Телман Оруъов



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12998
1   ...   112   113   114   115   116   117   118   119   120

 
254 
Romul  Avqustulu  devirərək,  özünü  imperator  elan  etmişdi.  Tarixin  istehzası  göz 
qabağındadır, əsası Romul tərəfindən qoyulan çarlıq respublikaya, sonra isə imperiya 
rejiminə çevrildi və eyni adlı imperatorun devrilməsi ilə bu imperiya tarixdən silindi. 
Başlanğıcını  kiçik  bir  təpədən  götürən  dövlət  altı  əsr  keçməmiş  dünya  dövlətinə 
çevrildi,  öz  hakimiyyətini  üç  qitəyə  yaydı,  on  iki  əsrlik  yüksələn  və  enən 
mövcudluqdan sonra tarixinin son nöqtəsinə gəlib çatdı.  
Tarix istehzasını təkcə Roma imperiyasının taleyində nümayiş etdirmədi, həm 
də  IV  əsrdən  onun  bir  hissəsi  kimi  meydana  gələn  "Yeni  Romanın"  on  bir  əsrlik 
tarixinin kədərli yekunu tək özünü göstərdi. Onun bünövrəsini 324-cü ildə imperator 
Konstantin  qoymuşdu  və  öz  şəhəri  kimi  o,  Konstantinopol  adını  almışdı.  Həmin 
vaxtdan  1453-cü  ilə  qədər  Şərqi  Roma  imperiyasının  və  ya  Bizansın  inzibati  və 
intellektual  həyatı  bu  şəhərdə  cəmləşmişdi.  1453-cü  ildə  isə  şəhər  imperator  XII 
Konstantinin  başçılığı  altında  sonuncu  və  uğursuz  müdafiəsinə  qalxmışdı.  Romanın 
əsasını qoyan və onun son imperatoru olan da eyni ada malik olduğu, Romul adını 
daşıdığı  tək,  "Yeni  Romanın"  yaradıcısı  və  çox  vaxt  paytaxtın  köhnə  adı  ilə 
rəmzlənən son imperatoru da eyni ad - Konstantin adı altında tanınır. İkinci dəhşətli 
ironiya  orasındadır  ki,  sonuncu  Konstantin  ilk  Konstantinin  tikdirdiyi  "Yeni 
Romanın" müdafiəsi vaxtı həlak oldu.  
Beləliklə  m.ə.  II  əsrin  birinci  yarısından  bizim  eranın  II  əsrin  əvvəllərinədək 
dünyanın  ən  qüdrətli  dövləti  olan  Roma  süquta  uğradı.  Elə  bil  ki  bu  dövlət  vaxtilə 
tarixin  atası  Herodot  tərəfindən  qələmə  alınan  Lidiya  dövlətinin  taleyini  yaşamağa 
məcbur oldu, müəyyən mənada onun həyat yolunu təkrar etdi.  
Lidiya  dövlətinin  bünövrəsində  çar  Kandavl  özünün  ağılsız  hərəkəti  ilə  bu 
dövlətin acı taleyinin bünövrəsini qoymuşdu, Romul da qardaş qanı tökməklə Palatin 
təpəsində yaratdığı şəhərin bünövrəsində hiyləgərlik və müharibə toxumu səpmişdi. 
Axı ilk romalıların ailə qurması da, hiylə yolu ilə, təntənəli oyunlara baxmağa gələn 
sabinli qızların qaçırılması ilə, zor tətbiq etməklə mümkün olmuşdu.  
Qədim  Afina  qanunlarının  müəllifi  Solon  Lidiya  çarı  Krezin  var-dövlətinə 
görə  özünü  dünyanın  ən  xoşbəxt  adamı  hesab  olunması  barədəki  eyhamına  cavab 
vermədikdə və ona taleyin dönüklüyünü dedikdə, bunu bir neçə il sonra Krez Persiya 
çarı Kirə əsir düşdükdə və yandırılmağa məhkum edildikdə anlamışdı. Roma da öz 
ərazilərini artırmaq üçün üç qitənin torpaqlarını işğal edəndə, hətta bütöv bir şəhəri 
yer üzündən siləndə və ya qədim yunan şəhərlərini xarabazara çevirəndə bilmirdi ki, 
yadelli  düşməndən  daha  çox  onu  vətəndaş  müharibələri,  hakimiyyət  mübarizələri, 
xasiyyətlərin və əxlaqın pozulması taqətdən salacaq, bu dövləti və cəmiyyəti məhvə 
sürükləyəcəkdir. Ölkədə xasiyyyətlərin korlanması, əxlaq pozğunluğu digər amillərlə 
yanaşı dövlətin dağılmasında mühüm rol oynadı.  
İlk  əsrlərdə  mövcud  olan  Roma  polisində  əxlaqi  meyarlar,  mənəvi  dəyərlər 
Roma  respublikasının  süqutu  və  imperiya  dövrlərindəkindən  tam  fərqli  idi.  Qədim 
Roma  əxlaqı  əcdadların  adətlərinə,  qaydalarına  əsaslanırdı,  məhz  onları  etalon  kimi 
qəbul edirdi. Bu icmanın yaratdığı və formalaşdırdığı əxlaq idi və bu mənəvi dəyərlər 
bütün  cəmiyyət  tərəfindən  qəbul  olunurdu.  İdeal  kişi  anlayışı  altında  əcdadlar  yaxşı 
əkinçini və yaxşı sahibi nəzərdə tuturdular. Əkinçi əməyi elə hörmətə qalxmışdı və 
elə idealizə edilmişdi ki, bütöv nəsillərin ləqəbləri - soyadları bu nəslin əcdadının ən 
yaxşı becərdiyi bitkinin adından, məsələn, Pison - taxılın döyülməsindən, Fabi ləqəbi 


 
255 
"faba" - "paxla" sözündən, Lentul - "mərcimək" sözündən, Titseron ləqəbi "tsitser" - 
"noxud"  sözündən  yaranmışdı.  Romanın  məşhur  siyasi  xadimlərindən  olan  Böyük 
Katon  dövlətin  qüdrətinin  möhkəmlənməsində  və  qorunmasında  əkinçinin  roluna 
xüsusi  qiymət  verirdi  və  patriarxal  Roma  cəmiyyətindəki  "əcdadların  prinsiplərini" 
bərpa  etmək  arzusu  ilə,  xasiyyətlərin  korlanmasının  qarşısını  almaq  istəyirdi.  M.ə. 
184-cü  ildə  o,  senzor  seçilən  vaxt,  (bu  vəzifə  respublikanın  m.ə.  434-cü  ildən 
mövcud  olan  iki  yüksək  vəzifəli  şəxsindən  ibarət  idi  və  əhalinin  siyahıya  alınması, 
senat  üzvlərinin  siyahısına  yenidən  baxılması,  verginin  daxil  olmasına  nəzarət 
edilməsi  ilə  yanaşı  vətəndaşların  davranışına  və  xasiyyətlərin  nəzarət  edirdi),  ona 
rəqib  olan  yeddi  nəfərin  əhalini  güzəştlərlə  və  yumşaqlıq  vədləri  ilə  ələ  almaq 
istədiyini  görəndə  demişdi  ki,  qüsurlarda  batıb  qalmış  şəhərə  "böyük  təmizləmə" 
lazımdır  və  buna  görə  də  həmin  vəzifəyə  bu  iş  üçün  daha  qətiyyətli  müalicə  edən 
seçilməlidir.  Ona  görə  də  senzor  Katon  zinətə  qarşı  kəskin  mübarizə  apardı.  O, 
vergiləri  artırdı,  qadın  bəzəklərinə,  paltara,  bahalı  ev  qablarına  qiymətləri  artırmağı 
təkid etdi. O, özünün qüsursuz həyat tərzinə görə Romada qeyri-adi nüfuza malik idi. 
O,  cəmiyyəti  mənəvi  böhrana  gətirib  çıxaran  xüsusiyyətləri  "məhvedici  iyrənc 
yeniliklər" adlandırırdı və qeyd edirdi ki, xəstəlik təzə yarandığına görə, onu müalicə 
etmək asandır.  
Bu  xəstəliyin  m.ə.III  əsrin  əvvəllərindən  II  əsrin  ortalarınadək  meydana 
gəlməsi təsəvvür edilirdi. Lakin Katon güman edə bilməzdi ki, bu xəstəlik gələcəkdə 
daha  dəhşətli  miqyasda  metastaz  verəcək  və  cəmiyyətin  bütün  orqanizminə  sirayət 
edəcək,  onu  ölümə  yaxınlaşdıracaqdır.  Bu  xəstəliyin  başlıca  simptomları  olan 
mənsəbpərəstlik  və  tamahkarlığa  əhəmiyyət  vermədiyindən,  cəmiyyət  ona  qarşı 
özündə  immunitet,  müqavimət  tapa  bilmədi.  M.ə.  II  əsrin  ortalarından,  Roma 
Karfageni  məhv  edib,  dünya  dövlətinə  çevrildikdən  sonra,  alçaq  ehtirasların 
azğınlığı,  cəmiyyətin  dağılmasının  fəlakətli  dərəcədə  sürətlənməsi  baş  verdi.  Bu 
dövrdə  acgözlük  xüsusi  miqyas  aldı  və  Yuqurtanın  Romanı  "satın  alınan"  şəhər 
adlandırması,  həqiqətdən  heç  də  uzaq  deyildi.  Axı  Numidiya  çarı  bu  dövlətin  ən 
yüksək  vəzifəlilərindən,  ən  adlı-sanlı  adamlarından,  hərbi  sərkərdələrindən  tutmuş, 
senturuona və sıravi əsgərə qədər  hamını pulla ələ ala bilmişdi. Bu dövrdə iki ehtiras 
çox güclü idi. Hakimiyyət hərisliyi və tamahkarlıq və bu iki qüsur bütün bəlalarının 
mənbəyi  və  ilkin  səbəbləri  oldu.  Bu  bəlalar  isə  ilk  növbədə  tiranların  meydana 
gəlməsi ilə hamilə idi və ilk dəfə artıq m.ə. I əsrin 80-ci illərində Sullanın ilk tiran 
hakimiyyəti  yarandı.  Bu  dövrdə  cəmiyyət  qısa  bir  müddətdə  uzun  bir  pozulma 
yolunu  keçdi,  qarətlər  və  quldurluq  baş  alıb  gedirdi,  cavanlar  dəbdəbəyə,  sərvətə 
sitayiş  etməyə  başladı,  hər  cür  utancaqlıq  və  təvazökarlıq  aradan  qalxdı,  bunların 
yerini pozğunçuluq və isrfaçılıq tutdu.  
Nevinin  "Məktəb"  pyesində  sürətlərdən  biri  tanış  olan  respublikanın  bir 
vətəndaşı kimi özünə sual verir ki, "Mənə de, sizinki kimi belə görkəmli dövlət, nə 
vaxtdan  belə  qəfildən  çürüməyə  başladı".  Doğrudan  da,  Roma  artıq  çürümə  yoluna 
düşmüşdü. 
Bu  mühit  Katilina  kimi  özünün  dağıdıcı  liderlərini  də  yaratdı.  Təkcə  bir 
Katilinada  okeanın  bir  damla  suyunda  olduğu  kimi,  həmin  cəmiyyətin  bütün 
eybəcərlikləri  təcəssüm  olunurdu.  Romanı  pozan,  dağıdan,  məhvə  yaxınlaşdıran  iki 
səbəb,  iki  quduz  ehtiras,  iki  eyib  var  idi,  bu  hakimiyyət  hərisliyi  –  ambitio  və  pul 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə