Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   110   111   112   113   114   115   116   117   ...   145

 
270
– Nazad! – qışqırdı  və bu dəfə kazakların atı  şahə qalxdı, kazaklar meşəyə 
girməyib geri döndülər. 
Böyük bəy: 
– Qorxaqlar! – qışqırdı. – Muzdurlar! Gədə-güdədən qorxan acizlər! Söz 
pəhləvanları. 
Yasavul Böyük bəyə tərəf çapdı: 
– Bek, oni v tom lesu – kak rıba v vode! Zastrelyat vsex nas kak zaysev! 
Böyük bəy hiddətindən titrəyə-titrəyə öz atlılarına tərəf çöndü: 
– Gedək! – dedi. – Dalımca! Solaxay Həsənalının evinə gərək od vurub yerlə-
yeksan eləyim! 
...Və Böyük bəyin atlıları çapa-çapa kazaklardan ayrılıb  Şuşaya tərəf üz 
qoydu... 
... Və  həmin aydın gecənin macərası Solaxay Həsənalının ev-eşiyinin, bağ-
bağatının göyə qalxan alovu ilə axıra yetdi; alov dillərinin işığında həyət-bacadakı 
arvad-uşağın  ərşə  çıxan naləsi ilə, bütün bu yerləri yandırıb külə döndərən  əli 
məşəlli atlılarının əməlinə baxa-baxa: 
– Odlayın! Odlayın bu quldurlar yuvasını! – deyən Böyük bəyin sözləri ilə 
axıra yetdi. 
 

Gün Topxana meşəsində  təkcə yarpaqların üstünə düşürdü; ağacların qol-
budağı o qədər sıx idi, o qədər bir-birinə bitişmişdi ki, meşənin içində, elə bil, axşam 
idi.  
Iki atlı yavaş-yavaş yanaşı addımlayırdı.  
Qaçaq Bahadır: 
– Qal, – dedi. – Qal mənimlə. Qal mənimlə bu köpək uşağının, bu tacir-
darğaların, bu kazakların anasını ağlar qoyaq! 
Nicat: 
– Sonra? – soruşdu. – Sonra nə olsun? Kazak azdı? Naçalnik, pristav olmağa 
adam azdı? Bunlar gedib, onlar gələcək, nə qazanassan? Onun anasını  sən ağlar 
qoyassan, sənin atlılarından da beşinin anası ağlar qalacaq. Bu cür gəlib, amma bu 
cür gedə bilməz, Bahadır! Ilanı gərək başından əzəsən! 
– Haradı yolun? 
– Horadizə düşüb, ordan Bakıya gedəcəyəm. 
Qaçaq Bahadır: 
– Vağzalda tutarlar səni, – dedi. – Böyük bəy bütün Qarabağ mahalında səni 
axtartdırır. 
– Maşinist dostlarım var, aparacaqlar məni. 
– Böyük bəyin əli uzundu, Bakıda da çatar sənə. 
– O uzun qolları kəsməkdən ötrü gedirəm    Bakıya, Bahadır! 
Qaçaq Bahadır atın başını çəkib dayandı. Nicat da atını saxladı. Bir müddət bir 
söz demədilər, bir-birilərinə baxdılar. Sonra Qaçaq Bahadır: 


 
271
– Yolun sayalı olsun, qardaş! – dedi. – Dünyanın işləridi, sən gedəsi oldun, 
mən qalası. – Sonra Qaçaq Bahadır başını qaldırıb Topxana meşəsini ağac-ağac, kol-
kol gözdən keçirtdi. – Mənimki bu Topxana meşəsidi. Nə qədər burdayam, nə qədər 
at belindəyəm, nə qədər tüfəng tutur əlim, nişan seçir gözüm, atışacağam bu köpək 
uşağıyla! Nə hökumət olur-olsun, atdan düşdü yoxdu, qardaş. Bütün dünyanın 
hökumətləri mənim düşmənimdi! – dedi Qaçaq Bahadır. – Yaxşı yol sənə! – Və 
Qaçaq Bahadır geri döndü, çapıb Topxana meşəsində görünməz oldu. 
Tək atlı isə yavaş-yavaş dağlardan endi və bu dəm bu tək atlının hər bir 
hərəkətində bir hüzn, bir kədər var idi, bütün bu yerlərdən ayrılıb getməyin hüznü, 
kədəri. 
 
 
 


 
272
İKİNCİ HİSSƏ 

Yenə  Cıdır düzü idi və yenə  də bir neçə il bundan əvvəlki kimi hardansa 
uzaqlardan həmin xanəndənin səsi gəlirdi: 
 
Deyirlər Qarabağ bir cənnət imiş, 
Bəslərmiş qoynunda mələklərini. 
Məndə qüdrət hanı qələm çalmağa, 
Tərif eləməyə ancaq birini... 
 
Yenə də Məlikşahnəzər kahasının üst tərəfində xalça salınmışdı və yenə də bu 
xalçanın rəngbərəng naxışları, elə bil, öz rəngini bir-bir bütün ətrafdakı gül-çiçəkdən 
almışdı. 
Şahnaz xanım Məlikşahnəzər kahasının lap qabağına gəlib Topxana meşəsinə 
baxırdı. 
Gülgəz Cıdır düzündə  kəklikotu qoymamışdı,  ətəyini doldurub qaça-qaça 
Şahnaz xanımın yanına gəldi: 
– Oh, ay xanım, – dedi. – Yenə ora baxırsan? Vallah, sənin bu işlərin məni 
salıb qorxuya, heç yata bilmirəm gecə... 
Şahnaz xanım gözlərini Topxana meşəsindən çəkmədi: 
– Niyə? 
– Elə bil o Topxana meşəsi ovsunlayıb səni, ay xanım...  
Şahnaz qulluqçu qıza bir söz demədi,   elə bil, özü özü ilə danışdı: 
– Elə bil, bu Topxana meşəsi də bizdən həmişəlik üz döndərib... Elə bil, çox-
çox uzaqdadı, soyuqdu, küskündü... 
Gülgəz doğrudan-doğruya vahimələnmişdi və qız içini çəkib dedi: 
– Düz dörd ildi belə sözlər danışırsan, ay xanım, vallah, tay qorxumdan 
meşəyə gedə bilmirəm... – Sonra  Gülgəz birdən-birə sevincək oldu. – Bilirsən, ay 
xanım, bəyin bayaqkı qonaqlarından biri deyirdi ki, Fitilbörkdə bir oğlan görüb, lap 
qağam Nicata oxşayırmış... 
Şahnaz xanım bir söz demədi. Gülgəz and-aman elədi: 
– Xanım, nənəmin canı üçün bu dəfə doğru deyirəm!  
Şahnaz xanım qulluqçu qıza baxdı: 
– Bəs bir söz danışmayıblar? 
– Yox, danışmayıblar. Deyir elə yaxşı geyinmişdi ki, inanmadım o ola... 
Axmaq kişi, guya ki, Nicat qağam yaxşı geyinə bilməzmiş... Vallah, xanım, sağ-
salamatdı qağam!.. 
– Bilirəm, əlbəttə, sağ-salamatdı! – dedi Şahnaz xanım və elə dedi bu sözləri, 
elə bil, Gülgəzi yox, özünü inandırmaq istəyirdi bu sözlərə. – Elə igid oğlan itib-
batmaz! Amma niyə bir yol tapıb məktub göndərmir mənə, bir xəbər çatdırmır 
mənə?..  
Gülgəz: 
– Eh... – dedi. – Allah Böyük bəyə insaf versin... 
Və qız bu cür hayıfsılanan kimi də, Şahnaz xanımın üzü sərt bir ifadə aldı: 


 
273
– Bu nə sözdü, ay qız? – dedi. – Indi də bir o qalıb ki, sənin kimisinin biri 
Böyük bəyin qarasına danışsın?  
Gülgəz qorxdu əməlli-başlı və yazıq qız tez özünü yığışdırıb: 
– Bağışla, ay xanım, – dedi. – Qələt elədim...   Əlbəttə, Böyük bəy istəsəydi, 
məni də elə qovardı ki, izim-sorağım da tapılmazdı. Amma sənə görə  məni də 
saxladı evində... 
Şahnaz xanım yumşaldı: 
– Yaxşı, – dedi. – Mən yadımdan çıxardım o sözləri. 
– Allah canına sağlıq versin, ay xanım, sənsiz mənim bir günüm olmasın, 
yetim qızam. Inşallah, qağam gəlib çıxar, yetişərsiniz bir-birinizə! Mənə  də Allah 
birini yetirər. – Gülgəz birdən-birə göyə baxdı: göy tərtəmiz, mavi və sonsuz idi. 
Sənə qurban olum, ay Allah, tez ol, dayna!.. Elçi daşına baxmaqdan gözümün kökü 
saraldı ki... 
Şahnaz xanım özünü saxlaya bilməyib güldü: 
– Bəs tez-tez qabağına çıxan o dərzi oğlan necə oldu? 
Gülgəz: 
– Eh... – dedi. – Qoy iynəsini taxsın yaxasına! Dalından dəydim onun, xanım. 
Arvad kimi şeydi... Kişi gərək kişi olsun, Nicat qağam kimi!.. Oh, xanım, vallah, hər 
şey yaxşı olacaq, təki tez ərə gedək!.. 
Şahnaz xanım bu dəfə gülmədi, dərindən nəfəs alıb: 
– Nə yaxşı ki, sən varsanmış... – dedi və yeriyə-yeriyə  Məlikşahnəzər 
kahasının üstündən aşağı düşüb, Böyük bəyin imarətinə tərəf addımladı... 
...Böyük bəy  əyninə sadə libas geyib əlinə böyük bağ qayçısı almışdı  və 
həyətindəki gül kollarını, ağac budaqlarını qayçılayıb nizama salırdı. Bu dörd ildə 
Böyük bəy heç dəyişməmişdi, təkcə saçları daha tamam-kamal ağarmışdı. 
Böyük bəy darvazadan həyətə girən  Şahnaz xanımı görəndə  ağacların 
arasından çıxdı. 
– Salam, bacı. 
– Əleykəssalam. 
Böyük bəy gəlib artırmanın qabağındakı  skamyada əyləşdi və əlindəki qayçını 
qabağındakı mizin üstünə qoyub: 
– Gəl otur, – dedi. – Gün çıxandan bağbanla birlikdə işləyirik. 
Şahnaz xanım gəlib qardaşı ilə üzbəüz oturdu: 
– Yaxşı eləyirsiz, işləmək kökəlməyinizin qabağını alır. 
– Elədir, işləyəndə özümü çox yüngül hiss eləyirəm. 
Bu vaxt Fəxrəndə xanım da imarətdən çıxıb, Böyük bəylə  Şahnaz xanıma 
yaxınlaşdı, salamlaşıb mənalı-mənalı Böyük bəyə baxdı, sonra əlindəkn qəzetləri 
Şahnaz xanıma uzatdı: 
– Al, sənin qəzetlərin gəlib. 
Böyük bəy bir az yana çəkilib arvadına yer göstərdi: 
– Gəl əyləş, Fəxrəndə. – Sonra gülümsəyib: – Bağışlayın ki, yanınızda belə bir 
qiyafədə oturmuşam, – dedi. – Libas sadə olanda, elə bil, adam da özünü yüngül hiss 
eləyir. – Sonra Şahnaz xanımın baxdığı  qəzetlərə  işarə eləyib zarafatyana: – Bu 
bolşevik mətbuatını oxumaqdan yorulmadın, bacı? – soruşdu. 
Şahnaz xanım da eyni zarafatyanalıqla bir-bir qəzetlərin başlığına baxdı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə