216
Müstəntiq Cabbarov:
– Yox, – dedi. – Gərək sifariş edəsiniz. Bizi tez calaşdırırlar.
Prokuror Dadaşlı yenə bir balaca rişxəndlə soruşdu:
– Yenə konsperasiya?
– Yox, konsperasiya üçün bir əsas yoxdu. Evlə danışmaq istəyirəm, uşaqlarla.
O, telefonun dəstəyini götürdü.
IX
Güldəstə birinci mərtəbənin artırmasında ocaq qalamışdı.
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə həyətdə yekə bir xoruzun dalınca
qaçan Mürşüdə deyirdi:
– Allahın bir xoruzunu da tuta bilmirsən!
Güldəstə içi su dolu mis qazanı ocağın üstünə qoya-qoya:
– Allahın xoruzu yox, Allahın bəlasıdı bu! – dedi. – Uşaq neyləsin buna?
Sol qolu hələ də bədəninə bağlanmış balaca qız Fəttah dayının yanına gəlib:
– Qolumu aç, – dedi. – Mən tutum.
Fəttah dayı uşağın başını sığallayıb:
– Bicin birisən, – dedi. – Kimə oxşamısan belə?
Güldəstə gülə-gülə:
– Kimə oxşayacaq, ay kişi? – dedi. – Bilmirsən kimə oxşayıb?
Balaca qız dedi:
– Cırtdana oxşamışam.
Fəttah dayı uşağı qucağına aldı:
– Cırtdana oxşamamısan e, elə özüsən Cırtdanın!..
Mürşüd atılıb xoruzun quyruğundan tutdu, amma bu dəfə də əlində saxlaya
bilmədi. Xoruz qaqqıldaya-qaqqıldaya əldən çıxıb qaçdı.
Fəttah dayının səbr kasası daşdı:
– Tez elə, ə, a bivec, günorta keçir, qonaq gələcək indi!..
Mürşüd yenə də xoruzun dalınca yüyürdü.
X
Yağmırdı, amma yenə də hər tərəf bomboz idi və bu bozluq içində
taxtapuşlardakı bacalardan çıxan tüstü güclə seçilirdi. Tüstü bir az yuxarı qalxıb
rayonun üstündən gəlib-keçən topa-topa buludlara qatışırdı; buludlar az qala
bacaların üzərindən axıb gedirdi.
Rayonun yuxarısındakı dağların ətəyi də duman içində idi.
Bu yaş taxtapuşlar da, bu dumanlı dağlar da, bu yerlərdə gözə görünən hər şey
bu saat gün həsrətində idi.
Imaş həyətin aşağı başında diz çöküb, təzə düzəltdiyi qapının kənarlarını
rəndələyirdi və bir müddətdən sonra o, Gündüz Kərimbəylinin böyürtkən
kollarından salınmış çəpərin yanında dayandığını görəndə, halına təfavüt etmədi.
Gündüz Kərimbəyli:
– Işiniz irəli! – dedi.
Imaş cavab vermədi və daha artıq bir cidd-cəhdlə işinə davam elədi.
217
Gündüz Kərimbəyli yaxınlaşıb həyətin qapısını açdı:
– Olar?
Imaş dönüb bu üzlü qonağa tərəf baxdı, başını tərpətdi, yəni ki, olar.
– Salaməleyküm. – Bunu da mühüm işlər müstəntiqi dedi.
Və Imaş yenə də başını tərpətdi, yəni ki, əleyküməssalam.
Gündüz Kərimbəyli əvvəlcə axurun qabağında qapını iki dizləri arasına alıb
rəndələyən Imaşa baxdı, sonra hər şeyi yerli-yerində olan bu səliqəli həyəti nəzərdən
keçirdi və dedi:
– Əgər bu gün danışmaq fikriniz yoxdursa, mən gedim.
Imaş işinə davam edə-edə:
– Bu gün gedib, sabah qayıdacaqsan də, naçalnik! – dedi.
Gündüz Kərimbəyli:
– Qayıdacağam yox, sizi çağırtdıracağam! – dedi. – Sonra öz xüsusi
təbəssümüylə gülümsədi. – Nə bildiniz ki, «naçalnik»əm?
Imaş:
– Sizlərlə çox rastlaşmışam, – dedi. – Görən kimi tanıyıram. O avçarkalar var
ha, naçalnik, iyləyib iz tapırlar e, mən də bir dəfə burnumu çəkən kimi o saat sizləri
tanıyıram.
Görünür, mühüm işlər müstəntiqi də belələrini yaxşı tanıyırdı və onlarla
danışmağın qaydasını da bilirdi. O, əlini kürkün döş cibinə salıb vəsiqəsini çıxartdı
və Imaşın gözlərinin qabağında tutub birbaş məsələyə keçdi:
– Ayın iyirmi beşində gecə siz halda idiniz?
Imaş hələ də işinə davam edirdi.
– Iyirmi beşində?.. Nə bilim mən, naçalnik, işsiz-gücsüz adamam, görəsən,
harada veyillənirdim...
– Yadınıza salın.
– Nədi axı, naçalnik, yenə keçisi, buzovu oğurlanan var?
Gündüz Kərimbəyli Imaşın sözlərindəki açıq-aşkar lağlağıya fikir verməyib
daha artıq təfsilatla təkrar etdi:
– Ayın iyirmi beşində, müəllim Fazil Qəmərlinskinin babası öldürüldüyü gecə,
siz harda idiniz?
Imaşın əli işdən dayandı və onun damarları çıxmış arıq boğazının iri hülqumu
enib-qalxdı.
– Nə demək istəyirsən, naçalnik?
Mühüm işlər müstəntiqi bu dəfə səsini qaldırıb daha artıq bir sərtliklə dedi:
– Onu demək istəyirəm ki, tanımadığınız adamla «sən»lə danışmayın! Biz
yoldaş olmuşuq?
Imaş cavab vermədi.
– Soruşuram sizdən, yoldaş olmuşuq biz? Cavab verin!
Imaş özü də bilmədi ki, necə ayağa qalxdı və cavab verdi:
– Yox.
– Onda zəhmət çəkin «Siz»lə danışın!
Imaş şalvarının dizlərini çırpa-çırpa:
– Bağışlayın, – dedi.
– Ayın iyirmi beşində gecə hardaydınız?
218
Imaş sırıqlısının cibindən siqaret çıxarıb yandırdı və bir-iki qullab vurandan
sonra bir az özünə gəlib dedi:
– Həmin gecə... iyirmi beşində mən evdə idim... yatmışdım...
– Evinizdəkilər bunu təsdiq edə bilər?
Imaş cavab vermədi.
– Bacınız necə? Təsdiq edər bunu?
Imaş təzə yandırdığı siqareti hirslə yerə çırpdı:
– Onunla işiniz olmasın! – dedi. – Mənim tayım deyil o! Təmiz adamdı...
Gündüz Kərimbəyli həyətin qapısına tərəf addımlaya-addımlaya:
– Sağ olun, – dedi. – Hələ görüşəcəyik yəqin. – Sonra bir an ayaq saxlayıb
əlavə etdi. – Dünyada ən xoşuma gəlməyən şey yalan danışmaqdı. Yadınızda
saxlayın bunu...
Imaş onun ardınca gedə-gedə:
– O vaxt ki, adam gözükölgəli oldu, – dedi, – onda da batdı...
Gündüz Kərimbəyli ona tərəf döndü:
– Niyə işləmirsiniz?
Nədənsə, Imaş daha bu cavan «naçalnik»in gözlərinin içinə baxa bilmirdi və bu
dəfə də gözlərini yayındırıb:
– Bizim bu rayonda adamın adı çıxınca, canı çıxsa yaxşıdı! – dedi. – Adımın
yanına «oğru» ləqəbi qoyublar. Kimdi indi burada oğru Imaşa iş verən? Kimdi oğru
Imaşla bir yerdə işləmək istəyən? Eh... – Imaş əlini yellədi və yenə də sırıqlısının
cibindən bir siqaret çıxarıb yandırdı. – Deyirəm çölüm yanır, demirəm içim... –
Sonra yəqin bu dərəcədə açıqlıq elədiyinə görə özünün də özünə acığı tutdu. –
Bilirəm, o müəllimin işləridi bu! O göndərib sizi mənim üstümə! Amma bir şey
çıxmaz bundan! – Imaş yavaş-yavaş səsini qaldırırdı. – Demişəm ona! – Sonra əyilib
axurun qabağında yerə atılmış iri paslı bıçağı götürüb zərblə qapıya atdı; bıçaq
qapıya sancıldı və paslı-palçıqlı dəstəsi bir müddət titrədi. – Demişəm ki...
Mühüm işlər müstəntiqi onun sözünü yarımçıq kəsdi:
– Neçə yaşınız var?
Imaş susub gözlərini döydü, yəqin fikirləşdi ki, görəsən bu sualın da arxasında
bir biclik durur, ya yox? Sonra cavab verdi:
– Əllini ötüb...
Gündüz Kərimbəyli həyət qapısından çıxa-çıxa:
– Bəs nə vaxt özünüzə bir gün ağlayacaqsınız? – dedi. – Vaxtdı.
Gündüz Kərimbəyli sağollaşmadan uzaqlaşıb getdi.
Imaş bir müddət dayanıb onun ardınca baxdı, sonra geri dönüb axura tərəf gəldi
və yenə də siqareti ağzından alıb hirslə palçığa çırpdı.
Qapıya sancılmış bıçağın dəstəsi isə hələ də titrəyirdi.
XI
Gündüz Kərimbəyli soyuq bayırdan sonra prokuror Dadaşlının isti kabinetinə
girəndə əvvəlcə, istər-istəməz, çırthaçırtla yanan sobaya baxdı. Əlbəttə, bu, prokuror
Dadaşlının gözündən qaçmadı və o, əməlli-başlı bir qürurla:
Dostları ilə paylaş: |