Roman, povestlər



Yüklə 3 Mb.
səhifə38/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   34   35   36   37   38   39   40   41   ...   158

 134 

yoxsa ara qarışıb məzhəb itsə, bu, yaxşı nəticə verməz. Alya, o 

ki qaldı, sən deyirsən kult liçnosti, deyir, vallah, o liçnostə də 

canım qurban, onun kultuna da. 

Murtuzun  əqidəsi qəlbinin  dəruni guşələrində gizlənir. 

"Ararat" konyakının beşinci qədəhindən sonra isə atlanıb ordan 

çıxırdı. Müddəaları da çox dəqiq idi... 

Deyir dəryalarca qan töküb, adam qırıb? Əcəb eləyib. Xalq 

düşmənlərin qırıb qurtarmasaydı Hitleri məğlub edə bilərdi? 

...Masanın arxasından durdular. 

Dadaş yenidən pəncərənin qabağına gəldi. Nemət onun 

yanında durub: 

—Ora Akademiyanın təzə binasıdır, — deyirdi. — Köhnə 

binası görünmür. Ora dəyirmandır. O, bankın qabağıdır. 

Sonra kimsə təklif etdi ki, maqnitofonu qursunlar. 

Nemət düyməni basdı: 

—Hə, bir şey deyin, — dedi. Bir neçə dəqiqədən, bir neçə 

səsdən sonra isə: 

—Bir də mən görsəm ki... — dedi və susdu. 

Qonaqlar vidalaşıb dağılışdılar. 

Çarpayısında uzanan kimi yuxuya getdi. Bu gün çox 

yorulmuşdu. Çox da həyəcan keçirmişdi. 

Qızlar da yatdılar. Bikə xala da. Sürəyya da. 

Gecənin bir yarısında elə bil kimsə qəfilcə Neməti oyatdı. 

Gözlərini açdı. Gördü ki, kefliliyi də keçib. Tamam ayıq idi. 

Tamam da oyaq. Yuxusuzluğa alışmış bir adam təcrübəsiylə 

dərhal başa düşdü ki, təzədən çətin yata. 

Elə bil kimsə onu oyatmış  və beynini fikirlə doldurmuşdu. 

Yaman da yanğısı vardı. Durub su içdi. 

Fikirlərini qovmaq istədi. Divara təraf çevrildi. Əlini 

xəritəyə çəkdi: Ağcatau, Sasık göl, Ağcal... 

Amma fikirlər qayıtdı. Onları dağıtdı. Yenə qayıtdılar. 

Yenə. Yenə... 

Dünən səhərdən bəri başında oyanan fikirlər elə bil yenidən 

rəsm-keçidə gəlmişdi. 



 135 

Əvvəlcə atası haqqında düşünməyə başladı. Düşündü ki, 

bax, anam deyirdi atanın Samuxda yaman hörməti vardı. Evlər 

tikmişdi, yol çəkdirmişdi. Sonra düşündü ki, Samux indi 

Mingəçevir dənizinin dibindədir. Evləri, yolları, hamısı... 

Bəs Samuxda yaşayan adamlar? O adamlar ki, atası onların 

hörmətini qazanmışdı? Hərəsi bir yana dağılıb. Bəlkə atasının 

surətini, xatirəsini, bağışlanmış fotoşəkillər kimi, hərəsi bir 

tərəfə aparıb. Bəlkə də... 

Sonra hardansa beynində qafiyələr dolaşmağa başladı: azsa, 

pozsa, yazsa... 

Sonra nədənsə pəncərənin axar-baxarı haqqında düşünməyə 

başladı: Qız qalasının təpəsi, Akademiyanın təzə binası. Bank, 

dəyirman. 

Sonra marşrutlu avtobus haqqında dünənki fikirlərini 

xatırladı. 

Sonra qulaqlarında maqintofon yazıları canlandı: 

"Bir də mən görsəm ki..." — bu cümlə nəbz kimi beynində 

döyünməyə başladı.  

O biri otaqda saat üç dəfə vurdu və  qəfilcə bir an içində 

Nemət hər şeyi başa düşdü. 

Fikirləri durulub aydınlaşdı və Nemət hər şeyi birdən anladı. 

Anladı ki, pəncərənin axar-baxarı  nə  qədər cazibəli

mənzərəli, gözəl olsa da, o, Nemət bu görünüşə nifrət edir. 

Nifrət edir, çünki o, bu mənzərəyə  məhkumdur. Ömürlük 

məhkumdur. Heç bir zaman bu pəncərə, qatar pəncərəsi kimi 

hərəkətə gəlib dəyişməyəcəkdir. Bu pəncərəni xalça kimi dörd 

mismarla onun həyatına mıxlayıblar. Ömrü boyu o bu 

pəncərədən baxıb Qız qalasının təpəsini, Akademiyanın yeni 

binasını, bankı, dəyirmanı görəcək.  

Adam öz həyatını qadını atan kimi ata bilmir, insan öz 

həyatını axıracan yaşamalıdır. Həyat yükünü axıracan 

daşımalıdır... 

Nemət dəhşət içində anladı ki, bir də onun həyatında heç bir 

vaxt heç bir şey olmayacaqdır. Nə ürkək, duyğuların 



 136 

nigaranlığı, nə gözləmə, nə aldanış, nə ümid, nə bahar gecəsi 

son tramvayın pəncərəsində diksinən ulduzlar... 

O, həyatını, gündə oynadığı rolundan bıqmış bir aktyor 

kimi, qatarlara qoşulub dəyişməz relslərlə gedən parovoz kimi 

son mənzilə, son pərdəyə, son dayanağa, son sükuta 

çatdırmalıdır. Son qaranlığa, son səsin susduğu yerə.., 

O qanunların, qadağaların, normaların əsiridir. 

Onları poza bilməz. 

Poza bilməz, aza bilməz. Aha, indi tapdı ki, bu qafiyə 

hardandır. Yazıq, biçarə, zavallı marşrutlu avtobus! 

Pozsa, azsa, yazsa... 

Yazılana pozu yoxdur. Bunu bayaq kim dedi? Bayaq yox, 

dünən. Dadaş dedi, hə, bir də yadımdadır, vaxtilə Bikə xala 

demişdi. 

Dünən Karmen də  nə isə buna bənzər, bir şey deyirdi, hə, 

dedi ki, yazılıb, pozulmayacaq. Nə pozulmayacaq? Hə, 

maqnitofon yazısı...  

—Hə, bir şey deyin… 

—Demək, mən demək istə... 

Bir dənə söz, bir dənə hərf dəyişə bilməz. Donub qalıb. 

—Bir də mən görsəm ki… 

Heç kəs bilmir ki, bir də sən görsən ki... nə edəcəksən? 

Sabah yenə  yığışıb bu yazıya qulaq asacaqlar. Sabah 

olmasın, birisi gün olsun. Ya bir həftə sonra. Yenə qulaq 

asacaqlar. Hamısı — özləri də, qonşuları da, qohumları da, 

Mürşüd, Mənzər, Tahirə, Caboş, Alya... 

Sabah da qulaq asacaqlar. Hə, hə, lap yəqin bil. Biri gün də, 

o biri gün də. 

Hər gün Bikə xala təkrar edəcək ki, Alyagilin maqnitofonu 

iki dəfə böyükdür. Hər gün Karmen rişxənd edəcək ki, Nemət 

"zadrıpannıy" maqnitofon alıb, hər gün Sürəyya ona 

acıqlanacaq və hər gün də sonda Nemət bir də mən görsəm ki

— deyə kimisə  hədələyərək, sözünü yarımçıq qoyub sükut, 

səssizlik uçurumuna yıxılacaq. 



 137 

Heç kəs də heç bir vaxt bilməyəcək ki, Nemət bir də görsə 

nə olacaq... Nə olacaq? Heç nə, hədəsiz hədə... 

Sabah, biri gün o, birisi gün. Ay keçəcək, il keçəcək. 

Heç nə dəyişməyəcək, ilahi, heç nə, heç bir şey. 

İyirmi-otuz il sonra Nemət qocalıb öləcək. Ancaq ölənə 

qədər həyatında heç bir dəyişiklik olmayacaq. Arvadı. Üç qızı. 

Eyni qohumlar. İş yoldaşları, qonşular. Eyni söhbətlər, 

zarafatlar, qayğılar, təlaşlar. Eyni  məclislər, tostlar... 

Eyni pəncərə. Eyni avtobus. Eyni yazı...  

Bir də mən görsəm ki... 

Yazılana pozu yoxdur. Vəssalam. Qurtardı. Kitab bağlandı. 

Nöqtə. 

Nöqtə? Bəlkə vergüllü nöqtə? Daha doğrusu, nöqtəli vergül? 



Bəlkə dalı var, izahı var... 

Bir də mən görsəm ki... Nə görsən, ay yazıq? Nə görmüsən? 

Nə görəcəksən? Görsən nə edəcəksən? Heç nə... 

Yazılana pozu yoxdur. 

Yaxşı, bəsdir, yat getsin, Nemət. Sabah tezdən işə 

gedəcəksən. Yüzə  qədər say: yuxuya gedəcəksən. Ya da yum 

gözlərini, təsəvvür elə ki, yolla gedirsən, gedirsən, gedirsən bir 

də görəcəksən yatdın.  Əsas yuxulamaqdır. Adam yuxuda 

olanda vaxt məfhumu yox olur. Yatırsan, yuxu səni hoppadan 

götürüb qoyur səhərə. Vəssalam. Yaxşı, yataq. Bir, iki, üç, 

dörd, beş, altı... 

Təhminə! Təhminə? O hardan yadıma düşdü? O hardan 

gəlib çıxdı? Hardan gəlib düşdü bu obraz, durdu gözlərimin 

qabağında? Dümdüz uzun qıçlı. Qara saçları  şəlalə kimi 

çiyinlərinə axmış. Dişləri tən bir boyda — qarğıdalı  dənələri. 

Gözləri... Nə  rəngdəydi Təhminənin gözləri? Qara? Qonur? 

Göy? Yaşıl? Yox, yaşıl deyildi. Göy, şabalıdı, qara, qonur? 

Göy? Yaşıl? Yox, yaşıl deyildi. Nə  rəng idi? Nə cür olub ki, 

indiyəcən diqqət eləməmişəm? Doğrudan qəribədir. Yaxşı, yat, 

Nemət, sabah işdə fikir verərsən. Yox, qəribədir. Nə  rəngdir 

axı, qara, qonur, şabalıdı? Bəli də, indi də beyninə bu düşdü? 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə