155
kişi özü ağappaq alt paltarının üstündən əyninə bir pencək geyib, ağ təsəyi də
həmişəki kimi, başında, əlinə aftafa alıb bağı sulamağın
siftəsini edirdi və bu, illər
keçdikcə etiqad mərasimi kimi bir şeyə çevrilmişdi, elə bil, kişinin ömrünü də bütün
il boyu gözlədiyi o növbəti sulama mərasimi uzadırdı.
Və əlbəttə, Kolxoz kişinin, aydın məsələdir, burasından da xəbəri yox idi ki,
Abşeronda sovet hökuməti qurulanda birdən-birə bolşevik olmuş üç-dörd nəfər
keçmiş fəhlə – onlardan birinin büstü Sovet Ittifaqı dağılanacan Buzovna parkında
dururdu, birinin də adını məktəbə vermişdilər, sonra həmin məktəbdə oxumuş
Qarabağ şəhidinin adı ilə dəyişdilər – iki rus əsgəri ilə gəlib, Məşədi Ağarəhimi
yuxudan durğuzub, elə həmin
ağappaq tuman-köynəkdə, aparıb sinfi düşmən kimi
güllələdilər və iyirminci illərdə, otuzuncu illərin əvvəllərində Məşədi Ağarəhim Mir
Abdulla oğlunun bağı tamam tələf olub getdi və o bağdan təkcə üç iydə ağacı, bir də
o qədim zeytun qaldı.
Sonralar – müharibə qurtarandan sonra – qırxıncı illərin axırlarında burada bu
Fəhlə Yataqxanasını tikdilər və elə ki, Sovet Ittifaqı dağıldı, müəssisələr dayandı,
Yataqxanada yaşayan fəhlələrin hərəsi bir tərəfə dağılışdı, sonra ermənilər Qarabağı
işğal etdi, o vaxt – 1992-ci ilin cırhacır isti yay aylarında Şuşadan qaçqın düşmüş
camaatın bir qismini müvəqqəti olaraq bu Yataqxanada yerləşdirdilər və o
müvəqqəti, bu müvəqqəti, – Buzovnadakı Fəhlə Yataqxanası həmişəlik
məsgən olub
qaldı.
Kolxoz kişi həyətdə durub əlini uzadaraq orda-burda suvağı tökülmüş, Nuh-
Nəbidənqalma əhəngi rəngini itirmiş, il-on iki ay pəncərələrinin, eyvanlarının
arasında zivədən pal-paltar asılmış Yataqxana binasını göstərib deyirdi:
– Bu da bizim elimiz, obamızdır də...
III
Surxay müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağını ilk dəfə 1988-
ci ildə – Ermənistan «perestroyka» hərc-mərcliyindən və Qorbaçovun
maymaqlığından istifadə edib Qarabağı Azərbaycandan qoparmaq istəyəndə –
Şuşadakı etiraz mitinqində, Bazar başında qaldırdı və o bayraq dədəsi kimi
uzunboylu olan Uzun Surxayın başının üstündə xeyli müddət dalğalandı, amma
üstündən bir ay keçəndən sonra, elə ki, ara bir az sakitləşdi, o bayrağı qaldırdığına
görə Surxayı tutub qoduqluğa saldılar, iki gün saxlayıb, buraxdılar, çünki Şuşanın
dəliqanlıları Bazar başına yığışıb bir ağızdan qışqırmağa başladı:
– Bay-raq-dar!..
– Bay-raq-dar!..
– Bay-raq-dar!..
Və günün günorta çağı Müsavat hökumətinin üçrəngli bayrağını Şuşanın
mərkəzində başının üstünə qaldırmış Surxayı – Stalinin ölən günləri idi – təzədən
ara qızışmasın deyə, Bakıdan gəlmiş Azərbaycan KP MK təlimatçısının göstərişi ilə
həbsdən azad etdilər və Telefon Stansiyasının yanındakı mətbuat
köşkündə qəzet-
jurnal satan Uzun Surxay (Məmmədov) o gündən də oldu Bayraqdar – Surxay
Bayraqdar. Daha doğrusu, Şuşa camaatı onu «Bayraqdar Surxay»– deyə çığırmağa
başladı, amma Surxayın «Bayraqdar Surxay» yox, «Surxay Bayraqdar» daha çox
xoşuna gəlirdi və Surxay erməni təcavüzü ilə bağlı Moskvaya göndərilən bütün
etiraz məktublarına, mitinqlərdə həbs olunmuş adamları azad etmək
156
tələbnamələrinə, Azərbaycanın SSRI-nin tərkibindən çıxmaq istəməsi barədə Siyasi
Büroya göndərilən teleqramlara və s. elə bu cür – «Surxay Bayraqdar» kimi imza
atmağa başladı və onun hələ heç kimə demədiyi, ürəyində gəzdirdiyi bir arzusu da
bundan
ibarət idi ki, Əbülfətin də familini gələcəkdə «Məmmədov» yox,
«Bayraqdar» yazdırsın: Əbülfət Surxay oğlu Bayraqdar.
Şuşa camaatı gözünü açıb bu mətbuat köşkündə Surxayın dədəsi Uzun Məti
dayını qəzet-jurnal satan görmüşdü və o vaxt ki, Uzun Məti dayı xəstələnib yorğan-
döşəyə düşdü (onda Surxay məktəbin onuncu sinfində oxuyurdu), elə o vaxtdan da
Surxay məktəbi atıb, gəlib dədəsinin yerində oturdu və iyirmi il sərasər Şuşadakı o
gözəl köşkdə qəzet-jurnal satdı.
Surxay o biri sinif yoldaşları kimi Bakıya, ali məktəbdə oxumağa getmədi, heç
onuncu sinifi də bitirmədi. Köşkdə dədəsinin yerinə keçəndən sonra, hərdənbir dərsə
gedirdi, amma bir dəfə Məleykə müəllimə – məktəbin dərs hissə müdiri – köşkün
qabağında dayanıb:
–
Dərsə niyə gəlmirsən, a bala? – soruşdu.
Surxay:
– Dədəmin yerindəyəm axı... – donquldandı.
Məleykə müəllimə də:
– Nədi, dədən səni varis elan edib?– deyə onun üzünə çımxırdı və bununla da
kifayətlənməyib əli ilə köşkü göstərdi: – Pah!.. – dedi. – Bura da sənin
padşahlığındı?!
Və Məleykə müəllimənin o «Pah!»ından sonra Surxay məktəbi tamam atdı,
amma oxumağın dalınca getməsə də, Şuşada az adam tapılardı ki, Surxay qədər
siyasi aləmdən xəbərdar olsun (Syerra-Leonenin prezidentinin adından tutmuş
Suslovun dədəsinin adınacan) və «perestroyka»nın şıdırğı vaxtında ilk dəfə
Məhəmməd Əmin Rəsulzadənin şəklini tapıb köşkün şüşəsinə taxan adam da Surxay
oldu və o zaman, elə bil ki, uzun illərin ayrılığından
sonra nəhayət ki, Azərbaycana
qayıda bildiyinə görə Şuşadakı o qəzet köşkünün şüşəsindən xəfif bir təbəssümlə
gülümsəyən Məhəmməd Əmin bəyi çox adam ilk dəfə görürdü və soruşurdu ki, bu
kimdi belə?
Surxay evləndi, Əbülfət – Əbili anadan oldu və o vaxt, əlbəttə, Surxay bilmirdi
ki, Əbülfət haçansa, Eysebio olacaq, bütün Bakı onu «Eysebio»– deyib, çağıracaq.
Surxay o vaxt Salazarın kim olduğunu, nə vaxt doğulduğunu bilirdi,
amma dünyada
Eysebio adında bir məxluqun olduğundan heç xəbəri də yox idi və əlbəttə, o vaxt
Surxay burasını da bilmirdi ki, Allah-taala Eysebionun ömrü üçün (Əbülfətin ömrü
üçün) bu dünyada az bir möhlət ayırıb.
Illər keçdikcə, Şuşanın mərkəzindəki o köşk, o köşkdəki qəzet-jurnallar və o
qəzet-jurnallardakı siyasi xəbərlər Surxayın həyatının mənasına çevrildi – hər şey
belə deyirdi, amma əslində, belə deyilmiş, çünki Surxayın həyatının həqiqi mənası
və onu Bayraqdar edən üçrəngli bayraq oldu.
Surxay Gülzar arvadı tikiş maşınının arxasında oturdub başının üstünü kəsdirərək
göy, qırmızı, yaşıl ipəkdən bayrağı özü tikdirdi, ayı, ulduzu da öz əli ilə kağızın
üstündə ölçdü, biçdi, kəsdi və sonra yenə Gülzar arvadın başının üstündə dayanıb ağ
ipəyə keçirtdi, bayrağın dəstəyini əvvəlcə şam ağacından düzəltdi ki,
yüngül olsun,
sonra fikirləşdi ki, üçrəngli bayrağın dəstəyi gərək yüngül olmasın, palıd ağacından
bir dəstək düzəltdi, sonra o palıd dəstəyi də üçrəngli bayrağa layiq bilmədi və