126.1. Yük verilənədək və ya verilərkən yükalan yükün itirilməsi və ya zədələnməsi
barədə daşıyıcıya yükün itirilməsinə və ya zədələnməsinə dair, itirilmənin və ya
zədələnmənin ümumi xarakterini göstərməklə, yazılı bildiriş vermədikdə hesab edilir ki,
bunun əksini sübut edən dəlillər olmadıqda, yük konosament şərtlərinə uyğun olaraq
alınıb.
126.2. Yükün itirilməsi və ya zədələnməsi onun adi üsulla qəbul edildiyi zaman
müəyyənləşdirilərsə, yükalan yükü aldıqdan sonra 3 gün ərzində daşıyıcıya bu barədə
yazılı bildiriş təqdim edə bilər.
126.3. Yükalan daşıyıcı ilə birgə yükü müayinə etdikdə və ya vəziyyətini yoxladıqda o,
bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş yazılı bildirişi verməyə bilər.
Maddə 127. Yüklərin daşınması zamanı haqlar
Daşıyıcıya çatacaq bütün haqlar yükgöndərən və ya fraxtedən tərəfindən ödənilir.
Yükgöndərən və ya fraxtedənə daşıyıcı arasında olan razılaşmada nəzərdə tutulduqda və
belə məlumatlar konosamentə daxil edildikdə, haqların yükalana ötürülməsinə yol verilir.
Maddə 128. Fraxtın həcmi
128.1. Fraxtın həcmi tərəflərin razılaşması ilə müəyyənləşdirilir.
128.2. Yük gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulandan artıq
miqdarda vurulduqda, fraxtın miqdarı müvafiq olaraq artırılır.
128.3. Gəmiyə dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan yükün əvəzinə,
daşınması üçün fraxtı daha yüksək olan digər yük vurulduqda, fraxt faktiki yüklənən
yükün daşınmasına görə götürülür.
128.4. Faktiki yüklənmiş yükün daşınması üçün fraxtın miqdarı dənizlə yük daşınması
müqaviləsində nəzərdə tutulan yükün daşınması üçün fraxtdan az olduqda, dənizlə yük
daşınması müqaviləsində nəzərdə tutulmuş fraxt ödənilir.
Maddə 129. Daşıma zamanı itirilmiş yükə görə fraxt
129.1. Daşıma zamanı itirilmiş yükə görə fraxt tutulmur və əgər əvvəlcədən ödənilibsə,
qaytarılır. İtirilmiş yük sonradan xilas edildikdə, daşıyıcının gəminin keçdiyi məsafəyə
mütənasib miqdarda fraxt almaq hüququ vardır.
129.2. Təbii xüsusiyyətləri və ya yükgöndərəndən asılı olan səbəblər nəticəsində məhv
olmuş və ya zədələnmiş yükə görə fraxt tam miqdarda ödənilir.
Maddə 130. Daşıyıcının məsuliyyəti
130.1. Yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının gecikdirilməsinin
aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirə bilən daşıyıcı daşımaya qəbul edilmiş
yükün itirilməsinə və ya zədələnməsinə, yaxud yükün çatdırılmasının gecikdirilməsinə
görə məsuliyyət daşımır:
130.1.1. qarşısıalınmaz qüvvə;
130.1.2. dənizdə və gəmilərin üzdükləri digər sularda təhlükələr və ya təsadüflər;
130.1.3. dənizdə insanların xilas edilməsi üçün istənilən tədbirlər və ya əmlakın
xilas edilməsi üçün ağlabatan tədbirlər;
130.1.4. daşıyıcının təqsiri olmadan baş verən yanğın;
130.1.5. müvafiq hakimiyyət orqanlarının hərəkətləri və ya sərəncamları
(saxlanma, həbs, karantin və s.);
130.1.6. hərbi əməliyyatlar və xalq iğtişaşları;
130.1.7. yükgöndərənin və ya yükalanın hərəkətləri və ya hərəkətsizlikləri;
130.1.8. yükün zahirən görünməyən çatışmazlıqları, onun xüsusiyyətləri və ya
təbii itkisi;
130.1.9. yükün tarasının və ya qabının xarici görünüşündən gözəçarpmayan
çatışmazlıqları;
130.1.10. markaların lazımi qədər və ya aydın olmaması;
130.1.11. işin tam və ya qismən dayandırılmasına, yaxud məhdudlaşdırılmasına
səbəb olan tətillər və ya digər hallar;
130.1.12. daşıyıcının, onun işçilərinin və ya agentlərinin təqsiri olmadan yaranan
digər hallar.
130.2. Yük dənizlə yük daşınması müqaviləsində nəzərdə tutulan boşaltma limanında
tərəflərin razılığa gəldikləri müddətdə, belə razılıq olmadıqda isə konkret halları nəzərə
almaqla qayğıkeş daşıyıcıdan tələb olunan ağlabatan müddətdə verilmədikdə, daşıyıcı
yükün çatdırılmasını gecikdirmiş hesab edilir.
130.3. Əgər yükboşaltma limanında bu Məcəllənin 130.2-ci maddəsində
müəyyənləşdirilmiş müddətdən sonra 30 təqvim günü ərzində yükü almağa səlahiyyəti
olan şəxsə verilməyibsə, daşıyıcıya qarşı yükün itirilməsi ilə əlaqədar tələb irəli sürməyə
hüququ olan şəxs yükü itirilmiş hesab edə bilər.
130.4. Yükün daşınma üçün qəbul edildiyi andan onun verilməsi anına kimi daşıyıcı
daşınma üçün qəbul edilmiş yükün itirilməsinə və ya zədələnməsinə, yaxud
çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır.
130.5. Daşıyıcı yükün itirilməsinin, zədələnməsinin və ya çatdırılmasının
gecikdirilməsinin gəminin idarə edilməsində gəmi kapitanının, gəmi heyətinin digər
üzvlərinin və ya dəniz bələdçisinin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyini
sübuta yetirə bilsə (naviqasiya səhvi), məsuliyyət daşımır.
130.6. Təyinat limanına salamat yük yerlərində və yükgöndərənin salamat plombları ilə
gəlmiş, yolda açılma izləri olmayan salamat tarada çatdırılmış, habelə yükgöndərənin və
ya yükalanın nümayəndəsinin müşayiəti ilə daşınan yükün itirilməsinə və ya
zədələnməsinə görə, əgər yükalan daşınma üçün qəbul edilmiş yükün daşıyıcının təqsiri
nəticəsində itirilməsini və ya zədələnməsini sübuta yetirə bilməsə, daşıyıcı məsuliyyət
daşımır.
Maddə 131. Yükün itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyətinin
ölçüsünün hesablanması
131.1. Daşıyıcı yükün itirilməsinə və ya zədələnməsinə görə aşağıdakı ölçüdə məsuliyyət
daşıyır:
131.1.1. yükün itirilməsinə görə — itirilmiş yükün dəyəri miqdarında;
131.1.2. yükün zədələnməsinə görə — yükün dəyərinin azalmasının məbləği
miqdarında;
131.1.3. qiyməti elan edilməklə daşınma üçün qəbul edilmiş yükün itirilməsinə
görə — yükün elan edilmiş qiyməti miqdarında.
131.2. Fraxt itirilmiş və ya zədələnmiş yükün qiymətinə daxil olmadıqda, daşıyıcı habelə
aldığı fraxtı da qaytarır.
131.3. Ödənilməli olan ümumi məbləğ yük boşaldılan yerdə və gündə və ya müqaviləyə
əsasən boşaldılacaq yerdə və gündə yükün mövcud qiymətindən hesablanır. Yükün
qiyməti əmtəə birjasındakı qiymətindən, bu olmadıqda isə bazar qiymətindən, bunlar
olmadıqda isə bu növ və bu keyfiyyətdə olan yükün adi qiymətindən hesablanır.
131.4. Yükün itirilməsi və ya zədələnməsi üçün əvəzi ödənilən məbləğdən yükün
itirilməsi və ya zədələnməsinə görə yük sahibinin ödəmədiyi yükün daşınma xərcləri
(fraxt, rüsumlar və s.) tutulur.
Maddə 132. Daşıyıcının məsuliyyətinin məhdudlaşdırılması
132.1. Yükün növü və çeşidi, habelə dəyəri yükgöndərən tərəfindən yük vurulanadək
elan edilmədikdə və konosamentə daxil edilmədikdə, daşınma üçün qəbul edilmiş yükün
itirilməsinə və ya zədələnməsinə görə daşıyıcının məsuliyyəti, bir yerə və ya
göndərilmənin digər vahidinə görə 666,67 hesablaşma vahidindən və ya itirilmiş və ya
zədələnmiş yükün brutto çəkisinin bir kiloqramına görə iki hesablaşma vahidindən çox
olmamaqla hansı məbləğin çox olmasından asılı olaraq qəbul olunur.
132.2. Daşınma üçün qəbul edilmiş yükün çatdırılmasının gecikdirilməsinə görə
daşıyıcının məsuliyyəti dənizlə yük daşınması müqaviləsində ödənilməsi nəzərdə
tutulmuş fraxtın məbləğindən çox ola bilməz.
132.3. Bu Məcəllənin 132.1 və 132.2-ci maddələrinə əsasən daşıyıcı tərəfindən ödəniləsi
ümumi məbləğ bu Məcəllənin 132.1-ci maddəsinə müvafiq olaraq yükün tam itirilməsinə
görə müəyyən edilə biləcək məsuliyyətin həddindən artıq ola bilməz.
132.4. Əgər yükün daşınması üçün konteyner, altlıq və ya digər qurğu istifadə edilirsə,
konosamentdə sadalanan belə qurğuda bu kimi daşınan yerlərin miqdarı və ya göndərilmə
vahidləri bu Məcəllənin 132-ci maddəsinin məqsədləri üçün yerlərin miqdarı və ya
göndərilmənin vahidləri hesab edilir. Göstərilən hal istisna olmaqla, belə qurğu yük yeri
və ya vahidi hesab edilir.
Dostları ilə paylaş: |