163
qarşısındakı talvarın altından çıxıb ona tərəf qaçan it Raufu fikirdən ayırdı. İt onu tanımışdı,
quyruğunu bulayırdı. Rauf keçən son həftə ərzində burda özünü çox səxavətli aparmışdı və
heyvanxanada keşik çəkən bütün itləri sevindirmişdi. Özünü yaxşı apardığına görə Rauf ona bir
parça kolbasa verib fil damına yaxınlaşdı.
Ayaqları yoğun zəncirlərlə beton döşəmədəki halqalara bağlanmış nəhəng fil onunçün ayrılmış
darısqal damı büsbütün tutmuşdu, tərpənməyə yer yox idi. Fil yatmamışdı, xırda, bic gözlərini
qəfil peyda olmuş gecə qonağına zilləmişdi, maraqla ona baxırdı. Bu, əlbəttə, Raufu əsla açmadı,
çünki ağlına gəldi ki, elə filin yerlisi – kərgədan da gecənin bu vaxtı ayıq ola bilər. Bu fikir 318
mövhumatçı ağciyər adamın təyyarəyə minən yerdə tək səbir gətirməsi kimi bir şey idi.
Yağış artıq kəsmişdi, amma nə yaxşı ki, külək dayanmamışdı.
Külək Rauf üçün lap göydəndüşmə idi; ağacları, kolları, qəfəslərin dəmir damlarını tərpədir,
müxtəlif səslər çıxarırdı. O, hovuzların yanından keçəndə begemotları görmədi, amma dəqiq
bilirdi ki, onlar hələ burdadırlar – iri, məməli heyvanları gələn həftə köçürəcəkdilər.
Nəhayət, Rauf axtardığı qəfəsə çatdı. İt də onun dalınca gəlmişdi bura. Kərgədan yerində idi. O,
qaranlıqda daş heykələ oxşayırdı; ayaq üstə necə durmuşdusa, eləcə də yatmışdı və astadan
xoruldayırdı. Rauf, səs çıxmasın deyə çox ehtiyatla çamadanı açdı və iki hissəyə ayırıb qoyduğu
tüfəngini tez-tələsik yığdı. Sonra o, gödəkcəsinin cibindən yuxu ampulaları ilə doldurulmuş
patronları çıxarıb lülələrin ağzına verdi. Rauf çox sakit, arxayın görürdü işini, amma görünür, hər
halda, bir balaca həyəcan da keçirirmiş, çünki kolbasanın artığını çamadana qoymağı yadından
çıxarmışdı, yol yoldaşı onu da yeyirdi. Rauf isə bu vaxt artıq tüfəngini qaldırıb kərgədanı nişan
almışdı, gözləyirdi ki, külək bir az da güclənsin, sonra çaxmağı çəksin, amma son anda
qayınatasının sözü yadına düşdü – kişi yaralı kərgədanın yaman təhlükəli olduğunu söyləyirdi,
ona görə də o saat sağ əli ilə qəfəsin yoğun dəmir çubuqlarını və içəri açılan qapısını yoxladı,
arxayın olandan sonra ki, hər şey qaydasındadır, bir az dikəlib iki güllənin ikisini də boşaltdı
kərgədanın yumşaq yerinə. Güllələrin səsi çox bərk çıxmadı, elə bil uşaq tapançasından atəş
açılmışdı. İt yüngülcə səksənib təəccüblə Raufa tərəf baxdı ki, yəni bu nə partıltıdır, gecə vaxtı
salmısan?! Amma kərgədan dik atıldı yerindən, bərkdən xoruldaya-xoruldaya başladı qəfəsdə
hərlənməyə. O, buynuzlu başını aşağı əymişdi, elə bil ona güllə vurmuş düşməni döşəmənin
altında idi, onu axtarırdı. Vaxt çox ləng gedirdi, kərgədan isə hey hərlənir, qəfəsin içində nə
vardısa altını üstünə çevirirdi.
Qəfildən hürməyə başlayan itin səsindən Rauf bərk səksəndi. İt quduzlaşmışdı, başını qəfəsin
dəmir çubuqları arasından içəri soxub, gah vəhşi heyvanın üstünə hürür, gah da zingildəyirdi.
İti sakitləşdirmək mümkün deyildi. Rauf əvvəlcə muşqurdu, sonra fit çalıb çağırdı, amma axırda
əlacsız qalıb özünü birtəhər ələ aldı, iyrənə-iyrənə olsa da, onu tumarlamağa başladı və yaş
tüklərin altında itin bədəninin necə titrədiyini hiss elədi. Bu titrəyiş o saat Raufun özünə də
keçdi. Birdən başladığı kimi, it birdən də kəsdi səsini, durduğu vəziyyətdəcə donub qaldı. O,
gözlərini yerə çökən cəmdəkdən ayıra bilmirdi. Kərgədan yavaş-yavaş qatlanmış qıçlarının
üstünə düşdü. Bu vəziyyətdə başını yırğalaya-yırğalaya bir müddət oturdu, sonra müvazinətini
itirib böyrü üstə yıxıldı.
Rauf isə vaxt itirmədən tüfəngi yerə qoydu, çamadandan mişarı götürüb, dolanaraq, tez-tələsik
“Quşlar aləmi” pavilyonuna tərəf qaçdı. Bu tikilinin sakinləri artıq üç gün idi ki, şəhərin o biri
başındakı cah-cəlallı qəşəng mənzillərində kef çəkirdilər. Xidməti işlərə görə qoyulmuş balaca
qapı, gözlənildiyi kimi, bağlı idi, amma bu, Raufun kefini qətiyyən pozmadı. O, əlini məftil
torun altından soxub cəftəni tapdı və onu qaldırdı. Qapını arxasınca örtməyə macal tapmamış, it
cəld onun dalınca girdi içəri. Rauf inamla pavilyonun bu başından o başına kəsəsinə vurub keçdi
164
və dal divardakı pəncərələrdən birinin qabağında dayandı. Bu pəncərə kərgədanın malikanəsinə
açılırdı, amma çox hündürdə idi, döşəmədən pəncərə altına qədər azı metr yarım olardı.
Rauf skamyanı pəncərənin altına çəkib, üstünə çıxdı, dəmir şəbəkəli tayları açdı. Pəncərədən
baxanda kərgədanın yalnız başı görünürdü; özü kolların arxasında qalmışdı. Amma elə onun
başına baxanda da aydın olurdu ki, binəva heyvan əvvəlki kimi sakitcə uzanıb və “şirin”
yuxudadır.
Ağıl bomboş idi; kərgədanın özündən və onun daşdan yonulmuş yem təknəsindən savayı orda
heç nə yox idi. Ona görə də Rauf ağıla
düşməzdən əvvəl, geri qayıtmaq üçün tədbir görmək
qərarına gəldi, çünki ayağının altına bir şey tapıb qoymasaydı, pəncərəyə qalxmaq çətin
olacaqdı. Uzağa getmək lazım deyildi, pəncərədən üç-dörd metr aralı divarın yanında böyük bir
taxta yeşik var idi, elə bu onun karına gələ bilərdi. Amma Rauf skamyadan düşüb, yeşiyə
yaxınlaşanda gördü ki, onun içində nə isə var və bu “nə isə”, demə, quş imiş; özünü gecələməyə
veribmiş bura. Pavilyondakı yeganə lampanın zəif işığında Rauf eşələnməyə başlayan bu quşun
növünü o saat müəyyən eləyə bilmədi, ona görə də balaca səs eşidən kimi dərhal iki-üç addım
geri, təhlükəsiz yerə çəkildi və əlindəki mişarı irəli tutub həyəcan içində gözləməyə başladı. Bu
vaxt yeşiyin için- 320 dən narazı halda qaqqıldaya-qaqqıldaya qəribə iri bir quş çıxdı; o, uzun
dimdikli hind xoruzu boyda olardı. Amma bədəninə yapışmış narın tüklü balaca qanadları və
lümək quyruğu onu daha çox adi cücəyə oxşadırdı. Di gəl ki, xasiyyəti cücə xasiyyəti deyildi. İt
qaçıb onun üstünə atılmaq istəyəndə, o, dəqiqə, nişan almadan itin burnuna bir dimdik vurdu və
cəld öz taxta yuvasına tərəf getdi.
Amma Rauf onu qabaqladı, yeşiyi götürüb mişarla bir yerdə ağıla atdı və sonra özü onların
dalınca pəncərədən aşdı. O, qarşısında iri tabaq boyda bir sifət gördü, ehtiyatla bu sifətin
yanından keçib arxadan kərgədana yaxınlaşdı. Küləyin səsinə baxmayaraq, onun xorultusu aydın
eşidilirdi. Rauf işə başlamazdan əvvəl, yeşiyi pəncərənin altında divara söykədi və onun üstünə
çıxandan sonra əmin oldu ki, əgər kərgədan vaxtından qabaq ayılarsa, qaçıb aradan çıxa bilər.
Hə, indi işə başlamaq olardı, amma Rauf heç cür özünü səfərbər eləyə bilmirdi. Bir də saatına
baxdı, gördü ki, qiymətli dəqiqələr durmadan ötüb keçir. Nəhayət, özünü birtəhər məcbur eləyib,
əli ilə buynuza toxundu: əvvəlcə qorxa-qorxa barmaqlarının ucunu vurdu, sonra cürətə gəlib,
hətta tumarladı da. Amma bu, onun cürətinin son həddi oldu, bundan o yana kişiliyi çatmadı ki,
yatmış heyvanın içində gərilib durmuş qəzəbin vahiməsindən çıxsın. Onda Rauf ağlı köməyə
çağırdı – nəyin, hansı gözəl məqsədin naminə bura gəldiyini xatırlamağa özünü məcbur etdi.
Sonra qayınatası ilə ova getməklərini yaddaşında təzələdi: yuxu güllələri ilə yatırılmış maralların
və çöl donuzlarının necə uzun müddət ayıla bilməmələri gəlib gözünün qabağında durdu.
Bundan sonra ürəyinin qətiyyətli, güclü səsi ilə özünü, öz kişilik ləyaqətini və dözümünü
bütünlüklə, son qətrəsinə kimi bərpa eləməyə çağırdı. Ürəyi yavaş-yavaş toxtamağa başlamışdı
və Rauf da mişarı qaldırıb buynuzun üstünə qoymuşdu, amma elə bu vaxt onun gərgin əsəbləri
yerindən oynadı və o, çığırıb yerindən dik atıldı: hardansa yuxarıdan kərgədanın cəmdəyinin
üstünə şappıltı ilə qara yumaq kimi bir şey düşdü, elə o dəqiqəcə belindən üzüaşağı, Raufa tərəf
yuvarlandı. İtin o hündürlükdə pəncərədən atıla biləcəyi, həmçinin bu bədheybət qıllı yumağın
da məhz it olduğu ona bir az sonra çatdı: qəfəsin təzə qonağı canfəşanlıqla kərgədanı iyləməkdə
idi. Rauf isə yerindəcə donub qalmışdı, key-key baxır, amma heç nə görmürdü.
Qəribədir ki, itin qəfil gəlişi onu ürəkləndirdi; çünki it zərblə kərgədanın üstünə düşdüsə də,
kərgədan nə yuxudan ayıldı, nə də xoruldamağını kəsdi, deməli, kərgədan
div yuxusuna getmişdi
və hər cüzi şeydən ötrü ayılan deyildi. Hələ üstəlik də it özünü çox saymazyana aparırdı. Elə bil
qabağındakı kərgədan yox, küçük idi.
Rauf bütün bunları məmnuniyyətlə müşahidə edəndən sonra cəsarətlə mişarı əlinə aldı.
Təcrübəsizlikdənmi, ya buynuzun son dərəcə möhkəm olmağındanmı, əvvəlcə bir şey alınmadı –