Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   92   93   94   95   96   97   98   99   ...   145

 
222
Cəbinin kabinkaya atılması ilə motoru işə salmağı bir oldu; maşın yerindən 
götürüldü.  
XIII 
Bakıda günəşli bir gün idi və indi belə məlum olurdu ki, bir belə sulu qardan, 
soyuqdan, palçıqdan sonra hardasa doğrudan da gün çıxa bilərmiş. 
Və  işıqforun qırmızı  işığı günün altında ora-bura şütüyən maşınları saxlayan 
kimi, cinayət axtarışı üzrə baş inspektor Cabbarov küçəni keçib iti addımlarla Daxili 
Işlər Nazirliyinin küçə pillələrini yuxarı qalxdı... 
XIV 
Bir azdan qaş qaralacaqdı  və o zaman indi köpüklənə-köpüklənə axan bu çay 
hər tərəfi bürümüş qaranlıq içində işıldayacaqdı, köpüyü ağarmağa başlayacaqdı. 
Burada çayın şırıltısından və hərdən hop-hop quşunun meşədən gələn səsindən 
başqa bir səs-səmir yox idi – nə maşın səsi, nə radio, nə də şəhər hay-küyü. 
Hətta addımların səsi də eşidilmirdi burada – hər tərəfi bürümüş xəzəl yaş idi və 
mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli çılpaq ağacların arası ilə çayın axarı 
boyu addımladıqca bu yerlərin səssizliyinə, təmizliyinə, saflığına bir xələl 
toxunmurdu; bu dəm burada insanla təbiət üzbəüz idi və bu dəm burada insan 
təbiətin işlərinə qarışa bilmirdi. 
Gündüz Kərimbəyli əllərini kürkünün cibinə salıb, asta-asta xəzəl basmış cığırla 
addımlayırdı. O, çaya baxırdı, ağaclara baxırdı, böyürtkən, itburnu kollarına baxırdı 
və burası da açıq-aşkar hiss olunurdu ki, bu saat o, bütün varlığı ilə bu səssiz, təmiz, 
saf təbiətin qoynunda idi, fikirləri də yəqin bu yerlərdə dolanırdı; bəlkə də başqa şey 
fikirləşirdi, fikirləşirdi ki, bir halda ki, dünyada belə bir səssizlik var, təmizlik, saflıq 
var, niyə adam adam öldürür, niyə bir nəfər başqa birisinin qanına bais olur? 
Fazil müəllimlə  Səadəti birinci o gördü; onlar yavaş-yavaş addımlaya-
addımlaya Gündüz Kərimbəyliyə  tərəf gəlirdilər; uzaqdan onların yerişində bir 
biganəlik hiss olunurdu, elə bil ki, bütün bu yerlərlə və ümumiyyətlə, bütün dünya 
ilə küsülü idilər; sonra Fazil müəllimlə  Səadət onu gördü və bir-birlərinə  nəsə 
dedilər; nə dedikləri məlum deyildi, amma bu lap yaxşı  məlum idi ki, təbiətin bu 
kimsəsizliyində birdən-birə mühüm işlər müstəntiqi ilə rastlaşmalarına 
sevinmədilər... 
Onlar üzbəüz dayananda, təbii ki, salamlaşdılar və Gündüz Kərimbəyli 
gülümsəyərək dedi:   
– Mənə inanın ki, bu görüşümüz tamam təsadüfdür. 
Nə Fazil müəllimin, nə də Səadətin onun gülümsəməyinə gülümsəməklə  cavab 
vermək halı yox idi. Fazil müəllim dedi: 
– Hər şey elə təsadüfdən başlanır... 
– Hə, təsadüfdən çox şey asılıdı. – Bunu da Gündüz Kərimbəyli dedi. 
Səadət müəllimə isə sağollaşdı: 
– Sağ olun. Mən getdim. 
Mühüm işlər müstəntiqi bu dəfə özünü birtəhər hiss etdi: 
– Mən öz yolumla gedirəm... Sizə maneçiliyim olmayacaq... 


 
223
Fazil dedi: 
– Onsuz da, buralarda bir-birimizdən ayrılırıq... Rayonda bizi bir yerdə görəndə 
qeybət ikiqat artır... 
Səadət müəllimə bir daha: 
– Sağ olun, – dedi və onlardan uzaqlaşdı. 
Fazil müəllim Gündüz Kərimbəylinin yanında dayandı. Bir müddət heç biri heç 
nə demədi. Sonra Gündüz Kərimbəyli əyilib yerdən bir çubuq götürdü və çaya baxa-
baxa yavaş-yavaş addımlamağa başladı. Fazil müəllim də onun yanınca getdi. 
Gündüz Kərimbəyli soruşdu: 
– Sizin mənə bir sözünüz var? 
– Yox, mənim... mənim elə bir sözüm yoxdu. Amma sizin yəqin yenə mənimlə 
işiniz var... Sabah da yəqin mənim üçün məktəbə gələcəkdiniz... 
Gündüz Kərimbəyli yenə də məxsusi təbəssümüylə gülümsədi və: 
– Acığınız tutmasın, – dedi. – Səadət müəllimə ilə bugünkü söhbətimiz faydalı 
oldu. 
– Bir şey öyrənə bildiniz? – Fazil müəllimin sualında  əməlli-başlı    rişxənd 
vardı. 
– Öyrəndim, əlbəttə... 
– Məsələn, nə öyrəndiniz? 
– Məsələn, öyrəndim ki, – Gündüz Kərimbəyli ani olaraq Fazil müəllimə baxdı, 
– o sizi çox istəyir. 
Fazil müəllim  əvvəlcə bir söz demədi və  yəqin burasını da birdəfəlik başa 
düşdü ki, bu adamla danışanda rişxəndi qatlayıb cibə qoymaq lazımdı, çünki bu 
adam nə məktəb direktorudu, nə də rayon maarif şöbəsinin inspektoru. Sonra dedi: 
– Məlumat üçün çox sağ olun. 
Görünür ki, belə bir söhbət Gündüz Kərimbəylinin ürəyinə yatmırdı  və onun 
səbri tükəndi: 
– Bura baxın, cavan oğlan! – Ayaq saxlayıb düz Fazil müəllimin gözlərinin 
içinə baxdı. – Elə bilirsiniz ki, mənim xoşuma gəlir camaatın işinə qarışım, görüm 
kim kimi istəyir, kim də kimi istəmir? Kimin qardaşı necə adamdı? 
Fazil müəllim cavab vermədi.  
Gündüz Kərimbəyli yenə asta addımlarla yoluna davam etdi və bu dəfə 
həmişəki mülayimliyi ilə: 
– Amma, – dedi, – sizə, doğrudan da, sözüm var... Bir şey soruşacağam, daha 
doğrusu, təzədən soruşacağam. 
O susdu və  əlindəki çubuğu oynada-oynada bir müddət heç nə deməyib 
irəlilədi. 
Yavaş-yavaş qaş qaralırdı. 
– Yaxşı yadınıza salın. Sizin deyəcəklərinizdən çox şey asılıdı. Babanız 
qatardan düşəndən sonra, – Gündüz Kərimbəyli bu sözləri xüsusi bir vurğu ilə 
tələffüz etdi, – otağınıza girdiyiniz vaxta qədərki müddətdə kiminlə rastlaşdınız, 
kimi gördünüz? Çalışın ki, həmin gecəni bütün təfərrüatı ilə yadınıza salasınız, 
bütün təfərrüatı ilə, tələsməyin. 
Onlar yanaşı addımlayırdı  və Fazil müəllim gözlərini ayaqlarının altına dikib 
bir söz demirdi; nəhayət ki, dilləndi: 
– Heç kimlə rastlaşmamışıq... 


 
224
– Heç kimi də görməmisiniz? 
Fazil müəllim yenə bir müddət susduqdan sonra: 
– Yox! – dedi. 
– Axı, bu ola bilməz ki, heç kimi görməyəsiniz? 
– Qışda hava pisdi, gecə vaxtıydı özü də... Adam olmur rayonda bu vaxt... Yəni 
küçədə, çöldə deyirəm... 
– Vağzalda heç kim yox idi? 
– Yox... 
– Bəs vağzalın işçiləri? 
– Işçiləri? Yəqin ki, orada idi... 
– Bax, görürsüz... 
– Tanımadığım adamlardı, bəlkə    də yan-yörəmizdə olublar, fikir 
verməmişəm... 
– Bəs küçə boyu? Evə gələndə? 
Mühüm işlər müstəntiqinin bu cür cidd-cəhdlə verdiyi suallar Fazil müəllimi 
düşündürürdü və o, addımladıqca həmin gecənin təfərrüatını yadına salmağa 
çalışırdı. 
– Fəttah dayını – qarovulçunu kitab mağazasının yanında gördüm, salamlaşdıq 
da... 
Görürsünüz, bir-bir yada düşür. Sonra kimi gördünüz? Bax, bu cür fikir 
vermədiyiniz adamlardan? 
Fazil yenə bir müddət susduqdan sonra: 
– Ayna xalanı, – dedi. – Salamlaşıb qalxdıq yuxarı. Sonra Ayna xala çay 
gətirdi, gördü ki, babam çıxıb evdən, təəccüb elədi ki, bu havada hara belə?.. 
– Bax, bu iki nəfər... Sonra kimi? 
Fazil müəllim dayandı və gözlənilmədən: 
– Bilirəm siz nə fikirləşirsiniz, – dedi. 
Gündüz Kərimbəyli də ayaq saxladı və gülümsəyə-gülümsəyə dedi: 
– Qəribədi. Siz bilirsiniz, amma mən özüm öz fikirlərimdən baş açmıram hələ. 
Fazil müəllim yəqin ki, bu sözləri də növbəti bir fənd hesab edib dedi: 
– Məni çox da sadəlövh bilməyin. Mənim işlərimin babamın ölümünə  dəxli 
yoxdur. 
– Burası hələ məlum deyil... 
Fazil müəllim, qulaqlarına inanmırmış kimi, mühüm işlər müstəntiqinə baxdı və 
nə isə demək istədi, amma Gündüz Kərimbəyli onun danışmağına imkan vermədi: 
– Burası da məlum deyil ki, sizin işlərinizin bizim indiki söhbətimizə nə dəxli 
var? 
Fazil müəllim artıq qaranlıq düşdükcə yavaş-yavaş  işıldamağa başlayan çaya 
tərəf baxdı və dedi: 
– Imaş vağzalda idi. 
– Bax, bu üç nəfər... 
Fazil müəllim bu dəfə  də  təəccüblə mühüm işlər müstəntiqi Gündüz 
Kərimbəyliyə baxdı. Əlbəttə, o, heç cür gözləmirdi ki, dediyi bu sözlər, verdiyi bu 
xəbər beləcə sakit qarşılanacaq. 
Gündüz Kərimbəyli soruşdu: 
– Bunu nə üçün gizlədirdiniz? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə