Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   106   107   108   109   110   111   112   113   ...   145

 
260
idi ki, yaylığının altından çıxıb havada dalğalandıqca bu zülmət gecə qarasından da 
seçilmirdi. 
Əvvəlcə, deyəsən, səmənd ürgə hiss elədi ki, gecənin bu qaranlığında, bu 
daşın, qayanın arasında tək çapmır; arxadan gələn var, fınxırdı, boynunu daha da 
qabağa uzatdı  və daha da bərk çapmağa başladı, sonra ovçu geri qanrılıb gözünü 
qıydı, elə bil ki, bu qaranlıqda nəsə görəcəkmiş, sonra da təkcə bunu dedi: 
– Bərk tut! 
Şahnaz özünü oğlanın kürəyinə daha da kip sıxdı. 
– Bərk tutmuşam, bərk tutmuşam mən, çap! Çap, gözünə dönüm sənin! 
Səmənd ürgə isə çap ki, çapırdı və daşa, çınqıla dəyən nal səsi, atın tövşüməsi 
bu dəm bu qayalıqda yeganə səs idi, amma bir müddətdən sonra, elə bil, uzaqlardan 
bu ayaq səslərinin  əks-sədası  eşidilməyə başladı  və get-gedə bu əks-səda artdı, 
yaxınlaşdı. 
Nicat: 
– Qovurlar bizi! – dedi. 
Şahnaz hər  şeyi başa düşmüşdü, odur ki, bir söz demədi, bərk-bərk oğlanın 
belini sıxdı, geniş kürəyinə qısıldı. 
Nicat: 
– Ikimizi qaçıra bilməyəcək ürgə, – dedi. – Qarabağın ən yaxşı atları Böyük 
bəyin tövləsindədi. 
Şahnaz heç nə demədi. 
Nicat: 
– Vermərəm səni! – dedi. – Vermərəm səni onlara! Vermərəm! – dedi və 
boynunu atın yalına əydi. 
Şahnaz: 
– Vermə! – dedi. – Vermə məni onlara! Çap, zalım ovçu! Çap, mənim əzizim, 
mənim ovçum, mənim kişim!.. 
...Altı-yeddi atlı idi – Yunis bəy idi, Qüdrət idi, Böyük bəyin başqa igidləri idi, 
çapırdılar, yel olub səmənd ürgəyə çatmaq istəyirdilər, qaranlıqda gözlərindən 
qığılcım parlayırdı  və birdən Qüdrətin iti gözləri səmənd ürgənin üstündəki iki 
nəfərin hələ xeyli uzaq kölgəsini seçdi. 
– Onlardı! – qışqırdı Qüdrət. – Onlardı! – Sonra bir göz qırpımında tüfəngi 
belindən aşırıb bu yatmış qayaları birdən-birə lərzəyə gətirdi. 
Yunis bəy birinci çapırdı, sol əli ilə tüfəngini yuxarı qaldırdı və Qüdrətə tərəf 
qanrılıb: 
– Atma! – qışqırdı və qışqıra-qışqıra bir də təkrar elədi: – Atmayın! – Sonra 
sol əlində yuxarı qaldırdığı tüfəngi hamının gözü qabağında yerə tulladı və iki əliylə 
də atın boynunu qucaqlayıb: – Mən yuxarıdan getdim, Qüdrət, sən aşağıdan çap! – 
dedi. 
Atlılar iki dəstəyə haçalandılar. Yunis bəylə iki atlı yuxarıdan çapdı, Qüdrətlə 
üç atlı aşağıdan... 
...Nicat: 
– Atmırlar. – dedi. – Sənə görə atmırlar. – Sonra qanrılıb geri baxdı. 
Qüdrət lap yaxında çapırdı, bir azdan Qüdrət də, atlıları da səmənd ürgəyə 
çatasıydı. 


 
261
Nicat cilovu sol əlində tutdu, sağ əliylə atın belindəki tüfəngi çıxartdı və aşağı 
əyilə-əyilə: 
– Atları vuracağam... – dedi. 
Güllənin açılması ilə Qüdrətin atının üzüstə yerə  sərilməsi bir oldu, sonra 
ikinci güllə açıldı  və ikinci atın qabaq ayaqları büküldü, üçüncü güllə açıldı, 
dördüncü güllə yenə də bir atlını atdan yerə atdı. 
Şahnaz: 
– Vur, – dedi. – vur, vur, vuran əlinə qurban olum mən, zalım ovçu, vur, vur, 
vur!.. – Və  Şahnaz bu axırıncı sözləri hıçqıra-hıçqıra dedi, ağlaya-ağlaya dedi, 
qorxudanmı  ağladı  Şahnaz, Qarabağın  ən gözəl atlarıyçınmı heyfsiləndi, qaramı 
basdı Şahnazı, bilmirəm, amma qız atın belində ləngər vurdu, əli-ayağı süstəldi, az 
qaldı bu vurhavurda sürüşüb yerə düşsün. Nicat sol əli ilə cilovu buraxıb qızın 
çiynini qamarladı, özünə  tərəf çəkdi və elə bu dəm yanpörtü çapa-çapa onlara 
yaxınlaşan Yunis bəyin atdığı  kəmənd səmənd ürgənin boynuna dolandı, atın ağzı 
yuxarı getdi, qabaq ayaqlarının ikisi də dizdən büküldü və at boynu üstə yerə sərildi, 
səmənd ürgənin boynu həmin qaranlıq gecədə tükürpədici bir «xırç» eləyib sındı. 
Nicatın bir ayağı atın altında qalmışdı, sol əli ilə özündən getmiş  Şahnazı 
tutmuşdu, sağ əli atın yalını döyəcləyirdi: 
– Qalx! – deyirdi. – Qalx! Qalx! 
Hər şey məhv olub getmişdi, hər şey qurtarmışdı və hər şeyin beləcə tamam-
kamal bitməsi bu dəm Nicatın sifətində, hərəkətində, səsində öz əksini tapmışdı. 
Ovçu atın yalını döyəcləyə-döyəcləyə: 
– Qalx! – deyirdi. – Qalx! Qalx!.. 
...Böyük bəylə Fəxrəndə xanım atlıları darvazanın qabağında qarşıladı. 
Yunis bəy qabaqda gəlirdi, huşunu itirmiş Şahnaz onun qucağında idi, Yunis 
bəy kəməndin bir ucunu atının yəhərinə bağlamışdı, o biri ucu ilə Nicatın əl-qolunu 
sarımışdı və onu dalınca çəkib gətirirdi. 
Qüdrət başqa bir atda oturmuşdu. Üçüncü adam da atlı idi. Qalanlar piyada 
gəlirdilər. 
Fəxrəndə xanım əlindəki lampanı qabağa tutdu: 
– Allaha çox şükür! – dedi, sonra birdən-birə irəli yeriyib ovçunun qabağında 
dayandı və həmin qaranlıq gecədə bir qəfil sillə səsi cingildədi. 
Nicat gözünü də  qırpmadı, necə dik dayanmışdı, eləcə  də  Fəxrəndə xanımın 
gözlərinin içinə baxdı, gülümsədi və dedi: 
–  Əlin ağırıymış yaman, xanım, yazıq Gülgəzin halına... Fəxrəndə xanım 
əlindəki lampanı aşağı saldı. 
Böyük bəy Yunis bəyin qabağına yeridi: 
– Qıza bir şey olmayıb ki? 
Yunis bəy: 
– Bir az əzilib yəqin, – dedi. – Və  qızı ehmalca atın üstündən Böyük bəyə 
uzatdı və Böyük bəy də Şahnazı qucağına alıb darvazadan içəri girdi. 
...Bayırın o zülmətindən sonra Böyük bəyin imarətindəki çilçıraqlar göz 
qamaşdırırdı. Böyük bəylə  Fəxrəndə xanım pilləkənlərlə  tələsik ikinci mərtəbədən 
birinciyə endi. Qüdrətlə Gözəl arvad dəhlizdə onları gözləyirdi. 
Fəxrəndə xanım Gözəl arvadın ovcuna bir qızıl onluq basdı: 
– Al, – dedi. – Bir daş altda, bir daş üstə. 


 
262
Gözəl arvad: 
– Allah köməyin olsun, xanım, – dedi. – Bir daş altda, bir daş da üstə. 
Fəxrəndə xanım: 
– Yeri get yıxıl yat, – dedi və Gözəl arvad da o saat öz otağına getdi. 
Böyük bəy: 
– Qüdrət, o gədə hardadı? – soruşdu. 
– Zirzəmiyə salıb ağzını bağlamışıq. 
– Tapşır ona göz olsunlar. Özün göz ol ona, özün! Naçalnik burda yoxdu, 
gələn kimi o haramzadəni göndərəcəyəm Qala həbsxanasına. Elə edərsən ki, orda 
başını əksinlər, rədd olsun. Eşitdin? 
Qüdrət atının heyfini almağa elə belə bir fürsət gözləyirmiş kimi dedi: 
– Istəyirsən elə burda... 
Fəxrəndə xanım Böyük bəyə baxdı. 
Böyük bəy: 
– Yox, burda olmaz, – dedi. – Necə deyirəm heylə edərsən! 
– Baş üstə, ağa! 
Böyük bəy Qüdrətdən çox Fəxrəndə xanıma dedi: 
– Həbsxana rəisi belə işlərdə təcrübəli adamdı... 
Qüdrət başı ilə ağasının dediklərini təsdiq elədi: 
– Bilirəm... 
– Gedə bilərsən. 
Qüdrət imarətdən həyətə çıxdı. Böyük bəylə Fəxrəndə xanım bir müddət bir-
birlərinə baxdılar, sonra Böyük bəy gözlərini Fəxrəndə xanımdan ayırıb iki əlini də 
yuxarı qaldırdı: 
– Ilahi, sən özün bilirsən ki, mən heç vaxt heç zaman sənin qanunlarına zidd 
getməmişəm! Ancaq nankorları, kəmfürsətləri, azğınları məhv eləmək lazımdı! 
– Şükür!.. – Fəxrəndə xanım pıçıldadı. 
Böyük bəyin belə bir duruşu və dediyi bu sözlər onun avropasayağı qiyafəsinə 
heç uyuşmurdu. 
VI 
Indi sizə kimdən xəbər verim, Böyük bəyin bacısı Şahnazdan. Şahnaz Böyük 
bəy imarətinin ikinci mərtəbəsindəki  şüşəbənddə, yelləncək həsir kresloda oturub 
astaca-astaca yellənə-yellənə  şüşəbəndin açıq pəncərəsindən səhər-səhər aydın 
görünən Xəznə qayasına baxırdı və bu cavan qızın yol çəkən gözlərində bu dəm bir 
kədər, bir həzinlik vardı. 
Böyük bəy sol əlinin baş barmağını jiletinin qızıl saat zənciri sallanan cibinə 
salıb  şüşəbənd boyu var-gəl edirdi və bütün qəzəbini boğmağa, kin-küdurətini 
unutmağa çalışırdı. 
– Mənim mədəniyyətim sənə  əl qaldırmağa yol vermədi. Ancaq Allaha çox 
şükür ki, mən səni yolda tutdura bildim. Əgər sən o gədə ilə bir yastığa baş qoymuş 
olsaydın, inan Allaha, ürəyimi daş eləyib səni tikə-tikə doğrardım. 
Şahnaz gözlərini Xəznə qayasından çəkdi, birdən-sifəti alışıb-yandı, qardaşına 
ötkəm bir nəzər salıb: 
– O, gədə deyil, qardaş! – dedi. – Mən də onu istəyirəm! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə