Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   107   108   109   110   111   112   113   114   ...   145

 
263
Böyük bəy  şüşəbəndin ortasında ayaq saxladı, diqqətlə bacısına baxdı  və  ən 
qəribəsi də bu oldu ki, qızın belə bir ötkəmliyi, elə bil, onu birdən-birə yumşaltdı; 
bacısına yaxınlaşıb, çoxdan bəri həsrətindəymiş kimi, saçlarını oxşadı: 
– Sənin cəsarətin mənim xoşuma gəlir, – dedi Böyük bəy. – Bu cəhətdən sən 
rəhmətlik nənəmiz Xanbikəyə oxşamısan. O da qabağındanyeyən arvad deyildi... 
Ancaq, Şahnaz, bacım, inan ki, sənin ürəyindəki hisslər müvəqqəti aldanışdır. Başqa 
cürə ola bilməz. Sən onu istəyə bilməzsən. 
– Nə üçün? 
– Çünki sən xan qızısan, ancaq o, Solaxay Həsənalının oğludu! Ovçu oğlu 
ovçudu! Gec-tez onsuz da bu fərq özünü göstərəcək. 
Şahnaz yenə Xəznə qayasına tərəf baxdı və elə bil, özü özü ilə dərdləşdi: 
– Bəs, sən Firəngistandan gələndən sonra saatlarla fikirlərin azadlığından 
danışırdın... Jan Jak Russodan, insanların bərabərliyindən, qardaşlığından 
danışırdın... 
– Qardaşlığı, bərabərliyi bizim peyğəmbərimiz də buyurub. Ancaq peyğəmbər 
ağanın ağa, rəiyyətin də  rəiyyət olduğunu rədd etməyib! Zəif ağıllar həmişə güclü 
ağıllara tabe olub. Güclü gücsüzə kömək eləməlidi və sən də yaxşı bilirsən ki, mən 
heç vaxt kömək  əlimi məzlumdan  əskik etməmişəm. Ancaq, bacım, bu o demək 
deyildir ki, rəiyyətlə  ağa bir-birinin tay-bərabəridi... – Böyük bəy pəncərəyə 
yaxınlaşıb eşiyin ağaclarına, kol-kosuna, uzaqdakı göy dağlara, Xəznə qayasına 
baxdı  və elə bil ki, bu yaşıllıq, bu təmizlik, bu genişlik Böyük bəyin ürəyinə bir 
səmimiyyət gətirdi, bir etiraf istəyi gətirdi. – Fikirləşirsən yəqin ki, qardaşının 
bərabərlik, demokratiya haqqındakı sözləri də   onun firəng modasında tikdirdiyi 
libaslar kimi bir şeydi... Belə deyil... Mən Firəngistanda təhsil alanda demokratiya, 
bərabərlik, insanpərvərlik haqqında eşitdiklərimə, doğrudan da, inanırdım. «Yaşasın 
azad respublika!» – deyirdim. Viktor Hüqoya pərəstiş edirdim. Ancaq... ancaq 
təhsili bitirib qayıdanda, Yevlaxda qabağıma gələn üçatlı faytonumuza əyləşib 
Şuşaya tərəf yollananda özümü elə rahat hiss elədim ki... Bu Topxana meşəsinə 
baxanda, bu bərəkətli torpaqlara baxanda fəxr elədim ki, bunlar hamısı bizimdi. Fəxr 
elədim ki, mən rəiyyət yox, ağayam. Damarlarımdan axan qanımla hiss elədim 
bunu, çünki ağalıq bizim qanımızdadı... 
Bu vaxt birdən-birə  Şahnaza bir hönkürtü gəldi və  qız hönkürə-hönkürə 
yerindən qalxıb özünü bəyin ayaqlarına atdı: 
– Buraxdır onu, qardaş! Onu Qüdrətin umuduna qoyma!  
Böyük bəy əvvəlcə özünü tamam itirdi: 
– Dur ayağa! Qalx! – dedi və  əyilib bacısını qaldırdı  və bu gözlənilməz 
hərəkətin qəfilliyindən sonra özünə gələ-gələ: – Gədənin birindən ötrü qardaşının da 
olsa, ayağına yıxılmaq sənə yaraşmaz, – dedi. – Kəndistana göndərirəm səni bir neçə 
aylığa, get, dincəl orda! 
Və Böyük bəy iti addımlarla şüşəbənddən çıxıb pilləkənlərlə aşağı endi. 
Böyük bəyin kip örtmək istədiyi dodaqları səyriyirdi.  
Şahnaz isə, elə-eləcə şüşəbənddə dayanıb uçunurdu. 
VII 


 
264
Yunis bəy tövlələrin qənşərində atın belinə  sıçrayıb çapdı  və Böyük bəyin 
həyət darvazasından çıxhaçıxda Fəxrəndə xanım hövlnak bacısı  oğlunun qabağını 
kəsdi. Yunis bəyin cilovu çəkməyiylə  ağ atın  şahə qalxmağı bir oldu və az qaldı 
qabaq ayağı ilə Fəxrəndə xanımın döşündən vurub yerə sərsin. 
Fəxrəndə xanım buna məhəl qoymadı, iki əlini də uzadıb atın yalından yapışdı 
və qəzəbindən titrəyən bir səslə: 
– Getməyəcəksən! – Qışqırdı. – Buraxmaram səni! 
Yunis bəy, elə bil, dolmuşdu, içəridən partladı: 
–  Şahnazı istəyirəm, öküz kimi böyürürəm onun həsrətindən gecələr, xala, 
Qarabağın bütün gözəlləri bir heçdi gözümdə, xala, amma daha ala bilmərəm mən 
onu, yoxsa papaq gəzdirməyim başımda gərək, ləçək taxım!.. Gədənin birinin 
tərkinə minib gecəyarısı evdən qaçan qızı sən də gərək mənə layiq bilməyəsən, xala! 
Fəxrəndə xanım tövşüyə-tövşüyə: 
– Uşaqsan sən hələ, uşaqsan! – dedi. – Bəs bu mal-dövlət nə olsun?! Bu 
imarətlər, bu torpaqlar kimə qalsın?! – Sonra Fəxrəndə xanım  əlini qoynuna atıb 
boynundan asdığı daş-qaşları qopardı və bunları az qala Yunis bəyin gözünə soxdu: 
– Bəs bu ləl-cavahir nə olsun?! Uşağım olmur mənim! Allah-taala bir uşağı çox 
görür Böyük bəyə! Nə olsun bəs bunlar, kimə qalsın? Gədə-güdəyəmi qismət olsun? 
Yetim-yesirmi yeyib kef çəksin, hər dəfə də dədəmizin goruna söysün?! 
Yunis bəy xalasının ovcundakı ləl-cavahirə baxdı: 
– Çəkisi ağırdı onların, xala, – dedi. – Düz deyirsən! Amma indi onların çəkisi 
qeyrətsizliyin çəkisidi! Mən bu yükü daşıya bilmərəm, xala, ölərəm o yükün altında, 
canım çıxar mənim! 
Və Yunis bəy atı çapıb darvazadan çıxdı, çapa-çapa da Şuşanın sal daşlar 
döşənmiş küçələrindən ötüb Ərimgəldidən keçdi, aran yolunda gözdən itdi. 
VIII 
Böyük bəy öz otağında yazı mizinin arxasında oturub, qabağındakı bir qalaq 
kağız-kuğuza baxırdı.  
Qüdrət içəri girib: 
– Bəy, – dedi. – Solaxay Həsənalı sizi görmək istəyir.  
Böyük bəy başını kağız-kuğuzdan ayırıb: 
– Nə deyir? – soruşdu. 
– Bilmirəm, bəy, yəqin oğlundan ötrü gəlib. 
Böyük bəy ayağa qalxıb otaqda var-gəl elədi, sonra: 
Qoy gəlsin, – dedi. 
Qüdrət bir az tərəddüd elədi, soruşdu: 
– Yaraq-yasağını açdırımmı? 
Böyük bəy dedi: 
– Yox, qoy gəlsin! 
– Baş üstə. 
Qüdrətin otaqdan çıxmağı ilə Solaxay Həsənalının içəri girməyi bir oldu. Bu 
ucaboy, arıq kişinin günəşdən, dağ havasından yanmış üzündə sakit və  məğrur bir 
ifadə vardı. 
– Salaməleyküm, bəy. 


 
265
Böyük bəy Solaxay Həsənalıya sərt bir nəzər yetirdi və kişinin salamını 
almayıb: 
– Nə var? Niyə gəlmisən? – soruşdu.  
Solaxay Həsənalı: 
– Uşağın işi üçün gəlmişəm, bəy, – dedi və əlindəki tüfəngi qapının yanında 
yerə söykədi. 
– Uşağın? Uşaq olan kəs də eylə qələt edər?! 
Solaxay Həsənalı təmkinini pozmadı: 
Başa düşməyib, bəy. 
Böyük bəy: 
– Eybi yoxdu, başa salarlar, – dedi və keçib yazı mizinin arxasında oturdu, 
mizin üstündəki qutudan bir siqaret çıxarıb yandırdı. 
Solaxay Həsənalı dedi: 
– Bəy, sən özün yaxşı bilirsən ki, bizim nəsildən dələduz çıxmayıb. Dost-
tanışlarımızın arasında da bir nəfər dələduz tapılmaz. Nicat özü də  ağlı başında 
uşaqdu... Insan səhv eləyəndə eləyir, bəy... 
– Dələduz tapılmaz deyirsən, dost-tanışının arasında sənin? 
– Xeyr, bəy, tapılmaz! 
– Bəs Bahadır kimin dostudu? Qaçaq Bahadır? Yoxsa padşahın  əleyhinə 
çıxmaq, günün günorta çağı naçalnikin kabinetinə soxulub onatılanı boğazına 
dirəmək səncə dələduzluq deyil? 
Solaxay Həsənalı eyni təmkinlə: 
– Xeyr, bəy, – dedi. – Dələduzluq deyil. Naçalnik, Bahadırın atasını bihörmət 
eləyəndə boğazına tapança dirərlər də. 
– Hə? Qulağınıza səs dəyib yoxsa? 
– Nə səs? 
Böyük bəy əlindəki siqareti büllur külqabıya sıxıb söndürdü və hirslə: 
– Yaxşı bilirsən nə səs! – dedi. – Sizlər tülküdən də çox bilirsiz! 
Solaxay Həsənalının sifətindən bir qəzəb kölgəsi keçdi, amma özünü saxladı, 
təmkinini pozmadı. 
– Böyük bəy! – dedi. – Mən sənin evinə oğlumun təvəqqəsi üçün gəlmişəm. 
Belə sözlərə dözmək mənim şanıma şayəstə deyil! Danışığına fikir ver! 
Solaxay Həsənalının hər bir sözü xəncər kimi kəsirdi. 
Böyük bəy ayağa qalxdı: 
– Sənin oğlun cinayətkardı, Həsənalı kişi... 
– Nə üçün? 
– Çünki öz yerini bilməyib, çünki mənə silahlı müqavimət göstərib, seçmə 
atlarımı qanına qəltan eləyib, adamlarımı yaralayıb! 
– O, sənin bacını zorla aparmayıb. 
– Bunu ədalət məhkəməsi həll eləyəcək. Naçalnik burda yoxdu, gələn kimi 
oğlunu verəcəyəm onun sərəncamına. 
– Axır sözündü, bəy? 
– Qurtardıq, Həsənalı kişi! 
Solaxay Həsənalı sol əlini tüfəngə apardı və tüfəngi yerdən qaldırıb: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə