Seçilmiş əsərləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/145
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49028
1   ...   100   101   102   103   104   105   106   107   ...   145

 
242
Fəttah ona yaxınlaşıb: 
– Gir, gir evinə! – dedi. – Sənnik bir iş yoxdu! 
– Qoy görüm kimdi ki, o elə, ceyran südünün qədrini bilmir? 
– Gir evinə, dedim sənə! 
– Yox, a Fəttah dayı, canın üçün gərək görəm kimdi bu səfeh. 
– Dedim ki, gir evinə!.. – Fəttah Cəbinin qolundan tutub darvazalarına sarı 
çəkdi. 
Cəbi onun əlindən dartınıb: 
– Vallah, görüm gərək kimdi o! – dedi. 
Fəttah qızıl saatı Cəbinin ovcuna basdı: 
– Al bunu! – dedi, – Qızıl saatdı, mən tapmışam, səninki olsun. 
– Nədi? Qızıl saatdı? Mənə verirsən bunu, Fəttah dayı? Bu ki, Mirpaşanın 
kababxanasında ikigünlük kefin puludu! 
– Hə, hə, sənə verirəm! Yeri, yeri, get gir evinə! – Fəttah Cəbinin qolundan 
çəkib darvazanın qapısından içəri saldı  və  Cəbi  əlində tutduğu saata baxa-baxa bu 
dəfə vurnuxmadı, təzədən ləzzətlə zümzümə edə-edə  həyətdən keçib pilləkənlə 
ikinci mərtəbəyə qalxdı: 
 
Bülbul bağlarda səs salır: cəh-cəh-cəh! 
Güllərin ətrini alır, bəh-bəh-bəh! 
Musiqi səsi ucalır, cəh-cəh-cəh! 
Gəl, gəl, gözəl yar, sevirəm səni!.. 
 
... Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli ayaq üstə dayanıb, kürkünün 
ətəklərindəki palçığı  təmizləyə-təmizləyə  hələ  də bayaqkı yerində oturub qalmış 
Fəttahdan soruşdu: 
– Elə  səhəri gün aldın Cəbinin başının üstünü? Saatı gizlət dedin, hə? Indi 
xatası var, mən tapmışam, sənə bağışlamışam, amma ölüymüş, kefli deyilmiş yerə 
yıxılan, saat da, deyəsən, onunkudu, hə? Qorxutdun onu yaxşıca? Yaxşı bacarırdın 
bunu... 
Prokuror Dadaşlı əllərini paltosunun cibinə salıb: 
– Bir də mənim kabinetimdəki sobanı yaxşı qalayırdı... – dedi. 
Hamı Fəttahın haqqında keçmiş zamanla danışırdı. 
Mühüm işlər müstəntiqi sözünə davam etdi: 
– Cəbi aparıb saatı verdi Zibaya. Ziba da nəfsini saxlaya bilməyib satmaq istədi. 
Bu yerdə Qurd Cəbrayıl özünü saxlaya bilmədi, iyrənc bir şeymiş kimi, başdan-
ayağacan Zibanı süzüb: 
– Toyuqca da ağlın yoxdu, səfeh qızı, səfeh! – dedi. – Sənin tamahın 
ucbatındandı bütün bu işlər! 
Gündüz Kərimbəyli yenə sözünə davam etdi: 
– Saat gəlib çıxdı bizə. Sən də bildin bunu, Cəbi dedi. Qorxdun yaman. Cəbini 
köhnə dəyirmana çağırdın, ağzından söz qaçmasın deyə, dəyirmanın pəncərəsindən 
bıçaq atıb onun da işini bitirdin... 
Sonra Gündüz Kərimbəyli prokuror Dadaşlıya müraciət etdi: 
– Cəbinin meyiti köhnə dəyirmandadı. 
Və bu sözləri eşidəndə Zibanın gözləri az qaldı böyüyüb hədəqəsindən çıxsın: 


 
243
– Necə? Cəbini? Cəbini öldürdün, a kaftar? – Ziba bu sözləri pıçıldaya-
pıçıldaya dizləri üstə taqətsiz halda yerə çökdü və eləcə də pıçıldaya-pıçıldaya: – Bu 
nə müsibətdi belə  mən düşmüşəm, ay Allah? – deyib Fəttaha sarı tüpürdü. – Tfu 
sənin zatına, a kaftar! Gorbagor olasan səni, a kaftar! Məni də qanıma qəltan eləmək 
istəyirdin? Kimə lazımam mən indi, ay Allah?! 
Mühüm işlər müstəntiqi Zibanın yanından ötüb ağacların arası ilə yavaş-yavaş 
addımlaya-addımlaya buradan uzaqlaşdı. 
Prokuror Dadaşlı Fəttaha baxıb: 
– Dur, kişi, dur gedək, – dedi. 
Fəttah bayaqdan əlində tutduğu diş protezini yenə  ağzına saldı, sonra 
sırıqlısının cibindən qəlyanını  çıxartdı  və güclə ayağa qalxıb ayaqlarını sürüyə-
sürüyə mühüm işlər müstəntiqinin ardınca addımladı; Fəttah on dəqiqənin içində 
qocalıb əldən düşmüşdü. 
Prokuror Dadaşlı onun ardınca gedirdi. Cabbarovla Həsənzadə  də axır ki, 
bayaqdan bəri dayandıqları yerdən tərpəndilər. 
Fəttah Zibanın yanından keçəndə arvad bir göz qırpımında ayağa qalxıb 
ağızdolusu bir lomba Fəttahın üzünə tüpürdü. Fəttah sırıqlısının qoluyla üzünü silib 
Zibaya tərəf baxmadı və bir söz də demədi, elə bil ki, daha dünyanın bütün işlərinə 
biganə idi; sonra cibindən çıxartdığı kibritlə qəlyanını yandırıb tüstülətdi. 
Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli əyilib tapançanı yerdən götürdü və 
bu zaman Fəttah bir dəm tapançaya nəzər salıb rişxəndlə gülümsədi. 
Gözlərini ondan çəkməyən kiçik leytenant Həsənzadə pıçıldadı: 
– Iblisdi! Xalis iblisdi! 
Prokuror Dadaşlı başını geri çevirib: 
– Cavid bilirsən nə deyib? – soruşdu. 
Kiçik leytenant cavab vermədi, çünki Cavidin nə dediyindən xəbərsiz idi və bu 
saat ədəbiyyatla məşğul olmaq halında da deyildi. 
Prokuror Dadaşlı dedi: 
– Belə deyib Cavid: Hər kəsə xain olan insan nədi? Iblis!  
Kiçik leytenant: 
– Dəhşətdir! – dedi. 
Mühüm işlər müstəntiqi qanrılıb kiçik leytenanta baxdı və: 
– Adi cinayət işidir, leytenant! – dedi, sonra gülümsədi. – Əgər cinayətə adi 
demək mümkündürsə... – Sonra da yerdən bir çubuq götürdü və çubuqla cığırı 
basmış xəzəli eşələyə-eşələyə çayın kənarına gəlib çıxdı. 
Çay köpüklənə-köpüklənə axırdı. 
Və topa-topa buludlar da daha günün qabağını almışdı; bir azdan yenə sulu qar 
başlayacaqdı. 
XXI 
Yavaş-yavaş gün batırdı və Gündüz Kərimbəyli portfelini götürüb qonaq evinin 
darvazasından çıxanda Mürşüdlə üzbəüz gəldi. 
Mürşüd ayaq saxlayıb qonağa baxdı. 
Mühüm işlər müstəntiqi uşağın qarşısında dayandı. 
Bir müddət onlar bir-birinə baxdılar. 


 
244
Gündüz Kərimbəyli: 
– Sağ ol, Mürşüd, – dedi. 
Mürşüd cavab vermədi. 
Onlar yenə bir-birinə baxdılar. 
Gündüz Kərimbəyli: 
– Kibrit kağızı göndərəcəyəm sənə, – dedi. 
Mürşüdün gözləri doldu, dodaqları əsə-əsə: 
– Dədəmi buraxdır! – dedi. 
Mühüm işlər müstəntiqi gözlərini Mürşüddən çəkmədi; onun baxışları açıq-
aşkar belə deyirdi ki, sənin nə təqsirin var, evdəki bacılarının, qardaşının nə təqsiri 
var ki, bu dünyada atasız böyüyəsiz? Atanıza sizin nə deyim mən!.. 
Gündüz Kərimbəyli əlini qaldırıb Mürşüdün qıvrım saçlarını qarışdırdı və: 
– Böyüyəndə çox şeyi başa düşəcəksən! – dedi. – Məni də başa düşəcəksən. 
Sonra asta addımlarla uzaqlaşdı... 
... Və daha sonra qatar qar basmış meşənin səssizliyini poza-poza getdi.      
 
1975. 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə