Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   103   104   105   106   107   108   109   110   ...   145

 
251
– Ona görə danışıram ki, ovçu Pirim, əyər bir qızla bir oğlan bir-birilərini 
istəyirlərsə, gərək heç nədən qorxmasınlar. Gərək çəkinməsinlər heç nədən! Nicat... 
– Şahnaz xanım bir az tərəddüd   etdi, sonra dedi: – Nicat, qoşulub qaçaq! 
Nicat elə bil ki, bütün bu sözləri ciddi qəbul eləmirdi, elə bil ki, bütün bu 
sözlər gəldi-gedəri bir şıltaqlıqdı. 
– Hara? 
Şahnaz böyürtkənləri bir-bir sünbüldən çıxardıb yeyə-yeyə: 
– Hara istədik, – dedi. – Arazın o tayına. Təbrizdə mənim əmizadələrim var. 
– Bəs onlar deməzlər ki, niyə qoşulub qaçmısan?  
Şahnaz bu dəfə doğrudan zarafata saldı: 
– Deyərəm bir ovçunun dərdindən dəli-divanəydim. Yaşaya bilmirdim onsuz. 
Lap deyərəm, bu məni yox, mən bunu götürüb qaçmışam. Deyərəm Həsənalı bəyin 
oğludu. 
– Bəyəm mənim atam bəydi? 
– Onlara heylə deyərik. Gəlib yoxlamayacaqlar ki, görsünlər bəydi, ya 
ovçudu? 
Nicat xalçanın yanında ayaq saxladı və onun beləcə hirslənəcəyini heç Şahnaz 
da gözləməzdi. 
– Yüz sənin kimi qız olsa, mən yenə əslimi danmaram. Mənim atam Solaxay 
Həsənalı bütün Qarabağda məşhur kişidi! Ovçu olsa da, sənin bəylərindən  əskik 
adam deyil! 
Səmənd ürgə uzaqda başını qaldırdı, elə bil ki, sahibinin səsini dəyişməyindən 
başa düşdü ki, getmək vaxtıdı. 
Nicat iri addımlarla səmənd ürgəyə tərəf addımladı. Şahnaz yüyürüb oğlanın 
qolundan yapışdı: 
– Dayan! 
– Burax! 
– Mən ölüm, dayan! 
Nicat ayaq saxladı və qızın üzünə baxmadan: 
– Mən sənə yalvarmamışam, – dedi.  
Şahnaz qızğınlıqla: 
– Bilirəm! – dedi. – Mən özüm səni istəmişəm! Mən özüm sənə vurulmuşam! 
Sənsiz mənim bir günüm olmasın! 
Və bu vaxt Gülgəz yenə qaça-qaça gəlib qaya başına çıxdı, ordan əl eləyib 
qışqırdı: 
– Ey-y-y-y! Ay xanım, yenə kəklikotu yığım?  
Şahnaz: 
– Hə, bir az da yığ! – qışqırdı, sonra dedi: – Əyər sən mənim üçün əziz 
olmasaydın, günün günorta çağı bura gələrdim? 
Qızın belə bir cidd-cəhdi Nicatı hələ də yumşaltmamışdı: 
– Istəyirsən gəlmə. 
Şahnaz: 
– Kobud! – dedi. – Qabanın biri qaba! – dedi. – Gələcəyəm! Bax, səni buna 
görə istəyirəm! Məğrur ovçu, zalım ovçu. – Sonra ata tərəf gedən Nicatın başına 
fırlana-fırlana oxumağa başladı: 
 
Aman ovçu, vurma məni, 


 
252
Mən bu dağın maralıyam. 
Yaralıyam, yaralıyam, 
Mən bu dağın, a balam, maralıyam. 
 
– Məni istəyirsən? 
Nicat başını tərpətdi, yəni ki, hə, istəyirəm. 
Şahnaz dedi: 
– Bir pud başını tərpədincə, üç misqal dilini tərpədə bilmirsən? 
Nicat: 
– Yox, – dedi. 
Şahnaz: 
– Ba-a? – dedi, sonra şaqqanaq çəkib güldü və  qızın gülüşü bütün Cıdır 
düzünə yayıldı. 
Yuxarı düzənlikdə kəklikotu yığan Gülgəz belini düzəldib aşağı baxdı, Nicatla 
xanımı gördü, özünü saxlaya bilməyib çığırdı: 
– Xanım, daha Cıdır düzündə kəklikotu qalmadı. Indi nə yığım? 
Şahnaz da aşağıdan yuxarı qışqırdı: 
– Indi də reyhan yığ! 
Hava birdən-birə  dəyişdi. Kirs tərəfdən topa-topa buludlar gəlib göy üzünü 
aldı. 
Nicat: 
– Yağacaq, – dedi.  
Şahnaz Nicata qısıldı: 
– Mən bayaq zarafat eləmirdim, Nicat, – dedi. – Məni Yunis bəyə vermək 
istəyirlər. Fəxrəndə xanımın bacısı oğlu Yunis bəyə. 
Nicat Şahnaza baxdı, bir müddət susdu, sonra soruşdu: 
– Bəs sənin fikrin nədi? 
– Qaçaq, Nicat, qaçaq gedək. Mən hərtərəfli fikirləşmişəm, götür-qoy 
eləmişəm, başqa çarə yoxdu. Yunis bəyə getməyə bilərəm. Böyük qoymaz ki, məni 
zorla ərə versinlər, amma çifayda? Yunis bəy olmasın, Həsən bəy olsun, Məmməd 
bəy olsun. Ya gərək ömrümüz boyu beləcə gizlincə görüşək, Gülgəz  ətəyini 
kəklikotuyla doldursun hər dəfə, ya da gərək qoşulub qaçaq. 
Bir müddət heç biri heç nə demədi, Cıdır düzünün sıldırım qayaları arasında 
addımladılar; aşağıda, yarğanın dibində Daşaltı çayı qıjıldaya-qıjıldaya, köpüklənə-
köpüklənə axırdı; buludlar daha günün qabağını tamam-kamal kəsmişdi;  Şuşanın 
məşhur yağışqabağı ilk payız yeli əsməyə başladı. 
Nicat dedi: 
– Qohum-qardaşdan ayrı düşəcəksən. 
– Bilirəm. Qohum-əqrəba içində  ən  əziz adamım bircə Böyükdü. Yerimizi 
əvvəlcə bildirməyəcəyəm,  amma fürsət düşdükcə ona məktub yazacağam. Böyük 
məni başa düşəcək, Nicat. Mən onu yaxşı tanıyıram. 
– El-oba nə deyər? 
– Nə deyir, desin! Mən sənin sevgilinəm, istədiyinəm, sən də mənim ürəyim, 
canım, ciyərim! Bildin? – Şahnaz gizli bir narahatlıqla oğlana baxdı. – Belə deyil? 
Bəlkə yanılmışam mən bu iki ildə? 
Nicat bu suala özü bildiyi kimi cavab verdi: 
– Bakıya gedək! 


 
253
Şahnaz: 
– Hə, qaçırıq?! – dedi. – Allaha çox şükür! Yuxum çin oldu, Nicat. Gecə 
yuxuda görmüşdüm ki, hər tərəfi su basıb, dünya su içindədi! Bildim ki, su 
aydınlıqdı! Amma Bakıya niyə? Bakının istisinə, toz-torpağına mən dözə bilmərəm. 
Düzdü, qonaqlarımız çoxdu Bakıda, Hacı Zeynalabdinin oğlu da Böyüyün dostudu, 
amma Bakıya yox, uzaqlara gedək... Irana gedək. Mən firəngcə  də bilirəm, farsca 
da, hara getsək sənin dilmancın olaram. Sən də ruscanı yaxşı bilirsən. Avropaya 
gedək, Firəngistana... Anamdan mənə bir mücrü ləl-cavahir qalıb, vəsiyyət eləyib ki, 
bu təkcə Şahnazındı, onu da götürəcəyəm... 
Nicat qızın sözünü kəsdi: 
– O mücrünü götürməyəcəksən,  Şahnaz. O mücrü də qalacaq sənin çıxıb 
getdiyin evdə. Sən kefə  də getmirsən,  Şahnaz, hər  şey daşdan çıxacaq. Özü də 
Bakıya gedəcəyik. 
– Sən nə təhər deyirsən, elə olsun. Amma niyə o toz-torpağın, o nöyütün içinə, 
hisin-pasın içinə? 
– Əvvəla ona görə ki, Bakıda mənim    işlərim var, vaxt gələr, bilərsən. Bu gün 
xalqa canı yananların, camaatın güzəranını fikirləşənlərin çoxu Bakıdadı. Mənim də 
dostlarımdı onlar, Şahnaz. Mən mütləq Bakıda olmalıyam... 
Şahnaz, elə bil, öz-özü ilə danışdı: 
– Deyirəm axı, bu niyə belə tez-tez Bakıya gedir... Olmaya sən də Mir Həsən 
ağa kimi əlahəzrət Nikolayın əleyhinə çıxanlardansan? 
Nicat qızın sualına cavab vermədi: 
– Vaxt gələr, hər  şeyi bilərsən, – dedi. – Bir də ki, Şuşadan qaçırıq, 
Qarabağdan qaçırıq, daha bütün Azərbaycandan qaçıb getsək bağrımız yarılar. 
Şahnaz yenə də bayaqkı qürurla, şövqlə bu zalım ovçuya baxdı və: 
– Yaxşı, yaxşı, – dedi, – indi ki, belə oldu, zalım ovçu, mən gözlərimi yumub 
özümü tapşırıram sənə... Hara istəyirsən apar, amma mənimlə ol, mənimlə ol 
həmişə, zalım ovçu... Apar məni hara istəyirsən... 
Nicat daha hər şeyi qət etmişdi özü üçün, qızın gözlərinin içinə baxdı: 
– Qəti sözündü? – soruşdu. 
– Qəti... Qəti!.. Qəti!.. 
Şahnazın ürəkdən qopub gələn bu pıçıltısı elə bil bütün Cıdır düzünə yayıldı, 
elə bil bu güllər, çiçəklər də o pıçıltını eşitdi; sonra göy guruldadı, Daşaltı çayı daha 
artıq bir qıjıltıyla axdı. 
Gülgəz ətəyi kəklikotu ilə, reyhanla dolu yuxarıdan aşağı qaça-qaça Şahnazla 
ovçunun yanına gəldi, tövşüyə-tövşüyə: 
– Vallah, xanım, – dedi. – Daha reyhan da qurtardı o tərəflərdə. – Sonra 
Şahnazın  əlində böyürtkəni qurtarmış kolu gördü. – Boy, ay xanım, bəs mənə 
böyürtkən saxlamadın? Nicat qağa ikimizə gətirmişdi axı... 
Şahnaz birinci dəfə görürmüş kimi əlindəki kola baxdı: 
– Bağışla, ay qız, – dedi. – Heç bilmədim necə yedim hamısını. – Sonra 
bərkdən güldü və bu gülüşdə zarafatdan, məzəli bir peşmançılıqdan başqa da nəsə 
vardı. 
Nicat: 
– Axşam sənə bir sap böyürtkən yığıb gətirrəm, – dedi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə