Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

 
39 
Bütün  eqoistlərə  xas  olan  qaydadan  yenə  əl  çəkmirdim.  Öz 
fikirlərimi onun adına yazırdım, öz hisslərimi onunkulaşdırıb, guya mənə 
vurulduğunu  xatırlatmaq  istəyirdim.  Bəlkə  də  mən  yanılırdım,  başqaları 
kimi  mənə  də  olan  xoş  münasibətini  təcrübəsizliyimin,  həm  də 
ambitsiyalarımın  ucbatından  özümə  sərf  edən  qaydada  yozmağa, 
uydurduğum  dəlillərlə  öz  arzuladığım  cəhətləri  möhkəmləndirməyə 
çalışırdım. 
Yəqin ki, bu çoxlarına xasdır, yaxşı olan nə varsa özünə aid etmək. 
Bu  fikirlərin  təsiri  altında  Əminə  ilə  birdəfəlik  vidalaşmağa  haqq 
qazandırır,  özümü  az  qala  müdriklik  zirvəsinə  qaldırırdım.  Dante 
vurulduğu  Beaatriça  ilə  görüşməkdən  qaçdığı  kimi,  mən  də  ondan 
uzaqlaşmağı bir igidlik hesab edirdim. Şairin heç olmasa bir təsəllisi var 
idi: Beatriçanı vəsf etməyi özünün xoşbəxtlik mənbəyi sayırdı. Məndə isə 
belə  bir  istedad,  ilham  yox  idi.  Bu  saxta  müdriklik,  qorxaqlıq  adlanmalı 
olan  igidlik  mənə  çox  baha  başa  gəldi.  Ağlıma  da  gətirə  bilməzdim  ki, 
həyatda bədbəxtliklər və onlardan azacıq da olsa azad olma bir-birini əvəz 
etsə  də,  gəncliyimdə  yaranan  bu  hiss  heç  vaxt  məni  tərk  etməyəcəkdir, 
döyüşdən  sinəsindəki  qəlpə  ilə  qayıdan  və  ömrü  boyu  onun  ağrısını  hiss 
edən əsgər kimi mən illər keçsə də ölçüsünü dəyişməyən, pas atmayan yad 
cismi ürəyimdə gəzdirəcək, fasilə verməyən qəlb sızıltıları onun varlığını 
daimi xatırladacaqdı. Bir şeyi anlamağa başladım ki, mən onu olduğu kimi 
dərk  etmişdim,  başa  düşməmişdim.  Dahi  Rafaelin  gözəl  ifadəsinə  görə, 
başa düşmək bərabər olmaq deməkdir, deməli mən ona bərabər deyildim. 
Həyatda  sonralar  nəyəsə  nail  oldum,  müəyyən  hörmət  qazandım, 
lakin  zaman  keçdikcə  bunların  hamısının  ötəri  olduğunu,  elə  bir  ciddi 
əhəmiyyət  kəsb  etmədiyini  anladım,  gəncliyimdə  itirdiyimin  dərdi  isə 
zaman  keçdikcə  qar  topası  kimi  böyüyüb  həyat  fəlsəfəmə,  xoşbəxtlik 
barədəki  düşüncələrimə  öz  təsirini  göstərməmiş  qalmadı.  Mənə  belə 
gəlirdi  ki,  bu  maddi  olan  nəyinsə,  qiymətli,  əvəzedilməyən  bir  şeyin 
itirilməsi  olmayıb,  varlığımın  bir  hissəsinin,  ruhumun  canlılığının  yoxa 
çıxması,  qeybə  çəkilməsidir.  Bu  itki  dünyamın  kasıblaşmasına,  ruhumun 
miskinləşməsinə,  bəsitləşməsinə  səbəb  olmuşdur.  Artıq  mən  ruhən  tam 
sağlam deyiləm, çünki könlümə, ürəyimə dəyən bir ağır zərbə nəinki izsiz 
qalmadı,  addımbaşı  özünü  hiss  etdirməklə  bu  yaranın,  bu  çapığın  dərin 
olduğunu  yada  saldı,  onun  heç  vaxt  qaysaq  bağlamayacağını, 
sağalmayacağını  bildirməklə  mənəvi  qüvvələrimi  zəiflətdi,  daha  dəqiq 
deyilsə, əlil etdi. Əvvəllər güman edirdim ki, təbiətin qəddarlığı duyğusu 


 
40 
zəlzələ  və  ya  digər  təbii  fəlakətlər  vaxtı  baş  verir,  çünki  onları  ram  edə 
bilmirsən, gücsüzlüyünü görməli, etiraf etməli olursan. İndi bu qəddarlığı 
başqa  şəkildə  görürdüm,  onun  vurduğu  zərbə  mənim  gözümdə  heç  də 
stixiyanın gətirdiyi bəladan az qorxulu deyildi. 
Lakin  mən  artıq  bu  məşum  qərarı  vermişdim,  indi  onun  zəmisinin 
zəhərli məhsulunu biçməliydim. Mən göyərən, çiçək açmağa, bar verməyə 
tələsən,  bunun  üçün  günəşə  tərəf  boy  atan  görpə  ağacı  kökündən 
kəsmişdim.  Bəzən  beynimdən  təkcə  bir  ümid  dalğası  keçirdi  ki,  İerixon 
qızıl  gülü  kimi  bu  ağac  da  illər  keçdikdən  sonra  yenə  pöhrə  verməyə 
başlayacaq, diriləcəkdir. İvan Buninin yazdığına görə, yəhudilərin İerixon 
qızıl  gülü  adlanan  bir  kolları  vardır,  onun  tikanlı  budaqları  kəsildikdən 
sonra  quruyur  və  illər  keçdikdən  sonra  bu  çöpü  suya  qoyduqda  onlar 
canlanmağa,  həyata  qayıtmağa  başlayır.  Bəlkə  də  həmin  bitkidə  belə  bir 
qüdrət vardır. Mən isə bu ağacı təkcə kəsməklə kifayətlənməmişdim, onu 
bir dəfəlik qəbirə gömmüşdüm. Öz əlinlə basdırdığın ölü bir daha dirilib, 
yanına  qayıda  bilməz.  Mən  möcüzələrə  çox  inanmaq  istəsəm  də,  buna 
bənzərinin meydana gələcəyini heç ağlıma da gətirə bilməzdim. 
Onu da deyim ki, bəziləri sevginin, eşqin ləzzətindən dəm vurur, can 
həzzlərini,  şəhvəti  ön  plana  çəməklə,  həmin  məhəbbətin  qiymətini, 
dəyərini  azaltmış  olurlar.  Mənim  aləmimdə  platonik  məhəbbət  daha 
yüksəkdir.  Axı  nə  Dante  Beatriça  ilə,  nə  Petrarka  Laura  ilə  yaxınlıq 
etməmişdilər,  lakin  onlar  bu  qadınlara  olan  hisslərini  təkcə  qoruyub 
saxlamamış,  həm  də  qeyri-adi,  məftunluqdan  yaranan  poetik  ifadələrlə 
vəsf  etmişdilər.  Bu  məhəbbətlərin  güzgüsündə  intim  yaxınlıq  deyil,  ilahi 
hisslər  əks  olunur,  öz  müqəddəs  təsvirini  tapır.  Heç  Məcnunla  Leylinin 
sevgisində  də  sevincdən,  şadlıqdan  xəbər  verən  bir  ana  rast  gəlinmir, 
Romeo  ilə  Culyetta  isə  bir  gecənin  şirinliyindən  daha  çox  öz  ilahi 
hisslərinin təsiri altında biri digəri olmadan yaşamağın mümkünsüzlüyünə 
inam  bəslədiklərinə  görə  belə  fədəkarlıq  göstərdilər,  bəkarət  çiçəyi,  bunu 
lap qədim  romalıların dili  ilə  dedim,  defloratio virginitatis,  qoparıldıqdan 
az  sonra  həyatla,  dünya  ilə  vidalaşdılar.  Onların  çox  gənc  ikən  həyatdan 
getmələri  qəmgin  hisslər  yaratsa  da,  bu  iki  yeniyetmə  əslində  məhəbbət 
adlanan  ilahi  varlığın  ölümsüzlük,  ədəbilik  himnini  yazdılar,  məhəbbətin 
heç  vaxt  ölməyəcəyinə  həsr  olunan  şərqini  əsrlər  boyu  oxumaqda  davam 
etdilər. 
Mən indi platonik, mücərrəd, şəhvət qarışığından kənar məhəbbətin 
daşıyıcısına çevrildim, daha doğrusu, ömrüm boyu bu ağır yükü daşımağa 


 
41 
hazır  idim.  Bunu  cəzaya  məhkum  edilmiş  Sizifin  əzablarına  bənzətmək 
olardı.  Sizif  daşı  təpənin  zirvəsinə  sürüyüb  çıxardanda,  daş  aşağı 
yuvarlanır,  o  taqətdən  düşə-düşə  allahların  hökmünə  uğun  olaraq  eyni 
cansıxıcı  işi  təkrar-təkrar  görürdü.  Onun  üçün  kiçik  də  olsa  bir  təsəlli 
əlaməti,  azacıq  da  olsa  sevinc  mənbəyi  qalırdı.  O,  daşı  təpəyə  çıxarmağı 
bacarırdı, bu hansı əzablarla başa gəlsə də, bununla öyünə bilərdi. Mənim 
üçün  isə  öyünüləsi  heç  nə  yox  idi,  əksinə  mən  özümü  xoşbəxtlikdən 
məhrum  etmişdim,  öz  ürəyimi  ardı-arası  kəsilməyən  ağrılara  meydan 
etmişdim,  əvəzində  isə  Sizifdən  fərqli  olaraq  heç  təpənin  yamacına  da 
yaxınlaşa bilməmişdim. Biz Əminə ilə daim söz mübadiləsi etmişdik. Çox 
vaxt elə bir məna yükü daşımadığından onlardan da heç bir iz qalmamışdı. 
Axırıncı  söhbətimiz  də  mənim  ucbatımdan  uğursuz  alınmışdı.  Mən  bir 
daha  öz  cılızlığımı,  miskinliyimi  nümayiş  etdirmişdim.  Belə  məcraya 
yönələn söhbətin digər iştirakçısı da həmin axınla hərəkət etməyə məcbur 
olur.  Ona  görə  də  biz  daha  çox  bir-birimizə  eyham  vurmağa  girişdik, 
deyəsən bu sənəti də yazıq Əminə məndən öyrənməyə başlayırdı. 
Bu  məsələdə  məndən  də  pis  xasiyyəti  olan  adamlara  sonralar  çox 
rast  gəldim.  Son  vaxtlar  tanış  olduğum  bir  adam  daim  döyüşdə  ağır 
yaralanmış  və  hospitalda  yatan  əsgər  kimi  ufuldayır,  hər  şeydən 
şikayətlənirdi.  Bu  adamın  dilində  xoş  söz  yara  kimi  nadir  hallarda 
meydana  gəlirdi.  Evdə  arvadı  da,  uşaqları  da  onun  deyinməyindən, 
şikayətlənməyindən, hər şeydən narazı qalmağından zara gəlmişdilər, cana 
doymuşdular.  Daim  irad  tutmaq  üçün  özünə  «təmizkar  adam»  qiyafəsini 
seçmişdi,  aranı  qızışdırmaq,  dava  almaq  üçün  otaqdan  nəsə  pis  iy 
gəldiyini, özü də toz iyinə oxşadığını deyib, haray-həşir salırdı.Ünsiyyətdə 
olduğu  adamlarla  tez-tez  sözləşir,  bəzən  hətta  təhqiramiz  ifadələrə  yol 
verirdi. Yaxşı xasiyyətləri də az deyildi, dost yolunda özünü fəda etməyə 
hazır  idi,  dostluq    etmək  onun  ruhunun  şəraiti  idi.  Ancaq  deyingənliyi, 
söhbətində  hamıya  sataşmaq  meyli,  yersiz  ifadələri  onu  gözdən  salırdı, 
bütün  yaxşı  cəhətlərini  də  yuyub  aparırdı.  Sonradan  müqayisə  etdikdə 
gördüm  ki,  xasiyyətini  bəyənmədiyim,  hərəkətlərini  təqdir  etmədiyim 
adamın qüsurlarınını hamısı olmasa da, bir hisəssi məndə də var imiş və 
Əminə  öz məlahətinə,  təmkininə  uyğun olaraq  mənim kimi yonulmamış, 
diqqətsizliyi  əlverişli  silah  sayan  insanla  da  ünsiyyətdə  olmağı, 
nöqsanlarımı  açıq-aşkar görə-görə onlara dözməyi bacarırmış. 
Bizim  cəmi,  bir-iki  səhifədən  ibarət  olan  və  əslində  maraqsız 
ünsiyyət  kitabımız  beləcə  bağlandı.  Açığını  deyim  ki,  vəsf  etməyə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə