Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə99/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   95   96   97   98   99   100   101   102   ...   145

 
231
Fəttah dayı bir ayağını altında büküb kürsüdə oturmuşdu və qəlyanını tüstülədə-
tüstülədə deyirdi: 
– Qoca nənəm vardı, Nabat qarı deyirdi ona böyük də, kiçik də, Nadiri taxtda 
görmüşdü, yüzü çoxdan keçmişdi! Qış vaxtı belə havalarda axşamlar yığılırdıq 
başına. Bilmirəm bu arvadın sinəsi dəryaydı-nəydi! Gecənin yarısına kimi nağıl 
danışardı. Məlikməmməddən tutmuş, ovçu Nəzərdən tutmuş,  Şah Abbasın xalça 
toxumağınacan, danış ki, danışasan!.. Pəh...  
Gündüz Kərimbəyli Fəttah dayı ilə üzbəüz oturub çay içirdi. Mürşüd də taxta 
kətildə oturub gözlərini dikmişdi dədəsinin ağzına və Fəttah dayının bu söhbətləri də 
onunçun yəqin elə Məlikməmməd nağılı kimi bir şey idi. 
– Yaman da qorxaq idi arvad. Gecələr həyətə  tək düşməyə qorxurdu. Qış 
keçirdi, yazda, yayda da axşamlar yığılırdıq başına ki, nağıl de. Nətər  şeydisə, 
yazda-yayda nağıl deməklə arası yoxdu. Deyirdik ki, deməsən, gecələr çıxmarıq 
sənnən həyətə. Qalırdı naəlac, başlayırdı danışmağa... Indi fikirləşirəm ki, niyə heylə 
qorxudurduq o yazıq qarını... – Fəttah dayı gülümsəyib: – Ərə gedən qızın dili altda 
qənd gərək, qayınanası olan gəlinin dili altda fənd gərək, deyiblər!.. – dedi. – 
Dünyanın işləri belədi... 
– O nağılları mən də bilirəm. – Bunu da Mürşüd dedi. 
– Sən bilərsən də, sənə  nə var ki!.. Indi hara baxırsan, Allaha şükür, nağıl 
kitabıdı!.. Hələ  məktəbə getməmişdən oxumağı öyrənirsiz. Bəs bizə Nabat qocam 
danışmasaydı, nə biləcəydik? 
– Mən də yaman nağılbazıydım uşaqlıqda. – Bunları da Gündüz Kərimbəyli 
dedi. – Bəzən səhərə kimi nağıl oxuyurdum. Atam acıqlanardı, gəlib otağın işığını 
keçirirdi ki, yatım, yorğanın altında əl fənərini yandırıb oxuyurdum... 
Fəttah dayı: 
– Eh!.. – dedi. – Keçər bu dövran, sənə də qalmaz, deyiblər... – Sonra soruşdu. 
– Atan da sağdı, bacıoğlu? 
Gündüz Kərimbəyli dedi: 
– Hə, sağdı. 
– Mənim kimi qocafəndidi, hə? O nə sənətin sahibidi? 
– Bəstəkardı. 
Fəttah dayı da, Mürşüd də  təəccüblə Gündüz Kərimbəyliyə baxdı, guya ki, 
Bakıdan gələn bu qonağın atası bəstəkar ola bilməzmiş. 
Fəttah dayı  tənbəkidən sapsarı saralmış baş barmağı ilə  qəlyanının odluğunu 
bir-iki dəfə basıb tüstülədə-tüstülədə soruşdu: 
– Yəni mahnı yazandı də? 
– Mahnı, opera, balet, nə istəyirsiz! – Mühüm işlər müstəntiqi gülümsədi. 
Birdən Mürşüd tapdı ki, qonaqlarının atası kimdi: 
– Fəzli Kərimbəyli? 
– Özüdür ki, var. – Atasının belə bir məşhurluğu Gündüz Kərimbəyliyə açıq-
aşkar ləzzət verdi. 
Fəttah dayı başını buladı və özünü saxlaya bilməyib dedi: 
– Balam, bəs, sən nə əcəb belə bir sənət seçmisən özünə? 
– Özün demirsən ki, dünyanın işləri belədi, Fəttah dayı? On il musiqi 
məktəbində oxumuşam, amma musiqi, oxumaqla deyil, vergiynəndi. 
– Bəs, sənin bu işin vergiynən deyil? 


 
232
Gündüz Kərimbəyli çiyinlərini çəkdi: 
– Çətin sual verirsən, Fəttah dayı. 
– Çətinliyə düşmənin düşsün. Niyə çətin olur? 
– Cinayət elə şeydi ki, Fəttah dayı, həmişə təsadüf axtarır ki, açılsın, çünki yenə 
də sən deyən kimi, dünyanın işləri belədi. Cinayət təbiətə ziddi. Insan da təbiətin bir 
parçasıdı... 
Fəttah dayı  qəlyanını tüstülədə-tüstülədə bir müddət susdu, sonra sulu qarın 
döyəclədiyi pəncərəyə tərəf işarə etdi: 
– Bizim bu rayon ki, var, bacıoğlu, balaca yerdi. Burda bir söz gizlətmək çətin 
işdi. Hamı indi sənnən danışır. Sözün də ki, bilirsən də, bacıoğlu, damarı olar, 
çəkərsən uzanar. Indi sən nə vaxt son qoyursan bu söz-söhbətə, inşallah? 
Mühüm işlər müstəntiqi əlini ağzına aparıb əsnədi: 
– Görək də, Fəttah dayı... 
– Gec olsa yaxşıdı. – Bunu gözlərindən yuxu tökülən Mürşüd dedi. 
Fəttah dayı təəccüblə oğluna baxdı. 
Gündüz Kərimbəyli soruşdu: 
– Niyə? 
– Çünki siz də o qədər çox qalarsız burda. 
Gündüz Kərimbəyli bərkdən güldü və ayağa qalxıb Mürşüdün qıvrım saçlarını 
qarışdırdı. 
Fəttah dayı da ayağa qalxıb başını bulaya-bulaya: 
– Yaman gimgəbazdı bizim bu gədə, – dedi. – Adama azarı var. Mən də elə 
beləydim uşaqlıqda. – Sonra Mürşüdə  işarə elədi. – Dur, dur gedək, az qalıb gecə 
yarı ola. 
Mürşüd ayağa qalxdı: 
– Gecəniz xeyrə qalsın. 
– Xeyrə qarşı get, Mürşüd kişi. 
Fəttah dayı da qapıdan çıxı-çıxa: 
– Yat, – dedi. – Bu gün heç öskürmədin, düzəlirsən deyəsən. 
Gündüz Kərimbəyli: 
– Qızılmış sənin əllərin, Fəttah dayı. – dedi. 
– Eh, qızıldansa, çarıq yaxşıdı, bacıoğlu. Çünki qızıldan çarıq geysən, adı 
çarıqdı, qızıl deyil. Gecən xeyrə. 
– Sağ ol, Fəttah dayı. 
Fəttah dayı otaqdan çıxıb qapını ardınca örtdü. 
Gündüz Kərimbəyli pəncərəyə yaxınlaşıb çölə baxdı. 
Rayonun işıqları tamam sönmüşdü. 
XIX 
Zibagilin darvazasından bir nəfər çıxıb  şıdırğı yağan sulu qarın altında 
addımlamağa başladı. 
Qaranlıqda onu tanımaq mümkün deyildi. 
Bir azdan o, gedə-gedə sırıqlısının cibindən bir siqaret çıxarıb yaş olmasın deyə 
ovcunda tutdu, sonra bir an ayaq saxlayıb  kibritlə siqareti yandırdı.  
Kibrit çöpünün bir anlıq işığında Cəbinin sifəti göründü. 


 
233
Sonra Cəbi iti addımlarla yoluna davam etdi. 
XX 
Neçə müddətdən bəri rayonda birinci dəfə idi ki, gün çıxmışdı, elə bil ki, günün 
beləcə çıxması rayondakı bütün taxtapuşlara, binalara, küçələrə bir şadlıq gətirmişdi 
və elə bil ki, küçələrdəki çılpaq ağaclar da indi belə bir gün şadlığının içində idi. 
Neçə müddətdən bəri rayonun yuxarısındakı uca dağlar da birinci dəfə idi ki, 
beləcə aydın görünürdü və o dağların başındakı qar da indi günün şüaları altında 
gümüş kimi parıldayırdı. 
Içi su dolu vedrəyə salıb çıxartdığı  əsgi ilə böyük yük maşınının kuzovunu 
yuyub təmizləyən yaşlı bir sürücü dedi: 
– Əcəb gün çıxıb. Yaxşıca havadı... 
Öz maşınının pəncərə şüşələrini silən Cəbi, işindən ayrılmayıb: 
– Hava da adam kimidir, – dedi. – Etibar yoxdu ona... 
– Adamlar yəni belə etibarsızdı? – Bu sualı  gəlib Cəbinin maşınının yanında 
dayanan mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli verdi. 
Cəbi ona baxdı və yəqin ki, məsələnin nə yerdə olduğunu başa düşdü. Gündüz 
Kərimbəylini başdan-ayağacan süzüb elə bil ki, birinci dəfədən necə adam olduğunu 
bilmək istədi, sonra əllərini əsgi ilə silə-silə soruşdu: 
– Mənimlə işiniz var? 
Gündüz Kərimbəyli kürkünün döş cibindən vəsiqəsini çıxarıb ona tərəf uzatdı. 
Cəbi vəsiqəyə baxmadı: 
– Lazım deyil, – dedi. – Bilirəm, Bakıdan gələn müstəntiqsiniz. Görən kimi 
tanıdım sizi. Gözləyirdim...  
Məlum məsələ idi ki, Cəbi bu məlumatları Zibadan toplamışdı. 
– Tələsmirsiz? 
Cəbi saatına baxıb: 
– Tələsirəm, – dedi. – Kəndə gedib gəlməliyəm. 
– Kəndə nə vaxt gedib gəlməlisiniz? 
– Bir saata gedib qayıdaram, yaxındadı. 
– Məni də özünüzlə götürün. Belə havada bir saat gəzməyin özü də savab işdi. 
Cəbi bu dəfə açıq-aşkar tutuldu və çiyinlərini çəkdi: 
– Necə bilirsiz... 
Mühüm işlər müstəntiqi xüsusi bir dəvət gözləmədən qalxıb kabinədə oturdu. 
Cəbi də öz yerinə qalxdı və içəri tərəfdən şüşəni silə-silə təkrar etdi: 
– Köhnə dəyirmanın yanında beş dəqiqəlik işim var... 
– Eybi yox, gözləyərəm. 
– Yolun üstündədi elə...  
– Cəbi narahat idi. 
Motor işə düşdü və maşın qarajdan çıxdı. 
Gündüz Kərimbəyli qarşısındakı şüşədən küçəyə baxa-baxa gülümsəyib: 
– Siz mənim sualıma cavab vermədiz, – dedi. 
Cəbi təəccüblə yol yoldaşına baxdı: 
– Hansı sualınıza? 
– Adamların etibarsızlığı barədə.    


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə