Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   101   102   103   104   105   106   107   108   ...   145

 
245
AMAN OVÇU, VURMA MƏNI...
 
 
İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» 
pyesinin motivləri əsasında yazılmışdır. 
 
 
 
 
 
 
 


 
246
BİRİNCİ HİSSƏ 

Şərqə karvan çəkən buludlar altından Topxana meşəsi görünürdü və bu dəm 
bu meşə sakitliyində elə bil ki, əsrlərdən keçib gələn bir mahnının sədaları eşidilirdi: 
 
Deyirlər Qarabağ bir cənnət imiş, 
Bəslərmiş qoynunda mələklərini. 
Məndə qüdrət hanı qələm çalmağa, 
Tərif eləməyə ancaq birini. 
 
Və elə bil ki, bu dəm sədası meşəyə yayılmış bu mahnını kimsə bir nəfər 
oxumurdu, elə bil ki, bu mahnı Topxana meşəsinin mahnısı idi; elə bil ki, bu qollu-
budaqlı  ağaclar, bu kol-kos, bu sıldırım qayalar həmin mahnının sədalarını 
gözləyirdi, həmin mahnının dediklərini bəyənirdi, təsdiq edirdi. 
Bu mahnının sədaları bu cavan qırqovulu da sehrləmişdi və quş böyürtkən 
kolunun yanında dayanıb, heç nədən çəkinmədən, elə bil ki, yazın bu çağında, günün 
bu günorta vaxtında təbiətdən pis bir şey gözləmədən, həmin mahnıya qulaq asırdı. 
Nicatın altındakı  səmənd ürgə  də bu dəm səssiz-səmirsiz yerində dayanıb 
başını yuxarı qaldırmışdı və elə bil ki, karvan-karvan şərqə axıb gedən ağ buludlara 
baxırdı. 
Bu ağ bulud karvanlarında, bu qoca palıdda, bütün Topxana meşəsində bu dəm 
bir əbədilik var idi. 
Nicat birdən-birə böyürtkən kolunun yanındakı qırqovulu gördü və o saat da 
cavan oğlanın ovçu təbiəti oyandı, üzənginin üstündə ayağa qalxıb,  əlini yuxarı 
uzatdı, palıddan bir qoza qırıb qırqovula tərəf atdı  və atmağıyla da atın yalındakı 
tüfəngi götürüb sinəsinə sıxmağı bir oldu. 
Qırqovul ürküb göyə qalxdı. 
Nicat döşünə sıxdığı tüfəngi qırqovulun tuşuyla fırladı və bu zaman qəfil bir 
güllə  səsi Topxana meşəsinin sakitliyini tamam darmadağın elədi və bir göz 
qırpımında qırqovulun qanadları yanına düşdü, quş bir daş parçası olub yerə dəydi. 
Nicat əvvəlcə tüfəngə baxdı və elə bil təəccüb etdi ki, bu tüfəng öz-özünə necə 
açıldı, sonra qaya başında dayanmış atlını gördü və hirs onu boğdu. 
Səmənd ürgə sahibinə sataşıb ovunu ovlayan atlıya tərəf götürüldü və sıldırım 
qayaları qalxan səmənd ürgənin ayaqlarının altından qopan çınqıllar aşağıya – əyri-
üyrü yarğan boyu qıvrıla-qıvrıla axıb gedən və gün altında gümüş kimi parıldayan 
Daşaltı çayına töküldü. 
Solaxay Həsənalı atın yüyənini dartdı  və  sıldırım qayanın başında dayanmış 
kəhər at şahə qalxdı; Solaxay Həsənalı yüyəni sağ əli ilə tutmuşdu, sol əlində tüfəng 
var idi. 
Səmənd ürgə altdakı qayadan yuxarı çıxdı və Nicat yalnız indi atasını tanıdı, 
oğlanın tar simi kimi tarım çəkilmiş əsəbləri elə bil birdən-birə süstəldi: 
– Mən də deyirəm kimdi belə, ovuma güllə atır?.. 
Solaxay Həsənalı: 
– Əlin iti deyil, gözün iti olsun barı, – dedi və Nicata tərəf çapdı. – Ovçunun 
ki, ovunu vurdular, demək hələ ovçu deyil. 


 
247
Nicat pərt oldu yaman, özünü güclə saxladı ki, artıq-əskik söz deməsin və 
onun bu vəziyyətini Solaxay Həsənalı da hiss etdi. 
– Amma hirsdə-hikkədə, söz götürməməkdə Güzdəkli Bayandurun nəvəsisən. 
– Sonra kişi gülümsədi və onun sərt sifətindən bir mehribanlıq ötüb-keçdi...  
– Əslində elə Solaxay Həsənalı da sizə çəkib... 
Səmənd ürgə ilə kəhər at birgə addımladı. 
– Get qırqovulu götür, – dedi Solaxay Həsənalı. 
– Mən vurmamışam ki, mən götürüm, – dedi Nicat. 
Solaxay Həsənalı Topxana meşəsinə tərəf baxdı: 
– Onsuz da, Böyük bəyin süfrəsinə qırqovul lazımdı. Bir qırqovul yerinə ikisi 
hayıf olmasın. Çap get götür. 
Nicat da çönüb Topxana meşəsinə baxdı və elə bil ki, atasının sözləri ağlına 
batdı.  
Solaxay Həsənalı dedi: 
– Düzdü, adam gərək ağzını  ətə, altını ata öyrətməyə, amma Böyük bəy 
qırqovulsuz keçinmir. 
Nicat yaxşı başa düşürdü ki, atası  nə deyir, amma Solaxay Həsənalı daha 
dolayısıyla yox, elə birbaşa dedi: 
– Sənin tayın deyil Şahnaz. Ona görə yox ki, o bəy qızıdı, bəy bacısıdı, sən 
ovçu oğlu ovçusan. Güzdəkli Bayandur Böyük bəyin atası Cavanşir bəydən  əskik 
adam olmayıb. Bunu bütün Qarabağ bilir. Güzdəkli Bayandurun iyidliyi dastanlarda 
söylənilir. Ona görə  də yox ki, bəylə bostan əkənin tağı çiynində bitər. Sən tağı 
çiynində bitənlərdən deyilsən. Ona görə ki, Solaxay Həsənalının gəlini də  gərək 
mərd olsun, ər gəlin olsun, gecə-gündüz at belində dağları, düzləri gəzməyin qədrini 
bilsin, qiymətini versin... 
– Sən onu tanımırsan... – dedi Nicat. 
Və bu zaman aşağılardan güllə səsi gəldi, hay-küy qopdu. 
Səmənd ürgə ilə kəhər at atışma gələn tərəfə birgə çapdı. 
Bir azdan atışma kəsdi, hay-küy yavaşıyıb yox oldu. Topxana meşəsinə, 
sıldırım qayalara yenə bir sakitlik çökdü və bu sakitliyi yalnız səmənd ürgə ilə kəhər 
atın ayaq səsi pozurdu. 
Solaxay Həsənalı atın yüyənini çəkdi və kəhər at yenə də şahə qalxdı. 
Səmənd ürgə də dayandı. 
Ağacların arasından bir eşşək çıxıb yavaş-yavaş addımlaya-addımlaya onlara 
tərəf gəlirdi. 
Eşşəyin üstündə adam var idi, amma bu adam eşşəyin belində  tərsinə 
oturmuşdu, dalı qabağa idi və onun əl-ayağını  kəndirlə bağlamışdılar, başına da 
qatıq tökmüşdülər. 
Solaxay Həsənalı: 
– Bahadırın işidi, – dedi.  
Nicat: 
– Pristav Mirzə bəydi... – deyə eşşəkdə gələn adamı tanıdı. 
Solaxay Həsənalı gülümsədi və yenə də onun sifətindən bir mehribanlıq ötüb-
keçdi. 
– Bu iki daşın arasında qatığı hardan tapıblar belə? – Solaxay Həsənalı oğluna 
baxdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə