449
davadan qabaq çəkdiyi və heç bir vaxt həyata keçməmiş
layihələrini, müxtəlif binaların çertyojlarını göstərirdi. Bu
layihələr o illərdə tikilən binaların heç birinə oxşamazdı. İndi
neçə il sonra da Fuad, Balaca Fuad hərdən bir o layihələri
xatırlayır, bəzən hətta yuxusunda da görür və düşünürdü ki,
onlardan çoxu — xüsusilə dəniz sahilində tikilməsi nəzərdə
tutulmuş Xəzər muzeyi — akvariumun layihəsi — indinin
özündə də hər hansı bir şəhərin yaraşığı ola bilərdi... Əlbəttə
bir şərtlə ki, mühəndis hesablamaları təzədən edilsin, yeni
inşaat materialları və yeni tikinti üsulları nəzərə alınsın...
Ancaq kim idi bununla məşğul olan, bir halda ki, Fuad
Salahlının özü də buna qatlaşmadı...
Bəzən söhbət Şövqüdən düşərdi, çünki Şövqü o dövrdə də,
yəni elə bütün başqa əvvəlki və sonrakı dövrlərdə də ən məşhur
memarlardan, proyektləri ən çox icra olunmuş müəlliflərdən
biri idi. Fuad Salahlının gənclik yoldaşı idi Şövqü. Bir yerdə
oxumuşdular Leninqradda, neçə il bir yataqxanada, bir otaqda
tələbəlik həyatının acısını-şirinini dadmışdılar. Yolları sonralar
ayrıldı və indi, indi-yəni onda, əllinci illərdə — bir-birləriylə
qanlı-bıçaq idilər. Hər halda institutda hamı belə danışırdı,
deyirdilər ki, bir-birlərini görməyə gözləri yoxdur. Amma Fuad
heç bir vaxt mühazirələrində Şövqüdən danışmazdı — nə
lehinə, nə əleyhinə. Öz evlərində, Oqtayla və "Balaca Fuadla"
söhbətlərində isə, bəzən ürəyini boşaldardı. "Şövqü istedadlı
adamdır, şübhə yoxdur, buna, —deyərdi — özü də ən dəhşətlisi
odur ki, hər şeyi çox gözəl başa düşür, memarlıqda yaxşının nə,
pisin nə olduğunu çox gözəl bilir və bunu bilə-bilə yaxşını
qoyub pisdən yapışır. Konyukturşikdir, vəssalam. Cığaldır
Şövqü!" Cığal Şövqü. Şövqünün bu ayamasını da Balaca Fuad
ilk dəfə Salahlının dilindən eşitmişdi. Bundan kəskin bir söz
heç bir vaxt deməmişdi Fuad Salahlı Şövqü haqqında...
Sonralar söz çıxartdılar, birinin üstünə beşin qoyub artırdılar
ki, Fuad Salahlı Şövqüyə paxıllıq edir, odur ki, hər yerdə
kölgəsini qılınclayır. Amma, Balaca Fuad o bədnam
450
məruzəsini heç də böyük Fuadın fitvasıyla yazmamışdı, ay
tövbə! Əlbəttə adamın allahı var, bütün bu söhbətlərin,
Salahlıyla təmasın, albomların, kitabların Balaca Fuadın
memar kimi yetişməsində, zövqünün biçimlənməsində təsiri
çox olmuşdu və onun bu iqlimdə tərbiyələnmiş zövqü o illərdə
Bakıda ucaldılan bəzək-düzəkli torta bənzəyən binaları qəbul
edə bilməzdi. Tələbə elmi cəmiyyətində məruzəsində də məhz
bunu demişdi və bura toplaşmış tələbələrin gurultulu alqışları
altında Şövqü Şəfizadənin bir neçə əsərini də tənqid etmişdi.
Fuad Salahlı bu məruzəylə ilk dəfə burada, Balaca Fuadın
çıxışı əsnasında tanış olmuşdu. Amma məsələni elə şişirtdilər,
elə böyütdülər ki!..
Dekan Zülfüqarov Qurban kişinin yerlisiydi, kənddə dədə-
babadan qonşu olmuşdular, burada, Bakıda da bir-iki dəfə
Fuadgilin evlərində olmuş, Çərkəz arvadın pürrəng çayına
"bəh, bəh" demişdi. Dekan Zülfüqarov həmişə Balaca Fuada
"hə, eloğlum" deyərdi, Qurbanı soraqlaşardı: "kişinin əhvali-
şərifi necədir? — sonra həmişə əlavə edərdi: ondan muğayat ol
ha, mənim ellim canlara dəyən oğlandır"...
Başı nə qədər qarışıq olsa da, Balaca Fuadı görəndə dekan
Zülfüqarov həmişə dişlərini ağardırdı. Fuadın yadına düşdü ki,
doğrudur, Zülfüqarov həmişə onu görəndə irişərdi, amma
"dişlərini ağardardı" demək düz olmaz, dişləri heç vaxt ağara
bilməzdi, dişləri sapsarı, dişlərinin dibləri isə həmişə qırmızı
olardı, bilmirəm nə səbəbdən həmişə dekan Zülfüqarovun
qabaq dişlərinin dibi qanamış olardı, damağından dişlərinə qan
sızardı və odur ki, dekan dodaqlarını çırmalayanda dişləri də
qarışıq bir rəngdə — sarı, çəhrayı rəngdə görünərdi. Həmişə
Balaca Fuadı xoş bir sözlə dindirərdi: "Hə, balaca kişi, xeyir
ola, qaşqabağın yernən gedir. O cür kişinin balası gərək həmişə
başını şax tuta"... "Əə, ay allahsız, yenə qan eləmisən, deyirlər,
kurs işin qiyamət çıxıb..." "Eloğlu, gəlsənə səni bir Tiflisə
göndərək, gedəsən tələbə konfransına, hə?"
Balaca Fuadın məruzəsindən iki gün sonra, onu dekanın
451
yanına çağırdılar. Elə leksiyadan çıxartdılar, dekanın katibəsi
gəldi, müəllimdən izin istədi — Mehdiyevi təcili yoldaş
Zülfüqarovun yanına çağırırlar, — dedi.
Fuad dekanı tanımadı.
Həmişə gülərüzlü, şirindilli Zülfüqarovun sir-sifətindən
zəhrimar yağırdı. Başını qaldırıb kinli-kinli uzun müddət Fuada
baxdı, nəhayət dilləndi:
—Mehdiyev, — dedi. — "Fuad bala" yox, "eloğlu" — yox,
"balaca kişi" yox, məhz "Mehdiyev", — o nə məruzədir,
etmisiniz? — "Etmisiniz!", "Siz", Fuad elə bildi söhbət ayrı
adamdan gedir, Zülfüqarov heç vaxt ona "siz" deməzdi. "Siz nə
etdiyinizi dərk edirsinizmi?" — Otaqda kənar adamlar da vardı,
bəlkə Zülfüqarov ona görə belə danışır. Hər halda Fuad,
ömründə birinci dəfə idi ki, bir adamın sifətinin necə
dəyişdiyini görürdü, "çevirərəm boz üzümü" ifadəsinin
müstəqim mənasını əyani şəkildə dərk edirdi. Doğrudan da
kənar adamlar otaqdan çıxandan sonra Zülfüqarovun üzünün
ifadəsi dəyişməsə də sözlərinin lüğət tərkibi bir qədər dəyişdi:
— Ədə, a qırışmal, o nə qələtdir elə, başından böyük qələtlər
eləyirsən? Sənin Şövqü Şəfizadəylə nə işin var, a mən deyən?
Tayın-tuşundur sənin Şövqü Şəfizadə?!. Sənin o sərçə cüssənə
bir elə Şövqü Şəfizadəyə sataşmaq yaraşır... Sən heç qanırsan,
heç beynivə vurursan bir, kimdir Şövqü Şəfizadə... İndi sən də
guya hıqqanıb-zıqqanıb memar olmaq istəyirsən, onu bil ki,
doğrudan da işdi-şayət memar olsan, bütün ömrüvü Şövqü
Şəfizadənin kölgəsində daldalanacaqsan... Bilirsən kimdir
bizim sahədə Şövqü Şəfizadə? Bildin, sırğa elə as bunu
qulaqlarından, gərək Qurban kişiyə deyim o qulaqlarıvı bir
möhkəm çəksin... Şövqü Şəfizadə bizim hamımızı qatlayıb
cibinə qoyar e!.. İstəsə adamı göyə qaldırar, istəsə palçığa
batırar, bildin?
Bu vaxt partkom içəri girdi və Zülfüqarov yenə tonunu
dəyişdi:
—Yox, biz bu məsələnin üstündən belə asanlıqla keçə
Dostları ilə paylaş: |