar,
mükalimələr dövrün yazıçılar mühitini hiss etmək baxımından da maraqlıdır.
Orasını da deyim ki, bu zarafatlar yalnız və yalnız
təmiz hisslərin, gözəl
münasibətlərin, qarşılıqlı hörmət və istəyin məhrəmanə ifadəsidir və mənim də bu
epizodları qələmə almağım onlarda adı çəkilən Əli Vəliyev və Xan Şuşinskinin,
Mehdi Hüseyn və Ağasadıq Gəraybəylinin, Süleyman Rəhimov və Mir Cəlalın,
Əbülhəsən və Mirzə Ibrahimovun, Adil Isgəndərov və Mir Mehdi Seyidzadənin,
Məmməd Əkbər və Zeynal Xəlilin, Əliağa Kürçaylı və Cabbar Məcnunbəyovun,
Islam Səfərli
və Salam Qədirzadənin, Firudin Şuşinski və Tələt Əyyubovun,
başqalarının ruhuna ehtiramımın ifadəsidir.
Elə bütün bu mülahizələri nəzərə alaraq da, mən həmin məzəli əhvalatların
bəzisi ilə bu kitabın oxucularını tanış etmək istəyirəm.
ÇƏTİN VƏZİYYƏT
Əllinci illərin əvvəllərində İlyas Əfəndiyev Azərbaycan Yazıçılır Ittifaqında
məsləhətçi işləyirdi. Bir nəfər ədəbiyyat xəstəsi (zorən təbib!) qoltuğundakı yekə bir
qovluq ilə həftə səkkiz, mən doqquz, İlyas müəllimin yanına gəlir, kolxozdakı əmək
qəhrəmanlarının şanlı fəaliyyətindən, camışçılıq sahəsində dövlət planını artıqlaması
ilə yerinə yetirməklərindən bəhs edən povestini ona oxumaq istəyir.
İlyas Əfəndiyev də hər dəfə bir bəhanə ilə onu başından edir. Axırda daha
mümkün olmur və günlərin bir gözəl yaz günündə həmin ədəbiyyat xəstəsi Yazıçılar
Ittifaqındakı məsləhətçilər otağında İlyas müəllimlə üzbəüz oturub o böyük və danq-
danq danqıldayan povesti ona oxumağa başlayır.
O, yazısını oxuduqca İlyas Əfəndiyev Yazıçılar Ittifaqının geniş
şüşəbəndindən görünən o gözəl yaz gününə baxır, kim bilir, nə fikirləşir, nələri
xatırlayır, kimləri düşünür...