Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   113   114   115   116   117   118   119   120   ...   145

 
279
Cavan  əsgər bunu başa düşdü və daha da bərk çapmağa başladı. Böyük bəy 
tüfəngi yerə atıb iki əlilə  də cilovdan tutdu və atın yalına yatıb özünü qurtarmaq 
istədi, amma Böyük bəyin axırı yetmişdi deyəsən – cavan əsgər ona çataçatda idi. 
Və bu zaman bu sıldırım qayalar arasında qəfil bir güllə açıldı, cavan əsgər bir 
anlıq atın üstündə dikəldi, tüfəngi əlindən yerə düşdü, cilov əlindən çıxdı, iki əli ilə 
də başının arxasını tutdu, sonra bərəlmiş gözləri ilə qandan qızarmış əllərinə baxdı 
və bundan sonrasına vaxtı qalmadı, qızmış atın belindən sürüşüb böyrü üstə yerə 
sərildi və az qala, hədəqəsindən çıxacaq gözləri naməlum nöqtədə həmişəlik donub 
qaldı. 
Arxadan çapıb gələn Hümmət indicə nişan alıb atdığı tüfəngi atın qarınaltı 
qayışına keçirdi və vurulmuş cavan əsgərin yanından ötüb çapa-çapa da Böyük bəyə 
yaxınlaşdı. 
Böyük bəy: 
– Sağ ol! Sağ ol, Hümmət! – dedi və iki əlilə  də üst-başını yoxladı, bir şey 
tapmayıb, barmağındakı böyük almaz qaşlı üzüyü çıxarıb Hümmətə  tərəf atdı: – 
Sənindi bu! 
Hümmət üzüyü göydə tutub ovcunda sıxdı, sonra ovcunu açıb gün işığında 
par-par yanan almaza baxdı və dedi: 
– Buna görə çox sağ olun, bəy! Amma buna görə qurtarmadım sizi! 
Böyük bəyin gözlərində bir sevinc qığılcımı parladı  və  bəy fəxrlə nökərinə 
baxıb: 
– Bilirəm, Hümmət! – dedi. – Qeyrətli qardaşlarsınız siz! Amma bu da 
lazımdı. Görürsən, dünya qarışıq dünyadı indi. Bir saatdan sonra nə olacaq, bilmək 
olmaz. Balalarına xərclik elə. 
Və hər iki atlı çapıb sıldırım qayalar arasında gözdən itdi. 
...Qırmızılar isə, «Ağa körpüsü»ndən keçirdi və daha onların qabağını heç kim 
kəsmirdi... 
...Qırmızı bayraqlılar aramla, tələsmədən irəliləyirdilər... 
III 
...Axşam düşmüşdü və  həmin axşam Böyük bəyin imarətində  təkcə bir işıq 
yanırdı  və indi Fəxrəndə xanımla  Şahnaz xanım bu təkcə  işığın – onluq lampanın 
arxasında üzbəüz oturmuşdu. 
Heç kim danışmırdı, heç bir səs-səmir yox idi, amma bu sükutun özündə 
həyəcan, bir intizar, bir xof vardı. 
Birdən həyətdə  səs-küy eşidildi, at ayaqlarının səsi gəldi, darvaza açılıb-
bağlandı və Gülgəz qaça-qaça içəri girdi: 
– Böyük bəydi, xanım. Gəldi Böyük bəy! 
Fəxrəndə xanım da, Şahnaz xanım da ayağa qalxdı və xanımların qalxmağı ilə 
də Böyük bəyin tələsik içəri girməyi bir oldu. 
Fəxrəndə xanım: 
– Böyük! – dedi. 
Şahnaz xanım: 
– Qardaş! – dedi. 


 
280
Böyük bəy əyninə «çərkəzka» geymişdi və bu saat bəyin üst-başı çirkin-pasın 
içində idi və belə bir görkəm Böyük bəyə heç yaraşmırdı; bəy qızdırmalı-qızdırmalı: 
– Həyəcanlanmayın! – dedi. – Qorxmayın. Fəxrəndə, qorxma. Bacım, heç bir 
şey      olmayıb. Geri çəkilmək hələ  məğlub olmaq deyil. Mən hələ qayıdacağam. 
Bolşeviklərə deyiləsi sözüm çoxdu hələ. Güllə ilə deyəcəyəm bu sözləri. Inanın, and 
olsun Allaha, dünənə qədər elə bilirdim ki, məndən çox nifrət eləmək mümkün deyil 
bolşeviklərə. Amma bu gün, indi, dünənkindən min dəfə, milyon dəfə artıq 
düşmənəm onlarla. Biz Qarabağ dağlarına çəkilirik, bir az qüvvə toplamaq üçün!.. 
Bir az nəfəsimizi dərmək üçün!.. Çoxdular!.. Vuruşandılar!.. Öldü var, döndü yoxdu 
deyəndilər... Fəxrəndə,  gecə ikən  ələ keçən nə varsa götür, Şahnazla birlikdə get 
Araz qırağında Şahsevən Xurşud bəyin evinə. On atlı seçmişəm, aparacaq sizi. Mən 
sizə orda baş çəkəcəyəm. 
Fəxrəndə xanım ayaq üstə titrəyə-titrəyə: 
– Mən sənsiz qala bilmərəm, Böyük! – dedi. – Nə götürəcəyəm mən! Bu 
malikanəni qoyub sənsiz neyləyəcəyəm mən? Sənsiz yuxumu gedər gözümə, 
Böyük? Səni and verirəm əmdiyin südə, sən hara, mən də ora! 
Böyük bəy: 
– Dağa-daşa düşmək çətin olar sənə, – dedi. 
Fəxrəndə xanımın boğazının damarları  şişdi və xanım ayaq üstə güclə dura-
dura: 
– Böyük! – qışqırdı. – Böyük!.. 
Böyük bəy arvadının əlini sıxdı: 
– Yaxşı, – dedi, sonra yenə özündən çıxdı: – Məlunlar! Ac-yalavaclar! 
Evimizdən, babalarımızın min illik torpağından didərgin saldılar bizi! Yox, bu evə 
qayıdacağam mən, qayıdacağam! Sən hələlik burda qal, Şahnaz, hələlik. Gözüm 
üstündə olacaq, adamlarımın yarısını burda, sənin yanında qoyacağam. Pal-
paltarlarını  dəyişib səni qoruyacaqlar. Lazım olsa, tez qaçıracaqlar səni. Yoxsa ki, 
səhər-axşam at belində, bu meşə  sənin, o meşə  mənim gəzmək sənin kimi bir qız 
xeylağına şayəstə deyil. Nökər-naibdən kimi istəyirsən? 
– Bir Gülgəz qalsa bəsdi. Başqa adam lazım deyil.  
Böyük bəy yana-yana: 
– Yox,  – dedi. – Bir qulluqçu ilə  səntək xanım keçinə bilməz. Aşpaz Hürü 
arvad, faytonçu Həbib, bir də bağban Muradxan dayı da qalar. Muradxan dayı 
etibarlı adamdı. Bəs... – Böyük bəy Fəxrəndə xanıma baxdı. – Bəs o çörəkçi Gözəl 
arvad hanı? 
Fəxrəndə xanım: 
– Bilmirəm, – dedi. – Bu gün sübh tezdən yoxa çıxıb... 
IV 
 Səhər tezdən idi. Şuşa yuxudan təzəcə ayılmışdı. 
Əlində səhəng tutmuş qızlar «Xan qızı» bulağında durub növbə gözləyirdi. 


 
281
Səhər tezdən idi, Şuşa təzəcə yuxudan ayılmışdı, amma elə bil ki, günün 
günorta çağı idi, böyük-kiçik hamı həyətlərdə, küçələrdə idi və ən qəribəsi də bu idi 
ki, elə bil, bu boyda Şuşada, o Şuşada ki, Qafqaz Parisi deyərdilər ona, bir nəfər də 
olsun bəy  geyimli-kecimli, xanım geyimli-kecimli adam yox idi, hamısı  şəhər 
alverçiləri idi, şəhər sənətkarları idi, adi şəhərlilər idi. 
Qalayçı qalayını  çəkirdi, nalbənd eşşək nallayırdı, bağırsağçı bağırsaq 
aşılayırdı, sərrac yəhər düzəldirdi, misgər qazanla məşğul idi, palanduz palan tikirdi; 
xalçasatan idi, şirnisatan idi, çörəksatan idi, çəkmə-çust satan idi, müştəri gözləyirdi. 
Əslində bu dəm bütün Şuşa gözləyirdi. 
Kimsə: 
– Gəlirlər!.. – qışqırdı. 
Aləm bir-birinə  dəydi. Camaat Şuşanın aşağısındakı  «Ərimgəldi»yə  yığışdı, 
«Xan qızı» bulağı boş qaldı, qızlar və o cümlədən, Gülgəz də camaata qoşulub 
şəhərin aşağı başına qaçışdı. 
Əvvəlcə at ayaqlarının tappıltısı, araba təkərlərinin cırıltısı  eşidildi, sonra 
qırmızı bayraq göründü, sonra şeypur dilə gəldi və Nicat Ovçuoğlunun başçılığı ilə 
qırmızı əsgərlər dəstə-dəstə «Ərimgəldi»dən keçib Şuşaya daxil oldu... 
Bütün  Şuşa tamaşaya çıxmışdı, kimi maraqla baxırdı, kimi məhəbbətlə 
baxırdı, kimi də paltarını dəyişsə də, gözlərinin ifadəsini dəyişə bilməmişdi, nifrətlə 
baxırdı... 
...Gülgəz tələsik darvazadan içəri girib boş səhəngi bir tərəfə atdı və qaça-qaça 
Böyük bəyin imarətinə tərəf gəlib aşağıdan-yuxarı ikinci mərtəbəyə qışqırdı: 
– Gəldilər! Gəldilər, ay xanım!.. 
Şahnaz xanım əlindəki kitabı bir tərəfə atdı, cəld ayağa qalxıb otağından çıxdı, 
tələsik pilləkənləri aşağı enib həyətə çıxdı: 
– Nədi? Nə olub? – soruşdu. 
– Gəldilər! Gəldilər, ay xanım! 
– Kim gəldi? 
– Bolşeviklər! 
Şahnaz xanım bir müddət susdu, sonra dedi: 
– Bəs, sən niyə sevinirsən, ay axmaq?  
Gülgəz təəccüblə Şahnaz xanıma baxdı: 
– Boy, ay xanım, bəs, onlar bizim hökumətimizdi də!.. Bizimkilərdi!.. 

Yenə  də  həmin təkcə lampa işığı idi və  həmin təkcə lampa işığının altında, 
indi Şahnaz xanımla Gülgəz üz-üzə oturmuşdu. 
Hər tərəfə cansıxıcı bir sakitlik çökmüşdü və bu sakitlik içində, ancaq pəncərə 
şüşəsini döyəcləyən yağışın səsi gəlirdi. 
Çöldə bir yağış yağırdı ki, tut ucundan qalx göyə. 
Gülgəz: 
– Vallah, ay xanım, – dedi. – Heç gözüm alışmır e sənin bu görkəminə... 
Şahnaz xanım da, Gülgəz kimi, əyninə qulluqçu paltarı geymişdi. 
Şahnaz xanım bu sözlərdən, elə bil, pərt oldu və elə bil, bu sözlər  Şahnaz 
xanımı daha da sıxdı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə