Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   88   89   90   91   92   93   94   95   ...   145

 
210
– Tez yeyənlə tez evlənən peşman olmaz, deyiblər. Yemək heç, amma 
evlənməyi düz deyiblər. Mənim kimi gec evlənəndə  nəvən yerindəkilərə atalıq 
eləyəsən gərək... Düzdü, bunu da deyiblər ki, subaylıq sultanlıqdı, amma mən bir 
sultanlıq görməmişəm... Həmişə zəhmətlə keçib ömrüm. Elə indi də... Buraları silib-
süpürürəm, bağ-bağatla məşğul oluram, sənin kimi hörmətli qonaqlara qulluq 
edirəm, gecələr də kitab dükanında qarovulçuluq edirəm. 
– Bəs heç yatmırsan, Fəttah dayı? 
– Yatmaq nədi, a saqqalı ağarmış?! Zarafatdı bir ordunun əppəyini yetirmək?.. 
«Qu» deyəndə su verəsən gərək, «qa» deyəndə çörək. – Fəttah dayı qəlyanına dərin 
bir qullab vurdu. 
Gündüz Kərimbəyli dedi: 
– Boynumun yanındakı yaman göynədir, Fəttah dayı. 
– Soyuğu çəkib çıxarır də canından. Vaxtı çatanda götürəcəyəm. 
– Darıxmırsan mağazada? 
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə: 
– Yox, bacıoğlu, darıxmıram. Sizin vaxtınız olanda kinoya baxırsınız, bunları, – 
Fəttah dayı Mürşüdə  işarə elədi, – televizorun qabağından çəkmək olmur. Mənim 
kinom da, televizorum da keçib getmiş günlərdi, gəlirlər bir-bir gözümün qabağına... 
– Fəttah dayının gözləri naməlum bir nöqtəyə zillənib qaldı  və kişi elə bil ki, 
dünyanın bütün işlərini yadından çıxarıb sidq-ürəkdən dedi. – Keçən günə gün 
çatmaz, calasan da günü günə!.. – Sonra elə bil ki, yenə özünə qayıtdı. – Qayğı da 
ki, – Fəttah dayı yenə Mürşüdə işarə elədi, – görürsən də, kefin istəyən qədər... 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli sir-sifətini qırışdırdı: 
– Yaman göynədir e, Fəttah dayı... 
Fəttah dayı qəlyanını ağzından çıxarıb, bir az rişxəndlə gülümsədi: 
– Ba, a kişi, sənin heç davamın yoxmuş ki... 
Fəttah dayı yenə də qəlyanını ağzına qoydu və bu dəfə pəncərəyə tərəf baxdı. 
Sulu qar pəncərə şüşəsini döyəcləyirdi, elə bil ki, bayırın soyuğu bu isti və xudmani 
otağa soxulmaq istəyirdi. 
Gündüz Kərimbəyli Mürşüdə, sonra Fəttah dayıya baxdı və soruşdu: 
– Imaş harda işləyir, Fəttah dayı? 
– Hansı Imaş? 
Mürşüd də öz növbəsində soruşdu: 
– Səadət müəllimənin qardaşı? 
Gündüz Kərimbəyli yəqin ki, yenə bankaların göynətməsindən sifətini 
turşudub: 
– Hə, – dedi. – Səadət müəllimənin qardaşı. 
Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə: 
– Gərək heç harda işləməsin, – dedi. 
– Niyə? Xəstədi? 
Fəttah dayı bir müddət cavab vermədi, sonra dedi: 
– Xəstə olmağına xəstədi, amma başqa xəstəlikdi xəstəliyi... 
Gündüz Kərimbəyli bir söz deməyib Fəttah dayıya baxdı. Fəttah dayı: 
– Adamlardı də... – dedi. – Hərənin bir xəstəliyi olur, biri iflic olur, birinin gözü 
tutulur, biri də oğru olur. Bayaq dediyin də... Kolleksiyaçı... 
Gündüz Kərimbəyli soruşdu: 


 
211
– Hansındandı Imaş? 
Fəttah dayı kətildə qurcalandı: 
– Biri ki, haram çörək yedi, gözümün düşmənidi... Düşmənidi gözümün! Hə, 
oğrudu, oğru Imaş deyərlər ona, anasının əmcəyini kəsəndi... 
Mürşüd dedi: 
– Səadət müəllimə yaxşı adamdı. 
Fəttah dayı: 
– Meşə çaqqalsız olmaz, – dedi. – Camaatın toyuğunu, hinduşkasını, qazını, 
ördəyini oğurladı, yedi-içdi, tənbeh elədilər, bu dəfə də başladı camaatın qoyununu, 
inəyini, camışını oğurlamağa, atını oğurlamağa, tutdular, neçə il yatdı, indi çıxıb bir-
iki aydır, işləmir hələ... 
Mürşüd dedi: 
– Indi bəs nə oğurlayacaq? Adam? 
Fəttah dayı qəlyanı ağzından çıxarıb oğluna çımxırdı: 
– Sən kiri! – Gecə vaxtı  oğru söhbəti kişinin qanını qaraltmışdı; sonra ayağa 
qalxıb yorğanı aşağı çəkdi və bankaları bir-bir qoparmağa başladı; bankalar səs sala-
sala Gündüz Kərimbəylinin kürəklərindən qopurdu. – Pah! Qapqara qançırdı yerləri, 
yaman tutubmuş... 
Bankalar bir-bir torbaya yığıldı. Fəttah dayı bankaların yerini tez-tələsik 
ovxalayıb yorğanı yuxarı çəkdi və qonağın üstünü əməllicə basdırdı. 
– Yat, bacıoğlu. Gecən xeyrə qalsın. 
– Sağ olun. 
– Gecə durmaq olmaz. – Guya ki, bir işdən ötrü gecənin yarısı durub-durmamaq 
mühüm işlər müstəntiqinin özündən asılı idi. 
Mürşüd bic-bic güldü: 
– Sağ olun. 
– Sağ ol, Mürşüd kişi. 
Mürşüd banka torbasını götürüb otaqdan çıxdı. Fəttah dayı da işığı keçirib, 
onun ardınca otaqdan çıxdı və qapını örtdü. 
Birdən-birə otağa çökən qaranlıq içində  pəncərənin  şüşəsi yavaş-yavaş 
parıldamağa başladı. 
Sulu qar tıqqıltı ilə şüşəni döyəcləyirdi. 
Gündüz Kərimbəyli arxası üstə çevrilib qollarını başının ardında çarpazladı və 
gözlərini pəncərəyə zillədi; elə bil ki, şüşənin tıqqıltısı elə hey nəsə deyirdi və 
mühüm işlər müstəntiqi də bu tıqqıltıya qulaq asırdı... 
 
VI 
Sulu qar toxtamaq bilmirdi. Su bütün həyət-bacanı ağzına almışdı. 
Qulağıkəsik it səs eşidib ayağa qalxdı  və bu səs salanın Ayna xala olduğunu 
bilib yenə başını damın ağzından çəkdi, yerində uzandı. 
Ayna xala başını qapıdan artırmaya tərəf uzadıb bir müddət qaranlığa baxdı, 
sonra artırmadan keçib ehmallıca-ehmallıca taxta pilləkənləri qalxmağa başladı. 
Ayna xala bir pilləkən qalxıb dayanırdı, qulaq asırdı, şübhəli bir şey hiss etməyib bir 
pilləkən də qalxırdı. 


 
212
Ayna xala ikinci mərtəbəyə  çıxıb qapı  ağzında dayandı, yenə bir müddət 
tərpənmədi, sonra aşağı əyilib qulağını qapıya söykədi. 
Içəridə kimsə var-gəl edirdi – addım səsi gəlirdi. Sonra çarpayının dəmir yayları 
cırıldadı, sonra sükut çökdü. 
Ayna xala bir az beləcə dayandı, sonra qalxdığı kimi də ehmallıca-ehmallıca 
pilləkənləri bir-bir aşağı düşdü və artırmanın taxta sürahisinin yanındakı mis aftafanı 
əlinə aldı, palçığa bulaşmasın deyə uzun tumanının balaqlarını  yığıb həyətin aşağı 
başına tərəf getdi və qaranlıqda ağacların arasında gözdən itdi.  
VII 
Xoruzun axırıncı banından xeyli keçmişdi. 
Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-
topa buludlar bir azdan yenə qiyamət edəcəkdi. 
Hər tərəf yaş idi – çılpaq alma, gilənar, alça ağacları da, həyətin aşağı başına 
gedən asfalt cığır da, ikinci mərtəbənin altındakı artırmanın sement döşəməsi də. 
Fəttah dayı  həyətdə odun yarırdı  və Mürşüd də yarılmış odunu qucaq-qucaq 
götürüb ikinci mərtəbəyə qalxan taxta pilləkənin altına yığırdı. 
Fəttah dayının arvadı Güldəstə artırmada samovar qaynadırdı. Onun qırx-qırx 
iki yaşı olardı  və yeddi uşağın anası olmağına baxmayaraq, canının suyu hələ 
çəkilməmişdi, yaraşıqlı arvad idi. 
Fəttah dayının böyük qızı taxta pilləkənlərin palçığını yuyurdu. 
Səkkiz-doqquz yaşlarında bir qız artırmanın divarına söykədilmiş mizin 
üstündəki stəkan-nəlbəkini balaca ləyəndə isti suya salıb-çıxarıb qurulayırdı. 
Üçyaşlı balaca qızın – yəqin ki, sonbeşiyin sol əli iplə bədəninə bağlanmışdı – 
tərpədə bilmirdi; dişlərində tutduğu çörəyi sağ  əli ilə didişdirib həyətdəki toyuq-
cücəyə atırdı. 
Gündüz Kərimbəyli ikinci mərtəbənin  şüşəbəndindən çıxanda, Fəttah dayı 
başını qaldırıb onu gördü və birinci salamlaşdı: 
– Sabahın xeyir, bacıoğlu, nə var, nə yox? 
Gündüz Kərimbəyli həyətə düşə-düşə: 
– Sabahınız xeyir, – dedi. – Işlər düzəlib deyəsən. 
Güldəstə sübhdən həyətə düşən qonağın yanında, deyəsən, özünü bir balaca 
naqolay hiss edib, yun şalının altından başına örtdüyü ipək yaylıqla yaşmaqlandı və 
yavaşdan onun salamını aldı. 
Gündüz Kərimbəyli Fəttah dayıya yaxınlaşıb gülümsəyə-gülümsəyə: 
– Həmişə işdə-gücdə, Fəttah dayı! – dedi. 
Fəttah dayı iki əli ilə baltanın vələs sapından yapışıb yuxarı qaldırdı, kötüyün 
üstündəki oduna endirdi və bir zərbə ilə yoğun odun parçasını ikiyə böldü. Dedi: 
– Iş yiyəsi işdə gərək. 
– Kömək eləyim? 
Fəttah dayı: 
– Dəmir döyən dəmirçi olar, – dedi və güldü. – Inciyib eləyərsən ha birdən 
sözümdən... Yəni deyirəm ki, hər iş öz ustasının əlində asandı. 
Gündüz Kərimbəyli də gülümsəyib: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə