VəLİyev dünyamali əMİr oğLU


İQTİSADİ İNKİŞAFDA MALİYYƏ SEKTORUNUN ROLUNUN NƏZƏRİ VƏ PRAKTİKİ ƏSASLARI



Yüklə 7,05 Mb.
səhifə29/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

İQTİSADİ İNKİŞAFDA MALİYYƏ SEKTORUNUN ROLUNUN NƏZƏRİ VƏ PRAKTİKİ ƏSASLARI

8. 1. Monetar siyasətin sosial-iqtisadi inkişafda rolu: nəzəri baxış.
Ölkənin dünyada inkişaf prosesinin ümumi axınına qoşulması nəticəsində Azərbaycanda köklü iqtisadi dəyişikliklər baş verir. İqtisadiyyatın idarə edilməsinin köhnə, özünü doğrultmamış mexanizmi ləğv edilmiş, təsərrüfatçılığın bazar mexanizmi sürətlə inkişaf edir.

Bazar iqtisadiyyatı dünyada çoxsaylı modellərinin mövcudluğuna baxmaya­raq sosial yönümlüdür və dövlət tənzimləmələri öz mövcudluğunu qorusa da məzmunu və formasını dəyişir. İstər bazar münasibətlərinin strukturunda, istərsə də həmin münasibətlərin tənzimlənməsində maliyyə amilləri böyük rol oynayır. Onlar bazar münasibətlərinin ayrılmaz tərkib hissəsi və eyni zamanda dövlət siyasətinin həyata keçirilməsinin mühüm alətidir. Müasir görüşlərə görə monetar amillərin rolunun artması və miqyasının genişlənməsi, maliyyə hadisələrinin iqtisadi hadisələrə, iqtisadi hadisələrin də maliyyə hadisələrinə qarşılıqlı təsir göstərməsi dövrümüzün başlıca xüsusiyyətlərindən biridir. Başqa sözlə iqtisadi, sosial və maliyyə sahələrində fizika sahəsində cərəyan edən hadisələrə bənzər hadisələr özünü göstərir. Əvvəllər, dövlət xərcləri və gəlirləri az miqdarda olduğu zaman monetar hadisələrin təsiri iqtisadi və sosial sahələrdə o qədər hiss edilmirdi. İndi isə vəziyyət dəyişmişdir. Maliyyə hadisələrinin böyük miqyası dərin iqtisadi və sosial nəticələrə səbəb olur. Ona görə də dövlətin maliyyə hadisələrini düzgün yönləndirməsi, iqtisadi və sosial problemlərin həlli üçün onlardan səmərəli istifadə etməsi günün ən aktual məsələlərindəndir. Dövrümüzdə maliyyə sektorunun məzmunu və məqsədləri ciddi sürətdə dəyişmiş, o artıq dövlət idarəçiliyinin mü­hüm alətlərindən birinə çevrilmiş, iqtisadi və sosial həyatla bütünləşmişdir. Monetar siyasət artıq öz qapalı xarakterini itirmiş, digər dövlətlərin yeritdikləri maliyyə siyasəti ilə də ahəngləşdirilir, beynəlxalq iqtisadi inteqrasiyanın da mühüm alətlərindən birinə çevrilir.

Monetar siyasətin məqsədləri müxtəlif ölkələrdə müxtəlifdir. Lakin maliyyə elmi ən ümumi məqsədləri aşağıdakı kimi qruplaşdırır:

1. İqtisadi sabitliyi təmin etmək. Bu məqsədə iki yolla nail olmaq mümkündür: qiymətlərin sabitliyi və tam məşğulluq. Bu məqsədlə, yəni iqtisadi sabitliyi təmin etmək üçün maliyyə siyasəti aşağıdakı istiqamətlərə yönəldilməlidir.

a) İqtisadiyyatda deflyasiya təmayüllərinə yol verilməməlidir. Bir sıra iqtisadçı və maliyyəçilər hesab edirlər ki, iqtisadi həyat həm iqtisadi strukturda meydana gələn, həm də iqtisadi olmayan ictimai səbəblərdən yaranan daraldıcı amillərə tabedir. İqtisadiyyatda mövcud olan daraldıcı amillərlə mübarizə aparıldıqda monetar siyasət iqtisadiyyatda məcmu təklif - məcmu tələb tarazlığını tam məşğulluq səviyyəsindəki tarazlıq nöqtəsinə çatdıracaqdır. Keynsin bu görüşü müxtəlif ölkələrdə xərclər siyasətinin yaranmasına və inkişafına səbəb olmuşdur.

b) İqtisadiyyatda inflyasiya təmayüllərinin qarşısının alınmasına yönəl­dilməlidir. İkinci dünya müharibəsindən sonra iqtisadi inkişaf və sosial siyasətdə özünü göstərən ciddi irəliləyişlər - minimum əmək haqqının müəyyən edilməsi, sosial sığorta və sosial yardım sisteminin geniş şəbəkəsinin yaradılması və qiymətlərə dövlət dəstəyi mexanizmi vasitəsi ilə müdaxilə maliyyə siyasətinin rolunu artırmış, məcmu təklifə nisbətən məcmu tələbin artıq hissəsinin aradan qaldırılması üçün geniş istifadə olunmasını zəruri etmişdir. İzafi tələbin mövcud təklifə uyğunlaşdırılması inflyasiya təmayüllərinin qarşısının alınması üçün istifadə edilən maliyyə mexanizminin mühüm funksiyalarından biridir.

c) Tam məşğulluğun əldə edilməsi və qorunması. İqtisadiyyatda inflyasiya və deflyasiya yaradan təmayüllərlə mübarizə aparılması, əslində tam məşğulluğu təmin etmək deməkdir. Tam məşğulluğun təmin olunması əhəmiyyətli bir məsələ olsa da, onun qorunub saxlanılması daha əhəmiyyətlidir. Bu monetar siyasətdə Abba Lernerin təklif etdiyi kimi, üç alətdən istifadə edilir: Satmaq - satın almaq, borclanmaq - borcu ödəmək, vergiyə cəlb etmək - vergi endirimlərini tətbiq etmək. İqtisadiyyatın tam məşğulluq səviyyəsinə çatdırılması və onun qorunub saxlanıl­ması həmin üç alət vasitəsilə təmin edilir.

2. İqtisadi inkişafı təmin etmək. Müasir dövrdə inkişaf iqtisadi siyasətin əsas məqsədidir. Monetar siyasət - pul-kredit siyasəti, büdcə xərcləri, kapital qoyuluşları və inkişafa yönəldilən cari xərclərlə adambaşına milli gəlirin artırılmasında, iqtisadi və sosial strukturun təkmilləşdirilməsi və yaxşılaşdırılmasında, bir sözlə iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Büdcə xərclərinin inkişafı təmin edə bilməsi onların maliyyə mənbələrindən çox asılıdır. İnkişafa yönəldilən məsrəflərin sağlam maliyyə mənbələrindən əldə edilməsi zəruridir. İnkişafı təmin etmək üçün dövlətin vergi siyasəti ölkədə yığımın səviyyəsinin artırılmasına yönəldilməlidir. Dövlət yığımının artırılması və özəl kapital qoyuluşlarının təşviq edilməsi vasitəsilə iqtisadi inkişafdan yaranan və iqtisadi inkişafı təhlükəyə sala biləcək qeyri-mütənasibliklərin qarşısının alınması mümkündür. Dövlət, borc almaqla iqtisadiyyatda istifadə edilməyən istehsal güclərini hərəkətə gətirə bilər və bu yolla iqtisadiyyatda kapital qoyuluşlarının həcmini artırar. Bunlar isə ölkədə milli gəlirin və məşğulluq səviyyəsinin artması ilə nəticələnir.

3. İqtisadiyyatda gəlir bölgüsü və həyat səviyyəsini yaxşılaşdıra bilər. Bazar iqtisadiyyatı özəl sahibkarlığa və mülkiyyətə əsaslanır. Gəlir bölgüsündə qeyri-bərabərlik özünü göstərir. Gəlir bölgüsündə qeyri-bərabərlik, çox hallarda isə dərin uçurum cəmiyyətdə həmişə gərginlik mənbəyidir. Gəlir bölgüsünün və əhali qruplarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün maliyyə siyasəti təsirli vasitə kimi istifadə edilə bilər. Mütərəqqi vergi sistemi bu məqsədə yönəldilmiş mühüm vasitələrdən biridir. Büdcə xərclərinin də bu sahədə böyük rolu ola bilər. Təhsilə, səhiyyəyə və sosial təminat sisteminə ayrılan xərclər və onların düzgün nisbəti bu baxımdan böyük əhəmiyyətə malikdir.

Dövlətlərin monetar siyasətə münasibətində ciddi dəyişikliklər 1975-ci ildən sonra özünü göstərməyə başladı. Keyns erasında 1945-ci ildən 1960-cı illərin sonlarına qədər dövlətlərin iqtisadiyyata təsir göstərmək üçün istifadə etdikləri başlıca alət maliyyə-büdcə siyasəti idi. Faiz dərəcələrinin qeyri-sabitliyinin qarşısının alınmasında monetar siyasətə az əhəmiyyət verilirdi.

XX əsrin 70-ci illərinin ikinci yarısından iqtisadiyyatın tənzimlənməsi prosesinə yeni yanaşma tərzi axtarışları başlanmışdır. Keyns nəzəriyyələrində əsas məsələ işsizlik idi, sonralar isə vəziyyət dəyişdi. Əsas problem istehsalın həcminin daraldığı bir şəraitdə inflyasiyanın qarşısının alınması oldu. Belə vəziyyət iqtisadi ədəbiyyata yeni anlayış - staqflyasiya anlayışını gətirdi. Büdcə xərclərini artırmaqla kəsirli maliyyələşmə siyasətinin aparılması yeni şəraitdə özünü doğrultmadı. Büdcə manipulyasiyaları inflyasiyanı dayandırmaq əvəzinə daha da dərinləşdirdi. Ona görə də inflyasiya ilə mübarizə işində yeni üsullar axtarılmağa başlandı. Maliyyə və iqtisadi siyasətdə yeni konsepsiyanın hazırlanması zamanı monetaristlərin görüşləri qalib gəldi. Amerika iqtisadçısı Milton Fridmenin başçılığı ilə hazırlanan bu konsepsiya iqtisadi nəzəriyyədə ön plana çıxmaqla, bir çox dövlətlərin iqtisadi siyasətinin əsasını təşkil etdi. Reyqanomika və «Tetçerizm» adlanan iqtisadi siyasət əsas etibarilə monetaristlərin nəzəri görüşlərinə əsaslanırdı.

İqtisadi nəzəriyyənin inkişafında monetaristlərin əsas xidməti pul dünyasının əmtəə dünyasına əks təsiri mexanizminin, monetar alətlərin və monetar siyasətin iqtisadi inkişafa təsirinin ətraflı tədqiqindən ibarət idi. Hal-hazırda həmin konsepsiyalar pul-kredit siyasətinin əsasını təşkil edir. Bu nəzəriyyəyə əsasən sabit pul emissiyası iqtisadi vəziyyətdən və iqtisadi konyukturadan asılı olmayaraq pul-kredit siyasətinin başlıca istiqamətidir. Maliyyə siyasətinin müvəffəqiyyətli olması onun digər iqtisadi siyasət qolları ilə uzlaşdırılmasından asılıdır. Məsələn, iqtisadiyyatda mövcud olan izafi likvidliyi əritmək məqsədini güdən vergi və borclanma siyasəti pul-kredit siyasəti ilə uzlaşdırılmalıdır. Əks halda onun təsiri ola bilməz. Maliyyə siyasəti əmək haqqı siyasəti ilə də uzlaşdırılmalıdır. Belə ki, maaşlar məhsuldarlıqdan sürətlə artarsa məsrəf inflyasiyası yarana bilər. Bu zaman inflyasiya ilə mübarizə aparmaq üçün dövlət məsrəfləri məhdudlaşdırılır, vergilər artırılır. Deflyasiya zamanı isə maaşların artırılması məşğulluq səviyyəsinin müəyyən səviyyədən aşağı düşməsinə mane olmaqla yanaşı, iqtisadiyyatda genişlənməyə səbəb olan xərclər, vergi və borc siyasəti ilə uzlaşdırılmalıdır. Təklifi artırmaq və azaltmaq məqsədilə maliyyə siyasəti xarici ticarət siyasəti ilə də uzlaşdırılmalıdır.

Bazar iqtisadiyyatının gedişində dövlətin həyata keçirdiyi makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla monetar siyasətlə iqtisadi siyasətin digər aspektləri arasında qarşılıqlı əlaqə, asılılıq və təsir getdikcə artır. İqtisadi siyasətin həmin tərkib hissələri bir-biri ilə uzlaşmalı və bir-birini tamamlamalıdır. Xarici iqtisadi siyasətdə də eyni vəziyyət mövcuddur. Beynəlxalq ticarətin artması, beynəlxalq kapital və işçi qüvvəsi hərəkətinin sərbəstləşməsi, milli valyutaların dönərliliyinin təmin olunması beynəlxalq əmək bölgüsünün daha da dərinləşdirilməsinə səbəb olur, dünya miqyasında ayrı-ayrı ölkələrin iqtisadiyyatını bir-birindən asılı edir. Bütün bunları nəzərə alan monetar siyasəti müvəffəqiyyətli ola bilər və iqtisadi inkişafa və ictimai rifah səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərər.
8. 2. Monetar siyasət dünya dövlətlərinin təcrübəsində
Müasir dövrdə bazar iqtisadiyyatının tənzimlənməsində və təşkilində dövlət mühüm rol oynayır. Nəhəng iqtisadi agent kimi o, öz fəaliyyətində iqtisadiyyata fəal təsir göstərməyə çalışır. Özünün fəallığını planlaşdırarkən, o elə etməlidir ki, itkiləri minimuma endirsin, iqtisadiyyat və cəmiyyət üçün faydaları da maksimallaşdırmalıdır. Müasir dövrdə dövlətin fəallığında tələb və təklif arasında tarazlığın yaradılması üçün monetar siyasət mühüm rol oynayır. [169, c. 560]

Monetar siyasət dünya dövlətlərinin təcrübəsində ikinci dünya müharibə­sindən sonra ciddi dəyişikliklərə məruz qalmışdır. Keyns ideyalarının rəsmi dövlət siyasətlərində hakim olduğu 1945-ci ildən 60-cı illərin sonlarına qədərki dövrdə iqtisadiyyat üzərində nəzarətin həyata keçirilməsi üçün maliyyə-büdcə siyasəti başlıca siyasət idi. Faiz dərəcələri həddən artıq qeyri-sabitlik göstərdikdə monetar siyasətə onunla mübarizə məqsədilə az rol ayrılırdı. Lakin 70-ci illərdə bir çox iqtisadi və siyasət adamlarının bu barədə görüşləri dəyişikliyə məruz qaldı. Monetar siyasətin rolu artmağa başladı. Monetarizm öz yüksək zirvəsinə 80-ci illərin əvvəllərində yüksəldi. Bütün inkişaf etmiş ölkələrin dövlətləri, o cümlədən Reyqan və Tetçer hökumətləri inflyasiya üzərində nəzarəti bir nömrəli makroiq­tisadi məqsəd hesab etdilər. Bu məqsədə çatmaq üçün monetar siyasətdən istifadə edirdilər. Bu zaman onlar pul təklifinin artmasının maksimum həddini müəyyən etsələr də, həmin həddi qoruyub saxlamaq heç də asan deyildir. Beləliklə, onlar məqsədli pul təklifindən tədricən imtina etdilər. Buna baxmayaraq inflyasiya üzərində nəzarət iqtisadi siyasətin mühüm vəzifəsi kimi qalmaqda davam edir. Monetar siyasət inflyasiyanın dövlət tərəfindən müəyyən edilmiş səviyyədə saxlanılması üçün istifadə edilir. İnflyasiyanın artması üçün maksimum həddin müəyyən edilməsi, monetar siyasətin başlıca məqsədidir. Bir çox ölkələr monetar siyasətdən müasir dövrdə də inflyasiyanı müəyyən olunmuş səviyyədə saxlamaq üçün istifadə edirlər. [235, c. 347] İqtisadi fikrin klassik cərəyanının tərəfdarlarının görüşlərinə görə məcmu tələb pul kütləsi və onun alıcılıq qabiliyyəti ilə müəyyən edilir. Real istehsal həcmi də onlardan asıldır. Burada pulun sürətini də nəzərə almaq lazımdır. Məcmu təklifin həcmi isə cəmiyyətdə mövcud ehtiyat ların miqdarından asılıdır. O nə qiymətdən, nə də tələbdən asılıdır. Ona görə də məqsəd pul təklifini sabit vəziyyətdə saxlamaqdır. Klassik məktəbin müasir təmsilçilərinin (monetaristlərin) fikrinə görə pul təklifi məcmu tələbin və qiymətlərin səviyyəsini müəyyən edən başlıca amildir. Bu zaman tələbdə özünü göstərən istənilən dəyişiklik nə tələbə, nə məşğulluğa, nə də milli məhsulun həcminə təsir etmir.

Klassiklərin fikrinə görə yığımla investisiyalar arasındakı tarazlıq pul bazarı mexanizmi, hər şeydən əvvəl faiz dərəcəsi vasitəsilə asanlıqla tənzimlənir. Faiz dərəcələri yığım üçün mükafat aləti hesab edilir. Deməli yığım klassik modelə görə faiz dərəcələrinin tənzimləyici roluna tam tabedir. Faiz dərəcələri nə qədər yüksəkdirsə, bir o qədər vəsait yığılacaq, və əksinə onların səviyyəsinin azalması yığımın azalmasına və istehlakın artmasına səbəb olacaqdır. Lakin reallıq göstərir ki, yığım heç də yalnız faiz dərəcələrinin səviyyəsi ilə müəyyən edilmir.

Monetar siyasətin müxtəlif üsulları mövcuddur. Bu üsulları üç qrupa bölmək olar: 1. Pul təklifi üzərində nəzarət; 2. faiz dərəcələri üzərində nəzarət; 3. kredilər üzərində nəzarət.

Pul təklifinin idarə olunması üsulları müxtəlifdir. Lakin onların hamısının eyni cəhəti vardır: onlar bank sisteminin likvidlik aktivlərinin manipulyasiyasına əsaslanır. Vəzifə bankların yarada bildikləri kredit miqdarının dəyişdirilməsi yolu ilə ümumi pul təklifinə təsir göstərməkdən ibarətdir. Pul tədavülü və kredit sferası bütün dövlətlərdə mərkəzi banklar vasitəsilə tənzimlənir. Bu zaman:

1. Pul kütləsinin (yəni nəğd və kredit pullarının məbləğlərinin) tənzimlənmə­sinin əsasında pul multiplikatoru anlayışı dayanır. Mərkəzi banklar bundan istifadə edərək tədavüldə olan nəğd pulların və mərkəzi banklarda kommersiya banklarının yerləşdirdikləri əmanətlərin miqdarını artırmaq və ya azaltmaqla pul kütləsinin həcminə təsir edir. Pul multiplikatoru bilavasitə likvidlik dərəcəsindən, yəni nəğd pulla kommersiya banklarının ya Mərkəzi bankda, ya özündə saxladıqları (onları kredit və digər aktiv əməliyyatlar üçün istifadə etməmək şərtilə) nəğd pullar, depozitlər və minimum pul ehtiyatları normativləri arasındakı nisbətdən asılıdır.

2. Tədavüldəki nəğd pulun miqdarı dövlət istiqrazları və digər qiymətli kağızların Mərkəzi bank tərəfindən alınıb-satılması yolu ilə tənzimlənir. Qiymətli kağızların bank tərəfindən satın alınması tədavülə yeni nəğd pul buraxılması, qiymətli kağızların satılması isə nəğd pulların tədavüldən çıxarılması ilə eynidir. Belə əməliyyatlar açıq bazar əməliyyatları adlanır. Pul multiplikatoru vasitəsilə nəğd pul kütləsi miqdarının dəyişdirilməsi depozit pulların kütləsinin dəyişməsinə səbəb olur. Sonuncu isə kommersiya bankları üçün iqtisadiyyatın kreditləşdiril­məsinin əsasıdır.

3. Mərkəzi banklar Kommersiya bankları tərəfindən özəl bölmənin kredit­ləşdirmə dərəcəsi üzərində nəzarəti faiz dərəcələrini tənzimləməklə həyata keçirir. Bu siyasət Mərkəzi bankların özəl bölmədən vekselləri satın aldıqları uçot, (diskont) dərəcələrini müəyyən etməklə həyata keçirilir. Uçot dərəcəsi kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrini müəyyən etmək üçün minimum orientasiyadır.

4. Pul tədavülü və kredit sferasının tənzimlənməsi dolayı (kapital qoyuluş­larına və qismən də fərdi istehlaka təsir etməklə) aqreqat tələbə və deməli milli məhsulun həcminə təsir göstərir.

Dövlətin pul axınları ən ümumi şəkildə onun büdcəsində öz əksini tapır. Dövlət büdcəsi hər şeydən əvvəl onun öz funksiyalarını yerinə yetirmək üçün pula olan tələbindən və bu tələbi ödəmək məqsədilə vəsaitin səfərbər olunması zərurətindən asılıdır. Bununla yanaşı büdcənin gəlir və xərclərinin bu və ya digər komponentləri iqtisadi inkişafa fəal təsir göstərmək üçün istifadə edilə bilər. Dövlət satınalmaları və kapital qoyuluşlarının artması milli məhsulun və milli gəlirin dinamikasına ciddi təsir edir. Tələb multiplikatoru aqreqat tələbini dövlət satınalmalarına nisbətən daha çox artmağa imkan verir. ÜDM-un real həcminə təsir iqtisadiyyatın iqtisadi tsiklinin hansı fazada olmasından asılıdır. Azalma bazasında, istehsal güclərindən tam istifadə olunmadıqda dövlət sifarişlərinin real ÜDM-a təsiri xeyli yüksək olur. Yüksəliş fazasında isə bu təsir minimum səviyyədədir. Lakin yüksəliş fazasında iqtisadiyyat özü-özünə artır və əlavə stimula ehtiyac olmur. Bu halda fəal büdcə tənzimləmələri olsa artım sürətini azaltmaq (inflya­siyanı, qiymətli kağızlar bazarındakı möhtəkirlik əməliyyatlarını məhdudlaşdırmaq və s.) üçün lazım ola bilər. Bu məqsəd üçün büdcənin elə komponentlərindən istifadə etmək lazımdır ki, onlar operativ təsir göstərə bilirlər və dövlətin iqtisadi fəaliyyətinə mənfi təsir etmirlər. İnkişaf etmiş sənaye ölkələrində dövlət sifarişləri əsasında makro-iqtisadi tənzimləmələr çox vaxt hərbi sifarişlər və inşaat kontrakları vasitəsilə həyata keçirilirlər. İqtisadiyyatda dövlət müəssisələrinin rolu yüksək olan Qərb ölkələrində dövlətin məcmu kapital qoyuluşlarında iştirakı böyük əhəmiyyət kəsb edir. Bir çox dövlətlər kənd təsərrüfatı məhsullarını, digərləri isə mineral xammalı da satın alırlar. Dövlətin transfert ödəmələri (pensiya, müavinət, subsidiya və s.) də təşviqedici rol oynayır. Onların həcminin böhran və depresiya dövründə artması iqtisadi situasiyanın yaxşılaşmasına yardım edir, çünki istehsal güclərindən tam istifadə edilməyən sahələrin məhsullarına tələbi genişləndirir. Lakin büdcə siyasətinin aktiv aləti kimi transfert ödəmələrinin rolu iki səbəblə əlaqədar olaraq məhduddur:

1. Əhaliyə ödəmələrin böyük əksəriyyəti istehlak mallarının alınmasına sərf edildiyi üçün onların bütün iqtisadiyyat üçün multiplikativ təsiri çox da böyük deyildir;

2. Birdəfəlik subsidiya və güzəştlər əhali və müəssisələrin köklü problemlərini həll edə bilmir.

Vergilərdən tənzimləyici alət kimi istifadə ediləndə dövlət vergi dərəcələrini artırmaqdan çox, onlardan iqtisadi proseslərə təsir göstərmək məqsədi ilə istifadə edir. Büdcə kəsirləri də tsiklik azalma dövründə aqreqat tələbin dəstəklənməsinə yardım edir və bununla da böhran və depresiyanın aradan qaldırılmasında müsbət rol oynayır. Lakin büdcə kəsirlərinin həddən artıq çoxalması və dövlət borcları yükünün iqtisadi imkanlardan yüksək olması yol verilməzdir. Faiz dərəcələrinin artım səviyyəsi iqtisadi inkişafın artım səviyyəsindən aşağıdırsa dövlət cari büdcə kəsirlərinin minumum səviyyəsinə yol verə bilər. Başqa sözlə nisbətən sərt büdcə siyasəti həyata keçirilərkən kredit-pul siyasəti liberal olmalıdır. [197, c. 332]

Məlum olduğu kimi pul kütləsinin artması heç də hökmən inflasiya yaratmır. O müxtəlif səbəblərdən yaranır, lakin pul baxımından yalnız mal və xidmət təklifi tələblə ayaqlaşa bilmədikdə meydana gəlir. İqtisadiyyat istehsal güclərindən tam istifadə edilmədiyi bir şəraitdə bazar (əgər inhisarlar onu qəsdən yaratmırlarsa) fəaliyyət göstərirsə belə hallar bazar iqtisadiyyatında olmamalıdır. Təbii inflyasiya təzyiqi iqtisadiyyat özünün optimal səviyyəsində və yaxud ondan yüksək dərəcədə fəaliyyət göstərdikdə yaranır. Belə vəziyyətdə izafi pul emissiyası inflyasiyaya səbəb ola bilər. Lakin məhz həmin halda büdcə kəsiri ya minimum səviyyədədir, ya da heç yoxdur. Ona görə də o izafi pul emissiyasının mənbəyi ola bilməz.

Hökümət pul təklifinin artımını bir neçə il ərzində məhdudlaşdırdıqda, əgər dövlət bölməsinin kəsirini azaltmasa, böyük çətinliklərlə üzləşə bilər. 80-cı illərdə Tetçer hökuməti bunu etiraf etdi və PSNCR-in (dövlət bölməsinin borca olan tələbi) azaldılmasını özünün maliyyə strategiyasının başlıca vəzifəsi hesab etdi. Lakin PSNCR həddən artıq yüksəkdirsə onun azaldılması heç də asan məsələ deyildir. Əsas problem dövlət xərclərinin azaldılmasıdır. Çünki belə azaltma siyasi baxımdan populyar deyildir və müxalifətin ciddi tənqidinə məruz qalır. Hökumət PSNCR üzərində nəzarəti bir qədər zəif həyata keçirirsə, pul təklifinin həddən artıq çoxalmasının qarşısını almaq üçün o əmanətlərlə bir o qədər çox məşğul olmağa məcbur olur. Bunlar isə yüksək faiz dərəcələri, milli borcun durmadan artması özəl investisiyaların dövlət investisiyaları ilə sıxışdırılması problemi deməkdir. Məhz buna görə İngiltərə höküməti 1998-ci ildə maliyyə-büdcə siyasətinin "qızıl qaydaları″ adlı sənədi qəbul etdi. Bu hökümətin iqtisadi tsikl zamanı yalnız investisiyalarla məşğul olacağı haqqında öhdəliyi idi. Başqa sözlə, investisiyalar nəzərə alınmazsa dövlət bölməsinin borca olan tələbi minimuma endirilirdi. Pul təklifini nəzarət altında saxlamaq üçün istifadə edilən kreditlərin normalaşdırılması üsulu da bir sıra, bəzən isə çox ciddi çətinliklərlə əlaqədardır. Belə ki, kredit normalaşdırılarkən izafi likvidlik ehtiyatı yaranır ki, onu normalaşdırılmış banklar kredit yaratmaq üçün istifadə edə bilmirlər. İşgüzar müştərilərin normalaş­dırılmayan banklara keçmələrinin qarşısını almaq üçün normalaşdırma bütün kredit institutlarına tətbiq edilməlidir. Bank sistemi nə qədər mürəkkəbdirsə və beynəlxalq rəqabətə nə qədər açıqdırsa normalaşdırmanı tətbiq etmək bir o qədər çətindir. Banklar özləri də normalaşdırmaya qarşı müqavimət göstərə bilirlər. Onlar ssuda verməyə və yüksək likvidliyə malik olmağa üstünlük verirlər. Onlar, bu yol ilə nəzarətdən yayına bilərlər. Mallar kreditə alındıqda bir sıra sənaye sahələrində (avtomobil, mebel və s. ) kreditlə alış və satış üzərində nəzarət qoyulması dağıdıcı təsir göstərə bilər. Faiz dərəcələrinin dəyişdirilməsi üzərində nəzarətdə ən çox üstünlük verilən üsul olsada bəzi çətinliklərlə üzləşir. Ssudaya olan tələb elastik deyilsə tələbin azaldılmasına yönəldilmiş hər hansı bir cəhd faiz dərəcələrinin sürətlə artmasına səbəb ola bilər. Əgər tələb əhəmiyyətli dərəcədə artıqdırsa, problem mürəkkəbləşir. Yüksək faiz dərəcələri aşağıdakı problemləri yaradır:

- onlar investisiyaları və müvafiq olaraq iqtisadiyyatın uzunmüddətli artımını azaldır;



  • onlar məhsulun qiymətini, satın alınan evin dəyərini və ümumi yaşayış minimumunu artırır;

  • onlar siyasi baxımdan populyar deyillər, çünki əhali kredit üçün yüksək faiz dərəcələri ödəməyi sevmir;

  • yüksək faiz dərəcəsi xaricdən ölkəyə pul axınını cəlb edir. Bu isə mübadilə məzənnəsini artırır, ixracat məhsullarının rəqabət qabiliyyətini azaldır. Bütün bunlar ixracatla məşğul olan sahələrə dağıdıcı təsir göstərir.


8. 3. Valyuta tənzimlənməsi sahəsində müasir dünya prak­tikası.
Vahid ümumdünya təsərrüfatı sisteminin yaranması və iqti­sadiyyatda qloballaşma meylinin sürətlə güclənməsi valyuta mexanizminin də beynəlmiləl­ləşməsinin obyektiv əsasını təşkil edir. Valyuta mexanizminin beynəlmiləlləşməsi valyuta müna­si­bət­lərinin tənzimlənməsində, dünya iqtisadiyyatı və ticarətinin inkişafına əlverişli şərait yaradılması və beynəlxalq hesablaşma mexa­nizminin normal fəaliyyətinin təmin edilməsi məqsədilə dövlətlərarası əməkdaşlığın genişlənməsində və səmərəliliyinin artırılmasında özünü göstərir.

Tarixi təcrübə göstərir ki, bazar iqtisadiyyatının hökmran olduğu bir şəraitdə beynəlxalq valyuta münasibətlərinin tənzim­lənməsi bazar mexanizmi və dövlət tərəfindən həyata keçirilir. Valyuta bazarında valyutalara tələb və təklif və müvafiq ola­raq onların məzənnə nisbəti formalaşır. Bazar tənzimlənməsi dəyər qanununun, tələb və təklif qanununun tələblərinə uyğun şə­kil­də həyata keçirilir. Bu qanunların işləkliyi valyuta müba­diləsində onların nisbi ekvivalentliyini, mal, kapital, xidmət, kre­dit hərəkəti vasitəsilə beynəlxalq valyuta axınları ilə dünya təsər­rüfatı siste­mində valyutaya olan ehtiyac arasındakı uyğunluğunu təmin edir. Valyuta bazar­larında iqtisadi agentlər qiymət mexa­nizmi və valyuta məzənnəsinin dinamikası haqqında siqnallar va­si­təsilə valyuta alıcılarının ehtiyaclarının və onların təkliflə­rinin imkanlarını öyrənirlər. Bununla da bazar valyuta əməliyyat­ları­nın vəziyyəti haqqında informasiya mənbəyi kimi çıxış edir.

İstər bazar iqtisadiyyatının, istərsə də müasir qlobal iqtisadiyyatın tənzimlən­məsi sistemində valyuta siya­səti mühüm yer tutur. Valyuta siyasəti ümumdünya təsərrüfat əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici dinamik müva­zinətini təmin etmək, beynəlxalq ödəmələri müəyyən bir sistem daxilində yerinə yetirmək və xarici ödəniş balansını tənzimləmək məqsədilə ölkənin cari və strateji məqsədlərinə uyğun olaraq hökumətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Bu tədbir­lərin çoxu dövlətlərin müstəqil olaraq qəbul etdikləri tədbirləri deyil, beynəlxalq valyuta sisteminin istiqamətləndirilməsi ehtiyac­larından doğan tədbirlərdir.

Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli məqsədlərinin yerinə yetirilməsinə, yəni daya­nıqlı iqtisadi inkişafın təmin edilmə­sinə, işsizlik və inflyasiyanın artımının dayandırılmasına, ödəniş balansı müvazinətinin dəstək­lənməsinə yönəldilir.

Valyuta siyasətinin istiqamətləri və formaları ölkənin val­yuta iqtisadi vəziyyəti, dünya təsərrüfatı və beynəlxalq valyuta sisteminin təkamülü ilə müəyyən edilir.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə