Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
1   2   3   4   5   6   7   8   9

Bütün  ölkələrdə,  o  sıradan  bizdə  də  hakimiyyətə  yaxınlaşmaq,  hakimiyyətdəkilərdən  nəsə 

əldə  etmək  istəyi  var.  Amma  Azərbaycan  xalqının  içərisindəki  böyük  bir  təbəqə  üçün 

hakimiyyətdə  kimin  olmasının  fərqi  yoxdur.  O  təbəqə  yalnız  bunu  istəyir  ki,  Azərbaycan 

xoşbəxt olsun, özü də xoşbəxt yaşasın. 

Bəy,  Kələkidəykən  Bakıdakı  silahdaşlarınız  və  dostlarınız  içərisində  kim(lər)in  həsrətini  daha 

çox çəkirdiniz? 

Ad saymaq mümkün deyil. Axı adam daim bir nəfərin həsrətini çəkmir. Elə olur ki, bir həftə 

biri yadına düşür, ya da nəyləsə xatırlanır, yaxud fikirləşirsən ki, ad günüdür, nə oldu? Hətta 

bəzən  elə  olur  ki,  küçəylə  gedəndə  o  adamın  ya  bir  cümləsi  yadına  düşür,  ya  da  səsi 

beynindən  keçir,  bu  zaman  başlayırsan  onun  haqqında  düşünməyə.  Düşünə-düşünə 

hövsələdən çıxırsan ki, kaş burada olaydı, onu görəydim. O, bir uşaq da ola bilər, tələbə də, 

mübarizə yoldaşım da. Məsələn, yadıma tez-tez Yaşar Türkazər düşürdü. Nəyə görə? Çünki 

heç  bir  təmənnası  yoxdu.  Hər  hansı  hərəkat  olan  kimi  bayrağı  götürüb  irəli  gedəcək  və 

bununçün  heç  kəsdən  heç  nə  ummayacaq.  Yaşar  Türkazər  bu  bayrağa  məndən  də  çox 

vurğundur. Mən bayrağı şüurla, ağılla sevirəm. O da şüurlu, ağıllı oğlandır, ancaq onun içində 

bayrağa  vurğunluq  vəcdi  var  və  o,  bayrağı  vəcdlə  götürür.  Fikirləşirsən  ki,  kaş  belə  vəcdlə 

yaşayan insanlarımız çox olsun.  

Alman  alimi  Avqust  Müller  söyləyir  ki,  Əbubəkr  Məhəmmədə  (s.ə.s.)  o  qədər  vurğundu  ki, 

peyğəmbərin dediyi Tanrıya bəlkə ondan da çox inanırdı. Bilirsən, bir var təlqin edən, bir də 

var inanan. O inanan çox qəribə varlıqdır. Təlqin edəndə müəyyən şübhələr ola bilər, o öz-

özünün  səhvini  düzəldər.  Amma  vurğun  adam  başqa  cür  fikirləşir.  Məsələn,  Məhəmməd 

peyğəmbər (s.ə.s.) deyir ki, hamı səhv edə bilər, ancaq Əbubəkr düşünür ki, peyğəmbər səhv 

edə bilməz, buna görə də onun bütün dediklərinə tam inanırdı.  

Deməli,  vurğun  adam  vurulduğu  adamı,  yaxud  ideyanı  vəcdlə  sevir.  Bu  gün  Azərbaycanda 

ideyanı vəcdlə sevən adamlar xüsusən gənclərimizin içərisində çoxdur. 

Rəhmətlik  Hacı  Əbdül  (ona  "Məşədi  Əbdül"  deyərdik),  Mustafa  bəy,  Gültəkin  ana,  Elman 

Türkoğlu  tez-tez  yadıma  düşürdü.  Əqidəyə,  məsləkə  vurğun  insanları,  yaxın  dostları 

xatırlayırdım.  Partiya  rəhbərlərindən,  məsələn,  İsa  bəylə  görüşməyi  arzulayırdım,  ancaq  nə 

onu buraxırdılar, nə də məni. Arada Pənah Hüseynov, yaxud Arif Hacıyev könlümə düşürdü. 

Bəzən  Nəcəfdən  ötrü  darıxırdım,  bir-iki  ay  keçirdi,  bir  də  gördün  Nəcəf  özü  gəlirdi, 

dincəlirdim. Görürdüm ki, o da mənimçün qəribsəyib.  

Kələkidə  olarkən  Sizin  üstünüzdə  kənd  əhalisinə  mənəvi-psixoloji  təzyiqlər  göstərilirdi. 

Bildiyimə görə, Sizi bir insan kimi ən çox sarsıdan da bu amildi və ən incə, ən ağrılı yerinizi 

tapmış  iqtidar  psixoloji  müvazinətinizi  məhv  etməkçün  məhz  bu  ən  göynərtili,  ən  həssas 

nöqtəni ağrıtmağa daha  çox  səy  göstərib,  bu sahədə məqsədyönlü  tədbirlər silsiləsi həyata 

keçirib. Bütün bunlara kənd əhlinin reaksiyası necəydi?  

Ədalət  bəy,  bunu  çox  gözəl tutmusunuz.  Dediyiniz  mənim  ən  həssas yerimdi.  Məni həmişə 

oradan  vururdular  ki,  mənəvi-psixoloji  cəhətdən  tam  əzilim.  Ona  görə  silahdaşlarımı, 

arxadaşlarımı,  cəbhədaşlarımı  həbs  edirdilər,  aparıb  əziyyət  verirdilər.  Əziyyət  verərək 

söyürdülər  ki,  sənin  rəhbərin  Elçibəydir,  ondan  imtina  elə.  Özünü  döyürdülər  -  dinmirdi, 

özünü söyürdülər - susurdu, məni söyəndəsə cavab verirdi, lap çox döyürdülər. Yəni insanları 



sındırmaq  istəyirdilər  ki,  siz  onun  üstündə  əzab-əziyyət  çəkirsiniz.  Bununla  həm  də  məni 

sındırmağa çalışırdılar ki, bu adamlar sənə görə zülm içindədir.  

Açığı, çıxılmaz vəziyyətdəydim. Bu adamlar əziyyət çəkməsin deyə qarşımda bircə yol qalırdı - 

çıxıb xaricə getmək. Uzun müddət düşüncələr içində çapaladım ki, bəlkə çıxıb gedim xaricə, 

bu adamların da canı qurtarsın. Ancaq onu da fikirləşirdim ki, mənim xaricə getməyimlə bu 

insanların özləri də sınar - "bizi atıb getdi" deyə düşünərlər.  

Bütün  Naxçıvanda  cəbhəçilərə  əsasən  mənim  orada  olduğuma  görə  daha  çox  işgəncə 

verirdilər.  Düşünürdülər  ki,  onlar  əhəmiyyətli  qüvvədir,  nə  vaxtsa  Əbülfəz  bunları  ətrafına 

toplayaraq istifadə edə bilər, Naxçıvanda hay-küy qaldırar. Ona görə iqtidarın məqsədi onları 

tam əzməkdi ki, mən həmin qüvvədən məhrum olum. Ancaq mənim onlar fikirləşən istəyim 

yoxdu, çünki həll etməyə çalışdığım problem təkcə Naxçıvanda deyil, bütün Azərbaycandaydı. 

İstəsəydim  Cəbhəni bütünlüklə  qaldırardım  mübarizəyə, ancaq  mən  Azərbaycanda sabitliyin 

tərəfdarıydım. Bilirdim ki, diktatura olacaq, avtoritarizm olacaq, amma Azərbaycan dövlətinin 

ömrü uzun olacaq. İstəyirdim ki, dövlətimiz 2-3 illik olmasın, uzun müddət yaşasın, əzablı da 

olsa  dövlətçiliyə  öyrəşək.  İnsanlarımız  doğrudan  da  öyrəndilər.  Bu  gün  mən,  məsələn, 

sərhəddə duran polkovnikin rəyini bilirəm ki, o buraya rus ordusunun gəlməsini istəmir. Deyir 

ki,  biz  azadlıq  aldıq,  sərhədlər  özümünküdür.  Halbuki  biz  hakimiyyətdə olanda  o,  özünü  öz 

sərhədinin hakimi saymırdı, düşünürdü ki, şəxsən bizə xidmət edir. 

        Sahibsiz olan məmləkətin batması haqdır,  

        Sən sahib olursansa Vətən batmayacaqdır!  

"Sahib  olursansa".  Sahib  olandan  sonra  -  qurtardı;  mahiyyət  buradadır,  yəni  milləti  öz 

vətəninə sahib etməkdir. Bunusa təşkil edə bilən yeganə qüvvə dövlətdir. Dövlət yaşadıqca 

insanlar öz vətəninə, torpağına sahiblik hissini gücləndirir. Artıq hiss olunur ki, biz istədiyimizə 

yetişdik.  Mən  bilirəm  ki,  Rusiya  olmayıb  kim  olur-olsun,  daha  Azərbaycanın  azadlığı 

geridönməz  amilə  çevrilib.  Bundan  sonra  pis-yaxşı,  əziyyətli-əziyyətsiz,  hər  nə  cür  olsa  bu 

dövlət yaşayacaq. Xalq zaman-zaman özünə gələndən, diktatura və avtoritarizmi sındırandan 

sonra  demokratik  cəmiyyət  quracaq,  millət  xoşbəxt  yaşayacaq.  Məqsəd  budur.  Məhz  bu 

idealın naminə mən dözdüm, Vətəni tərk edib xaricə getmədim, halbuki mənə dəfələrlə təklif 

etmişdilər ki, gedirsənsə hər cür kömək edək. 

Daxildən oldu bu təkliflər, yoxsa xaricdən? 

Xaricdən  də  oldu  -  Türkiyədən.  Orada  mənim  tanışlarım,  dostlarım,  mənimlə  həmrəy  olan 

qüvvələr vardı ki, biz dövlətə təzyiq edərik, müxtəlif üsullarla səni də, ailəni də apara bilərik. 

Getsəydiniz Bakıda da sevinərdilərmi? 

Nəinki  sevinərdilər,  lap  qurban  da  kəsərdilər.  Təki  mən  ölkədən  çıxım,  məndən  canları 

birdəfəlik  qurtarsın.  Mənim  bura  qayıtmağım  onlara  əlverişli  deyil.  İndi,  düzdür,  üzə 

vurmurlar, ancaq buna deyirlər "pərtə lənət".  

 



Mənə xaricə getmək təklif olunanda bildirdim ki, kənddən heç yerə çıxan deyiləm. Dedim ki, 

yaşadığım  evlə  qəbiristanlığın  arası  cəmi  200-300  metrdir;  ən  pis  halda  buradan  ora 

gedəcəyəm - son yol budur, bir də Bakıya həbsxanaya gedərəm. Yalnız bu ikisinə razıyam: 

ölümə və Bakıya həbsxanaya. Bunu çoxları bilir...  

Camaatın  müəyyən  hissəsi sındı,  müəyyən  hissəsi dilxor oldu.  Kələkidə yox,  Kələkidə bir-iki 

nəfər beləsi olardı. Ətraf kəndlərdə, xüsusən Dırnısda, Vənənddə, Ordubadın özündə, Üstüpü, 

Unus  kəndlərində  də  çox  böyük  müqavimət  göstərirdilər.  Deyirdilər  ki,  bura  tank  gəlsə 

özümüzü onun  altına  atacağıq.  Hətta  qadınlar, uşaqlar  xəbərdarlıq  edirdilər ki,  Əbülfəzə bir 

şey olsa özümüzü yandıracağıq.  

Nəysə,  çox  ciddi  müqavimət  göstərdilər,  çox  da  əzab  çəkdilər.  Mən  o  insanlara  həyatımı 

borcluyam - sağ qalmağıma görə. O zaman ya gərək çıxıb gedəydim xaricə, taleyimi harasa 

bağlayaydım  (mən  də  xalqımın  taleyindən  aralı  düşmək  istəmirdim),  ya  da  şərə  qarşı 

durmalıydım. Bu işdə doğma camaatım mənə arxa durdu, dayaq oldu. İnsafən, başqa ölkələr, 

xüsusən  ABŞ  və  Türkiyə  tez-tez  işə  qarışdılar,  bu  iqtidarı  silkələdilər  ki,  Elçibəy  demokratik 

adamdır, o, demokratiyanı müdafiə edən şəxsiyyətdir, onu məhv etməyin.  

Əhalinin  içərisində  tez-tez  onlardan  üzr  istəyirdim  ki,  məni  bağışlayın,  sizə  əziyyət  verirəm. 

Onların  böyük  hissəsi  qürurla  deyirdi  ki,  bu  əziyyətə  dözmək  bizimçün  fəxrdir.  Bilirsiniz, 

insanlar çox  qəribədir  - hətta  mənə  zarafatla deyirdilər ki,  əşi,  sən  Kələkini,  Dırnısı, Unusu, 

Üstüpünü  tarixə  salmısan,  səndən  niyə  inciyək?  Heç  olmasa  sənə  görə  kəndlərimizin  adı 

tarixdə qalacaq. Bu bəlkə də özlərinə, yaxud mənə təskinlik verməkçün bir üsuldu, incə bir 

kəndli siyasətiydi ki, çox darıxmayım.  

Bir çoxları da deyirdi ki, elə-belə yaşayıb ölməkdənsə müqavimət göstərib insan kimi ölmək 

bizimçün daha şərəflidir. Hətta balaca uşaqlar da məni çox sevirdilər. Elə ki küçəyə çıxırdım, 

qışqırışırdılar: "Elçibəy baba, xoş gördük!". Cumurdular yanıma, mənimlə oynayırdılar. Bəzən 

bundan da təskinlik tapırdım ki, deməli, məfkurə ölmür, fikir ölmür, insanlar azadlıq istəyirlər 

- sən olsan da, olmasan da. 

Əbülfəz  bəy,  Siz  bu  mübarizəyə  nə  bu  gün  başlamısınız,  nə  də  dünən.  Artıq  neçə  illərdir 

Sizinlə  əlaqədə  olan  dostlarınız,  yoldaşlarınız  istər  vaxtilə  kirədə  qaldığınız  evlərdə,  istər 

prezidentliyinizdən qabaq da, sonra da, bu gün də qardaşınızın evində olanda həmişə hədsiz 

sayda gəliblər. Burada xüsusən xanımlar onları həmişə gülər üzlə qarşılayıb. Mən bunu tək öz 

adımdan yox, bu evdə dəfələrlə olmuş bir çox dostlarımın adından deyirəm. Məsələn, Firuzə 

xanım Bakıda da, Kələkidə də, Xumar xanım, onun qızı Kəmalə xanım (mən bunları tanıyıram, 

yəqin  başqaları  daha  çoxlarını  tanıyır)  xüsusən  Kələkidə  Sizin  qonaqlarınızın  əziyyətini 

çəkiblər.  Şəxsən  mən  onlara  hədsiz  minnətdaram.  Bu  adamlardan  başqa,  Kələkidə  daha 

kimlər belə fədakarlıqda bulunublar? 

Kələkidə  olanların  hamısı  mənim  qohumlarımdır,  axı  kənd  balaca  olanda  hamı  bir-birinə 

qohum düşür. Firuzə mənim həm anamın dayısı oğlunun qızıdır, həm də qardaşım Muradın 

həyat  yoldaşıdır.  Bəzən  bir-birimizə  xalaoğlu-xalaqızı  deyirik,  bəzən  də  dayıoğlu-dayıqızı.  O, 

gəncliyimdən  mənim  əziyyətimi çəkən  qadınlardan,  xanımlardandır.  Belə  deyirdim  ki,  o, kişi 

qeyrətiylə adamı müdafiə edən, kişi qeyrətiylə sözündən dönməyən mətin bir qadındır. Sonra 

adını  çəkdiyiniz  Xumar  mənim  dayıqızımdır,  Kəmalə  də  onun  qızıdır.  Onlar  da  mənim 

əziyyətimi uzun müddət çəkib. Ancaq onların heç biri bunu əziyyət kimi götürmür; bəzən mən 




əziyyətə  görə  üzrxahlıq  edəndə  deyirlər  ki,  Azərbaycanın  çox  alicənab  xanımlarını,  bəylərini 

qəbul etmək bizimçün şərəfdir.  

Kənddə belə bir söz var, deyirlər ki, filan qonaq niyə gəlib filan evə düşdü, məgər mən ondan 

uzaq qohumam, niyə mənim evimə gəlmədi? Bundan küsürlər. Belə incik bir adama deyəndə 

ki bir çay qoy, gəlim içim, cavab verir ki, qonaqlarına kim çay qoymuşdusa indi də gedib çayı 

o  qoysun.  Həqiqətən  də,  qonaq  qəbul  etməyi  kəndlərimizdə  hamı  özünə  şərəf  sayır.  Mən 

qonşu kəndlərdə bir evə qonaq gedəndə obiri kənddəki qohumlarım "hücum" edirdilər ki, bəs 

biz ölmüşük, bizə niyə gəlmirsən? Biz onlardan əskik adamıq?  

 

Dəfələrlə  bəylər  bura  gəlib-gediblər.  Obiri  kəndlərdəki  qohumlarımın  hamısı  inciyib  ki, 



qonaqların  vardı,  xəbər  yollayaydın,  heç  olmazsa  gəlib  bir  görəydik,  bir  quruca  salam 

verəydik, bir evə qonaq aparaydıq. Yoxsa bizi adam saymırsınız, qohum yerinə, kəndçi yerinə 

qoymursunuz? Elə 2-3 nəfər özünüz qəbul edib özünüz də yola salırsınız.  

Kənd  əhalisinin  hamısı  belədir.  Mən  Azərbaycanın  çox  kəndlərində  olmuşam.  Sevinirəm  ki, 

xalq  hələ  bu  qonaqpərvərlik  hissini,  duyğusunu  itirməyib.  Bu,  xalqımızın  olduqca  dəyərli 

mənəvi nemətidir. 

"Tarix özü o təhqir və böhtanların cəzasını, cəmiyyət özü onların əsl qiymətini verəcək" 

Xüsusi sifarişlə öncə Ali Sovetin iyundansonrakı sessiyalarında, sonra Nizami Süleymanovun, 

Karaulovun  çıxışlarında,  Az.TV-nin  daha  çox  Nizami  Xuduyev  dönəmindəki  teleittihamlarda 

Sizə qarşı insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən amansız və heç bir əxlaq ölçülərinə 

sığmayan  təbliğat  kampaniyası  aparılırdı  (bu  təbliğat  son  vaxtlar  əvvəlki  quduzluğunda 

olmasa  da  indi  də  kəsilməyib).  Sözsüz  ki,  bunların  hamısından  xəbəriniz  vardı.  Suallarım: 

birincisi,  bu  iftira  və  təhqirlərə  necə  dözürdünüz;  ikincisi,  niyə  iftiraçıları  məhkəməyə 

vermirdiniz?  

Bu  mübarizə  yolu  çox  ağır,  həm  də  şərəfli  yoldur.  İkisi  də  var.  Ona  görə  ağırdır  ki, 

döyüləcəksən, söyüləcəksən, təhqir olunacaqsan, öləcəksən, asılacaqsan. Ona görə şərəflidir 

ki,  nə  qədər  incidilsən  də  haqq  yolunda  olduğuna  görə  seviləcəksən.  Əgər  şərəfə 

yiyələnirsənsə  zəhmət  çəkib  o  təhqirləri  də  qəbul  etməlisən  -  onlar  da  sənindir!  Şərəfi, 

hörməti  qazanmısan,  on  minlərcə  adam  səni  salamlayır,  milyonlarca  adam  səni  sevir,  adını 

məhəbbətlə  çəkir.  Bəs  döyüləndə,  söyüləndə  niyə  şikayətlənməlisən?  Yəni  bu  yolun 

xüsusiyyəti belədir, ona görə qabaqcadan bilirdim ki, döyüləcəyəm də, söyüləcəyəm də, hətta 

bəlkə  öldürüləcəyəm  də.  Məhz  bu  üzdən  həmin  təhqirləri  heç  saymıram  da  -  ha  çığırıb-

bağırsınlar.  Çox  vaxt  onlara  gülməyim  tutur.  Ya  televizora  baxanda,  ya qəzetdə  bir  iftiranı, 

böhtanı,  təhqiri  görəndə  həmişə  zarafatla  deyirəm  ki,  bunlar  xəstədir.  Bu  cür  adamlar, 

doğrudan da, xəstədirlər. Onlara nə fikir verəsən? Tarix özü o təhqir və böhtanların cəzasını, 

cəmiyyət özü onların əsl qiymətini verəcək.  

Bir  də  ki,  bu  dözüm  təkcə  məndə  görünməyib  ki.  Bu  dözüm,  səbir  bizə  babalarımızdan 

yadigar qalıb. Nəsimi, Füzuli, Vidadi, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Sabir, Əli 

bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hadi... hansı əzabları çəkmədilər, hansı məhrumiyyət 

və təhqirlərə  tuş olmadılar?!  Hadi  kimi nəhəng  özünü  bu millətçün  yandırıb  kül etdi,  ancaq 




indi  qəbri  də bilinmir. Məgər  mən  Əhməd  Cavaddan,  Hüseyn Caviddən  artıq  oğulam?!  İndi 

yox  ha,  lap  tutulmamışdan  qabaq  deyirdim  bu  sözü.  Düşünürdüm  ki,  Hüseyn  Cavid  Stalin 

kimi  bir  dünya  diktatorunun  qarşısında  baş  əymədi,  hətta  həyatını  qurtarmaq  naminə  də 

varsa  öz  əsərlərində onun  adını bir dəfə  də çəkmədi,  hamı neftdən,  pambıqdan,  kolxozdan 

yazan vaxt o, əqidəsini dəyişməyərək "Əmir Teymur"u, "Peyğəmbər"i, "Səyavuş"u... qələmə 

aldı,  qorxmadan  gözlədiyi  Sibir  buzlaqlarındakı  ölümüsə  şirin  bir  Allah  neməti  kimi  qəbul 

elədi!  Cavidi  gedərgəlməzə  yollayaraq  ondan  sonra  da  40-50  il  yaşayıb  fəxri  adlar  alanlar, 

döşlərini orden-medallarla dolduran əqidəsizlər, hər əmrə, göstərişə müti fırfıralarsa cismani 

yoxluqlarıyla eyni zamanda mənəvi ölümə də düçar oldular - unuduldular. Cavidsə əqidədən 

dönməmək  naminə  cismani  mövcudluğunu  qurban  verərək  əvəzində  peyğəmbərlərə  nəsib 

olan şərəfli əbədiyyət qazandı!  

 

Mən də Hadinin, Cavidin, Cavadın yolunu seçmişdim deyə həmişə ağrı-əzaba düşəndə onları 



oxuyurdum, özümə təskinlik tapırdım. Düşünürdüm ki, onların ailələrini də dağıdıblar, ancaq 

mənim ailəm, qohum-qardaşım, el-obam allahsızcasına incidilsə də gözümün qabağındadır. O 

insanları  uzaq-uzaq  diyarlarda  elə  məhv  etdilər  ki,  qəbirləri  də  qalmadı,  ancaq  məni 

öldürsələr yenə öz vətənimdə qalacağam.  

 

Səttar  xan,  Xiyabani,  Məmmədəmin  Rəsulzadə,  Pişəvəri...  nə  faciələr,  bəlalar  görmədilər! 



Ancaq  onlar  son  nəfəslərinədək  Azərbaycanın  xoşbəxtliyi  yolunda  mübarizədən  geri 

çəkilmədilər.  Elə  çıxmasın  ki,  mən  özümü  böyüklərə  oxşadıram  -  mən,  sadəcə,  onlardan 

öyrənirəm.  

 

Bu  mübarizə  yolu  gediləcək  -  o,  ərənlər  yoludur,  ərənlər  gedəcək.  Mən  də  getməsəm 



minlərcə gedən tapılacaq.  

Bəli, bu yolu gedə bilmirsənsə, getmək istəmirsənsə getmə, çəkil dur qıraqda, get alimliyini 

elə,  bir  tikə  çörəyini  qazan,  ancaq  gedəcəksənsə  unutma  ki,  yolun  hökmən  bu  əzabların 

içindən  keçəcək!  Bax,  buna  görə  də  həmin  təhqirləri  təbii  qarşılayır,  onları  söyləyənlərdən 

əsasən incimirəm. Sualınızın ikinci tərəfi necəydi? 

Niyə Sizi təhqir edənləri məhkəməyə vermirsiniz? 

Birincisi, mən o qədər aşağı enmərəm - bu adamlar kimdir ki, onları məhkəməyə verim? Bu, 

onlarçün böyük şərəf olardı. Bir çoxu məhz bu məqsədlə də təhqirə əl atır. Mən bunu bir dəfə 

əyani  şəkildə  gördüm.  Zərdüşt  Əlizadə  məni  bir-iki  dəfə  söydü.  Ondan  səbəbini  soruşanda 

deyib  ki,  istəyirəm  məni  məhkəməyə  versin.  İstəyir  ki,  mənimlə  məhkəmədə  tay  olsun.  O, 

kimdir ki, onu məhkəməyə verim?  

Bəllidir ki, Klinton prezident seçkisi ərəfəsində onu təhqir edənləri 131 dəfə məhkəməyə verib 

hamısını da uda bilərmiş. Vəkili bunu ona məsləhət görəndə deyib ki, işiniz olmasın, buraxın 

getsin. Yəni lider olmaq, qabağa düşmək istəyirsənsə arxadan vurulan daşlara dözməlisən. O 

insanları məhkəməyə verməyi, doğrudan, özümə sığışdırmadım.  



 

İkincisi,  məhkəməyə  verirsənsə  gərək  məhkəmənin  ədalətinə  inanasan.  Ədalətsiz 

məhkəməyə verməyin nə faydası? Doğrudur, belə hallarda çox adamların qəzetlərdən və s. 

yerlərdən  məhkəməyə  müraciət  etdiyini  görürdüm.  Kimdir  bu  şikayətlərə  düzgün  baxan? 

Məhkəmə  hakimiyyətdəkilərin  sərəncamındadır,  onlara  da  qulluq  edir  -  rəqiblərini 

məhkəməyə verib əzdirirlər, onlarısa məhkəməyə vermək mümkün deyil. 

İsa  Qəmbəri  prezidentin  qardaşı  Cəlal  Əliyev  təhqir  etdi,  ancaq  məhkəmə  İsa  bəyin  heç 

ərizəsini də götürmədi. 

Bəli, bəli. Kimdir ona baxan? Düzdür, mən məhkəməyə müraciət edənləri də müdafiə edirəm 

ki,  heç  olmazsa  gələcəyə  sənəd  qoyurlar.  Ancaq  mən  fikirləşdim  ki,  heç  o  sənədi  də 

vermirəm, eybi yoxdur. 

Bilirsiniz,  bəzən  qınayırlar  ki,  söhbət  şəxsən  vətəndaş  Əbülfəz  Elçibəyin  yox,  böyük  bir 

təşkilatın liderinin, on minlərcə insanın rəhbərinin təhqir edilməsindən gedir. 

Mən  amerikalıların  fikrini  üstün  götürürəm.  Orada  sadə  vətəndaşlar  bir-birini  məhkəməyə 

verirlər. Prezidentsə, ümumiyyətlə, vətəndaşı məhkəməyə vermir. Liderlər də bunu etmirlər. 

Bilirinizmi,  Ədalət  bəy,  əlbəttə,  məhkəmələr  lazımdır.  Cəmiyyəti  idarə  etməkçün  möhkəm 

qayda-qanunlar  olmalıdır  və  onlara  əməl  etmək  lazımdır.  Mən  bunu  əsas  tuturam  və 

silahdaşlarımdan da, cəmiyyətdən də tələb edirəm ki, sizi təhqir edənləri verin məhkəməyə, 

haqqınızı alın, çünki belə olmasa cəmiyyət batar. Amma eyni zamanda, mən özüm bir şəxs, 

fərd olaraq insanları vicdanının, xalqın və Tanrının mühakiməsinə buraxıram. 

Və tarixin. 

Bəli, tarixin də! Hər kəs cəzasını alacaq. Heç kim cəzasız qamayacaq. 

Siz bilən, tarixin məhkəməsində cəzasını alanlar çox olubmu? 

Bir çoxları cəzalarını aldılar, alırlar və alacaqlar da. Bunu mən yox, camaat, xalq deyir. Deyir 

ki, filankəs səni söydü - indi cəzasını çəkir, obiri belə etdi - indi haradadır.  

Yanvar qırğınında dedim  ki,  siz  hələ  baxın  görün  kimlərin  başı gedəcək, bu alçaqlar  nə  cür 

olacaqlar?  Dedim  ki,  Tanrı  var,  zamanı  gözləyin.  20  Yanvar  qırğınını  törədən  kimlərdi? 

Polyaniçko.  Necə  oldu?  Vurdular,  maşınında darmadağın  oldu. Yanvar qırğınını kim törətdi? 

Barannikov.  Ürəyi  partladı,  öldü.  Qorbaçov,  Yazov,  Kryuçkov  nə  oldular?  Bəli,  nahaq  qan 

yerdə qala bilməz - Tanrının hökmü var, ədalət divanı var! 



 

  

Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə