Ticarət Gəmiçiliyi Məcəlləsi Azərbaycan Respublikasının Qanunu I fəsil. Ümumi müddəalar



Yüklə 5,39 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix02.06.2018
ölçüsü5,39 Kb.
#47353
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

95.2. Fraxtedən yükvurma limanını göstərmədikdə, düzgün göstərmədikdə və ya 
təhlükəsiz olmayan yükvurma limanını göstərdikdə, daşıyıcı dənizlə yük daşınması 
müqaviləsinin icrasından imtina edə və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə 
bilər. 
95.3. Yük çarter üzrə daşındıqda daşıyıcı gəmini fraxtedənin göstərdiyi yükvurma yerinə 
verməyə borcludur. Yükvurma yeri yükvurma üçün təhlükəsiz və yararlı olmalıdır. 
95.4. Xətti daşımalar həyata keçirildikdə yükvurma yerini daşıyıcı müəyyən edir. 
Maddə 96. Gəminin verilməsi  
96.1. Çarterdə nəzərdə tutulmuş vaxtda gəmi verilmədikdə, fraxtedənin dənizlə yük 
daşınması müqaviləsindən imtina etmək və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb 
etmək hüququ vardır. 
96.2. Gəmi yükvurma limanında və ya adətən həmin limanda gözləmə üçün nəzərdə 
tutulmuş yerlərdə olduqda, çarter üzrə daşıyıcı fraxtedənə və ya yükgöndərənə yazılı 
bildiriş verməlidir. Bildirişin verilmə günü və saatı tərəflərin razılaşması əsasında, belə 
razılaşma olmadığı halda isə həmin limanın adətləri ilə müəyyən edilir. 
Maddə 97. Staliya vaxtı  
97.1. Daşıyıcının gəmini yükvurma üçün verdiyi və fraxta əlavə ödənişlər edilmədən 
yükvurma altında saxladığı müddət (staliya vaxtı) tərəflərin razılaşması, belə razılaşma 
olmadıqda isə yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir. 
97.2. Staliya vaxtının başlanması tərəflərin razılaşması əsasında müəyyən edilir. Staliya 
vaxtı iş günləri, saat və dəqiqələrlə hesablanır. 
97.3. Yükgöndərəndən asılı olan səbəblərə görə, habelə gəmiyə təhlükəsiz yükvurmaya 
mane olan və ya yükün saxlanılmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya 
hidrometeoroloji şərait nəticəsində yükvurmanın aparılmadığı vaxt staliya vaxtına daxil 
edilmir. Fraxtedəndən asılı olan səbəblərə görə yükvurmanın aparılmadığı vaxt staliya 
vaxtına daxil edilir. 
97.4. Yükvurma staliya vaxtının axımının başlanmasından əvvəl başladıqda yükvurma 
üçün istifadə edilmiş faktiki vaxt staliya vaxtına daxil edilir. 
97.5. Bu Məcəllənin 97.1-97.4-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq 
olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir. 
Maddə 98. Kontrstaliya vaxtı  
98.1. Tərəflərin razılaşması ilə staliya vaxtı bitdikdən sonra əlavə gözləmə vaxtı 
(kontrstaliya vaxtı) müəyyən edilə bilər. Tərəflərin razılaşması olmadıqda, kontrstaliya 
vaxtı yükvurma limanında qəbul edilən müddətlər əsasında müəyyənləşdirilir. 
98.2. Kontrstaliya vaxtı təqvim günləri, saat və dəqiqələrlə hesablanır. 
98.3. Kontrstaliya vaxtına istirahət günləri, dəniz limanında iş günü hesab edilməyən, 
rəsmi qaydada müəyyən edilmiş səsvermə, iş günü hesab edilməyən bayram günləri və 


ümumxalq hüzn günü, habelə təhlükəsiz yükvurmaya mane olan və ya yükün 
saxlanmasına təhlükə yaradan qarşısıalınmaz qüvvə və ya hidrometeoroloji şərait 
nəticəsində yükvurmada yaranan fasilələr daxil edilir. Daşıyıcıdan asılı olan səbəblərə 
görə yükvurmanın aparılmadığı vaxt kontrstaliya vaxtına daxil edilmir. 
98.4. Bu Məcəllənin 98.1-98.3-cü maddələrində müəyyən edilmiş qaydalar müvafiq 
olaraq yükün təyinat limanında boşaldılmasına da tətbiq edilir. (
4

6

Maddə 99. Kontrstaliya vaxtına görə haqq  
Gəminin kontrstaliya vaxtında boşdayanmasına görə daşıyıcıya çatacaq haqqın (demerec) 
miqdarı tərəflərin razılaşması ilə müəyyənləşdirilir. Tərəflər arasında belə razılaşma 
olmadıqda gəminin boşdayanmasına görə haqq gəminin və gəmi heyətinin saxlanması 
xərcləri ilə müəyyənləşdirilir. 
Maddə 100. Yükvurmanın vaxtından əvvəl qurtarmasına görə mükafat  
Tərəflərin razılaşması ilə yükvurmanın staliya vaxtının bitməsindən tez başa 
çatdırılmasına görə fraxtedən üçün mükafat (dispaç) müəyyən edilə bilər. 
Maddə 101. Kontrstaliya vaxtı başa çatdıqda daşıyıcının gəmini səfərə göndərmək 
hüququ  
101.1. Kontrstaliya vaxtı başa çatdıqda, daşıyıcıdan asılı olmayan səbəblərə görə 
şərtləşdirilmiş yük bütünlüklə gəmiyə vurulmadığı halda belə, daşıyıcının gəmini səfərə 
göndərmək hüququ var. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu saxlayır. 
101.2. Yükün daşınması üçün bütün gəmi verildikdə və staliya və ya kontrstaliya vaxtı 
barədə razılaşma olduqda, daşıyıcı həmin vaxt bitənədək gətirilmiş yükün qəbulundan, 
yükün qəbulu və yerləşdirilməsi gəmini müəyyən edilmiş müddətdən artıq saxlasa belə, 
imtina edə bilməz. 
101.3. Yükün daşınması üçün bütün gəmi verilməyəndə və staliya və ya kontrstaliya 
vaxtı barədə razılaşma olduqda, daşıyıcının həmin vaxt bitənədək təqdim edilmiş yükün 
qəbulundan, yükün gec təqdim edilməsi nəticəsində yalnız gəmini ləngitməklə onu 
gəmiyə lazımi şəkildə və başqa yüklərə zərər vurmadan yükləmək mümkün olduqda, 
imtina etmək hüququ vardır. Bu halda daşıyıcı fraxtı tam həcmdə almaq hüququnu 
saxlayır. 
Maddə 102. Gəminin ləngidilməsinə görə vurulan zərərin əvəzinin ödənilməsi  
Gəminin ləngidilməsi daşıyıcıdan asılı olmayan səbəblərdən baş veribsə, gəminin 
kontrstaliya vaxtından artıq ləngidilməsinə görə fraxtedən daşıyıcıya vurulan zərərin 
əvəzini ödəməyə borcludur. 
Maddə 103. Fraxtedənin tələbi ilə gəminin səfərə vaxtından əvvəl göndərilməsi  
Fraxtedənə daşıma üçün bütün gəmi verildikdə, daşıyıcı fraxtedənin tələbi ilə, hətta 
yükün hamısı gəmiyə vurulmadıqda belə, gəmini səfərə yola salmalıdır. Bu halda daşıyıcı 
fraxtı tam həcmdə almaq hüququnu saxlayır. 


Maddə 104. Kənar yükün gəmidən boşaldılması  
104.1. Yükün daşınması üçün bütün gəmi, onun bir hissəsi və ya müəyyən yerləri 
verildikdə, yükgöndərən kənar yükün gəmidən, onun bir hissəsindən və ya müəyyən 
yerlərindən gəminin yola salındığı limanda, daşıma üçün bütün gəmi verildikdə isə 
gəminin daxil olduğu istənilən limanda boşaldılmasını tələb edə bilər. 
104.2. Kənar yük gəmidən, onun bir hissəsindən və ya müəyyən yerlərindən vaxtında 
boşaldılmasa, fraxtedən fraxtın müvafiq surətdə azaldılmasını və fraxtedənə vurulan 
zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 
Maddə 105. Göyərtə yükü  
105.1. Daşıyıcı yükü göyərtədə yalnız daşıyıcı ilə yükgöndərən arasında razılaşmaya 
əsasən daşıya bilər. 
105.2. Yükün göyərtədə daşınması barədə daşıyıcı və yükgöndərən arasında razılaşma 
olduqda, daşıyıcı bu barədə konosamentdə və ya dənizlə yük daşınması müqaviləsinin 
olmasını təsdiq edən digər sənəddə qeyd aparmalıdır. Belə qeyd olmadıqda daşıyıcı 
yükün göyərtədə daşınması barədə yükgöndərənlə razılaşmaya gəldiklərini sübut 
etməlidir. Lakin daşıyıcı konosamenti vicdanla əldə edən şəxsə, o cümlədən yükalana 
münasibətdə belə üçüncü şəxsə münasibətdə razılaşmaya istinad edə bilməz. 
105.3. Yükün göyərtədə daşınması bu Məcəllənin 105.1-ci maddəsində müəyyən edilmiş 
qaydaların pozulması ilə həyata keçirildikdə və ya bu Məcəllənin 105.2-ci maddəsinə 
müvafiq olaraq daşıyıcı yükün göyərtədə daşınması barədə razılaşmaya istinad edə 
bilmədikdə, daşıyıcı bu Məcəllənin 130-cu maddəsində müəyyənləşdirilmiş qaydalara 
baxmayaraq, yükün yalnız göyərtədə daşınması nəticəsində yükün itirilməsinə, 
zədələnməsinə və ya onun çatdırılmasının gecikdirilməsinə görə məsuliyyət daşıyır. 
Daşıyıcının məsuliyyətinin hüdudları, şəraitdən asılı olaraq, bu Məcəllənin 132-ci və ya 
134-cü maddələrində nəzərdə tutulmuş qaydalara müvafiq müəyyənləşdirilir. 
105.4. Yükün anbarda daşınması barədə razılaşma olduqda, yükün göyərtədə daşınması 
daşıyıcının bu Məcəllənin 134-cü maddəsinə uyğun olaraq məsuliyyətinin 
məhdudlaşdırılması hüququnun itirilməsinə gətirib çıxaran daşıyıcının hərəkət və ya 
hərəkətsizliyi kimi qiymətləndirilir. 
Maddə 106. Yükün qablaşdırılması və markalanması  
106.1. Daşıma və yenidən yükləmə zamanı yükün tam saxlanılmasını təmin etmək üçün 
tarada daşınmalı və (və ya) qablaşdırılmalı olan yüklər daşımaya lazımi tara və (və ya) 
qablaşdırma vasitələrində təqdim edilməlidir. 
106.2. Yükgöndərən yükü lazımi qaydada markalamalı və yük barəsində daşıyıcıya bütün 
zəruri məlumatları təqdim etməlidir. Yük xüsusi rəftar tələb etdiyi halda, yükgöndərən 
daşıyıcını yükün xüsusiyyətləri və onunla rəftarın qaydası barədə məlumatlandırmalıdır. 
Maddə 107. Yükün dəyişdirilməsi  
Növü və çeşidi çarterdə müəyyən edilmiş yük digər növ yükə yalnız daşıyıcının razılığı 
ilə dəyişdirilə bilər. 


Yüklə 5,39 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə