Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

Bakının özündə də pis yaşayırıq - yalnız yazıçılar ittifaqında, evdə, fəhlə 
ailələrində, mədənlərdə çox az oluruq və fəhlələrin həyatını öyrənmirik”. 
 
Oktyabr, 1974 
 
 
BEŞ GÜNLÜK QONAQ 
(Sənədli hekayə) 
 
Onlar Ağsu aşırımına çatdılar. Günəş qüruba enirdi. Tikanlıqlar arasından 
uzanan yol qıvrıla-qıvrıla Lənkəbiz dağlarının yaxası boyunca qalxırdı. Maşın bir 
neçə döngəni burulub yenə sağa dönmək istəyəndə Səməd Vurğun başı ilə işarə  
elədi. Aleksandr Fadeyev yerində dikəlib aşağı baxdıq. Dərənin girəcəyində abad 
rayon mərkəzini görüb: 
- Gözəldir, - dedi, əlini ehmalca sürücünün çiyninə toxundurdu: - Andrey, 
saxla, Andrey. 
...Sürücüdən başqa hər üçü düşüb lap yaxındakı cır armud ağacının yanında 
dayandılar. Səməd Vurğun üfüqlərə qədər uzanıb gedən çöldən, sapsarı saralan 
qürub günəşindən gözlərini ayırmadan yavaşca yerə oturdu. Elə bil ilahi bir 
gözəllik qarşısında səcdə edirdi. Fadeyev papirosunu sümürüb atdı. Onun ağ 
saçları həmişəgülər sifətini az qala tamam örtmüşdu. Oynaq, mavi gözlərini çiyin-
çiyinə vermiş dağlardan ayırmır, duruşundan və baxışından hiss olunurdu ki, kefi 
saz, damağı da çağdır. Özünü qonaq yox, ev yiyəsi kimi aparırdı. Zirvəsi qarlı, 
yaxası kölgəli, günəşli dağlara baxıb incə, nazik səslə: 
 
Dağlarının başı qardır, 
Ağ örpəyin buludlardır. 
Böyük bir keçmişin vardır, 
Bilinməyir yaşın sənin, 
Nələr çəkmiş başın sənin!.. 
 
 
Kimindir bu gözəl şer, kimin? - deyib aşağı əyildi, Sevinc dolu ürəklə 
dostunu qucaqladı: - Səməd, şairsən, doğrudan da, böyük şairsən. Sənin gözəl 
şerlərin poeziya kəhkəşanında parlaq ulduz kimi şəfəq saçır. Biz hələ şəxsən tanış 
deyilik, amma Səməd Vurğun şerlərinin məftunu idim. Səninlə dost olduğumu 
fikirləşəndə özümü bəxtiyar sanıram, fəqət dördgöz Mircəfər Bağırov kimisi sənin 
qədrini bilməz. 
- Saşa, sən allah, belə gözəl təbiətin qoynunda hər yetəni xatırlama. Qoy bu 
ilahi gözəlliyə doyunca baxaq. Hələ bir sağa dön, mənim əsərimin qəhrəmanı 
Talıstan dağlarının füsunkar gözəlliyini burdan seyr elə. Bu torpağın sıx   
ormanlarından, yalçın qayalarından sərkərdə Cavanşirim güc alıb. - Sonra köks 
ötürüb dedi: - Azərbaycan xalqının şərəfli keçmişi var və o, ən qədim, ən mədəni 
xalqlar sırasına daxildir. Azərbaycan mədəniyyəti tarixin ayrı-ayrı mərhələlərində 
bütün Şərqdə ən qabaqcıl, ən mütərəqqi mədəniyyət olmuşdur... Alim və 


tarixçilərimizin əzəmətli xalqımız haqqında, onun çoxəsrlik mədəniyyəti və 
qəhrəmanlıq tarixi haqqında gur səslə danışmalarının vaxtı çatmışdır. 
 
Arif istər məni qansın, 
Tarixçilər qoy utansın! 
Yazılmamış tariximiz, 
Tarixsizmi yarandıq biz?! 
 
Aleksandr Fadeyev baxışlarını füsunkar təbiətdən ayırıb geri qanrıldı, qəmli-
qəmli dostuna baxıb: 
- Düz deyirsən, Səməd, - bizim tarixçilərin günahı çoxdu, - dedi. - Belə bir 
ulu ölkəni onlar dünyaya məhz qədim tarixi ilə tanıtmalıdırlar. Qoy bütün 
bəşəriyyət bilsin ki, yer üzündə belə bir ölkə var, onun da cənnətə bənzər təbiəti, 
bir də fəxr etməli ulu, qədim tarixi... Mənim əvəzsiz dostum, sən gözəl demisən ki, 
hər torpağın öz eşqi, hər millətin öz adı var. 
İki addım aralıda qarağat kolunun yanında duran Mehdi Hüseyn gülümsünüb 
geri döndü: 
 
“Mənim təbiətə bir sualım var: 
Ölərmi bunları görən sənətkar?!”. 
 
Səməd Vurğun qarşısındakı bir görümlük Vətən təbiətinin füsunkar 
gözəlliyini nəzərlərilə süzür və daxilən sevinirdi ki, onu dostu A.Fadeyevə də 
göstərmək imkanı ələ düşüb. Duman güneyin yamacı boyu yuxarılara - zirvələrə 
can atır. Gah çınqıllı yalı, gah da xırda meşəliyi yalayıb keçirdi. Üzüaşağı dərələrin 
dibi ilə qıvrıla-qıvrıla axıb gedən xırdaca çay suları ağarırdı. Aşağıda, üfüqlərə 
qədər görünməz olan Şirvan düzündə ala-tala herik qaralır, kövşənlər isə qızılı 
rəngdə bərq vururdu. 
A.Fadeyev bütün ağırlığı ilə ağaca söykənmişdi.  
- Burda doğulsaydım, mən də şair olardım, - dedi, - dönüb Səmədə qıyqacı 
baxdı. - Əsrarəngiz təbiətin gözəl şair oğlu. Mən indi bildim ki, səni bizə kim bəxş 
edib. - Aşağı əyilib şair dostunun çiyinlərini qucaqladı. 
Səməd Vurğun əlini torpağın üstünə qoydu. 
- Otur, qardaş, otur, - dedi, - torpağa məhəbbətini bildirmək üçün onu gərək 
sığıllayasan, - deyəsən bu günkü səfərimiz təriflə başlayıb. Məni elə hey 
tərifləyirsən. 
- Səməd, yadından çıxmayıb ki, sən mənə “gülüstan” adlandırdığın Muğanı 
göstərməyi də söz vermisən? 
- Hə, yadımdadır, Saşa, hər şey yadımdadır, ancaq o tamam başqa səmtdədir. 
Bura onun qardaşı Şirvandır, şerli Şirvan. Bu obanın nəhəng şairlərini sən yaxşı 
tanıyırsan. Fələki Şirvanini, Əfzələddin Xaqanini, Seyid Əzimi, Sabiri. Amma 
birini tanımırsan, ədəbiyyat tarixində adı az çəkilir, az da şerləri qalıb. Bir vaxt 
qəddar Nadir şah Şamaxını yandırıb, əhalisini zorla Ağsuya köçürtdürüb. Onda 
Zülali adlı şair qurbətdə sürgündə imiş. Qayıdıb görür ki, doğma yurdu Şamaxı 


yerlə-yeksan edilib. Bu gördüyün Ağsuyun ətrafı bataqlıq imiş, ağcaqanadlar 
camaata göz verib, işıq vermirmiş. Əsəbiləşən şair yana-yana deyir: 
 
Qürbətdə deyərdik ki, Zülali-vətənim var, 
Ensin gözünə qarə su, Ağsu vətən oldu! 
 
Bu Şirvan camaatı belədi, qardaşım, onların danışığı da şernəndi. 
Nəşəli üzünə kədər kölgəsi qonan Fadeyev: - yazıq kişi, - dedi, - gör nə 
böyük umidlə, sevinclə qayıdıbmış, amma nə görüb. 
- Bura baxın, - deyib onlara yaxınlaşan Mehdi Hüseyn əlini təzə-tər ot 
üstundə gəzdirdi. - Bunun hamısı yağışın gücüdür. Son vaxtlar çox yağarlıq keçir. 
- Eh, Mehdi, adam lap məst olur, buralara baxdıqca yadıma doğma Sibir 
düşür. Cavan vaxtı, partizanlıqda o qədər belə göy ot üstündə şirin-şirin mürgü 
vurmuşam ki... - Fadeyevin mavi oynaq gözləri güldü. Əlini sarışın saçlarında 
gəzdirib ayağa durdu. - Səməd, gəlsənə tonqal qalayıb, gecəni burda keçirək. 
- Yox, əzizim Saşa, qayıdanda. İndi bizi gözləyirlər, hələ Yevlaxda da 
dayanmalı olacağıq, yolçu yolda gərək. 
- Dayan, Səməd, dayan, bu təravətli havanı qoyub hara gedirik. Qoy bu 
yüksəkdən günəşin batmasını da görək. Gör günəş, burdan necə də yaxın görünür, 
ilahi. Kim bilir, bəlkə bir də qismət olmadı... 
Səməd Vurğun ayağa durmuşdu. Qartal baxışlarını dumanlı-çiskinli 
dağlardan, tarlası bol günəşli Şirvandan ayırmadan sağ əlini irəli uzadıb fəxrlə: 
- Saşa, - dedi, - bax, bu mənim vətənimin hələ bir parçasıdır. Onun 
gözəlliyini özün görürsən. İndi özün şahidsən ki, günəşli Azərbaycan deyəndə biz 
boş yerə öyünmürük. 
Cığırla bir neçə addım aşağı enən Fadeyev uşaq kimi sevinib qollarını geniş 
açdı, üzünü dağlara tərəf tutdu: 
- Ehey, he, hey... ulu dağlar! - dayanıb əks-səda verən səsini dinlədi. Geriyə 
dönüb hədsiz bir sevinclə Mehdi Hüseynə, Səməd Vurğuna   baxdı. - 
Eşidirsinizmi, qardaşlar, eşidirsinizmi? Bax sonra deməyin ki, Aleksandr Fadeyev 
Azərbaycanda yoxdu, mən həmişəlik qaldım burda. Mən də Odlar yurdunun od 
oğlu oldum. Fikir ver, Mehdi, elə bil təbiətdə bir bayram ruhu var, əsl bayram 
təntənəsi, dağların, çöllərin üzü gülür. Hava gör neçə də safdır. 
- Bayramdı, bəli, bayramdı. Tarix boyu Azərbaycan təbiəti dost gəlişini 
bayram edib. O yadından çıxartmayıb ki, indi 1951-ci il, dekabrın ilk günləridir, 
Fadeyevin əlli yaşına lap az qalıb, təbiət oyanıb təbrik üçün söz istəyir. 
Fadeyev utancaqlıqla gülə-gülə: 
- Səməd, deyirsən yəni bu təntənə mənə görədir, - dedi, - üzünü dərəli-təpəli 
vadiyə tərəf tutdu, - sağ ol, ana təbiət, sağ ol... - Səs yenə əks-səda verdi. Sanki 
torpaq sinədolusu nəfəs alıb, cavab qaytardı. Tənha armud ağacının saralan 
yarpaqları sərin dağ mehindən yerə səpələndi. Dikdirdəki sünbüllü otlar üzü ustə 
əyildi. Səməd Vurğun çiyninə qonan saralmış bir yarpağı götürüb kədərlə: 
- Ömrü az olan məxluq, - deyib fikirli-fikirli ona baxdı... 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə