440
avtomobil qəzasını da... Fuadı ən çox sarsıdan buydu ki,
Mürsəlin çox zərif eyhamlarından aydın olurdu: O, Fuad
Salahlı məsələsindən də və hətta Asiyadan da — yəni təqribən
iyirmi beş il bundan qabaqkı məsələlərdən də bixəbər deyil...
Fuad barmağını dişlədi. Deməli, bu həmişə nəzakətlə
gülümsünən, mehribançılıqla hal-əhval tutan adam — hamıya
qarşı, o cümlədən elə Fuadın özünə qarşı da əməlli-başlı
yaraqlı-yasaqlı imiş, ehtiyatında, necə deyərlər, silah
saxlayıbmış qara günüyçün. Amma Mürsəl bişmiş adam idi.
Çox mahiranə bir tərzdə Fuada onu da eşitdirdi ki, mənə dəyib-
dolaşan olmasa, özüm heç-bir vaxt heç kimə mərdimazarlıq
eləyən deyiləm. Fuad da, dünənin uşağı deyildi... Altdan-
altdan, öz kanallarıyla o da Mürsəl barədə münasib, kara gələ
biləcək məlumatlar toplamışdı və bunu Mürsələ çatdırmağın da
qeydinə qalmışdı. Qoy bilsin hər halda, onda əlaqələr də,
tənasüb də düzgün olar, necə deyərlər, tərəzinin gözləri düz
gələr — səninki səndə, mənimki məndə...
Yaxşı, bütün bu mülahizələrdən, mənfi-müsbətlərdən, götür-
qoylardan sonra axırı hansını seçmək düz olardı: Sabiri? Mir
İsmayılı? Mürsəli? Bir arxayın vaxtda macal tapıb qəti qərar
vermək lazımdır.
Əhməd Nəzər:
—Yaxşı, qurtardıq, — dedi. — Yarım saatdan sonra mən
Nazirlər Sovetində olmalıyam. Fuad, sən yerindəsən?
—İndi yanımda letuçkadır. Sonra aerodroma gedəcəm.
Raykomdan tapşırıblar. ADR-dən nümayəndə heyəti gəlir.
Dörddə də dəfndir.
—Hə, — Əhməd Nəzər köksünü ötürdü və başını buladı. —
Əşi, yazıq Salahlı... Neçə vaxtdı rast gəlmirdim ona, amma
doğrudan çox namuslu adam idi...
—Siz də gedəcəksiz dəfnə?
—Çalışaram. Dörddədir, deyirsən? Əşşi, vallah, axşam da
açılışdır da! Sən danışacaqsan, hə?
—Bəli.
441
Hər ikisi diqqətlə bir-birinin gözlərinin içinə baxdılar. Əvvəl
Əhməd Nəzər qaçırtdı gözlərini. Fuad dik baxırdı onun
gözlərinin içinə. Hər ikisi bu son mükalimənin gizli mənasını
bilirdi: axşam şəhərin perspektiv planlaşdırılmasına aid
layihələr sərgisi açılacaqdı. Təntənəli açılışda təbii ki, rəis
danışmalıydı. Amma üç gün bundan qabaq Əhmədə də, Fuada
da zəng vurub demişdilər ki, Fuadın danışması məsləhətdir.
Bunun səbəbini hər ikisi başa düşürdü. Əhməd Nəzərin
məsələsi həll olunmuşdu. Belə mühüm tədbirdə yarısabiq rəisin
deyil, gələcək rəisin danışması daha məqsədəuyğun sayılırdı.
Şövqü bunu eşidəndə Fuadı yanına çağırtdırdı: sən başa
düşürsən bu nə deməkdir? Hamı orda olacaq. Bu təyinat qabağı
sənin, necə deyərlər, son sınağındır. Məsələn həll olunmağına
olunub, amma bilirsən də, bir uğursuz söz, bir namünasib çıxış
— hər şeyi dəyişə bilər. Əhməd Nəzəri də sən tək əlli tutma,
baxma, köhnə qurddur, indi bütün vasitələrə əl atıb, bütün
kanallarını işə salıb, doğrudur, bir qələt eləyə bilməz, biz də,
deyir dəvə qulağında yatmamışıq, amma hər halda, sənin
çıxışından da çox şey asılıdır, gərək elə danışasan ki, heç kəsin
ürəyində zərrəcən şəkk-şübhə qalmasın: o yer məhz sənin
yerindir, elə bil lap boyuna biçilib.
Fuad heç nə demədi, gülümsündü, amma bu tədbirin
səviyyəsini, bu çıxışın əhəmiyyətini o özü də çox gözəl dərk
edirdi.
İşçilər dağılışdılar, otaqda Fuadla Əhməd Nəzər qaldı. Fuad
düşündü ki, məqamdır, bundan yaxşı fürsət ələ düşməyəcək.
Sonraya saxlamaq lazım deyil, bu məsələni. Fuadın Əhməd
Nəzərə işi düşmüşdü. Şəxsi işi. Daha doğrusu istəyirdi ki,
Əhməd Nəzəroviç vəzifəsini tərk etməmişdən qabaq bu
məsələni həll etsin, bu məsələ məhz onun, Əhməd Nəzəroviçin
əliylə olsun. Fuad yaşadıqları evin yaxınlığında, böyür-bitişik
qonşu binanın birinci mərtəbəsində özünə qaraj düzəltdirmək
istəyirdi. Orada münasib bir rastvor var idi, icazəsin almaq
lazımdı. Amma rəis olandan sonra bu məsələni qaldırmaq yaxşı
442
düşməzdi. İndi isə Əhməd Nəzər bu işi səssiz-küysüz həll sdə
bilərdi. "Heç olmasa bu fərsizdən də bir xeyir görək də"... Fuad
məsələni necə açmağı da fikirləşmişdi. Şövqünün məsləhətləri
kara gəlmişdi. Şövqü: "Tutalım ki, vəzifəli bir adama şəxsi işin
düşüb — deyə haçansa ona verdiyi faydalı öyüdlər sırasında
belə bir situasiyanı da misal gətirmişdi — eyni zamanda həmin
adamla həll eləməli ictimai bir məsələ də var. Tədbirsiz adam
necə hərəkət edər? Gələr, ümumi, ictimai işlərdən ağızdolusu
danışar, sonra axıra yaxın utana-utana, çəkinə-çəkinə öz kiçik
şəxsi xahişini deyər. Bunu tədbirsiz adamlar belə edər. Niyə?
Çünki o kiçicik şəxsi xahişini bildirən kimi, vəzifəli adamın
dərhal ürəyinə gəlir: Hə, aşna, elə əsl mətləbin bu imiş, ümumi,
ictimai məsələlər də bəhanə imiş... Gör indi tədbirli adam necə
edir. Mərd-mərdanə açıq surətdə öz şəxsi xahişindən başlayır.
Nə olacaq, riyakarlıq nə lazım, həyatdır, hamımızın dərd-
sərimiz, ehtiyacımız var: birinə ev lazımdır, birinə maşın,
birinə bağ, birinə mən nə bilim telefon çəkdirmək, mebel,
pianino, — nə bilim daha nə? Bəli, bu şəxsi xahişini deyib
qurtaran kimi macal vermədən: amma bu heç, bu xırda işdir, —
deyir. — Düzələr düzələr, düzəlməz düzəlməz, əsas sizin
yanınıza gəlməkdə məqsədim... Bəli, burda keçər ümumi, iri,
ictimai məsələlərə odlu-odlu danışar. İndi gör təəssürat necə
oldu? Vəzifəli adam düşünür: insandır, həyatdır, şəxsi xahişi
üçün gəlib, nə olar, amma ağlındakı öz işi deyil, əsas fikri-zikri
ümumi məsələlərdir bu adamın, ictimai işlərdir, xalqın
mənafeyidir..."
Bəlkə də Şövqünün reseptləri hər qapıya düşəcək açar
deyildi, amma hər halda iki-üç dəfə Fuadın karına gəlmişdi.
İndiysə Fuad sınaya bilmədi bu üsulu. Elə ağzını açmaq
istəyirdi ki, Əhməd Nəzər qəfildən:
—Fuad, oğlum, — dedi — sənə bir balaca işim düşüb.
"Vəssalam — deyə Fuad düşündü — qara məni basınca mən
qaranı basım".
—Buyurun, Əhməd müəllim, — dedi.
Dostları ilə paylaş: |