Sevinə bilmirəm gələn sabaha,
Üzümə çırpıram qapılarımı.
Durub daşlayıram doğan günəşi ‐
Gəlib artırmasın əzablarımı.
Uzanır əllərim telinə sənin,
Gözümə görünən əlimə dəymir.
Ovudur qəlbimi xatirələrin,
Әllərin gözümün yaşını silmir.
Hansı günahımdı, altın çəkirəm;
Səsim aya çatır, sənə yetişmir.
Nə mən bu həsrətdən ölə bilirəm,
Nə də ki, bu həsrət sona yetişir.
O, təbiətdən yazanda da peyzaja uymur,
təbiətdəki gizlinləri, üzə çıxmayan mənaları
arayır. Təbiətlə insan, küləklə, yağışla, qarla
ürək arasında təzad və həm də oxşar hallar,
bənzərliklər axtarır. Pəncərəyə yağan lələk‐
lələk qarın rəngi ilə bir insan taleyinin rəngi
arasında təzad var, amma qar üstündə sitildəyən
bir quşun səsi insan səsinin ahənginə düşə
bilər.
O, müharibədən yazanda da müharibənin
özünü, döyüş‐vuruş səhnələrini deyil, onun
fəlakətini, bir obraz kimi təcəssümünü yaradır:
Nə çox divarı var
bu evin belə,
bu evdə gecələr
zindan qoxuyur;
divarlar səssizcə
verib əl‐ələ
bir tənha gözələ
meydan oxuyur.
Şeirin bundan sonrakı bəndləri bətnində
üçaylıq uşaq yaşayan, yoldaşı müharibədə
həlak olan bir gəlinin tənhalığını və faciəsini
canlandırır. Sanki bütün dünyanın sonsuz
gecələri günəşdən yayınıb burda, bu evdə, bu
zindan divarlar arasında gizlənib. Sükutun özü
də hıçqırıq səsinə diksinib burda gecələyir. Tül
pərdələr, cansız əşyalar biçarə gəlinə «kişilik»
edir, gəlinin xəyalında yaşatdığı ağ atlı oğlan
isə kirkirə dünyanın çölündədir. Müharibənin
bir evdə, zindan divarlar arasında bir ürəyə,
bir gəlinə, üçaylıq bir körpəyə çəkdirdiyi dağ
çox təsirli, məhz şeirin yarada biləcəyi tragik
boyalarla təsvir edilib. Həyat faktına xüsusi
poetik yanaşma Vüqar Әlisoyun «Gözəl Bakı»
və «Daş üzərində yazı» silsiləsində də nəzərə
çarpır. Birinci silsilədə təkcə insanlar deyil,
predmetlər və əşyalar da «hərəkətə» gəlir,
Bakının səhərəcən uzanan gecəsinin prozaik
mənzərəsi gözlərimiz qarşısında canlanır. «Bir
gecəlik sevgi»nin içində sarıköynək qadınların
qaş‐qabağı gecələrin artığını küçələrdən
süpürür, darıxan dayanacaqlar, turşuya
qoyulmuş sifətlər, qalstuklu bir şorgözün nəfəsi,
donuq gözlər, üzü tüklü sürücü və digər
görüntülər Bakının səhərə açılan mənzərəsini
tamamlayır və əlbəttə, bütün bunlar fərdi poetik
duyumun bəlirtiləri kimi diqqəti cəlb edir. Mis‐
ralar arasında məntiqi pozuntu nəzərə çarpmır,
əksinə, misralar pillə‐pillə bir‐birini tamamlayır,
müəyyən bir görüntünün get‐gedə böyüyərək,
genişlənərək obraza çevrilməsinə şərait yaradır.
Deyək ki, bir gözəlin bənizinə hopan tüstü
qalstuklu şorgözün qafasında assosiasiya yaradır
(tüstüdə oyandırıcılıq, qıcıqlandırıcılıq xassəsi
var), sonra bu tüstü doğum evlərinin kürəyinə
sancılır, üzü tüklü bir sürücünün yarıyuxulu
sifətinə dolur. Ümumiyyətlə, assosiativliyə
meyil, əşyalar və predmetlər, ilk baxışda bir‐
birilə ilişkisi olmayan nəsnələrin paralelliyi
Vüqar Әlisoyun bədii təfəkkürünün bu səmtə
meyil etdiyindən xəbər verir. «Qapı arxasında»
məncə, Vüqar Әlisoyun bu baxımdan ən uğurlu
şeiridir. «Çəhrayı gecə» ilə «yarıyumulu,
yarıyuxulu bir səhər»in qarşılaşdırılması ilk
baxışda təzaddır, amma onları bir araya gətirən
«yan‐yana düzülmüş günahların hönkürtüsü,
kölgələnmiş gözlərin döyüntüsü»dür, yuxusu
ərşə çəkilən «bir qadının yeddi mərtəbəli
həqiqəti»ndən doğan intizarıdır.
Vüqar Әlisoy gerçək həqiqətlərə də biganə
qalmır və bu həqiqətləri pafosla, ritorik tərzdə
söyləmir, bu, onun fərdi üslubuna xas deyil.
Deyək ki, «Azadlığa gedən yolda» tıxaclar
yaranmasını adi, primitiv mənasında dərk
eləmirik, bu TIXAC insan azadlığının qarşısını
kəsən maneələrdir. «Quduz gerçək», «Ölmək
keçir ürəyimdən», «Mən düz olmazdım»
şeirlərində isə heç bir simvola, rəmzə ehtiyac
Aylıq ədəbiyyat dərgisi
38
ULDUZ /
Yanvar 2016
duyulmur. Gizlətməyək ki, pessimizm bu üç
şeirin canına hopub. Amma bu pessimizmi
doğuran səbəblər nədir? Әgər insan bu dünyada
gerçək həyatını, arzu və əməllərini reallaşdıra
bilmirsə və buna qadir deyilsə:
gəlmə bu dünyaya,
adam,
gəlmə,
gəlsən,
sən də bu dünyadan
azadlıq umacaq,
xəyallara dalacaqsan,
uçacaqsan,
mələklərin ağuşunda
uçurduğu quşa baxan
bir cocuğun baxışında
uçacaqsan ‐
arzuların dalınca,
arzulardan yıxılınca
karıxıb, duruxub,
gerçəyə yoluxub
oyanacaqsan…
Bəs sonra? O insan gəldiyi yerə də uçmalıdı.
Geriyə, öz əslinə qayıtmalımı? Yox, burada
sufi düşüncəsi duyulmur. Çünki bu insan
həyatın ağrı‐acısından, zülm və zalımlığından
təngə gəlir. Təbii ki, bu şeirdə təsvir olunan
insan o tipli insanları təmsil edir. İşıqsız, aciz,
passiv insanları. Amma dünya yalnız bu
insanlardan ibarət deyil.
Vüqar Әlisoyun şeirləri poetik enerji
müxtəlifliyi ilə seçilir. Elə şeirləri var ki, poetik
ab‐havası, sənə aşıladığı xoş duyğular
ürəyincədir. Amma elə şeirlər də var ki, bunlar,
rəssam diliylə desək, yalnız tamamlanmayan
eskizlərdir.
Mən Vüqarın həm hecada, həm də sərbəstdə
yazdığı şeirləri müqayisə etmək istəməzdim,
amma subyektiv fikrim belədir ki, Vüqar Әlisoy
hecada daha mükəmməl görünür. Bu şeirdə
olduğu kimi:
Gileylənmə qocalıqdan, ay ata,
Öz vaxtında düşən qışdır qocalıq.
Uşaqlıqdan gələn yoldur, indi də
Uşaqlığa qayıdışdır qocalıq.
Təməl qoyan belə qoyub təməli,
İnsan oğlu hər yaşını sevməli,
Ömrün əgər xalıdırsa, deməli,
Son ilmədir, son naxışdır qocalıq.
Nə çox yatma, nə gününü say, ata,
Aç gözünü, şükür elə həyata,
O dünyanın kandarından, ay ata,
Bu dünyaya son baxışdı qocalıq.
Müasir qoşmaya xas olan bütün kom ‐
ponentlər‐forma mükəmməlliyi, məzmun ye‐
niliyi, bəndlər və misralar arasında davamlı
kommunikasiya açıq‐aydın nəzərə çarpır.
Hələlik bura qədər. Vüqar Әlisoya həmişə
belə mükəmməl şeir yazmağı arzulamaqdan
başqa bir istəyim yox…
Vüqar ӘLİSOY
YAZ LÖVHӘLӘRİ
ağacların fatasında
yellənən yengəciklər
çiçəklərin
nazını çəkir,
başına dönür
bəmbəyaz,
çəhrayı
gəlinciklər
hər biri
meyvə olacağını
düşünür
çəpərin dibində
ayağı yerdən
əli göydən üzülmüş
üzüqoylu
nəm torpağa gömülmüş
qoca çinar
sinəsində yamyaşıl fidanlar
şivlənmək eşqilə
sıraya düzülüb
pöhrələr
nəmyaşıl təbəssümlə
günəşə gülümsünür
Aylıq ədəbiyyat dərgisi
39
ULDUZ /
Yanvar 2016