248
Nicat:
– Bahadır özüylə götürüb yəqin. Mirzə bəy döşünə döyürdü ki, Bahadırın
axırına çatacağam Topxana meşəsində.
Eşşək eləcə ağır-ağır gəlib onların yanından ötdü. Solaxay Həsənalı eşşəyə
tərəf işarə eləyib:
– Bunların belə günləri də olur... – dedi.
Eşşək ötəndən sonra üz-gözündən qatıq süzülən Mirzə bəy atlıları gördü və
görməyiylə də o boyda kişinin zır-zır ağlamağı bir oldu:
– Qırdı tökdü hamımızı... – dedi. – Qaçaq Bahadır qırdı tökdü bizi... Nikolay
padşahın ölən günləridi... Gəl, a ovçu, a Solaxay Həsənalı, gəl aç düşür məni, belə
girməyim Şuşaya, mən də bir kişinin oğluyam, a Solaxay...
Solaxay Həsənalı daha eşşəyə tərəf baxmadı, yanında dayanmış Nicata dedi:
– Yeri get aç onu. Biz gördük, bəsdi... – Sonra kəhər atın səmtini çöndərdi və
at çapa-çapa Topxana meşəsində gözdən itdi.
Karvan-karvan buludlar isə elə hey şərqə tərəf axıb gedirdi.
Cıdır düzündə gül gülü çağırırdı, bülbül bülbülü.
Qızlar Məlikşahnəzər kahasının üstündəki çəmənlikdə xalça sərmişdilər.
Şahnaz arxası üstə xalçanın üstündə uzanıb, başını mütəkkəyə qoymuşdu,
əllərini başının altında çarpazlamışdı, göyə baxırdı.
Göy tərtəmiz, buludsuz idi.
Gülgəz döşəkcənin üstündə oturub dizlərini qucaqlamışdı və bu saat bütün
hiss-həyəcanıyla, bütün varlığıyla Cıdır düzünün gül-çiçəyi ilə, dörd bir yanın
təmizliyi, paklığı, saflığı ilə nəfəs alan Şahnazdan fərqli olaraq bu qız deyinməkdən
yorulub-usanmırdı:
– Yaman pis arvaddı Fəxrəndə xanımın gətirdiyi o çörəkçi arvad. Gözəldi adı,
yalançının başına dəyirman daşı! Mən ölüm, bir gözələ bax da, iti bağlasan qalmaz
onnan bir yerdə. – Gülgəz özü öz söylədiklərindən cuşa gəldi, Gözəl arvadı
yamsılamağa başladı: «Nədi, balam, Böyük bəyin bu boyda bağ-bağçası azlıq eləyir
sizə, gedib Cıdır düzündə xalça açırsız?..».
Bir halda ki, Cıdır düzündə bu qədər gül-çiçək vardı, bir halda ki, o beləcə
tərtəmiz idi, göz işlədikcə geniş idi, qurtarmaz idi, dünyanın işləri Şahnaz xanmın
vecinə deyildi; qayğısız-qayğısız və gözlərini də gömgöy göydən çəkməyib soruşdu:
– Yoxsa bir şey duyub, ay qız?
– Nə bilim? – dedi Gülgəz. – Nə bilim, xanım? Pişik kimi şeydi, yerin
yeddinci qatından iy çəkir... – Sonra Gülgəz də başını qaldırıb göyə baxdı. Gülgəz
də gördü ki, göy necə tərtəmizdi, göz işlədikcə necə qurtarmazdı, Gülgəzin də
ürəyinin sarı simi dilə gəldi. – Vallah, xanım, mənim də bəxtim bir gün açılacaq.
Uşaqlıqda o qədər eşşəyə minmişəm ki...
Şahnaz xanım şaqqanaq çəkib güldü və bu saat onun bu gülüşü də bu Cıdır
düzünün, bu tərtəmiz göyün bir hissəsiydi.
Gülgəz dedi:
– Axı, deyirlər qız uşağı eşşəyə minəndə bəxti açılır. Mütləq açılacaq!
Görərsən, xanım! Ölmüşdü Xankişi, mənə nə olub bəyəm? – Gülgəz qoynundan
kiçik bir güzgü çıxarıb üz-gözünə sığal verdi. – Göz məndə, qaş məndə... Boy
məndə – Gülgəz ayağa qalxdı – Intəhası rəngim bir az qaradı... O da keçər. Qoca
nənəm deyirdi ki, qara kişmişi cibə tökərlər, ağ ayranı itə...
249
Və Gülgəz kiçik aynanı qoynunda gizlədə-gizlədə, Şahnaz uzanmış xalçanın
başına fırlana-fırlana, oxuya-oxuya sındırmağa başladı:
Adım Qara qız,
Özüm qara qız.
Eşitmərəm söz...
Gülgəz oxuyub süzdükcə Şahnaz xanım şaqqanaq çəkdi.
Və bu zaman səmənd ürgə Məlikşahnəzər kahasının ağzından burulub yuxarı
çapdı.
Gülgəz qaya başına qaçdı, yoxuşu çapan atlını gördü, qışqıra-qışqıra:
– Gəldi, xanım! – dedi. – Gəldi çıxdı ovçu!..
Şahnaz xanım o saat göylərdən yerə endi, cəld ayağa qalxıb üst-başını düzəltdi
və qaça-qaça qaya başına gəldi.
Nicat qızların yanında cilovu çəkəndə səmənd ürgə qabaq ayaqlarını qoşa
qaldırdı, fınxırıb boynunu dartdı və bu dəm elə bil ki, Nicat Böyük bəyin ovçusu
deyildi, birdən-birə nağıllardan peyda olub Cıdır düzünə gəlmişdi.
Şahnaz xanım:
– Nə olmuşdu, ovçu Pirim, niyə gecikdin? – dedi.
Gülgəz:
– Mən yazıq səhərdən otuz dəfə bura yüyürüb, kahaya boylanmışam, – dedi.
Nicat atdan sıçrayıb:
– Quş tapa bilmirdim, – dedi. – Səhər Topxana meşəsində elə duman idı ki, bir
addım qabağı görmək olmurdu.
Şahnaz oğlanın qolundan tutdu:
– Çıxıb gələydin...
Nicat Gülgəzə baxdı və elə bil ki, başqa adamın yanında, Şahnazın onun
qolundan tutması oğlanı bir balaca karıxdırdı.
Gülgəz dedi:
– Necə gələydi?.. Ay xanım, özün bilirsən ki, Böyük bəy qırqovulsuz plov
yemir.
Nicat Şahnaz xanıma baxıb gülümsədi:
– Deyəsən, axı, bəyin bacısı da qırqovulu az xoşlamır...
Şahnaz xanım da bu hündürboylu, enlikürəkli, şumal oğlana baxdı, belindəki
patrondaşa baxdı və cavan xanımın gözlərində bir qürur duydu. Şahnaz xanım dedi:
– Mən qırqovulu ona görə xoşlayıram ki, gözəldir... Gün işığında hər tükü bir
rəngə çalır. Gözləri yaqut kimi alışıb-yanır.
Nicat zarafat elədi:
– Plovda qırqovul tüksüz, başı da kəsilmiş olur.
Hər zarafatda bir həqiqət var, deyiblər. Şahnaz xanımın gözlərindən ani bir
pərtlik, bir kin gəlib keçdi:
– Sancırsan yenə, ovçu, – dedi və əlini oğlanın qolundan çəkdi.
Bu sözləri, əllərini başının altında çarpazlayıb uzun-uzadı göyə baxan o qız
demədi, bu sözləri Böyük bəyin bacısı Şahnaz xanım dedi.
Gülgəz birdən-birə bilmədi ki, nə eləsin, gah saçına sığal vurdu, kah əynini-
ətəyini hamarladı.
250
Nicat ucundan tutub ucuzluğuna getmədi, səmənd ürgənin o biri tərəfinə
keçib, atın yalına bağladığı böyürtkənli uzun sünbülü götürdü – böyürtkənlər bir-bir
muncuq kimi səliqə ilə sünbülün samanına keçirilmişdi – və oğlan böyürtkən
düzülmüş sünbülü Şahnaza uzatdı:
– Bu sizin, – dedi. – Sənlə Gülgəzin.
Şahnaz xanım bircə anın içində yenə dəyişdi:
– Sənin kimi ceyranı gözündən vuran bir oğlanın, bax, beləcə səliqəsini
görəndə az qalır ürəyim dağa dönsün, istəyirəm səni... – Şahnaz xanım sözünü
demədi, qulluqçu qıza baxdı. – Gülgəz, aşpaz sənə basdırma üçün kəklikotu
tapşırmadı?
Gülgəz:
– Hə, yadıma düşdü, xanım, – dedi. – Mən qaçdım kəklikotu yığmağa...
Adım Qaraqız,
Özüm qara qız,
Eşitmərəm söz...
Gülgəz oxuya-oxuya kəklikotu yığmağa qaçdı.
II
Nicat səmənd ürgənin cilovunu buraxdı və at elə bil ki, çoxdan belə bir əmin-
amanlığın həsrətindəymiş kimi, başını aşağı salıb yavaş-yavaş otlamağa başladı.
Şahnaz xanımla Nicat çəmənlikdə salınmış xalçaya tərəf gəldilər və qız gələ-
gələ də soruşdu:
– Bir de görüm beş gün idi hara yox olmuşdun?
Nicat:
– Bakıya getmişdim... – dedi.
– Xeyir ola?
– Bir dostum var orda, onun yanına getmişdim.
– Nəçidi?
– Mədəndə işləyir.
– Axır vaxtlar yaman tez-tez gedirsən Bakıya, – dedi Şahnaz xanım və sövq-
təbii bir narahatlıqla oğlana baxdı.
Nicat söhbəti dəyişdi:
– Sənin üçün darıxmışdım yaman.
– Doğrudan? – Şahnaz xanım sidq-ürəkdən sevindi. – Darıxmışdın mənimçün?
Heç bilirsən mən nə fikirləşmişəm? Dünən bir roman oxuyurdum, firəng dilindədi,
Böyük Parisdən gətirtdirib. Oğlan gecə xəlvətcə qızgilin bağına girir. Bağbanın
nərdivanını pəncərənin qabağına qoyub qalxır sevgilisinin otağına...
Nicat maraqla:
– Sonra? – soruşdu.
– Nə sonra? Sonra da balqabaq!
Nicat güldü:
– Bunu niyə danışırsan ki?
Dostları ilə paylaş: |