293
deyə cavab verməsin. Həm də bu, gəlişigözəl söz demək xatirinə
verilən cavab deyil, zəhmətkeş azərbaycanlının ürək sözüdür, onun
geniş qəlbinin təcəssümüdür. Azərbaycanlılara görə, “evin yaraşığı
uşaq” olduğu kimi, “süfrənin yaraşığı da qonaqdır”. “Qonaq sevənin
süfrəsi boş olmaz”, “Qonaqsız ev uğursuz olur” və s. (65, 40).
Təsadüfi deyildir ki, nağıllarımızda xeyir qüvvənin təmsilçiləri
xeyirxah, səxavətli, yoxsullara əl tutub kömək edən adamlar sayılır.
Əbəs yerə deyilməyib ki, “mərd igidlər süfrə açar, ad alar” (66,
182). Bu barədə Molla Vəli Vidadi belə yazır:
Səxavət olmayan kəsdə şücayət feli-nadirdir.
Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm
(38, 388).
Molla Pənah Vaqif isə belə deyir:
Sən gəldin, nur doldu evə otağa,
Gəldiyin yollara canım sadağa,
Durub qurban olmaq sən tək qonağa
Nuşdur canımıza, qurban olduğum (38, 415).
Koroğlu dastanında deyilir ki, Koroğlu bir qarının qapısını dö-
yüb, gecə onu qonaq saxlamasını xahiş edir. Qarı da “qonaq Allah
qonağıdı”, - deyir (67, 188). Koroğlunun özü isə qonağı barədə
“Qonaq ki, var, mənim əzizim, iki gözümdü”, - söyləyir (67, 243).
Dastanda xanın qurduğu məclisin təsviri isə belə verilir: “Elə ki,
xan üzrxahlığını elədi, yemək-içmək başlandı, saqi girdi məclisə.
Ələmqulu xan dəlilərə burada bir qonaqlıq verdi, bir qonaqlıq verdi
ki, nə deyim. Yedilər, içdilər, çalğıçılar çaldı, oxuyanlar oxudu,
gecədən də bir az keçmiş məclis dağıldı” (67, 268. Koroğlu:
Çənlibeldə köçüm, qonum,
Atlasdan biçilər donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola!.. – deyir (67, 274).
294
Yuxarıdakı misralarda dərin köklərə malik olan qonaqpərvərlik
öz parlaq ifadəsini tapmışdır. Göründüyü kimi, məişətdə həlledici
rol oynayan qonaqpərvərlik adəti görk səciyyəsi daşımır, yaşam
tərzinin bir parçası kimi, arzuolunan bir hal kimi təqdir edilir. Bu
adətin yaranması cəmiyyətin özünün tələbatı ilə baş vermiş, məhz
bu zəmində də müəyyən qaydalar formalaşmışdır.
Toponimlərlə bağlı rəvayətlərdə də qonaqpərvərliyin izləri öz
təzahürünü tapmışdır. Məsələn, Şuşa adı ilə bağlı maraqlı bir rəva-
yət vardır. Belə ki, “vaxtilə Pənah xan Bərdə xanına qonaq gəlir.
Bərdə xanı möhtərəm qonağın rəğbətini qazanmaq üçün onun şərə-
finə ov təşkil edir. Onlar Qarabağın tərifli atlarını minib nökərləri,
tazıları ilə yaxındakı uca dağlara, sıx meşələrə ova çıxırlar. Bu dağ-
lardan ətrafı seyr edən Pənah xan heyran qalıb öz-özünə deyir: “Bu
nə gözəl yerdir. Nə gözəl, aydın, saf havası var. Elə bil şüşədəndir.
Uzaqdan hər şey ayna kimi görsənir. Burada hər-həlbət gözəl bir
şəhər salmaq lazımdır” (66, 46). Qarabağın yüksək yerində Şuşa
şəhəri belə salınır.
Xalqlar, o cümlədən insanlar arasında dağılmaz körpü salan qo-
naqpərvərlik adəti haqqında dastanlarımızda xeyli məlumat vardır.
Burada xalqın bütün təbəqələrinə (həm yuxarı, həm də aşağı) məx-
sus olan mehmannəvazlıq öz əksini tapmışdır. Dövrün hadisələrini
əks etdirməklə yanaşı, xalqın real həyat tərzi ilə səsləşən dastan-
larımızda xeyirxah hisslər, vətənpərvərlik, azadlıq uğrunda müba-
rizə duyğuları ilə yanaşı, qonaqpərvərlik adəti də tərənnüm olunur.
Məsələn, “Tahir-Zöhrə” dastanında deyilir: “-Anasını çağırıb dedi: -
Mən qoyunu arxaca yığıb gələnə kimi sən xörəyi hazır elə. Gərək
elə eyləyəsən ki, bizim əziz qonağımız inciməyə. Arvad o saat
xörəyi bişirib dəmə qoydu... qarı qalxıb əlüstü süfrə salıb, xörəyi
qablara çəkdi, gətirib ortaya qoydu” (68, 49). Bu sözlər xüsusən
bacarıqlı qadınların üzərinə düşən öhdəliyin layiqincə yerinə
yetirilməsinə bir işarədir.
“Aşıq Qərib” dastanında da Qərib Xacənin evində qonaq qalar-
kən onun üçün tədarük görüldüyü qeyd edilir və göstərilir ki, “Qərib
295
sözünü tamam etdi, qonaqlar yeyib-içdikdən sonra hərə öz mən-
zilinə getdi. Qərib üçün Xacə yer salıb otaqların birində onu rahat
etdi” (68, 175,178). Burada uzaq diyardan gələn və gəldiyi yerdə
heç bir qohum-əqrəbası olmadığı halda hörmətlə qəbul edilən aşıq-
dan söhbət gedir. El-oba dolaşaraq oymaq-oymaq gəzib saz-söhbəti
ilə məclislərə yaraşıq verən saz ustaları - aşıqlar və şairlərin yara-
dıcılığını mahnılarda yaşadan xanəndələr ziyafətlərin əvəzsiz
iştirakçılarına çevrilirdilər. Bu bir həqiqətdir ki, bir-birini tamam-
layaraq məclisi rövnəqləndirən musiqiçilər və öz ifaları ilə ruhu
oxşayan aşıqlar qonaqlar üçün böyük zövq mənbəyi olurdular. Bu
da xalqımızda qonağı hərtərəfli razı salmaq meylinin son dərəcə
qüvvətli olduğundan xəbər verir.
“Qurbani” dastanında qonağa münasibətə dair nəsihətamiz məs-
ləhətlər elə dolğun təsvir edilmişdir ki, bütövlükdə böyüklərin
kiçiklərə verdiyi öyüd kimi səslənir.
Sən nüdrətən bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur!
Dindirəndə mərifətdən xəbər ver,
Görən desin qardaşımdan yaxşıdır.
Dəllək Murad, bir vaxt gələr qonağın,
Ona məsrəf olar dügilə yağın,
Bircə gülər üzün, açıq qabağın,
Şirin dilin hamısından yaxşıdır (68, 203).
Bu ibrətamiz kəlamlarda qonaqlıqda ədəb-ərkan qaydalarına
riayət etməyin örnəyi verilir. Dastanlarımızda qonaqpərvərlik adəti
gündəlik yaşam tərzinin bir parçası və icrası mütləq zərurət tələb
edən keyfiyyət kimi ön plana çıxır. Bu adət eyni zamanda sadə
adamların münasibəti, tərbiyəsi kimi işıqlandırılır.
“Məhəmməd-Güləndam” dastanında isə belə bir məqam var:
Canımın yiyəsi, ay gözüm nənə,
Qonağın könlünü xoş gəldin söyər.
Dostları ilə paylaş: |