Ticarət gəMİÇİLİYİ MƏCƏLLƏSİ



Yüklə 0,87 Mb.
səhifə2/20
tarix02.01.2018
ölçüsü0,87 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Gəmİ 6


Maddə 7. Gəmi üzərində mülkiyyət

7.1. Gəmi üzərində mülkiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan bütün mülkiyyət formalarında olur.

7.2. Gəminin mülkiyyətçisi gəmiyə münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmayan istənilən hərəkətləri həyata keçirə, o cümlədən gəmini digər şəxslərin mülkiyyətinə özgəninkiləşdirə, mülkiyyətçi qalaraq gəmiyə sahiblik, istifadə və onun üzərində sərəncam hüquqlarını onlara verə bilər, habelə gəminin ipotekasını müəyyənləşdirə və digər üsullarla sərəncam vermək hüququna malikdir.

Maddə 8. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ

8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin, Azərbaycan Respublikasının dövlət və bələdiyyə mülkiyyətində olan gəmilərə verilir.

8.2. Müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında xarici dövlətin gəmi reyestrində qeydiyyata alınmış, berbout-çarterə (heyətsiz gəminin fraxtedilmə müqaviləsinə) əsasən Azərbaycan fraxtedəninin istifadəsinə və sahibliyinə verilmiş gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında müvəqqəti üzmək hüququ aşağıdakı hallarda verilə bilər:

8.2.1. berbout-çarter üzrə gəmini fraxtedən bu Məcəllənin 8.1-ci maddəsində göstərilən tələblərə cavab verdikdə;

8.2.2. gəmi mülkiyyətçisi gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

8.2.3. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyinə müvafiq olaraq müəyyənləşdirilmiş və qeydə alınmış gəminin ipotekasının və ya həmin xarakterli yüklü edilmənin girovsaxlayanı gəminin Azərbaycan Respublikasının Dövlət bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

8.2.4. gəmi mülkiyyətçisinin dövlətinin qanunvericiliyi gəmiyə xarici dövlətin bayrağı altında üzmək hüququnun verilməsini qadağan etmədikdə;

8.2.5. gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ verilən anda gəminin xarici dövlətin bayrağı altında üzmək hüququ dayandırılıbsa və ya dayandırılacaqsa.

8.3. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ berbout-çarterin qüvvədəolma hüdudunda iki ildən artıq olmayan müddətə, sonradan onun hər iki ildən bir uzadılması hüququ ilə verilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün berbout-çarterin qüvvədəolma müddəti bir ildən az olmamalıdır.

8.4. Gəmiyə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun verilməsi barədə qərarın qüvvədən düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə qaydasında həyata keçirilir.



Maddə 9. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun yaranması

9.1. Gəmi bu Məcəllənin 26.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının gəmi reyestrlərinin birində qeydiyyata alındığı andan Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu əldə edir.

9.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan Azərbaycan Respublikasının konsulluq idarəsi və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona belə hüququn verilməsini təsdiq edən müvəqqəti şəhadətnamənin verildiyi andan istifadə edir.

9.3. Müvəqqəti şəhadətnamə Azərbaycan Respublikasının müvafiq gəmi reyestrində gəmi qeydiyyata alındığı vaxta qədər, lakin altı aydan çox olmamaq şərti ilə qüvvədə qalır.



Maddə 10. Gəminin milliliyi

10.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan istifadə edən gəmi Azərbaycan Respublikasının milli mənsubiyyətinə məxsusdur.

10.2. Azərbaycan Respublikasının milli mənsubiyyətinə malik olan gəmi Azərbaycan Respublikasının Dövlət bayrağını daşımalıdır.

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun itirilməsi

11.0. Gəmi Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnu aşağıdakı hallarda itirir:

11.0.1. bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

11.0.2. bu Məcəllənin 8.2 və 8.3-cü maddələrinə müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət bayrağı altında gəmiyə üzmək hüququnun verildiyi müddət bitdikdə və ya həmin hüququn verilməsinə dair qərar ləğv edildikdə.



Maddə 12. Gəminin müvəqqəti olaraq xarici dövlətin bayrağı altına keçirilməsi

12.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmi berbout-çarter üzrə xarici fraxtedənin istifadəsinə və sahibliyinə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququnun dayandırılması şərti ilə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verildikdə, belə gəmi aşağıdakı hallarda xarici dövlətin bayrağı altına müvəqqəti keçirilə bilər:

12.1.1. gəmi mülkiyyətçisi gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə yazılı razılıq verdikdə;

12.1.2. müvafiq qaydada müəyyənləşdirilmiş və qeydə alınmış gəmi ipotekası vaxtında ödənilmədikdə, ipoteka saxlayan gəmini xarici dövlətin bayrağı altına keçirilməsi barədə yazılı razılıq verdikdə;

12.1.3. fraxtedənin dövlətinin qanunvericiliyində Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınmış gəmiyə həmin dövlətin bayrağı altına keçirilməyə və belə dövlətin bayrağı altında üzməyə verilmiş hüququn müddəti bitdikdə Azərbaycan Respublikasının Dövlət bayrağı altına qaytarılmasına dair qadağan qoyan müddəalar olmadıqda.

12.2. Gəmi xarici dövlətin bayrağı altında berbout-çarterin qüvvədəolma hüdudunda iki ildən artıq olmayan müddətə, sonradan onun hər iki ildən bir uzadılması hüququ ilə keçirilə bilər. Bayrağın dəyişdirilməsi məqsədləri üçün berbout-çarterin qüvvədəolma müddəti bir ildən az olmamalıdır.

12.3. Gəminin xarici dövlətin bayrağı altına keçirilməsinə dair qərarın qüvvədən düşməsinin təsdiqi həmin qərarın qəbul edilmə qaydasında həyata keçirilir.

Maddə 13. Gəminin adı

13.1. Dövlət gəmi reyestrində və ya gəmi kitabında qeydiyyata alınacaq gəminin öz adı olmalıdır.

13.2. Gəminin adı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gəmi mülkiyyətçisi tərəfindən verilir.

13.3. Gəmi üzərində mülkiyyət hüququ başqasına keçdikdə və ya kifayət qədər olan digər əsaslarla gəminin adı dəyişdirilə bilər. Gəminin qeydə alınmış ipotekasını saxlayanlar gəminin adının dəyişdirilməsi barədə dərhal məlumatlandırılır.



Maddə 14. Çağırış siqnalı

14.1. Gəmiyə çağırış siqnalı verilir. Texniki təchizatından asılı olaraq gəmiyə həmçinin gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsi və gəmi radiostansiyasının fərdi çağırış nömrəsi verilir.

14.2. Gəmiyə çağırış siqnalının, gəmi peyk rabitə stansiyasının identifikasiya nömrəsinin və gəmi radiostansiyasının fərdi çağırış nömrəsinin verilmə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 15. Gəmilərin texniki nəzarəti və təsnifatı orqanları

15.1. Bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə texniki nəzarət və onların təsnifatı gəmi sahibinin və (və ya) gəmi mülkiyyətçisinin seçdiyi təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasının ərazisində gəmilərin inşasına və ya təmirinə, eləcə də Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda gəmilərin inşasına texniki nəzarət təsnifat cəmiyyətləri tərəfindən həyata keçirilir. 7

15.3. Təsnifat cəmiyyətlərinin fəaliyyətinə razılıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 8



Maddə 16. Gəmilərə texniki nəzarət

16.1. Gəmi yalnız dənizdə üzmək təhlükəsizliyinin və ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin tələblərinə cavab verdikdə səfərə buraxıla bilər.

16.2. Təsnifat cəmiyyətləri öz səlahiyyətləri çərçivəsində sərnişin, yük-sərnişin, maye yük daşıyan, yedəkçi gəmilərinə, habelə baş mühərriklərinin gücü 55 kVt-dan az olmayan digər özühərəkətedən gəmilərə və qeyri-kommersiya məqsədləri üçün istifadə edilən idman və gəzinti gəmiləri istisna olmaqla, tutumu 80 tondan az olmayan özühərəkətetməyən gəmilərə texniki nəzarəti həyata keçirirlər.

16.3. Tutumuna və baş mühərrikinin gücünə görə bu Məcəllənin 16.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaların tətbiq edilmədiyi gəmilərə texniki nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.



Maddə 17. Gəmilərin təsnifatı

Təsnifat cəmiyyətləri öz səlahiyyətlərinə uyğun olaraq bu Məcəllənin 16.2-ci maddəsində göstərilən gəmilərə quruluş tipindən və təchizatından asılı olaraq müvafiq dərəcə verirlər. Gəmilərə dərəcənin verilməsi təsnifat şəhadətnamələri ilə təsdiqlənir.



Maddə 18. Əsas gəmi sənədləri

18.1. Gəminin aşağıda göstərilən əsas gəmi sənədləri olmalıdır:

18.1.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə;

18.1.2. gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə;

18.1.3. gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnamə;

18.1.4. sərnişin şəhadətnaməsi (sərnişin gəmisi üçün);

18.1.5. ölçü şəhadətnaməsi;

18.1.6. yük çeşidi haqqında şəhadətnamə;

18.1.7. gəmi heyətinin tərkibi haqqında şəhadətnamə;

18.1.8. neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

18.1.9. çirkab sularla çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

18.1.10. zibillə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnamə;

18.1.11. gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə və radiojurnal (gəminin radiostansiyası olduqda);

18.1.12. gəmi heyəti üzvlərinin siyahısı;

18.1.13. gəmi jurnalı;

18.1.14. maşın jurnalı (mexaniki mühərrikli gəmilər üçün);

18.1.15. çirkab sularla əməliyyatlar jurnalı;

18.1.16. zibillə əməliyyatlar jurnalı;

18.1.17. neft tankerləri olmayan gəmilər üçün neft əməliyyatları jurnalı;

18.1.18. neft tankerləri üçün neft əməliyyatları jurnalı;

18.1.19. sanitar jurnalı;

18.1.20. səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi;

18.1.21. sərnişinlərin siyahısı (sərnişin gəmisi üçün);

18.1.21-1. Gəminin “Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;

18.1.21-2. Gəminin “Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə;

18.1.21-3. Gəmi tarixinin fasiləsiz qeydlər sənədi;

18.1.21-4. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat; 9

18.1.22. beynəlxalq dəniz təşkilatının tələblərinə uyğun digər sənədlər.

18.2. Gəmi heyəti üzvlərinin siyahısı, sərnişinlərin siyahısı, gəmi, radio və maşın jurnalları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

18.3. Sanitar jurnalı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

18.4. Sanitar, karantin nəzarəti və digər nəzarət üçün istifadə edilən gəmilərdə ölçü və yük çeşidi haqqında şəhadətnamələr tələb edilməyə bilər. Belə gəmilərə müvafiq şəhadətnamə verilməklə, sadələşdirilmiş üsulla onun tutumu müəyyənləşdirilə bilər.

18.5. Texniki nəzarəti həyata keçirən orqan tərəfindən başqa qayda müəyyən edilmədikdə, sahilboyu səfərə çıxan gəmilərdə maşın, radio, gəmi və sanitar jurnalları tələb edilmir.



Maddə 19. Əlavə gəmi sənədləri

Gəmidə bu Məcəllənin 18-ci maddəsində göstərilmiş sənədlərə əlavə olaraq, təsnifat cəmiyyətinin təsdiq olunmuş qaydalarında nəzərdə tutulmuş sənədlər də olmalıdır.



Maddə 20. Bəzi kateqoriyalı gəmilərin gəmi sənədləri

İdman, gəzinti və baş mühərriklərinin gücü 55 kVt-dan az olan digər özühərəkətedən gəmilərdə və tutumu 80 tondan az olan özühərəkətetməyən gəmilərdə zəruri olan gəmi sənədlərinin siyahısını, onların verilmə və aparılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.



Maddə 21. Uzaq səfərə çıxan gəmilər üçün gəmi sənədləri

Uzaq səfərə çıxan gəmilərdə bu Məcəllənin 18-20-ci maddələrində göstərilən sənədlərdən başqa, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər də olmalıdır.



Maddə 22. Gəmi sənədlərini verən orqanlar

22.1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında və gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqan tərəfindən verilir.

22.2. Gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnaməni, ölçü şəhadətnaməsini, sərnişin şəhadətnaməsini, yük çeşidi haqqında şəhadətnaməni, neftlə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, çirkab suları ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni, zibil ilə çirkləndirmənin qarşısının alınması haqqında şəhadətnaməni və digər əlavə gəmi sənədlərini təsnifat cəmiyyəti verir. Gəmilərin bəzi kateqoriyalarından ölçü şəhadətnaməsi və ya yük çeşidi haqqında şəhadətnamələr gəmini qeydiyyata alan orqanın icazəsi ilə tələb edilmir. 10

22.3. Uzaq səfərə çıxan gəmilərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş sənədlər təsnifat cəmiyyəti tərəfindən verilir.

22.4. Gəmi radiostansiyasının fəaliyyəti üçün xüsusi icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

22.5. Səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.



Maddə 23. Xarici dövlətin bayrağı altında üzən gəminin sənədlərinin tanınması

Xarici dövlətin bayrağı altında üzən və Azərbaycan Respublikasının limanlarına daxil olan gəminin sənədlərinin tanınması Azərbaycan Respublikasının beynəlxalq müqavilələri əsasında həyata keçirilir.



Maddə 24. Gəmi sənədlərinə dair irəli sürülən tələblər

Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin həmin şəhadətnaməni verən orqan tərəfindən təsdiq olunmuş surəti istisna olmaqla, gəmidə bütün gəmi sənədlərinin əsli olmalıdır.



Maddə 25. Gəmi sənədlərinin aparılma qaydaları. Gəmi jurnalının saxlanması

25.1. Bu Məcəllənin 18.1.13-18.1.19-cu maddələrində göstərilmiş jurnallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq aparılır.

25.2. Gəmi jurnalında axırıncı qeyd edildikdən sonra o, gəmidə iki il müddətində saxlanılır. Göstərilən müddət bitdikdən sonra gəmi jurnalı gəminin sahibinə və (və ya) mülkiyyətçisinə saxlamaya verilir.

25.3. Gəmi jurnalı müvafiq məlumatı almaq hüququ olan şəxslərə tanış olmaq və ondan surət çıxarmaq üçün təqdim edilir.

III fəsil


: mecelleler -> doc
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan respublikasinin
doc -> Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
doc -> Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
doc -> Azərbaycan Respublikası Prezidentinin Fərmanı
doc -> Azərbayjan respublikasinin torpaq məJƏLLƏSİ
doc -> Azərbaycan respublikasinin meşƏ MƏCƏLLƏSI


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə