Seçilmiş əsərləri



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə181/184
tarix01.07.2018
ölçüsü3,11 Mb.
#52645
1   ...   176   177   178   179   180   181   182   183   184

 

413


Bakıda keçirdiyimiz böyük ədəbi məclisdə bir nəfər nadan və cahil ayağa 

qalxıb, necə deyərlər, gözlərini yumub, ağzını açıb, böhtanlar söyləyirdi; bu 

böhtanları o qədər ürəkdən, o qədər həyəcanla deyirdi ki, xitabət kürsüsünə 

sığışmırdı, bütün ətrafa ağzından tüpürcək səpələnirdi, kinli gözləri, az qala, 

pırtlayıb hədəqəsindən çıxacaqdı. 

Mən yerimdə oturub ağzı köpüklənə-köpüklənə böhtanlar söyləyən, naqis, paxıl, 

acgöz hisslərdən ilham və qüvvət alan bu adama baxırdım və birdən-birə  mən 

goreşənləri xatırladım. 

Goreşənlər, deyilənə görə, murdar heyvanlardı, çox pis iy verirlər, cəsəd 

yeməklə dolanırlar. 

Amma... amma goreşənlərin də bütün canlılar kimi yaşamaq istəyi var, onların 

da yəqin öz mehribanlıqları, öz əzizləmələri, ağrıları, problemləri var və 

goreşənlərin də balaları var. 

Ağzı-gözü zalda əyləşənlərin çoxunun nifrətinə, ikrahına bulaşmış bu adama 

mənim yazığım gəldi: o da yaşamaq istəyir, onun da arzuları var və onun da balaları, 

əzizləri var. 

Mənim indi də ona yazığım gəldi. 

Bu bürkülü Moskva gecəsinin havasızlığı, ürək sıxıntısı, nəfəssizliyi onu mənim 

yadıma salmışdı  və dünyanın böhtanlarından, dünyanın  əyri işlərindən, iyrənc 

hisslərindən xəbər verən sifəti yenə gözlərimin qabağına gəldi və  mən bu gecə 

qaranlığında onun kinli, qəzəbli gözlərinə baxa-baxa: «–Yazıq sənə...» – fikirləşdim. 

Və  qəribə idi, ürəyimdə o adamı yavaş-yavaş bağışlayırdım, onun sifətinin 

indiyə qədər mənim üçün iyrənc cizgiləri elə bil ki, gecənin qaranlığında əriyib yox 

olurdu, ömrümdə görmədiyim uşaqlarını yadıma salırdım («yadıma salırdım» ifadəsi 

burada yerinə düşürmü? o uşaqlar elə bil, gözəgörünməz varlıqlar idi və  mən o 

varlıqları «görürdüm»...) və elə bil ki, o adama da o uşaqların gözü ilə baxırdım... 

Sonra isə daha qəribə bir hadisə baş verdi: mən onun gözləri ilə özümə baxdım... 

Sonra elə bil ki, tamam unutduğum,  əlçatmaz, ünyetməz bir keçmişdə qalmış 

xatirələr baş qaldırdı və o xatirələrin o adamla heç bir əlaqəsi yox idi: o xatirələrdə 

mən yaxşı idim, mən pis idim, mən gülünc idim, mən qorxunc idim... Sonra o 

bürkülü Moskva gecəsinin o havasızlığı içində birdən-birə bir qəbiristanlıq soyuğu 

duydum, haqq dünyasına köçmüş qohumlar, dostlar, tanışlar bir-bir gəlib gözümün 

önündən keçdi və dünyasını dəyişmiş o rəhmətliklərlə birlikdə: «– Yazıq bizə...» – 

fikirləşdim. 



30 iyun 1981.  

Moskva. 

 

 

 

QARATOYUQLAR 

 

Həyətimizdə bir armud ağacı var idi. Meyvələri hələ kal idi, amma vaxtından 



əvvəl yetişmiş tək-tük armud hərdən yerə düşürdü. 

Mən həyətdə, böyük alma ağacının altında həmişəki yerimdə oturub gün 

çıxandan gün batana qədər «Mahmud və Məryəm» romanını yazırdım. 

Bir gün gördüm ki, bir ana qaratoyuq, iki də balası – uçub gəlib həmin armud 

ağacının dibində yerə qondu. Bala qaratoyuqlar böyümüşdü, amma hələ tamam 

qaralmamışdılar, lələkləri boz idi. 




 

414


Ana qaratoyuq bayaq həyətin səssizliyi içində qəfil bir tappıltıyla yerə düşmüş 

armudu dimdikləyib yeməyə başladı  və ana qaratoyuq hər dəfə armuda dimdik 

vuranda böyümüş balaları balaca cücə kimi ağızlarını geniş açırdılar, analarından 

yemək istəyirdilər. Ana qaratoyuq başını qaldırıb onlara baxırdı, sonra yenə armudu 

dimdikləyirdi. 

Bala qaratoyuqlar ağızlarını eləcə açıb civildəyə-civildəyə analarından yemək 

istəyirdi, anaları isə, onların ağzına heç nə qoymurdu. 

Mən başa düşdüm ki, ana qaratoyuq balalarına yemək dərsi verir, dimdikləmək 

öyrədirdi. 

Ana qaratoyuq bir armud yedi, sonra ikinci armudu yedi, sonra üçüncü armudu 

yedi, amma balaları armuda dimdik vurmurdu, ağızlarını açıb analarından yemək 

istəyirdi. 

Ana qaratoyuq armudu dimdikləyir, balalarına baxır, təzədən armudu 

dimdikləyir, təzədən balalarına baxırdı. 

Ananın cidd-cəhdindən, açıq-aşkar təhrikindən heç nə çıxmadı, balalar armuda 

dimdik vurmadı. 

Qaratoyuqlar uçub getdi və  mən yazı makinasının arxasında yenidən Səfəvilər 

dövrünə qayıtdım. 

Sabahkı gün həmin ana qaratoyuq balaları ilə uçub yenə o armud ağacının 

dibinə qondu. Ana qaratoyuq yenə armud dimdikləyib yeməyə başladı, bala 

qaratoyuqlar isə yenə var gücləri ilə  ağızlarını geniş açıb haray-həşirlə civildəyə-

civildəyə analarından yemək istəyirdilər. Ana qaratoyuq yəqin ki, balalarını 

şirnikləndirməkdən ötrü hərəsinin ağzına dəymiş armuddan bir dimdik qoydu. 

Bundan sonra bala qaratoyuqlar az qalırdılar ağızlarını  cırsınlar – o qədər yekə 

açırdılar və daha artıq civildəyə-civildəyə dünyadan şikayət edirdilər. Ana qaratoyuq 

daha onlara heç nə vermədi və hər dimdikdən sonra balalarına baxa-baxa bu gün də 

üç armud yedi. 

Dörd gün beləcə davam etdi. 

Nəhayət, beşinci gün bala qaratoyuqlardan biri yerdəki yetişmiş armuda bir 

dimdik vurdu. Bundan sonra o biri bala qaratoyuq da diqqətlə gah armuda, gah da 

ona baxıb armuda dimdik vurdu və ikisi də daha dayanmadı, acgözlüklə armudu 

dimdikləyə-dimdikləyə yeməyə başladı. Ana qaratoyuq uçub armud ağacının aşağı 

budağına qondu. 

Bala qaratoyuqlar yerdəki armudu dimdikləyir, tez-tez də başlarını qaldırıb 

budaqdakı analarına baxırdı. Ana qaratoyuq isə başını yana çevirirdi. Yəqin bu üç 

gündə o qədər armud yemişdi ki, indi armuda tərəf baxa da bilmirdi. 

Balalar əvvəlcə ikisi bir armud, sonra da hərəsi bir armud yedi. 

Sonra o qaratoyuqlar uçub getdi. 

Sonrakı günlər mən daha ana qaratoyuğu görmədim. Hərdənbir bala 

qaratoyuqlar uçub gəlib armud ağacının dibinə qonurdu və o armuddan doyunca 

yeyib təzədən uçub gedirdi. 

 

29 iyul 1981.  

Talıstan kəndi. 

 

 



 

 


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə