326
Bizim o zorən təbib isə böyük bir həvəslə povesti oxuyub qurtarır və intizarla
İlyas Əfəndiyevə baxır.
İlyas Əfəndiyev soruşur:
– Nə oldu?
– Qurtardım də, İlyas müəllim...
– Hə?
– Bəli! Indi fikrinizi bilmək istəyirəm!
Bir müddət sükut çökür.
Sonra İlyas Əfəndiyev deyir:
– Onda sən bir qısaca bunun süjetini danış görüm...
BƏS, NİYƏ TƏRİFLƏMİRSƏN?
«Hüsü Hacıyev» küçəsindəki 19 saylı binada (öz ənənələri, şuxluğu, zarafatı
olan
və min təəssüf ki, artıq bir çox məşhur sakinlərini itirmiş Yazıçılar Evində)
üçüncü mərtəbədə yaşayan İlyas Əfəndiyev bir gün eyvana çıxır və görür ki, ondan
aşağı mərtəbədə yaşayan Salam Qədirzadə də eyvandadır, balaca samovarına (bu da
o gözəl binada bir məşhur samovar idi!) köz salır.
– Salam, salam!
– Salam, İlyas müəllim!
– Nə var, nə yox?
– Sağlığınız, İlyas müəllim.
– Bugünkü «Ədəbiyyat qəzeti»ndə mənim hekayəmi oxudun?
– Bəli, İlyas müəllim.
– Onda, bəs, səhərdən niyə tərifləmirsən?!
«NAM SALAT VMESTE!»
1942-ci ilin yayında, müharibənin çətin vaxtında Mir Cəfər Bağırov Əli
Vəliyevi, Zeynal Xəlili, Azərbaycan KP MK-nın məsul işçisi Kərimov familyalı bir
nəfəri və o zaman cavan bir yazıçı olan İlyas Əfəndiyevi MK-ya çağırır və şəxsi
tövsiyələri ilə onları əsgərlərlə görüş keçirmək üçün, Naxçıvanda yerləşən 402-ci
Azərbaycan diviziyasına ezam edir.
Bu kiçik dəstənin rəhbəri Əli Vəliyev idi və səfər bitdikdən sonra bu barədə
bilavasitə M.C.Bağırovun özünə məlumat verməli idi.
Onlar Əli Vəliyevin ciddi nəzarəti altında isti Naxçıvanda
gündə bir neçə dəfə
əsgərlərlə görüş keçirirlər: Əli Vəliyev məclisi aparırdı, İlyas Əfəndiyev
«Azərbaycan ədəbiyyatı Böyük Vətən Müharibəsi günlərində» mövzusunda məruzə
edir, hekayəsini oxuyurdu, Zeynal Xəlil də şerlərini oxuyurdu və günorta da gəlib
zabitlərin yemək otağında nahar edirdilər.
Birinci gün nahar vaxtı xörəkpaylayan rus qızı onlardan soruşur:
– Salat vam otdelno prinesti, ili vmeste?
Səmimi bir adam olan Əli Vəliyev dərhal:
– Salat vmeste! – deyir.
O qorxulu illərin rəsmi məsuliyyət hissi Əli Vəliyevdə çox güclü
idi və Əli
müəllim Naxçıvanda səfər yoldaşlarına nəfəslərini dərməyə də imkan vermirdi:
dördü də bir yerdə görüşə gedir, bir yerdə nahar edir, dördü də mehmanxanadakı
böyük bir otaqda bir vaxtda yatırdı.
Havalar həddən artıq isti keçirdi və eləcə isti günlərdən birində günorta
görüşdən qayıdarkən naharqabağı Əli Vəliyev deyir:
327
– Ürəyim yaman gilənar istəyir!..
Günlərinin yeknəsəqliyindən canı darıxan İlyas Əfəndiyev deyir:
– Əli, icazə ver, mən gedim şəhər bazarından gilənar alım gətirim.
– Nahara gecikməzsən ki?
– Yox!
–
Onda get, amma tez gəl ki, nahara gecikməyək!
27 yaşlı İlyas Əfəndiyev qarnizondan çıxıb şəhərə gedir və bazarın
girəcəyindəki kiçik kababxanadan tar səsi eşidir. Içəri girib görür ki, qarabəniz arıq
bir tarzən tarı sinəsinə sıxıb, gözlərini yumub, necə deyərlər, ürəyinin mizrabıyla
«Segah» çalır və o «Segah» neçə gündən bəri birinci dəfə azadlığa çıxmış İlyas
Əfəndiyevi necə tutursa (bəlkə elə həmin təəssüratla
da bir müddətdən sonra,
məşhur «Qoca tarını çaldı» hekayəsini yazır...), kababxanada əyləşib yüz qram
konyak, bir az da yemək sifariş edir.
Tarzən çalır, İlyas Əfəndiyev qulaq asır, bircə Allah bilir ki, o anlarda nə
hisslər keçirir, dünyanın hansı işlərini fikirləşir, təzədən
yüz qram konyak gəlir və
bu münvalla vaxt keçir, qaş qaralır, bazar bağlanır və axşam İlyas Əfəndiyev boş
qarnizona qayıdanda görür ki, Əli Vəliyev, sağ tərəfində də Zeynal Xəlillə Kərimov,
sükut içində həyətdəki skamyada oturublar və Əli Vəliyev qəzəblə gözlərini zilləyib
naməlum bir nöqtəyə.
İlyas Əfəndiyev yavaşca gəlib oturur Əli Vəliyevin sol tərəfində və ömründə
dilinə içki dəyməmiş Əli Vəliyev çönüb onu yanında görəndə,
belə bir
gözlənilməzlikdən:
– Boy!..– deyir, sonra burnunu tutub: – Püf!..– eləyir.– Dədəmin goruna and
olsun, bunu Bağırova xəbər verməsəm, məndən pis adam yoxdu! – Hirslə ayağa
qalxır. – Kərimov, dur!
Bundan sonra Əli Vəliyev İlyas Əfəndiyevi danışdırmır. Günorta nahar
zamanı Əli Vəliyev uzun barmağını İlyas Əfəndiyevə tuşlayıb xörəkpaylayan qıza:
– Yemu salat otdelno!– deyir.
Qorxuya düşən Kərimov tez-tez İlyas Əfəndiyevin qulağına pıçıldayır: «–
Başımıza oyun açdın! Sən heç, Bağırov mənim dədəmi yandıracaq! Deyəcək ki, bəs,
sən hara baxırdın?! Səni onlarla bir yerdə nəyə göndərmişdim?!»
Iki
gün beləcə davam edir, üçüncü gün günorta hərbçilərlə görüş zamanı İlyas
Əfəndiyev məruzəsindən sonra, hekayə oxumaq əvəzinə, insani hisslərdən
danışmağa başlayır, Əli Vəliyevin komandir Aslan Novruzovun müharibədə həlak
olmasını təsvir edən hekayəsi üzərində dayanır.
Müharibədən əvvəl Incəsənət Idarəsində sədr
müavini işləmiş, cavan, yaraşıqlı
bir oğlan olan Aslan Novruzovu İlyas Əfəndiyev də yaxşı tanıyırmış və onun ölümü
barədə həmin görüşdə çox təsirli danışır, deyir ki, Əli müəllimin bu hekayəni
yazması onun bir insan kimi, daxili kövrəkliyinin nümunəsi,
həyatdan cavan getmiş
bir adam qarşısında mənəvi borcunun ifadəsidir...
Görüş qurtaran kimi, bu çıxışdan çox təsirlənmiş Əli Vəliyev üzünü İlyas
Əfəndiyevə tutur:
– İlyas, gedək! Naharın vaxtıdı!
Onlar yeməkxanaya gələndə Əli Vəliyev xörəkpaylayan qıza deyir:
– Nam salat vmeste!
Kərimov, nəhayət ki, rahat nəfəs alır.
MƏMMƏD ƏKBƏR TƏƏSSÜF EDİR