Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/54
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#50523
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

 
118 
qayığı  okeanın  dağıdıcı  gücündən  mühafizə  edən  laqunda  qalmaq 
istəyirdim, lakin gözləmədiyim halda buradan qovuldum və başa düşdüm 
ki, məskunluğum artıq  lazım sayılmır.  
Ancaq  onu  da  etiraf  edim  ki,  üzməyə  də  taqətim  qalmamışdır.  Mən 
buzların arasında qalan gəmi kimi yalnız onların hərəkətinə uyğun olaraq 
dreyf  etməliyəm    və  bu  o  vaxta  qədər  davam  edəcəkdir  ki,  bu  buzlar 
gəminin  korpusunu  əzib  sıradan  çıxartmaqla  onu  birdəfəlik  məhv  etsin. 
İndi  sən  məni  ürək  hərarəti,  sevgi  hiss  etmədiyim  halda  həyat  adlanan 
buzlu  dənizdə  üzməyə  göndərirsən  və  yəqin  sonluğun  nə  ilə 
nəticələnəcəyini  də  yaxşı  bilirsən.  Mən  sənin  barəndə  nə  qədər  haqsız 
fikirlərə  düşsəm  də,  mənə  qarşı  rəhmsiz  olacağına  inanmaq  istəməzdim, 
bunu  ağlıma  da  gətirməzdim.  Lakin  fakt  göz  qabağındadır,  həyatda  məni 
öz  qalxanı  ilə  müdafiə  edən,  məhv  olmaqdan  xilas  edən  insan  indi  məni 
hansı  fəlakətli  səfərə  yola  saldığını  anlamırmı?  Ona  görə  də  hadisələri 
başa  düşməkdə,  təhlil  etməkdə  çətinlik  çəkirəm,  texniki  dillə  desəm, 
mənim dərketmə aparatım da deyəsən xarab olmuşdur, sazlığını itirmişdir. 
Buradan  belə  bir  qənaətə  gəlirdim  ki,  mənim  ruhi  sazlığım  da  Əminədən 
asılı imiş, mən div yox, lap qarışqa olsam da, canım bu şüşədə imiş. Bu 
şüşədə  xırda  çat  əmələ  gəlməsi  isə  məni  məhvə  aparan  yolun  başlanğıc 
nöqtəsi rolunu oynaya bilər. 
İndi mən Əminənin mənim üçün, həyatım üçün nə demək olduğunu 
anladım  və  dərk  etdim,  bir  daha  yəqinlik  tapdım  ki,  o  mənim  üçün  heç 
kəslə  əvəz  olunmayan  alter-ego-dur,  ikinci  «mən»imdir  və  bir  az  dərinə 
getsəm  görürəm  ki,  o,  yoxdursa,  heç  birinci  «mən»  də  yoxdur,  deməli 
bütün  varlığım  ondan  asılıdır.  Çox  götür-qoy  etdikdən  sonra  özümü 
məzəmmət  etməyə  başladım.  Çünki  Əminənin,  hansısa  dini  idarə 
tərəfindən deyil, Tanrının özü tərəfindən verilən indulgensiyası var idi və 
mən bunu pozmağa qadir deyildim. İnsanpərvərlik məsələlərində heç kəs 
onunla  müqayisə  oluna  bilməzdi,  başqa  sözlə  dedikdə,  bu  müstəvidə  o, 
Sezarın arvadı kimi bütün şübhələrdən xali idi. 
Beləliklə, dairə yenə öz başlanğıcına qayıtdı, günahın hamısı mənim 
üstümdə  qaldı  və  indi  ümidimi  yalnız  ona  bağlayırdım  ki,  hökm  çox  sərt 
olmayacaq,  ən  azı  mənim  bacarıqsızlığımı,  həyati  işlərdən  lazımınca  baş 
çıxarmadığımı  nəzərə  alıb,  mənə  azacıq  da  olsa  mərhəmətlə 
yanaşılacaqdır. 
Son  aylarda  biz  görüşmürdük,  adətən  istək  olmayanda  istənilən 
bəhanə köməyə gəlir. Hərdən bir telefonla danışırdıq və onun səsi də mənə 


 
119 
əvvəlki  kimi  doğma  görünmürdü,  hər  sözündə  bir  eyham,  kinayə 
axtarırdım.  Nə  qədər  bayağı  olsa  da,  az  qala  kitablardan  kitablara, 
filmlərdən-filmlərə  keçən:  «məhəbbət  ancaq  ağrı  yaradır»  fikri  tez-tez 
beynimdə dolaşır, belə sağalmaz xəstəliyə mübtəla olduğuma görə özümü 
danlayırdım  və  əvvəldən  yoluna  düşməyən  taleyimə  acıyırdım.  Lakin 
gözlərim  önündə  gəlib  dayanan  Əminənin  obrazı  bu  fikri  də  məndən 
uzaqlaşdırır və mənə təlqin edirdi ki, məhəbbətin nə qədər ağrısı olsa da, o 
arzu ediləndir, dözüləndir, çünki eşq, sevgi  könül qübbəsinə işıq salan ən 
güclü  səma  cisimidir,  günəşdir.  Burada  başqa  ulduzlar  da  mövcud  ola 
bilər. Lakin onların heç biri günəş qədər gur işıq və hərarət verə bilməz və 
həm  də  yadıma  salırdım  ki,  ulduzların  işığında  heç  vaxt  hərarət 
olmur,onlar  da,  ay  da  yalnız  yolçuya  və  dənizçiyə  gecə  səfərində  kömək 
etməyə,  azmaqdan  qorumağa  yarayırlar.  Digər  tərəfdən  düşünürdüm  ki, 
axı  qızıl  gül  də  tikansız  olmur.  Məgər  onu  sevənlər  heç  tikan  barədə 
düşünürlərmi? 
Mən  inanmağa  başlayırdım  ki,  bu  məhəbbət  olmasa,  artıq  dünyada 
yoxam, hətta yaşamaqda davam etsəm də, bu, yalnız kabus varlığı, sadəcə 
mövcudluq  olacaqdı,  dünyadakı  ruhi  və  fiziki  həzzin  heç  birini 
dadmayacaqdım.  Məhəbbət  adlanan  ilahi  qüvvə  yaranmamışdan  əvvəl 
dünyaya  gələn  və  heyvandan  o  qədər  də  fərqlənməyən  ibtidai  insanın 
obrazı gözlərim önünə gəlirdi. Axı ibtidai insan da heyvanlar kimi əsasən 
ot  yeyir,  quru  yerdə  yarpaqları  özünə  yorğan-döşək  etməklə  yatır,  nəsli 
artırmağın  da  qayğısına  qalırdı.  Yalnız  məhəbbət  onları  həqiqi  insana 
çevirdi. Bu hiss həm də onları Allaha yaxınlaşdırdı, Allaha bənzərliklərini 
unutmağa qoymadı. 
Əminə  Tanrının  mənə  göndərdiyi  bir  ömür  payı  idi,  borcum  isə  bu 
qiymətli  hədiyyəni  qoruyub  əzizləmək  idi.  Hətta  elə  cansız  əşyalar  da 
vardır  ki,  onlarla  ehtiyatla  davranmaq,  onların  təyinatını  nəzərə  almaq 
hökmən lazımdır. Bu qaydaya etinasızlıq göstərsən, riayət etməsən həmin 
qiymətli  əşyanı  bir  andaca  itirə  bilərsən.  Zərif  büllur  güldan  çiçəyi,  gülü 
saxlamaq  üçündür,  bu  həm  də  onların  görünüşünə  bir  cazibədarlıq  verir. 
Onun içinə palıd ağacı əkmək fikrinə düşsən, bir az sonra atılacaq köklər 
güldanı  qırıb,  varlığına  xitam  verəcəkdir.  İnsanlar  da  belədir,  onlara 
münasibətdə  ürəyinin,  könlünün  duyumunu,  dərinliyini  nəzərə  almalısan, 
bu  canlı  varlıqlara  sənin  üçün  hansısa  lazım  olan  əmtəəni  istehsal  edən 
dəzgah  kimi  yanaşmamalısan.  İnsan  qəlbinə  nüfuz  etmədən  onu 
qiymətləndirmək  mümkün  deyildir,  sevdiyin  insanın  qəlbinə  bələd 


 
120 
olmasan,  onu  hərtərəfli  öyrənməsən,  aza  bilərsən.  Çox  sayda  səyyahların 
hansısa  bir  xırda  amili,  cəhəti  nəzərə  almamaları  nəticəsində  özlərini  də, 
ekspedisiyalarını  da  ölüm  girdabına  yuvarladıqları  kimi,  uğursuzluğa 
düçar  olarsan.  Deyəsən  mən  özümü  elə  həmin  özündən  razı,  lovğa 
səyyahlar  kimi  aparmışdım,  yaddan  çıxarmışdım  ki,  Ceyms  Kuk  kimi 
nadir ağıl, qabiliyyət və cəsarət sahibi, hansısa yerli oğrunu cəzalandırmaq 
həvəsinə  düşəndə,  Havay  adalarında  həmin  hiddətlənmiş  tuzemlərin 
hücumuna məruz qalaraq həyatını qurban verməli olmuşdu. Ondan az qala 
üç əsr əvvəl Filippin adalarına gəlib çatan və komandası ilə birlikdə yerli 
əhalinin alicənablığı hesabına aclıqdan xilas olan Fernando Magellan Yer 
ətrafına  ilk  dəfə  səyahət  kimi  görünməmiş  ağır  bir  işin  məsuliyyətini  öz 
üzərinə  götürdüyü  halda,  tuzemlərin  yaxşılığının  əvəzi  kimi  münaqişə 
etdikləri  qonşu  adadakı  digər  tayfa  ilə  vuruşmaqda  onlara  kömək  etmək 
xahişini qəbul edib, oraya yollandıqda, bu səhvinin qurbanı oldu və həmin 
düşmən  tayfadan  birinin  zəhərli  nizəsi  ilə  yaralanıb,  əsir  düşdü  və  həlak 
oldu.  Həm  Magellan,  həm  də  Kuk  dünyanın  ən  məşhur  səyyahları, 
dənizçiləri idi və planetin naməlum ərazilərinin kəşfində onlar bəşəriyyət 
qarşısında  insan  təxəyyülünə  sığmayan  xidmət  və    şücaət  göstərmişdilər. 
İnsan qəlbi isə Yerin özündən də böyük və mürəkkəb planetdir. Onu kəşf 
etmək, fəth etmək olduqca çətin bir işdir, hətta bu ərazini tutduqdan sonra 
da  kiçik  bir  səhv  həmin  qəlbin  cəbbəxanasında  olan  digər  hissləri  oyadır 
və mifik Kadmın torpağa səpdiyi dişlərdən silahlanmış əsgərlər cücərdiyi, 
torpağın  üzərinə  çıxdığı  kimi,  onlar  silahlanıb  səni  qəsbkar  hesab  edərək 
üstünə  hücum  çəkir,  az  müddətdən  sonra  görürsən  ki,  oradan  biabırçı 
qaydada  qovulmusan.  Deyəsən,  mən  gözləmədiyim  halda  belə  hadisə  ilə 
üzləşmişdim.  Ona  görə  də  çalışmalıydım  ki,  cənnət  saydığım,  səcdəgah 
bildiyim  bu  ərazini  tamamilə  tərk  etməyim,  xırda  bir  güşəsində  də  olsa 
hindu  viqvamına,  eskimos  iqlusuna  bənzəyən  kiçik  bir  koma  tikim.  Axı 
bolşeviklər  də  rəhimləri  gələndə  mülklərini  əlindən  aldıqları  adamın 
ailəsinə elə həmin binada xırda bir mənzil verirdilər. Bax bu fikirlər məni 
dəli etmək dərəcəsinə gətirirdi. 
Xeyli  vaxtdan  sonra  biz  yenə  bir  toyda  görüşdük.  Bizim  yerlimiz 
olan  cavan  oğlan  evlənirdi.  Atası  məni  də  dəvət  etmişdi,  gəlin  isə 
Əminənin  iş  yerindən  olan  bir  rəfiqəsinin  bacısı  qızı  imiş.  Mən  bizim 
rayondan  olub,  indi  şəhərdə  yaşayan  adamların  əhatəsində  idim.  Onların 
içərisində mərhum arvadımın qohumları da var idi, onların qəzəbli, nifrət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə