Vaqif bəHMƏNLİ artirma poeziya toplusu proloq bir cüMLƏ


Canım tısbağa, Gözüm tısbağa, Daha yoxdu sənə Sözüm tısbağa... 12



Yüklə 4,92 Mb.
səhifə22/23
tarix04.02.2018
ölçüsü4,92 Mb.
#23924
1   ...   15   16   17   18   19   20   21   22   23

11.

Canım tısbağa,

Gözüm tısbağa,

Daha yoxdu sənə

Sözüm tısbağa...
12.

Sandıqdan çıxın, tısbağalar,

İnsafa gəlin, bağa ağalar!

Sındırın, ağalar, dar divarları,

Yerlə yeksan edin dər-divarları!

Allah necə sevsin qəlbi darları!

Dirəyin divara nərdivanları,

qlxın yuxarı...

Bəlkə Allah görə, amma ki, görmür

Hər tərəf qapalı, hər tərəf bağlı...

Hansı cəhənnəmdə gizlənib adam

Allah adam gəzir əliçıraqlı...


Yer şarından iri tısbağa hanı –

Başdan ayağa kef, məzə tısbağa.

Biz ki, içindəyik köhnə bir qının

Nəyimizə gərək təzə tısbağa?


Tısbağa dünyaya, bağa dünyaya

Nə qalır, nə qalır tısbağalardan?

Tısbağa-tısbağa səbrlər qalır,

Tısbağa-tısbağa colma-cocuqlar,

Tısbağa-tısbağa kinlər, acıqlar,

Tısbağa-tısbağa malikanələr,

Tısbağa-tısbağa QƏBRLƏR qalır...
13.

Dostlar, inciməyin bu zarafatdan;

Yetər nağılımız şığıyan atdan,

Yetər ki, yeritdik su altdan-altdan

Yetər göydən yazdıq, yeddinci qatdan...
Mən bir az bəhs etdim alçaq həyatdan,

bir az yalan, bir az gerçək həyatdan...


Şübhəylə yanaşıb mənim bağıma

Niyə fikir çəkib baş yorursunuz?

Durun, zəhmət çəkib gəlin bağıma

Mənvaram,

siz varsız,

tısbağa durur…


2008

GÜZGÜ

O yana keçib güzgüyə baxıram,

bu yana keçib güzgüyə baxıram,

dönə-dönə qayıdıb güzgüyə baxıram –

üstümdəki nizama,

üzümdəki düzgüyə baxıram.


Qaranlıq səngərə bənzər ağzımda

sıraları seyrələn əsgər dişlərimə,

döyüşkən alnımdakı çapığa,

hər xırda cizgiyə baxıram...


Güzgüyə baxıram –

özüm hanı,

canım hanı,

dostum,


düşmanım hanı? –

elə bil özgəyə baxıram...

nə kökdədi axırım!
Ruhsuz güzgülərə qarışdı başım –

əlimi qaldırıb dualar üçün

göyün güzgüsünə baxmaq yerinə,

aynaların anasına baxmaq yerinə

tərlətdi nəfəsim soyuq aynanı –

o da məni qoydu axmaq yerinə...


İllər boyu

üzümü əlləşdirən,

saçımı didişdirən,

düymələri ilgəklərə ilişdirən,

başımı qarışdıran

bu əclaf güzgü

kirli bir köynək kimi

çırpmaq istəyir deyəsən

məni mənim üzümə!

Düz eləyir güzgü –

düz, lap düzünə...

Gör neçə illərdi

çevrilib baxa-baxa

o üzümə, bu üzümə

yaşayıram şüşə qəfəsin

o üzündə –

div canı kimi,

şüşə ilğımında

kobra ilanı kimi...
Güzgünün sözü düzdü,

qocalıram, düzdü!

Vaxtdı ta... qopmaq gərəkdi

parıltılı,

hırıltılı,

kəkilli,


qırağı «nakleyka»

şəkilli


güzgülərdən...
Bütün gözlərdən uzaqlaşmaq

və kiçilmək gərəkdi

qum qədər,

tum qədər,

çətənə qədər!

Rədd olub

getmək gərəkdi

özüm öz gözümdən

itənə qədər...
2008

İYNƏ

Deyirdin:

– İynəni bu sapdan asın...

Yerə düşmədi heç bir dəfə sözün.

Nənə,

görüm sənin gorun çartlasın;



necə də dar imiş iynənin gözü!
İynəni darvaza bilirdim, əşi,

gözünü gen qapı, baca bilirdim.

Özümü hünərli iş bilən kişi,

səni də qocadan qoca bilirdim!..


Bir anda iynəni sapa keçirdib

Dərsimin dalınca qaçırdım sonra.

Dərsdən qayıdanda olurdum keçi,

Qayada min deşik açırdım sonra.


Demə «iynələnib» deyir özündən,

Allah da bəyənir şair gopunu.

Vaxt vardı, ay nənə, iynə gözündən

Rahat keçirdirdim futbol topunu.


İynə ucu boyda deşikdən keçib

Qonşu bostanına yol eləyirdim.

Güllü yaxalara iynələr sancıb

Qızları hal kimi qul eləyirdim.


İndi sap əlində girincəm özüm

Deşik gəzə-gəzə gözümü yordum.

Gözümə görünmür iynənin gözü

Nənə, fələk məni gözümdən vurdu!


Mindilər at oldum, döydülər eşşək,

Qanımı sağdılar, inəyə döndüm!

Məni ehmal-ehmal soydular qəşəng,

Nənə, gorun yansın, iynəyə döndüm!!!


Şığıyır, çözdənir, gəlir yadıma

İynə həvəsləri, sap həvəsləri.

Bəzən iynə canım yetir dadıma;

girirəm gözünə xayın kəslərin!


Haqq kişi hərəyə açır bir qapı –

Qapı dar, həvəs gen, dözüb keçirəm.

İynədən keçirə bilmirəm sapı,

İynənin gözündən özüm keçirəm.


İynəylə gor qazıb ucaltdığım dam,

qurduğum bu ev də, eşik də

qalmaz.


Hökm olar, iynə tək itib-bataram,

Baxmağa bir xırda deşik də qalmaz!..


2008

RUS OĞLU

O ayrı məsələ ki,

yalanam və ya doğruyam,

O ayrı məsələ ki,

Halalam və ya oğruyam...

Türkoğullarının

xoşuna gəlsə də,

xoşuna gəlməsə də

deməliyəm ki, mən

bir az


rus oğluyam...

Dərhal:


qulaqlara qurğuşun,– deməyin,–

cinli-şeytanlı budaqlara

qondu quşum,– deməyin!

Proletariatın dahi rəhbəri

Leninin saqqalına,

Ellər atası Stalinin

demisinə və bığına,

Brejnevin tökmə,

qalın qaşına,

Qorbaçovun

təpəsində xalına

və bir sürü medallı-medalsız

imperiya çaqqalına

“tfu” deməkdən

mənim də ağzımda

tüpürcək qalmayıb, düzdü,

Amma

mən deyən ayrı məsələ,



mən deyən, ayrı sözdü...

1905–də,


1918–də,

37 adlı keçməkeçdə,

Bunlardan da irəli

babam Pənah xanın

qocalığında,

Doxsanıncı il



Yanvar ayının on doqquzundan

Iyirmisinə keçən gecə,

və iki il sonra Xocalıda

rusoğullarından

it zülümü çəksəm də belə

rus oğluyam bir az!..

Belə düşünürəm indi

Qalsam o vaxta

yəqin ki,

düşünəcəyəm


yetmişdə,

səksəndə də belə!

Mən bir az

rus oğluyam...

Ata tərəfdən

tər-təmiz

bəy nəsliyik biz–

Aslan bəy,

Salman bəy...

Aslan bəy; atamın babası,

Salman bəy; atamın atası...

Babam,


yəni Salman bəy

axır macallarda

külqabı kimi

yanıb qaralmış

batıq ovurdlarını

bir az da çökürdə-çökürdə

uzun,

sarı müştüyə



filtirsiz papiros taxıb

sümürür


qoz-fındıq satırdı

Qaryagin bazarının ortasında.

Bəylikdən

yarımca ədəd neytron,

bircə ədəd atom

qalmamışdı onun

venasında,

aortasında...

Cuvarlı qohumlardan,

bir də

Dilbər nənəmdən eşitmişdim



haçansa onun bəy olduğunu.

Elə buna görə də

hərdən özümü bəy balası sanıb

şişirdirdim qoltuğumu...

Salman bəy –

cavan atamın yası düşəndə

çoxdan bizim babamız deyildi o.

Bir yaşı olar-olmaz

Dilbər xanımın

qucağına qoyub

Məşədi Səfəralının

ocağına qaytardığı

oğlunun öldüyünü

yeddi gündən sonra bildi o...

Məşədi Səfəralının qızı

Dilbər xanımın dost-doğma

xalası oğlu və

ikinci əri

Həsənqulu oğlu Qəbil idi

bizim babamız...

(torpağına xalqım qurban!)

Çəmənlikdəki

tabuta tərəf dartınaraq–

“ata”, “ata” deyib ağlayanda

gözümüzün

yaşını silirdi o!

Az-maz

rusca da bilirdi o!



“Dəli” deyirdik adına–

qul idi bizə,

nənəmizə–

Məşədi Səfəralının

hikkəli qızına.

O,

Həsənqulu oğlu Qəbil



Salyanda,

fəallar yığıncağından

qapıb aparmaq rahat olsun deyə

keçici qırmızı bayrağın

sapını qıraraq

zor gücünə gətirmişdi

Sabir adına kolxoza.

Kəndimizdə

qədim tarixdən bizə qalan

bir bağ adıdı Qızılbaş!

O bağdan qoşun-qoşun

ağ itburnu çiçəkləri

öldürsəm də

əlbəttə,


Qızılbaş deyiləm mən.

Mirzə Ələkbər Sabir demiş

Rusbaş da deyiləm mən –

Rus oğluyam amma bir az!...

Salman bəy

atamın adını

Sovet İttifaqının şərəfinə

İttifaq qoymuşdu –

O vaxta baxanda haqq qoymuşdu,

bu vaxta baxanda

nahaq qoymuşdu...

Çox zamanlar ötüb aradan,

çox küləklər əsibdi,

Şura gəlməzdən öncə

doğulub deyin

böyük əmimin adı

Nəsibdi.

Yaddaşlarda

tarix kimi

əziz qaldı,

Toxumçuluq idarəsinin

müdiri idi,

toxum qədər

təmiz qaldı...

Ondan sonrakı əmim

İnqilabdı,

Atamı dedim;

İttifaqdı,

balaca əmim İnzibatdı...

Gör siyasət

hardan hara endirib

bəy balalarının ləyaqətini?!

Həyat

belə həyatdı...


Bir dəfə

sinif yoldaşım Siyasətlə dərsə gedəndə eşitdik;

briqadir Sovet

sağıcı Şuraya deyir ki,

cidanı çuvalda gizlətmək olmaz...

Olmaz, olmaz, olmaz...

İndi bildinizmi

nədən deyirəm

mən rus oğluyam bir az.?!
Etiraf çətin olsa da,

ana babam

Asiya çöllərindən axan

oğuz nəhrinə məxsus

Məti olsa da

doğrudan-doğruya

mən bir az rus oğluyam.
Uydurmadı bütün dinlər,

Həyatdı ən böyük din!

Bunu mənə kim deyir?–

Dərisiz İmadəddin...

Sən get

minarəyə dırman!

Qorxmuram səndən, bəli,

Mənim ayrı dinim var–

dinsiz Mirzə Fətəli!
Tərkim mənim, dibim mənim

Haqqa bağlı

Üzülməyən ipim mənim,

Aldanaraq haqqa çatan

Aldanmış kəvakibim mənim!
Nə olsun ki, beşiyim

kənddə qurulub,

məzarım kənddə bitir,

Nə olsun ki,

rusca savadım

“da”-da başlayıb

“net”də bitir –

mən bir az

rus oğluyam.

Nə bəy,


nə İnqilab,

nə İttifaq,

nə İnzibat, canım,

təpədən dırnağa qədər

anamdan almışam

nəyim varsa

Vaqif Diləfruz oğluyam,

bir az da

rus oğluyam...
Dünyanın bu başını

o başına calayırdı

böyrümüzdən ötüb keçən

rus qatarları,

o qatarlar obamıza yetişəndə

görəydiniz necə sevinir

kəndimizin körpə-körpə

oğuzları,

səlcuqları,

tatarları...

İlk dəfə

rus hərfləriylə

rus kağızına yazdım

“ana”,


“ata”

“Vətən” sözünü.

Cibimdəki

rus rublunu

sonuncu

qəpiyinə qədər



xərcləmək istədim

rus qızına –

imkan vermədi,

xərcə-xəsərətə batmadan

təmənnasız

sevgilər gördüm.

“Çerez Moskva”–

ölkələr gördüm,

Göz açdım dünyaya;

kimlər gördüm,

nələr gördüm...

Qoqolun şinelinə büründüm

Peredelkino qarında!

Don, Dunay, Kerç sularında

babalarımı qan içində

əmilərimi,


dayılarımı

mələr gördüm...


Bunu deməsəm olmaz,

rus oğluyam mən bir az.


İlk dəfə Peterburqda,

Kazanda,


Qoridə

qara saqqalımı

rus ülgücüylə təraş etdim,

Nadanlığı görüb

partlamaq dərəcəsinə

gələndə


Kefli İskəndərə dönüb

rus şərabı nuş etdim...

Bunu deməsəm olmaz,

rus oğluyam mən bir az.

Üstümə alıram çox böyük risqi –

Sizin xətrinizə Anton Pavloviç,

Sizin xətrinizə Blok, Yesenin,

Sizin xətrinizə Dostoyevski...

Mənə satqın denən, lap gözümü oy

İçimdə yurd salıb

QrafTolstoy!

Xoşbəxt olmuşdum, bəli

ağ köynəyimin boynuna

Kəklik müəllim qumaş

pioner qalstukunu taxanda,

körpə ürəyimin təmiz başında

komsomol nişanı qızaranda.

Diplomum,

komsomol mükafatım kimi

partiya biletini də

zəhmət və

namusa görə qazanmışam!

Bəlkə siz deyəsiniz,

nəyi özümə görə,

nəyi

rusa görə qazanmışam?



Qoy bir söz də deyim

özümüzünkülər də şad olsun:

kürəyimdəki yaralarin bir çoxunu

milli


dəyyusa görə qazanmışam...

Allah bilir ki, yaram

bitişər, ya bitişməz?!

Fikrim kamalınıza

Yetişər, ya yetişməz...

Içimdəki tarixdən

qalxıb yüksəlir bu səs;

Türkmən,


qırğız,

qazağam,


Fars boğazı da vurur

hərdən oxuyanda

boğazım.

Ən dəhşətli istilərə

tavanım var

dəvə kimi,

əqrəb kimi,

Haçan ki, canım ağrıyır

qaralıram

ərəb kimi...


Bunu deməsəm olmaz,

Mən həm də rus oğluyam bir az –

Fikirlər üst-üstə

düşüncə eyni,

bir azca dərindən

düşünsək eyni;

əl-əldi,

göz gözdü,

çənə – bənzəyir,

Göylər bir,

kitab bir, din də ki,

dinə bənzəyir–

mən rus oğluyam bir az!

Lap sonda

bunu da deməsəm olmaz:

Rus oğlu da bir az

mənə bənzəyir...

2008

TƏYYARƏLƏR

Təyyarələr, keçməyin

Mənim başımın üstdən...

Qollarım odun oldu,

Qulağım batdı səsdən!

Üstümüz su yoludu,

Keçirsiz yoxsa, qəstən?

Təyyarələr, keçməyin

Mənim başımın üstdən –

Hürkütməyin atımı

Nə gündüz, nə də gecə!

Uçağan ümidimi

Döndərməyin bir heçə!
Təyyarələr, keçməyin

Mənim başımın üstdən –

Doğranır bıçaq-bıçaq,

göyüzüm yaralanır,

Ayağımdan yer qaçır,

qanadım aralanır...


Təyyarələr, keçməyin

Mənim başımın üstdən –

Dartmayın göy üzünə

Canini, başkəsəni,

Süd gölündə üzəni,

Ucalığa qalxanda

Titrəyəni, əsəni...
Təyyarələr, keçməyin

Mənim başımın üstdən –

Yeri, göyü yorurdum,

Həm də uçurdum bir vaxt!..

Qanadlarım qırıldı,

Üzümə gülmədi baxt!


Təyyarələr, keçməyin

Mənim başımın üstdən –

Dönmüsünüz şahinə;

Uçmaq mənim haqqımdı!

Allahın dərgahını

Qucmaq mənim haqqımdı...

Təyyarələr, keçməyin

Mənim başımın üstdən...

Söz içimdə sərgərdan –

Çəkirəm keşiyini...


Pərin yansın, tərpətsən

Balamın beşiyini!


Təyyarələr, keçməyin

Mənim başamın üstdən

sınıq-salxaq sətircə!..

Döşənin ayağıma,

Hünəriniz çatırsa

qonun dar otağıma...


Təyyarələr, keçməyin

mənim başımın üstdən –

Göydə mənim kimim var,

göydən qonaq kim gələr?

Xəyalıma son səfər,

əbədi köçüm gələr.


Təyyarələr, keçməyin

Mənim başımın üstdən –

Yer üzündə birtəhər

Girləyirəm başımı.

Yonuram axşam-səhər

Qanadsız baş daşımı...


Təyyarələr, keçməyin

mənim başımın üstdən –

qədər ki, diriyəm

hündür təpə tutaram,

Mən dəlinin biriyəm,

sizi topa tutaram!


Təyyarələr, keçməyin

mənim başımın üstdən...

Sakit işimin üstdən,

qoca yaşımın üstdən,

dilsiz daşımın üstdən.

2008

TELEFON

Qız qalası qızlar, qalaça qızlar

Telefon xəstəsi olub, ay nənə!

Sifətdə qanmı var,

başda tükmü var

üz cırım,

saçımı yolum, ay nənə?
Oğlan heç...

qızlar da unudub əsli–

Necə deyim:

–Allah kərimdi, nənə?

Bakıda nə qədər qız var,

Xan Əsli,

O sayda telefon...

Kərəmdi, nənə!

Telefon söyləmək ona ,

azdı, az–

fanardı,

oyundu,


şəkilçəkəndi.

Daha tarlamıza dən əkən olmaz;

Əkinçi millətim mesaj əkəndi!

Him-cimlər, göz qaşlar–

telefon ilə,

xəlvəti görüşlər –

telefon ilə,

əttökən öpüşlər–

telefon ilə,

görülür hər işlər...

telefon ilə!..
Haçan ki, telefon dindi,

elə bil


qurbağa ilanın gözünə baxır.

Atanı,


ananı eşidən kimdi?–

Hamı telefonun sözünə baxır...


...Balaca əllərdə balaca qızlar

Elə bil, balaca can gəzdirirlər.

Haçan ana oldu halalca qızlar? –

Körpə telefonu əmizdirirlər…


“Salam”,


“eşidirəm”,

“baş üstə”,

“bəli”...

Gör nəyə əsirdi can üzən qızlar?!

Telefonla gəzir qumlu sahili,

Telefonla girir dənizə qızlar...


Nahaq ümidvarıq,

hər məlaikə

Yurddan qanadlanıb murad doğacaq.

Dəniz ayğırına zəng edib bəlkə? –

Qızlar sudan çıxıb Qırat doğacaq!
Söz dilə yerləşmir,

üyünür ton-ton,

Allah adamları qarğa eləyib.

Ana öyüdüdü bəlkə telefon,

Qızlar qulağında sırğa eləyib.
Qıza mesaj gəlir...

alışır qanı

O orda sallaşır, bu burda düşür.

Həris tünlüyündə marşurutkanın

“Sevirəm” kəlməsi abırdan düşür!
Çoxdan iş üstədi cibəgirənlər–

Üzünü çalarlar ağız qarışıq.

“sevirəm” sözünü əlləşdirirlər

Telefon qarışıq, o qız qarışıq.


Bu da dayanacaq...

qızlar səs-səsə...

Sevən oğlan hanı?

Görünmür sevən.

Telefon yollayır qızları dərsə,

Elə telefon da...

ötürür evə.
Qucur telefonu, çəkir yorğanı

İşıldaq düymələr,

boş otaq,

divar...


Hələ qurumayıb çarmıxda qanı,

Yoxsa Məryəm qızın İsa fikri var?


Mobildən göndərir şerini çapa

Şairlər


can atır kəlam tutmağa.

Qutuda ilan tək baxır kitaba,

Tüpürür birdibli

qələm tutmağa.

...Beləcə şığıyır əsrin gülləsi–

Nədən çox sevirik yad çıxardanı?

Girsin bəbəyinə Eyfell qülləsi,

Ürəyi çatlasın “çat” çıxardanın!


Qız qızdı,

düz sözü çətin ki, anlar…

İçimdən dərd adlı

mesaj sallaşır.

Xarab telefon tək susur oğlanlar,

Qızlar bala-bala qloballaşır...


2008

ZORAKILIQ ƏLAMƏTİ

Hadisə yerinə gələn həkim ölünü müayinə

edəndən sonra müstəntiqə dedi: “Meyitin

üstündə heç bir zorakılıq əlaməti yoxdur.”


Nə təhər həkimsən, ay çarxı dönmüş,

Bu gözün qırılmış şüşəsinə bax!

Zavallı qəlbinin, çırağı sönmüş

ən gizli, ən dərin guşəsinə bax!


Hamı bu dünyada xoşbəxt doğulur,

Körpənin alnında gor nişanı yox.

Yetər ki, edəsən hakimlə qurqur:

“Meyitin üstündə zor nişanı yox.”


Arılar sancanda bal zəhər olur,

Qəm oyan ürəyin yeri qalıbmı?

Həkim,

zorakılıq nə təhər olur,



Heç bunun salamat yeri qalıbmı?
Çalışın böyründən gizlincə çəkin

namərd gülləsinin gilizlərini.

Kor da görər bunun boğazındakı

Qatil zəmanənin əl izlərini.


Həkim, əməlli bax, nakam sevgisi

Qəhr olan qəlbinin para yeridi.

Ac qarnı qudurmuş qurdlar vadisi,

Boş cibi sağalmaz yara yeridi.


Bu odur...

göz yaşı aşa çevrilən...

Bu yazıq yeyəndən

yemədin, həkim?

Ehtiyac içməkdən daşa çevrilən

qara ciyərini demədin, həkim!


O nataraz gədə -

bunu ki dəlib

Bəlkə at boydadı,

ulaq boydadı.

Bu bədbaxt oğlunun canı didilib –

Ən böyük tikəsi qulaq boydadı.


Əlac quru sözə qalıb, ay həkim,

demə ki, tibbə ziddi yazdım yazımı.

Kim bunu bu hala salıb, ay həkim,

Ləçər arvadımı, oğlu, qızımı?


Gör necə əziblər dik çənəsini,

Necə öldürüblər öküz şəklində.

Bunun qolundakı qandal səsini

duyur Qobustanda öküz şəkli də...


Harda ki, həyatın pozulur səfi

Orda zorakılıq əlaməti var.

Tanrıdan qabağa düşən əclafı

Nə həkim tanıyar, nə bilgisayar.


Gərək gizli qalsın ləkə, ay həkim,

Bərəkallah, bizi az azdırırsan!

Qatil sən özünsən bəlkə, ay həkim,

İndi belə deyib iz azdırırsan?


2008

QƏRİBƏ AT

Təmiz saxlasanız əgər tövləmi,

o noğul tövləmi, şəkər tövləmi...

vaxtında versəniz ot, alafımı –

yaşıl alafımı, cod alafımı,
biryaşar olmamış yıxsanız, əgər

əzsəniz həyasız damarlarımı,

ağzımda noxtanı sıxsanız əgər,

həm də tumarlayıb yançaxlarımı,


hərdən də yalasa qamçı gözümü

mən sizə


könüldən vurğun olaram,

həm sizin,

həm də ki, elə özümün

üstünə zərli çul, yorğan oluram...


madyan həsrətiylə dalğın olaram!

Boynumdan assanız çadır torbanı

çaparı mənzilə çatdırmaqdan yox,

kişmiş gövşəməkdən yorğun olaram.


Sağrıma işıldaq muncuq taxsanız,

dizimi zavalda qırsanız əgər,

əgər ki, siz mənə yaxşı baxsanız,

nal üstdən bir nal da vursanız əgər,


dünyada hamıdan qanacaqlı və

ifallı atınız olaram sizin,

ananız, atanız olaram sizin;

namus daşıyaram hər axşam evə,

at nədi, itiniz olaram sizin...
Bax belə, şöhrətim tutub aləmi;

Qardaş,


Qır atıyam mən millətin

Quyruq bulayıram yal görən kimi,

Mənimçün fərqi yox

ot ilə ətin...


2008


ANA

Andım canıma qalıb –

and içirəm canıma,

Əlimə çiçək alıb,

molla salıb yanıma,

üç-dörd ağbirçək alıb

anamın qəbri üstə

getmirəm illər boyu...

İstəsən söy, ya pislə,

istəsən gözümü oy!

Adıma töhmət bəzə,

min yol qına, getmirəm!

Üstündə ilan gəzən

o məkana getmirəm...


Orda nə var? Tozlu daş,

məni vur öldür, qardaş,

gedə bilmirəm, anla –

orda nə gəzir anam?!


Hər vaxt ayaqda hazır,

gəlişmə müntəzir,

gedişimə müntəzir

anam, uyuya bilməz,

anam orda nə gəzir?

Yerin altı sükunət –

anam yer üzündədir,

anam göy üzündədir,

anam quyuya girməz!
Onunku ev-eşikdi;

paltardı, dəyişəkdi…

Nə olsun, bağrım başı

param-parça, deşikdi –


Deşik canım beşikdi...

Necə bir zaman mənim

açıq alnımdan öpüb

sərin beşiyə qoydu,

mən də onu öfkəmdə

dərin beşiyə qoydum...


Anam gorda nə gəzir? –

anam məndədi, qardaş!

Anam mənim içimdə –

Həmən ifallı üzdə,

Həmən həlim biçimdə...

Həmən taxta eyvanda,

Həmən çiçəkli donda...

Hər gün onun qabarlı

Əllərini öpürəm,

Tarladan dən gətirən

yollarını öpürəm,

Dərddən ucu qıvrılan

tellərini öpürəm,

Mənə alqış eləyən

dillərini öpürəm...

Anam orda nə gəzir? –

Anam məndədi, qardaş!
Birinə əl tutanda

tərpənir anam orda.

Atamı unudanda

tərpənir anam orda...

Anam mənə deyir ki,

dönə-dönə deyir ki,

namərd üstünə gəlsə

qamətini düz saxla,

Küsdün adam kimi küs,

barışmağa üz saxla.

Mətləbi siftə demə,

son ayağa söz saxla.

Anam mənə deyir ki,

Bunu tut, onu tutma,

Qardaşını, bacını,

kəndini, kəsəyini

heç vaxt, oğul, unutma!
Anama dünya qurban,

Qoymur küsüm dünyadan!

Bətnimdədi, bətnimdə

Sümüyümdə, ətimdə...

Huşumdan nə söz çıxır

mən ondan soruşuram,

Nə zaman payız bitir,

hansı gündə yaz çıxır,

mən ondan soruşuram.
Ruzumu kəsmir bir an,

qızardır kökəmizi

anam təndir başında.

Sürüyür təkəmizi

Qəzil kəndir, başında...

Süddaş, dovğa bulayır

Pörtmüş kömür peçində

Anam mənim içimdə,

Mən anamın içində...

Şipşirin layla çalır,

Süd də verir arada –

Məni xoşbəxt yaradıb

Vallah, billah, yaradan!
Anamın hesabına

gəlmişəm bu yaşa mən...

Qoca yaşda nə təhər

ana deyib üz sürtüm

torpağa mən, daşa mən?
... orda nə gəzir anam?

gorda nə gəzir anam?

Anam həyat dəftəri,

anam bir xəzinədi,

anam bir dəfinədi!

Siz də onu mənim tək

QƏLBİNİZDƏ

dəfn edin!

Ana deyib çağırın

duranda, yatanda da,

Dinclik verməyin ona
yerin alt qatında da...
2008


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə