Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə98/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   94   95   96   97   98   99   100   101   ...   145

 
228
Kiçik leytenant təəccüblə Gündüz Kərimbəyliyə baxdı: 
– Bəli. 
– Bəs öz maşınını niyə burda saxlayır? 
Kiçik leytenant cavab vermədi və onlar darvazaya yaxınlaşanda qapını aralayıb 
boynunu həyətə tərəf uzatdı: 
– Ziba! Ay Ziba! 
Ziba, yəqin ki, səsindən o saat kiçik leytenantı tanıyıb, hələ içəridə deyinə-
deyinə pilləkənin başına çıxdı. 
– Nədi? Nə istəyirsən məndən? – soruşdu. – Nə veribsən mənə, ala bilmirsən? 
Başıma itin müsibətini açdın, azındı? – Və sonra kiçik leytenantın yanında 
tanımadığı bir adam da görüb bir balaca ürkdü elə bil, daha deyinməyib onlara 
baxdı. 
Həsənzadə dedi: 
– Yoldaş Kərimbəyli Bakıdan gələn prokurordu. Sənnən özü danışmaq istəyir. 
– Istəsin də... 
Gündüz Kərimbəyli çiskindən gözlərini qıyıb aşağıdan-yuxarı Zibaya tərəf 
baxdı və soruşdu: 
– Qalxmaq olar yuxarı? 
– Olar də, niyə olmur... 
Onlar yuxarı qalxıb otağa girdilər. 
Ziba alnını dəsmalla bərk-bərk bağlamışdı və indi ahından-ufundan belə məlum 
olurdu ki, başı  ağrayır; amma qəribə idi, bu arvadın başı  bəlkə doğrudan-doğruya 
möhkəmcə  ağrıyırdı, di gəl ki, ahı da, ufu da adama elə  təsir edirdi ki, elə bil, 
başağrısı yalandandır. 
Gündüz Kərimbəyli: 
– Vaxtınızı çox almayacağıq, – dedi. – Deyəsən, yaxşı hiss eləmirsiniz 
özünüzü? 
Ziba nifrət dolu nəzərlərlə Həsənzadəyə baxıb: 
– Day necə hiss eləyəcəyəm özümü? – dedi. – Qoyurlar ki, adam qaxılıb 
otursun xarabasında rahatca? – Sonra o, kiçik leytenanta yox, məhz Gündüz 
Kərimbəyliyə  yer göstərdi. – Oturun də, ayaq üstdə niyə dayanırsız?.. 
Gündüz Kərimbəyli girdə mizin arxasındakı stullardan birini çəkib oturdu: 
– Çox sağ olun, – dedi. – Bəs siz niyə əyləşmirsiniz? 
Ziba əli ilə alnını tutub: 
– Mən elə səhərdən-axşamacan otururam də, – dedi və səhərdən axşamacan bu 
işlə məşğul olmağına baxmayaraq, Gündüz Kərimbəyli ilə üzbəüz oturdu. 
Kiçik leytenant həyət pəncərəsinin sürahisinə söykənib ayaq üstə dayandı. 
Ziba yenə alnını ovuşdura-ovuşdura, öz-özünə danışırmış kimi ağlamsındı: 
Işimə bax mənim, ay Allah, gücümə bax! Camaat kefdə-damaqda, mənim də 
evimə prokuror gəlir... 
Gündüz Kərimbəylinin əvəzinə kiçik leytenant pərt oldu: 
– Yaxşı danışmırsan, Ziba. 
Ziba yenə nifrət dolu gözlərlə kiçik leytenantı təpədən-dırnağacan süzüb dedi: 
– Sən kəs! Pişik kimi gəlib adamın başının üstünü almağı bilirsən... Dayan bir! 
Zibanın bənzətməsi kiçik leytenantı təbdən çıxartdı: 
– Nədi, Cəbiyə deyəcəksən? 


 
229
Ziba bu sözlərdən lap yandı-yaxıldı: 
– Sən get bacın Gülyazın dərdini çək ki, əri şəhərdə qızlarla kef eləyir! 
Gündüz Kərimbəyli kiçik leytenanta baxdı  və  Həsənzadə bu baxışlar altında 
ağzını yummağa məcbur oldu. 
Onun susmasını Ziba özü bildiyi cür yozdu, yəni, bunu üstünlüyü hesab eləyib, 
fürsəti fövtə vermədi, qabaqdan gəlmişliklə çığırmağa başladı: 
– Nədi? Nə böyük iş görmüşəm! Saatdı, tapmışam, sonra da istəmişəm satım! 
Cibgirlik eləməmişəm ki?!  
Gündüz Kərimbəyli qəribə bir sakitliklə soruşdu: 
– Harda tapmısız? 
Ziba kiçik leytenanta işarə edib: 
– Demişəm də ona, – dedi. – Yazdım da hamısını bir-bir! Qol da çəkdirib 
mənə!.. Nədi, savadı çatmayıb, pis yazıb? 
Gündüz Kərimbəyli eyni sakitliklə dedi: 
– Mənə də deyin. 
Onun sakitliyi və bu sakitlikdəki qətiyyət Zibaya da sirayət etdi və arvad bu 
dəfə adam kimi cavab verdi: 
– Bu gün tapmışam. Tapdım, elə orada da satmaq istədim ki, bu... – Ziba kiçik 
leytenanta baxıb yağlı bir söz deməkdən özünü güclə saxladı, – bu... aldı başımın 
üstünü.. 
– Bəs qabını neylədiniz? 
– Hansı qabını? 
– Saatın qabını. Meşindən balaca qabı olmalı idi.  
– Hə, qabını... qabını tulladım də, uşaq deyiləm ik, saatqabı oynadam!.. 
– Hara tulladınız? 
– Nə bilim, hara tulladım? Vağzalda adam bəyəm bilir ki, nəyi hara tullayır? 
Gündüz Kərimbəyli ayağa qalxıb nəinki Zibanın, hətta kiçik leytenantın belə 
gözləmədiyi bir sərtliklə: 
– Burda sizinlə söhbətimiz baş tutmayacaq, Ziba xanım! – dedi. – Söhbətimizi 
prokurorluqda davam etdirərik. 
Zibanın gözləri kəlləsinə çıxdı: 
– Niyə tuturlar məni? Neyləmişəm mən? Adam soymuşam? 
Bir müddət araya sükut çökdü və bu sükutu mühüm işlər müstəntiqinin səsi 
pozdu: 
– Saatını satmaq istədiyiniz adam öldürülmüşdür. Bilmirəm, sizin bundan 
xəbəriniz var, ya yox?! Amma yalan danışırsınız. Belə bir işdə yalan satmağın özü 
ağır cinayətdir. 
Yenə araya sükut çökdü və bu dəfə Zibanın gözləri xalis heyvani bir qorxudan 
az qala hədəqəsindən çıxacaqdı. Gündüz Kərimbəyli diqqətlə ona baxırdı. 
Ziba alnındakı dəsmalı dartışdırıb açdı və udquna-udquna: 
– Mən yalan demirəm, – dedi. 
– Siz yalan deyirsiz! Saatın qutusunu vağzalda hara atmısınız, özünüz də 
bilmirsiniz, hə? – Mühüm işlər müstəntiqi yəqin ki, özündən asılı olmayaraq səsini 
qaldırdı. 
– Hə... 
– Qutu nə rəngdə idi? 


 
230
– Palçığa batmışdı... Çirkli idi, fikir vermədim mən rənginə... Yağır də, neçə 
gündü... 
– Doğru dediyiniz söz də elə budur. Doğrudan da yağır neçə gündü... Amma 
həmin saatın heç bir qutusu olmayıb! Siz də  nə palçığa batmış, nə  də palçığa 
batmamış qutu görə bilməzdiniz, hələ onu vağzalda harasa tullamağınız bir tərəfə! 
– Necə görə bilməzdim?.. Özünüz dediniz də... – Və yalnız bundan sonra Ziba 
məsələni başa düşdü və məsələni başa düşməyilə də bayaq alnından açdığı dəsmalı 
gözlərinə  sıxıb hönkürməsi bir oldu. – Niyə  gəlmisiniz bura? Adam öldürəndi o? 
Məndən bir söz qopara bilməyəssiz!.. 
Mühüm işlər müstəntiqi qapıdan çıxdı, kiçik leytenant da onun ardınca getdi və 
onlar pilləkənlə  həyətə düşüb küçəyə  çıxana qədər yuxarıdan Zibanın hönkürtüsü 
eşidilirdi. 
Bir müddət yanaşı addımladılar. 
Yenə də əməlli-başlı yağmağa başlamışdı. 
Gündüz Kərimbəyli kürkünün boynunu qaldırıb  əllərini cibinə saldı  və bir az 
getdikdən sonra Həsənzadə dilləndi: 
Ziba düz demir, yoldaş Kərimbəyli... 
Gündüz Kərimbəyli gözlərini ayaqlarının altından çəkməyərək soruşdu: 
– Nəyi? 
– Mənim bacımın əri Moskvada aspiranturada oxuyur... 
Gündüz Kərimbəyli kiçik leytenanta baxdı.  
Həsənzadə əlavə etdi: 
– Özü də tərbiyəli oğlandı... 
XVII 
Rayon prokurorluğunun bircə  pəncərədən başqa, qalan bütün pəncərələrinin 
işığı sönmüşdü və bu gecə həmin işığı yanan otaqda iki nəfər üzbəüz oturmuşdu – 
mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli və cinayət axtarışı üzrə baş inspektor 
Cabbarov. 
Gündüz Kərimbəyli qarşısındakı qovluqdan sənədləri götürüb bir-bir diqqətlə 
nəzərdən keçirirdi və bu dəm o, mühüm işlər müstəntiqindən daha çox kitabxanada 
oturub, dissertasiya işi üçün material toplayan cavan alimə oxşayırdı. 
Kapitan Cabbarov gözlərini Gündüz Kərimbəylidən çəkmirdi və bu məşhur 
müstəntiqi bu dərəcədə məşğul edən sənədləri toplayıb Bakıdan gətirdiyi üçün indi 
yəqin özündən çox razıydı. 
Nəhayət, mühüm işlər müstəntiqi sənədləri qovluğa yığdı, bir müddət kapitan 
Cabbarova baxdı və soruşdu: 
– Bakıda havalar necədi? 
Əlbəttə, cinayət axtarışı üzrə baş inspektor Gündüz Kərimbəylidən daha 
mühüm suallar gözləyirdi... 
– Yaxşıdı... – dedi. 
XVIII 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə