Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   105   106   107   108   109   110   111   112   ...   145

 
257
Sabir kimi, Mirzə  Cəlil kimi əhli-qələm kənd camaatını yoldan sapdırıb 
bizim əleyhimizə qaldırır. Üzr istəyirəm, Böyük, amma siz ziyalı bəylər də ağzınıza 
su alıb susursunuz... 
Böyük bəy fikirli-fikirli: 
– Fəxrəndə xanım, – dedi. – Mərhum Mirzə  Ələkbər də, Mirzə  Cəlil də 
qiymətli adamlardı. Əgər onlar Avropada olsaydılar, bu saat kürreyi-ərz onların hər 
bir kəlamını qızıla tutmuşdu. 
– Zadəganları, ruhaniləri ələ saldıqlarına görə? 
– Yox, – millətin tərəqqisinə çalışdıqlarına görə. Mən özüm də millətin 
inkişafı  naminə avamlığın, cəhalətin, acgözlüyün qamçılanması tərəfdarıyam... Mən 
millətimizin cəsur oğulları ilə  fəxr edirəm. Parisdə Qarabağ atlıları  cıdıra çıxanda 
bütün əhli-şəhər onların tamaşasına dururdu. Gözəl firəng xanımları onların üstünə 
gül-çiçək yağdırırdı... Ancaq burası da bir həqiqətdi ki, bütün ölkələrdə olduğu kimi, 
bizim kənd əhlində də nankorluq var... Nə qədər güzəştə getsən, deyəcək ki, azdı. 
– Məsələ də bundadı, Böyük... Üzr istəyirəm səndən, amma bir az yumşaqsan 
sən, evdə də, çöldə də... 
Bu vaxt Gülgəz malikanənin ikinci mərtəbəsindəki eyvana çıxıb onları səslədi: 
– Xanım, çay hazırdı. 
Böyük bəy: 
– Gedək içəri, – dedi. 

Gecənin qaranlığı idi, hər tərəfə  dərin sükut çökmüşdü və yalnız harda isə 
Isaq-Musaq quşu aramla səslənirdi. 
Böyük bəyin malikanəsi də yuxu içində idi. 
Şahnaz otağından çıxıb qaranlıqda əli, ayağı bir şeyə ilişməsin deyə, ehtiyatla 
yeriyə-yeriyə birinci mərtəbəyə düşdü və burda onu gözləyən Gülgəzə  pıçıltı ilə 
dedi: 
– Pəncərəni aç, bu tavakababları itlərə at ki, başları qarışsın. 
Gülgəz boşqabı Şahnazdan alıb: 
– Boy, bir belə tavakababın hamısını itlərə atım? – dedi. 
Şahnaz eyni pıçıltı ilə: 
– At! – dedi. 
Və bu zaman qulluqçular otağında yatmış Gözəl arvad, yerdən salınmış 
yorğan-döşəyin içində vurnuxdu, gözlərini açıb bir müddət həyət pəncərəsinə tərəf 
baxdı, bir şey hiss eləməyib yenə də gözlərini yumdu. 
Gülgəz isə tavakababları bir-bir pəncərədən atırdı. 
Böyük bəyin həyət itləri yeməyin üstünə tökülüşmüşdü. 
Şahnaz o biri əlindəki boğçanı Gülgəzə verdi, özü qabağa düşdü: 
– Gedək. 
Gülgəz əlindəki boğçanın vəznini yoxlayırmış kimi bir-iki dəfə silkələdi, sonra 
heyrətlə pıçıldadı: 
– Xanım, bu boyda ev-eşikdən elə bu boğçanı götürürsən, vəssalam? 
Şahnaz acıqlı-acıqlı: 
– Çərənnəmə, – dedi. – Sus-s... gedək. 


 
258
Gülgəz malikanədən çıxıb bağçada  Şahnazın ardınca gedə-gedə  hıçqırmağa 
başladı. Şahnaz geri çevrilib: 
– Niyə ağlayırsan? – soruşdu. 
Gülgəz: 
– Mən sənsiz burda necə qalacağam, xanım? – dedi. – Bundan sonra dərdimi-
sərimi kimə deyəcəyəm, kimlə danışıb güləcəyəm? Məni də apar özünlə. 
– O sonranın işidi. Gedək. 
Şahnaz qabağa düşüb kola-kosa ilişməsin, səs-küy salmasın deyə ehtiyatla 
addımlayırdı  və bu vaxt Gözəl arvad öz otağında yenə ayıldı, taybatay açılmış 
pəncərədən itlərin hənirtisinə qulaq asdı, nə fikirləşdisə, hövlnak ayağa qalxdı,  şal 
götürüb gecə köynəyinin üstündən çiyninə saldı və otaqdan çıxdı. 
Səmənd ürgə Böyük bəy imarətinin daş hasarı qabağında başını  aşağı salıb 
dinməz dayanmışdı, elə bil, uzun səfərqabağı dincini alırdı və at birdən qulaqlarını 
şəklədi, başını yuxarı qaldırdı və bu zaman qızlar darvazanın bala qapısından eşiyə 
çıxdılar. Nicat əlində tutduğu cilovu dalınca dartıb qızlara yaxınlaşdı, boğçanı 
Gülgəzdən alıb, yəhərdən asdı və Gülgəz yenə də hıçqırdı. Şahnaz: 
– Uşaq olma, ay qız, – dedi. – Qoy bir az keçsin, xəlvətcə dalınca bir adam 
yollayacam. 
Nicat: 
– Yolçu yolda gərək, – dedi. 
Şahnaz bu aysız-ulduzsuz gecə qaranlığında Nicatın gözlərinin içinə baxdı və 
daha bu baxışın sahibi, elə bil, başa düşmüşdü ki, söhbət firəng romanından yox, 
ölümdən gedir. 
Nicat sol ayağını üzəngiyə basıb səmənd ürgənin üstünə atıldı, sonra əyilib 
Şahnazın belindən yapışdı və qızı bir göz qırpımında tərkinə aldı və səmənd ürgə də 
elə bu himə bəndmiş kimi yerindən götürüldü. Gülgəzin içini çəkə-çəkə pıçıldaması 
uzaqlaşan at nalının səsinə qarışdı: 
– Yaxşı yol, a xanım!.. Xoşbəxt olasız, qoşa qarıyasız!..  
Sonra Gülgəz başqa bir səs də eşitdi, çönüb darvazadan həyətə tərəf boylandı 
və qız yerində donub qaldı: qaranlıqda bir çıraq işığı sürətlə darvazaya yaxınlaşırdı. 
Fəxrəndə xanım  əlində  çıraq tutub qabaqda, Gözəl arvad da onun dalınca 
gəlirdilər və Fəxrəndə xanım darvazadan eşiyə çıxıb, Gülgəzi görəndə birinci sualı 
bu oldu: 
– Burda nə qayırırsan, qız? Niyə ağlayırsan?  
Gülgəz heç bilmədi ki, ağzını necə açdı: 
– Allah ölənlərinə  rəhmət eləsin, xanım, qoca nənəm yadıma düşüb, məni 
yaman çox istəyirdi, indi istəməsin... – Və qız bu dəfə səsini içinə salmayıb zırhazır 
ağlamağa başladı. 
Fəxrəndə xanım: 
– Axmağın biri! – dedi. – Qoca nənən gecənin bu vaxtı niyə yadına düşüb? 
Bəs eşiyə niyə  çıxmısan? Təksən burda? – Əlindəki lampanı qaldırıb o tərəf-bu 
tərəfə baxdı. – Təksən, soruşuram? – Gülgəzdən cavab gəlməsə də, elə bil Fəxrəndə 
xanım hər şeyi başa düşdü. – Bəs Şahnaz hardadı? 
Gülgəz içini çəkə-çəkə: 
– Bilmirəm, xanım, – dedi. – Nənəmin canı üçün heç nədən xəbərim yoxdu!.. 


 
259
Və qız bu sözləri elə dedi ki, daha Fəxrəndə xanımın şəkk-şübhəsi qalmadı ki, 
nəsə bir iş var bu işin içində, qulluqçunun saçından yapışıb bərk-bərk dartdı  və 
darta-darta da: 
– Xəbərin var, ləçər! – dedi  və qızın üzünə bir sillə vurdu, sonra yenə saçını 
elə dartdı ki,  Gülgəzin başı silkələndi, haray-həşiri aləmi başına götürdü. 
Böyük bəy təngnəfəs darvazadan çölə çıxdı: 
– Nə olub? Nə hay-küydü? 
Fəxrəndə xanımın halı özündə deyildi, hirs-küdurətdən elə bil ki, heç kimi 
tanımırdı, heç kimi görmürdü və  ərinə  məhəl qoymayıb yenə qulluqçunun sifətinə 
bir sillə vurdu: 
– Hardadı Şahnaz? 
Gülgəz hönkürə-hönkürə: 
– Getdilər... – dedi. 
Fəxrəndə xanım qızın saçlarını buraxdı. Ərinə sarı çönüb: 
– Qız o gədəyə qoşulub qaçıb, Böyük! – dedi. 
Araya bir anlıq sükut çökdü, sonra Böyük bəy birdən özünə  gəlib, təpiklə 
darvazanın bala qapısını vurub açdı və imarətinə tərəf qaça-qaça qışqırdı: 
– Qüdrət! Qüdrət! 
Qüdrət hay-küyə yuxudan oyanmışdı,  əyin-başını düymələyə-düymələyə 
imarətdən çıxıb onlara tərəf qaçırdı, ağasının səsinə hay verdi: 
– Bəli, ağa! Nə olub? 
Böyük bəy özünə yer tapa bilmirdi, hirsindən dili topuq çalırdı  və hövlnak 
yuxudan oyanıb həyətə tökülüşən nökər-qulluqçular yəqin ki, ağalarını belə hirsli-
hiddətli görməmişdilər. 
Böyük bəy qışqırdı: 
– Tez gədələri oyat, atlansınlar! Mənim də atımı  yəhərləyin! Tez! 
Tüfənglənin! 
Fəxrəndə xanım da əlindəki çıraqla ətrafı işıqlandıra-işıqlandıra: 
– Qüdrət! – qışqırdı. – Qüdrət, Yunis bəyi çağır! Yunis bəy də atlansın! – 
Sonra Fəxrəndə xanım güclə özünü yetirib ayı kimi ağına-bozuna baxmadan kolun-
kosun içindən keçən, ağacların qol-budağını  sındıran Böyük bəyin  ətəyindən 
yapışdı. – Sən getmə, Böyük, sən dayan! Gədə qovmaq sənə yaraşmaz! Sakit ol, 
Yunis bəy o it oğlunun ölüsünü, ya dirisini sürükləyib gətirəcək bura!.. 
...Və bu dəm səmənd ürgə  də, səmənd ürgənin belindəki iki nəfər də o hay-
küydən xəbərsiz sıldırım qayaların, sal daşların arası ilə  Şuşadan üzüaşağı, arana 
çapırdı  və bu dəm bu zülmət qaranlıqda bir işıq kimi o gözəl mahnı da onlarla 
birlikdə çapırdı: 
 
Aman ovçu, vurma məni, 
Mən bu dağın maralıyam... 
Yaralıyam, yaralıyam, 
Mən bu dağın maralıyam. 
 
Səmənd ürgə eniş-yoxuşa düşəndə, hərdən Şahnazın səsi qırılırdı, at belində 
yırğalandıqca, səsi titrəyirdi, amma mahnısını oxuyurdu, iki əlilə də Nicatın 
belindən yapışıb, üzünü onun geniş kürəyinə sıxmışdı və qızın saçları elə şivə qarası 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə