VəLİyev dünyamali əMİr oğLU


Valyuta əməliyyatlarının aparılması qaydaları



Yüklə 7,05 Mb.
səhifə31/51
tarix10.12.2017
ölçüsü7,05 Mb.
#14936
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

Valyuta əməliyyatlarının aparılması qaydaları.

Rezidentlərin Azərbaycanda müvəkkil banklarda xarici valyuta hesablarına ma­lik olmasına heç bir məhdudiyyət qoyulmadan icazə verilir. Rezident müəssi­sə və təşkilatlar əldə etdikləri xarici valyutanı mütləq müvəkkil banklarda açdıqla­rı öz hesablarına köçürməlidirlər. Rezidentlərə həmçinin ARMB tərəfindən müəy­yən olunmuş qaydada respublika hüdudlarından kənarda xarici valyuta hesabı açmağa da icazə verilmişdir.

Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının aparıl­ma­sı üçün heç bir məhdudiyyət yoxdur. Onlar tərəfindən kapital hərəkəti ilə bağlı val­yu­ta əməliyyatları isə ARMB-nin müəyyən etdiyi qaydada həyata keçirilir. Hü­quqi və fiziki şəxs olan rezidentlər gömrük qaydalarına əməl etməklə valyuta sərvətlərini Azər­baycan Respublikasına köçürmək, gətirmək və göndərmək hü­ququna malikdirlər.

Rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada qiymətli kağızla­rın respublikamıza və respublikamızdan köçürülməsi və göndərilməsi, qaydaları ARMB tərəfindən müəyyən edilir.

Hüquqi şəxs olan rezidentlər tərəfindən qiymətli metalların, təbii daş-qaşla­rın respublikadan çıxarılması və göndərilməsi, habelə gətirilməsi qaydalarını isə Nazirlər Kabineti müəyyən edir.

Fiziki şəxs olan rezidentlər respublikaya əvvəllər köçürülmüş, gətirilmiş və göndərilmiş valyuta sərvətlərini gömrük qaydalarına əməl etmək şərti ilə onlar tə­rəfindən təqdim olunan bəyannaməyə müvafiq olaraq Azərbaycandan köçür­mək, çıxarmaq və göndərmək hüququna malikdirlər. Göstərilən hallar istisna ol­maqla xarici valyuta və digər valyuta sərvətlərinin fiziki şəxs olan rezidentlər tə­rəfindən respublikadan çıxarılması, köçürülməsi və göndərilməsi qaydasını ARMB və Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edirlər.

Qeyri-rezidentlər də müvəkkil banklarda ARMB-nin müəyyən etdiyi qayda ilə xarici və milli valyutada hesablar aça bilərlər. Onlar gömrük qaydalarına əməl etməklə valyuta sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və göndərmək hüququna malikdirlər. Qeyri-rezidentlər xarici valyutanı ARMB-nin müəyyən etdiyi qaydada milli valyuta ilə alıb-satmaq hüququna malikdirlər. Onlar qanuni yolla əldə etdikləri valyuta sərvətini respublikadan maneəsiz köçürmək, çı­xarmaq və göndərmək hüququna malikdirlər.

Valyuta tənzimlənməsi sahəsində dövlət orqanlarının funksiyaları. Azər­baycanın Respublikasının Milli Məclisi valyuta siyasətinin ümumi prinsiplərini, xa­rici dövlət borcunun limitini, xarici ölkələrə verilən kreditlərin həcmini, respublika büdcəsinin tərkib hissəsi kimi valyuta planını müəyyən edir, valyuta tənzimi və nəzarəti məsələləri üzrə qanunvericilik aktlarını qəbul edir.

Azərbaycan Respublikasının Milli Bankı (ARMB) Azərbaycan Res­publika­sında valyuta tənzimini həyata keçirən əsas orqandır. ARMB:

a) Respublikada xarici valyutanın və xarici valyutada qiymətli kağızların tə­davülü sahəsini və qaydasını müəyyən edir;

b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;

v) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycanda xarici valyuta ilə və xarici valyutada olan qiymətli kağızlarla əməliyyatlar aparması qaydasını, habelə qeyri-rezidentlərin milli valyuta ilə qiymətli kağızlarla əməliyyatlar aparması qay­dalarını müəyyən edir;

q) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan qiymətli kağızların Azərbaycana köçürülməsi, gətirilməsi və göndərilməsi qaydasını, ha­belə respublikadan kənarda rezidentlər tərəfindən xarici valyuta hesablarının açıl­masının hal və şərtlərini müəyyən edir;

ğ) valyuta əməliyyatları aparmaq üçün banklara və digər kredit təşkilatları­na li­sen­ziya verilməsinin ümumi qaydalarını müəyyən edir və onlara bu məqsəd­lə lisenziya verir.

Qanunda valyuta nəzarəti anlayışı məhdud mənada nə­zərdə tutulmuş və val­yuta nəzarəti dedikdə respublikamızda valyuta əməliyyatla­rı aparılarkən val­yu­ta qanunvericiliyinə əməl olunmasını təmin etmək məqsədi güddüyü göstərilir. Val­yuta nəzarəti valyuta nəzarəti orqanları və onların agentlə­ri tərəfindən həyata keçirilir. Bu orqanlar isə ARMB və Azərbaycan Respublikası­nın Dövlət Gömrük Komitəsidir. Valyuta nəzarəti agentləri isə ARMB qarşısında hesabat verən müvəkkil banklardır.

2006-cı ildə valyuta bazarının həcmi 59 % artaraq 12, 2 mlrd. ABŞ dolları təşkil etmişdir. Valyuta əməliyyatlarının aparılmasında Mütəşəkkil Banklararası Valyuta Bazarı (MBVB) 14. 3%, Açıq Banklararası Valyuta Bazarı (ABVB) 19. 4 %, Bankdaxili Mübadilə Əməliyyatları (BDMƏ) isə 66. 3% xüsusi çəkiyə malik olmuşdur. 2006-cı ildə valyuta bazarının strukturunda aparılan əməliyyatların 84. 9 %-i ABŞ dolları ilə, 12. 9 %-i Avro ilə, 1. 8 %-i Rusiya rublu ilə və 0. 4 %-i digər valyutalarla həyata keçirilmişdir. Qeyd edək ki, avro ilə aparılan əməliyyatların xüsusi çəkisi 2005-ci il ilə müqayisədə 2 dəfə artmış, dollarla olan əməliyyatlar 4. 7 % azalmışdır.

2006-cı ildə pul siyasəti çərçivəsində manatın rəsmi məzənnəsində kəskin güclənmənin qarşısını almaq məqsədilə Milli Bankın valyuta bazarında həyata keçirdiyi müdaxilə valyuta bazarının ümumi həcminin 8. 2 %-ni təşkil etmişdir.

İl ərzində qısamüddətli notların ilkin yerləşdirilməsi üzrə Milli Bank tərəfindən 52 hərrac keçirilmişdir. Hərraclarda və hərracdankənar əməliyyatlar vasitəsilə yerləşdirilmiş notların həcmi 806. 7 mln. manat, ilin sonunda isə dövriyyədə olan notların həcmi 113. 6 mln. manat təşkil etmişdir. Orta ölçülmüş gəlirlilik dövr ərzində ilk auksiondakı 11. 29 % səviyyəsindən 12. 86 % səviyyəsinə yüksəlmişdir. Notlarla banklararası təkrar bazarın həcmi il ərzində 6. 5 dəfə artaraq 126. 7 mln. manat təşkil etmişdir.

Milli Bank tərəfindən REPO əməliyyatlarından geniş istifadə olunur. REPO əməliyyatlarının həcmi ümumilikdə 92. 74 mln. manat təşkil etmişdir. Bundan 50. 24 mln. manat Repo əməliyyatlarının, 42. 5 mln. manat isə Əks-Repo əməliyyatlarının payına düşür. 1 günlük Repo əməliyyatları üzrə gəlirlik 4 %, 1 günlük Əks-REPO əməliyyatları üzrə gəlirlik dərəcəsi isə 16 % müəyyən edilmişdir.

2006-cı ilin may ayının sonundan formalaşan banklararası Repo bazarının həcmi ilin sonuna 28. 01 mln. təşkil etmişdir. Repo əməliyyatlarının 24. 7 mln. manat həcmi notlarla, 3. 47 mln. manat isə dövlət qısamüddətli istiqrazlar ilə həyata keçirilmişdir. Banklararası Repo bazarında 1 günlük Repo əməliyyatları üzrə orta gəlirlik 13. 56 % təşkil etmişdir. [46, 2006, s. 56-58]



8. 5. Valyuta dönərliliyinə keçid şərtləri.
Sərbəst valyuta bazarına malik olan ölkələrdə fiziki və hüquqi şəxslərin bu bazarda apardıqları əməliyyatlar, valyuta alqı-satqıları tamamilə sərbəstdir.

Valyuta nəzarəti sistemi mövcud olan ölkələrdə isə dövlət valyuta bazarına birbaşa müdaxilə edir və valyuta əməliyyatlarını öz nəzarəti altına alır. Əgər, bu nəzarət bütün əməliyyatları əhatə edirsə, bu sahədə dövlət inhisarı mövcud olur. Bu zaman milli gəlir, qiymətlərin ümumi səviyyəsi və pul kütləsinin miqdarında ciddi dəyişiklik aparılmadan valyuta məzənnəsinin sabitliyinin təmin edilməsinə çalışılır.

Valyuta nəzarəti məhdud və geniş miqyasda olmaqla iki formada özünü göstərir. Məhdud valyuta nəzarəti valyuta-əmə­liyyatlarının bank və birja arbitrajları vasitəsilə nəzarətə tabe edilməsidir. Müasir dövrdə inkişaf etmiş sənaye ölkələrində valyuta nəzarəti məhz bu şəkildə həyata keçirilir. Bu növ nəzarət daha çox milli valyutanın məzənnəsinin dayanıqlı olmasını təmin etmək məqsədilə mərkəzi bankların valyuta bazarına müdaxiləsi yolu ilə həyata keçirilir. Valyuta bazarında tələb təklifdən çox­dursa valyuta məzənnəsi yüksəlir. Belə vəziyyət yarandıqda mər­kəzi bank öz valyuta ehtiyatlarının bir hissəsini bazara çıxarır və məzənnənin yüksəlməsinə mane olur. Bazarda valyutaya tələb azaldıqda isə məzənnəni yüksəltmək üçün valyuta satın alma yo­lu seçilir. Ölkəyə kapital daxil olmasını və çıxarılmasını nizam­lamaq üçün isə faiz dərəcələri yüksəldilir və ya azaldılır.
Geniş mənada valyuta nəzarəti çoxtərəfli valyuta məh­dud­laşdırmalarının tətbiqi ilə həyata keçirilir. Valyuta siyasətinin tərkib hissəsi kimi valyuta məhdudlaşdırmaları aşağıdakıları nəzərdə tutur:

1. beynəlxalq ödəmələrin, kapital köçürmələrinin, mən­fəətin xaricə aparılmasının, qızıl, pul nişanları və qiymətli kağızların hərəkətinin tənzimlənməsi;

2. xarici valyutanın sərbəst alqı-satqısının qadağan edil­məsi;

3. valyutaya malik olma hüququnun dövlətə verilməsi və bütün xarici valyuta və digər valyuta dəyərlərinin dövlətin əlində cəmləşməsi;

Valyuta məhdudlaşdırmalarının aşağıdakı prinsipləri mövcuddur:

- valyuta əməliyyatlarının mərkəzi və müxbir banklarda mərkəzləşdirilməsi;

- valyuta əməliyyatlarının lisenziyalaşdırılması (valyuta nə­za­rəti orqanları tərəfindən idxalatçı və borcluların xarici val­yuta əldə etməsi üçün icazə verilməsi);

- valyuta hesablarının tam və ya qismən dondurulması;

- valyuta dönərliliyinin məhdudlaşdırılması. Müvafiq ola­raq müxtəlif kateqoriyaya malik hesablar açılır: sərbəst dönərli, daxili (ölkə daxilində istifadə etməklə milli valyutada), ikitərəfli dövlət sazişləri üzrə, klirinqli, blokirovka olunmuş hesablar və s.

Valyuta məhdudlaşdırmalarının iki əsas sahəsi fərqləndirilir: tədiyə balansı­nın cari əməliyyatları /ticarət və görünməyən əməliyyatları/ və maliyyə əmə­liyyatları /kapital və kreditlərin hərəkəti, mənfəət köçürmələri, vergilər və digər ödəmələr.

Tədiyə balansına cari əməliyyatlar üzrə aşağıdakı məh­dud­laşdırmalar tətbiq edilir:

- bu ölkədə xarici ixracatçıların mal satışından əldə etdikləri daxil olmaların dondurulması, onların həmin vəsaitdən istifadə etmək imkanlarının məhdudlaşdırılması;

- ixracatçıların valyuta daxilolmalarının tam və qismən mərkəzi banka və ya valyuta lisenziyası olan müxbir banklara məcburi satmaları;

- idxalatçılara xarici valyuta satışının məhdudlaşdırılması (yalnız valyuta nəzarəti orqanlarının icazəsi olduqda);

- milli valyuta ilə xarici mal satışının qadağa olunması;

- idxalın xarici valyuta ilə ödənilməsinə qadağan qo­yul­ması.

- lidz end leqz əməliyyatlarının inkişafı ilə əlaqədar ola­raq ixrac və idxal üzrə ödəmə müddətlərinin valyuta məzənnə­sinin qeyri-sabitliyi şəraitində tənzimlənməsi. Bəzən idxalat­çı­ların ixracatçılara avans ödəmələrinə nəzarət edilir, ixracatçıların milli valyutaya xarici valyuta satışı üçün məhdud müddət (30 gün) müəyyən edilir. Məqsəd həmin vəsaitdən möhtəkirlik məq­sədi üçün istifadə edilməməsidir.

- çoxsaylı valyuta məzənnəsi - müxtəlif əməliyyat növ­ləri, mal qrupları və regionlar üzrə diferensiallaşmış valyuta mə­zən­nəsi nisbətinin tətbiq edilməsi;

- çoxsaylı valyuta məzənnəsinin tətbiqi valyuta nəzarəti mexanizminin mühüm elementlərindən biridir. 30-cu illərdə Al­maniyada tətbiq olunmağa başlamış və ikinci dünya müharibə­sindən sonra bir çox ölkələrdə qəbul edilmişdir.

70-ci illərdə belə ölkələrin sayı 30-a çatmışdır. Çoxsaylı valyuta məzənnəsi sabit və sərbəst məzənnə sistemlərində tətbiq edilə bilir. Çoxsaylı sabit valyuta məzənnəsində milli valyutanın digər valyutalara nisbətən məzənnəsi ödəniş balansının hansı mad­­də­­ləri üzrə kəsiri olmasından asılı olaraq dövlət tərəfindən hər maddə üçün fərqli olaraq ayrı-ayrı müəyyən edilir. Çoxsaylı sərbəst valyuta məzənnəsində isə sabit məzənnədə olduğu kimi ay­rı-ayrı maddələrə (mallara) müxtəlif məzənnə tətbiq edilir, lakin sərbəst məzənnə sistemində bu fərqli məzənnələr valyutaya olan tələb və təklifdən asılı olaraq bazarda sərbəst müəyyən edi­lir.

Çoxsaylı valyuta məzənnəsi mexanizminin ən köhnə və sadə forması «ikili məzənnə» (dual rate) sistemidir. Burada biri sabit rəsmi məzənnə, digəri dəyişkən sərbəst bazar məzənnəsi olmaqla iki məzənnə tətbiq edilir. Onlardan rəsmi mə­zən­nə ifrat dəyərləndirilmiş (overvalued) məzənnədir və bazar məzənnə­sindən aşağıdır. Bu ifrat dəyərləndirilmiş rəsmi məzənnə əksər hallarda ilkin tələbat malları, investisiya malları və xammal idxa­lına tətbiq edilir. Ölkə, əgər hər hansı bir malın dünyada əhə­miyyətli istehsalçısıdırsa və dünya bazarında yarım inhisarçı mövqeyə sahibdirsə (məs: Braziliya-qəhvə, Çili-mis üzrə olduğu kimi) xarici tələb elastikliyi aşağı olduğu halda bu malların ixracatına rəsmi məzənnə tətbiq edilir. Bunun nəticəsində ölkənin xarici ticarət şərtlərində yaxşılaşma özünü göstərir. Bütün digər mallar və kapital ixracına isə sərbəst bazar məzənnəsi tətbiq edilir. Bununla da xaricə kapital və xidmət axınlarına yüksək məzənnə ilə maneçilik törədilir.

Çoxsaylı məzənnə sistemi tədiyə balansının müxtəlif maddələrinə fərqli məzənnələr tətbiq etmək şəklində də özünü göstərə bilir. Məsələn, turizm xərcləri, kapital transfertləri, dəb-dəbəli mallar idxalına, sənaye malları ixracını, xaricdəki işçilərin ölkəyə göndərdikləri valyutalara fərqli məzənnələr tətbiq edilir. Bu yol ilə, ixracat və görünməyən maddə gəlirləri artırılmağa, bunun əksinə idxalata sərf olunan valyuta azaldılmağa çalışılır. Belə tədbirə, adətən, devalvasiya etmək istəməyən ölkələr əl atırlar.

Xarici valyutaya qənaət etmək məqsədilə turist kimi xaricə gedən rezidentlər üçün onun mübadiləsi məhdudlaşdırılır. Valyuta məhdudlaşdırmaları sığorta işinə, lisenziyalı ödəniş­ləri­nə, qonarara, komission mükafatlarına, mənfəət və faiz köçür­mələrinə və digər görünməyən əməliyyatlara tətbiq edilir.

Maliyyə əməliyyatları üzrə valyuta məhdudlaşdırıl­maları­nın formaları kapital hərəkətinin tənzimlənməsi istiqamətindən asılıdır.

Tədiyə balansı passiv olduqda, valyuta məzənnəsini dəs­tək­ləmək üçün kapital ixracının məhdudlaşdırılması və kapitalın ölkəyə axınının təşviq edilməsi üzrə aşağıdakı tədbirlər həyata keçirilir:

- milli və xarici valyuta, qızıl, qiymətli kağızların xaricə aparılmasının kredit verilməsinin limitləşdirilməsi;

- kredit və maliyyə bazarlarının fəaliyyəti üzərində nəza­rət: əməliyyatlar yalnız Maliyyə Nazirliyinin icazəsi ilə və verilən kreditlərin və xaricdəki birbaşa investisiyaların miqdarı haqqında informasiya təqdim edilməsi şərtilə: xarici kreditlərin alınması val­yuta nəzarəti orqanının icazəsi ilə aparılır. Bu zaman onlar milli valyuta bazarına, borc kapitalı bazarına və tədavüldəki pulun həcminin artmasına təsir göstərməməlidir;

- milli bankların xarici valyuta ilə beynəlxalq istiqrazlar verilməsində iştirakının məhdudlaşdırılması;

- rezidentlərə məxsus olan xarici qiymətli kağızların məc­buri müsadirə edilməsi və onların valyutaya satılması. Bu tədbiri ikinci dünya müharibəsindən əvvəl Almaniya, müharibə döv­ründə və sonra Böyük Britaniya tətbiq etmişdir;

- xarici borcların qaytarılmasının tam və ya qismən dayandırılması, yaxud onun milli valyuta ilə ödənilməsinə icazə verilməsi (xaricə köçürülməsi şərtilə).

Bu tədbirlər də 1929-33-cü illər böhranı zamanı geniş tətbiq edilmişdir. Fövqəladə hallarda qızılın beynəlxalq hərə­kətinə də məhdudiyyətlər qoyulur.

Tədiyə balansının müsbət qalığı olduqda, istər ölkəyə ka­pital axınını ləngitmək, istərsə də milli valyutanın məzənnəsini yüksəltmək məqsədilə maliyyə əməliyyatları üzrə bir sıra məh­dudlaşdırmalar edilir.

Valyuta nəzarəti və valyuta məhdudlaşdırmalarının iq­tisadi nəticələri.

Bu nəticələr valyuta nəzarəti və valyuta məhdudlaşdır­maları dərəcəsindən, ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətindən və onların dünya iqtisadiyyatında oynadığı roldan asılıdır. Bir çox hallarda bu amil malın qiyməti, keyfiyyət və satış şərtləri ilə bir­likdə rəqabətqabiliyyətliliyinə təsir göstərir. Valyuta məhdud­laşdırmalarının nəticəsi rəsmi valyuta məzənnəsinin müəyyən səviyyədə saxlanılmasıdır. Lakin sərbəst bazarda paralel, rəsmi məzənnəyə nisbətən xeyli yüksək məzənnə, qeyri-leqal bazarda isə daha yüksək məzənnə yaranır.

Valyuta nəzarəti rejimində əsas məqsəd valyuta tələbini məhdudlaş­dırmaqdır.

Bu məqsədlə, məsələn lyuks avtomobillərin idxalı üçün il ərzində sərf edilən maksimum valyuta limiti müəyyənləşdirilir. Bundan əlavə yaranan valyuta tələbinə rəsmi icazə verilmir. Bu isə həmin tələbin qeyri-leqal bazardan yüksək məzənnə ilə təmin olunmasına və müvafiq olaraq qara bazarın hüdudlarının genişlənməsinə yol açır. Qara bazardakı valyuta məzənnəsi ilə rəs­mi məzənnə arasındakı fərq artdıqca, valyutanın qaçaq­mal­çılıq yolu ilə sərhədləri keçməsi, ölkə daxili valyuta möhtəkirliyi təşviq edilir.

Valyuta möhtəkirliyi - bank, firma və ayrı-ayrı fiziki şəxslərin valyuta bazarlarında valyuta məzənnəsinin dəyişəcəyini ehtimal edərək və əvvəlcədən düşünülmüş şəkildə valyuta riskini öz üzərlərinə götürərək gələcəkdə qazanc əldə etmək məqsədilə valyuta alqı-satqı ilə məşğul olmalarıdır.

Möhtəkirlikdə ən mühüm məsələ bugünkü spot mə­zənnə­lərin gələcək vəziyyətinin düzgün proqnozlaşdırmaqdır. Möh­təkir sabah bazarda spot məzən­nənin ehtimal olunan val­yuta­nı satın alır və əksinə azalacağı ehtimal olunan valyutanı isə satır. Şübhəsiz, möhtəkirlərin ehtimalları fərdidir və ona görə də bir-birindən fərqlənir. Onların ehtimalları fərqli olduğu üçün hərəkət tərzləri də müxtəlifdir.

Möhtəkirlik müddətli valyuta əməliyyatları ilə əlaqədar, xüsusən geniş yayılmışdır.

Valyuta möhtəkirliyi ya açıq valyuta pozisiyasının yaran­masına yönəlmiş əməliyyatlar aparılması və yaxud da valyuta riskinin sığortalanması üzrə əməliyyatların qəsdən aparılmaması yolu ilə həyata keçirilir.

Valyuta möhtəkirliyinin nəticəsi gələcək valyuta mə­zənnə­sinin düzgün proqnozlaşdırılmasından asılı olduğu üçün, o mənfəət də, zərər də gətirə bilər, hətta firmanı müflis edə bilər.

Valyuta nəzarəti və valyuta məhdudlaşdırmaları son nəti­cədə aşağıdakılara səbəb olur.

1. Dönərlilikdən uzaqlaşma. Geniş mənada valyuta nə­za­rəti mexanizmini və valyuta məhdudlaşdırmalarını tətbiq edən ölkələrdə valyuta dönərliliyi aradan qal­xır. Bunun nəticəsində beynəlxalq ödəmələr çoxtərəfli müvazinət yaradılması əvəzinə ikitərəfli sazişlərin kö­məyi ilə aparılır. Bu sazişlərdə hansı malın hansı miqdarda alınıb-satılacağı müəyyənləşdirilir və alqı-satqı dönərli valyutadan istifadə edilmədən həyata keçirilir. Bununla da qiymət və maya dəyəri ara­sındakı əlaqə pozulur, ölkələr arasında ayrı-seçkilik salınır, xarici ticarətdə qeyri-müəyyənlik yaranır. Nə­ti­cədə beynəlxalq ixtisaslaşmada müqayisə üstünlük prinsipindən uzaqlaşdırılır.

Valyuta nəzarətinin çoxtərəfli ödəmələrdən ikitərəfli sa­ziş­lər ilə ödəmələrə keçilməsinə səbəb olduğunu bir misalla əyani şəkildə izah edək. Fərz edək ki, A ölkəsinin B ölkəsi ilə tica­rətində kəsir vardır və o bu kəsiri B ölkəsindən olan müsbət tica­rət qalığı ilə ödəyir. İndi fərz edək ki, B ölkəsi valyuta nəzarəti rejimini tətbiq edir. Bu halda A ölkəsinə olan borcunu B ölkə­sindən olan müsbət ticarət qalığı ilə ödəyə bilməyəcəkdir. Çünki B ölkəsindən dönərli valyuta əldə etmək imkanı məhdudlaş­dırılmışdır. Bunun nəticəsində A ölkəsi B ölkəsi ilə olan tica­rətini ikitərəfli ticarət sazişi ilə tarazlaşdırmağa çalışacaqdır. Bu zaman ya idxalatı məhdudlaşdıracaq və ya ixracatını artıracaqdır. Adə­tən belə hallarda idxalat məhdudlaşdırılır. Beləliklə B ölkəsinin A ölkəsinə ixracatı azalacaq, A ölkəsi də üçüncü ölkələrdən olan idxalatını məhdudlaşdıracaqdır. Nəticədə valyuta nəzarəti mexa­niz­mi dünya ticarət həcminin də azalmasına səbəb olur.

2. Pul gəlirlərinin yenidən bölgüsü. Valyuta nəzarətinin belə bir təsiri ölkə daxilində mövcud olan iqtisadi şərtlərdən asılıdır. Hər şeydən əvvəl, sərt valyuta nə­za­rəti rejiminin tətbiqi pul gəlirlərinin dövlətin xey­rinə yenidən bölüşdürülməsinə səbəb olur. Çünki öl­kədə valyuta gəliri əldə edənlər həmin valyutanı rəsmi müəyyən edilmiş məzənnə ilə dövlətə satmağa məc­burdur. Bundan əlavə dövlət valyuta satışlarından vergi də alır. İxracatçılar və digər valyuta əldə edənlər, bu valyutanı sərbəst dəyişən valyuta məzənnəsi ilə satılmağa icazə verirlərsə, mənfəətli olurlar.

Əksinə, idxalatçılar tək məzənnəli valyuta nəzarəti rejimində idxalatın məhdudlaşdırılması ilə əlaqədar olaraq qiymət­lərin artmasının yaratdığı mal qıtlığından faydalanırlar.

3. Beynəlxalq əmək bölgüsündə müqayisəli üstünlüklər prinsipindən uzaqlaşma.

Valyuta nəzarəti tətbiq edilən ölkələrdə idxalatçılar hər hansı bir malı ən ucuz olan ölkədən deyil, onlara hansı ölkənin valyutası ayrılmışdırsa, məhz həmin ölkədən və yaxud bu valyuta harada qəbul edilirsə oradan almağa məcburdur. Məsələn, dün­yada ən yaxşı toxuculuq dəzgahları Almaniyada istehsal edildiyi halda, həmin dəzgahların idxalı üçün onlara ayrılmış fransız frankı aşağı məzənnə ilə satılırsa, ölkədəki idxalatçılar daha ucuz olduğu üçün aşağı keyfiyyətli fransız dəzgahları almalı olurlar. Beləliklə, ölkə eyni miqdar valyuta ilə Almaniyadan daha keyfiyyətli və daha çox dəzgah almaq əvəzinə, Fransadan ucuz, lakin keyfiyyətsiz dəzgah idxal edirlər. Yaxud, tutaq ki, fərqli məzənnə sistemi tətbiq etməklə A ölkəsinə traktor istehsalı təşviq edilir. Eyni traktor əgər B ölkəsində daha ucuz və daha key­fiyyətli istehsal edilirsə, A ölkəsində onun istehsalının süni təşviq edilməsi dünya miqyasında iqtisadi mənbələrdə israfçılığa səbəb olur.

4. Ticarət şərtləri yaxşılaşır.

Valyuta nəzarəti rejimi valyuta məzənnəsinin süni olaraq yüksəlməsinə səbəb olur. Bunun nəticəsində idxalat daha ucuz olduğu halda, ixracat bahalaşır. Bundan əlavə, maliyyə ödəmə­lərinin tutarı da az olur. Bütün bunlar, xarici ticarət şərtlərinin ölkənin xeyrinə dəyişməsinə səbəb olur.

5. Valyuta nəzarətinin zəifləməsi və valyuta dönərliliyinə keçid prosesinin təkamülü. Valyuta məhdud­laşdır­maları ilk dəfə birinci dünya müharibəsi dövründə müharibədə iştirak edən dövlətlər tərəfindən tətbiq edilməyə başlanmışdır. 1924-1928-ci illərdə müvəqqəti sabitləşdirmə dövründə onlar ləğv edildi. Ölkələrin çoxunda ödəniş balansının pisləşməsi, kapitaldan qa­çış, qızıl standartının iflası, valyutaların qiymətdən düşməsi ilə əlaqədar olaraq valyuta məhdudlaş­dır­maları 1929-1932-ci illərdən sonra geniş yayıldı. Ka­pi­­tal hərəkəti, dövlət və özəl borcların ödənilməsi sahəsində valyuta məhdudlaşdırmalarının tətbiqi 25 borc­lu dövlətin iflasını rəsmiləşdirdi. İkinci dünya müharibəsi dövründə Almaniya valyuta ehtiyatlarını əlində cəmləşdirmək üçün valyuta nəzarətini sərtləş­dirmişdir.

İkinci dünya müharibəsi dövründə valyuta məhdudlaş­dırmaları demək olar ki, bütün dünyaya yayılmışdır. Mühari­bədən sonra valyuta məhdudlaşdırmaları, yalnız ABŞ, İsveçrə və Kanadada yox idi. Latın Amerikası ölkələri bu məhdudlaş­dır­maları ABŞ-ın təzyiqi ilə tətbiq etmirdilər.

İkinci dünya müharibəsindən sonra beynəlxalq valyuta sistemində mühüm yenilik valyuta məhdudlaşdırmalarının BVF vasitəsilə dövlətlərarası tənzimlə­məsidir. BVF nizamnaməsinə uy­ğun olaraq üzv ölkələrdə cari əməliyyatlar üzrə valyuta məhdud­laşdırmaları ləğv edildi və valyuta dönərliliyi tətbiq edildi. Lakin nizamnamənin XIV maddəsi valyuta məhdudlaşdırmalarının mü­vəq­qəti saxlanıldığı keçid dövrünü müəyyən etmişdir. Bundan başqa, fondun nizamnaməsi iqtisadi qeyri-sabitlik yarandıqda kapital hərəkəti üzrə valyuta məhdudlaşdırmaları tətbiq etməyə üzv ölkələri məcbur edir. Hətta, fonddan kredit alınması imkanı ölkənin ödəniş balansının müvazinətini təmin etmək məqsədilə valyuta məhdud­laşdırmalarından səmərəli istifadə edilməsi şərti ilə əlaqələndirilmişdir. Hər il fondun ekspertləri üzv ölkələrə valyuta məhdudlaşdırmaları problemləri üzrə məsləhətlər verir.

Valyuta məhdudlaşdırmaları milli valyutanın beynəlxalq hesablaşmalarda, valyuta və kredit əməliyyatlarında istifadə olun­masına, onun xarici valyutaya sərbəst çevrilməsinə mane olur. Ona görə də iqtisadi proseslərin getdikcə daha çox bey­nəlmiləlləşməsi valyuta dönərliliyi problemini olduqca aktual­laşdırmışdır.

Valyuta dönərliliyinin geniş miqyaslı iqtisadi mənası milli valyutanın valyuta bazarlarında xarici valyutalara sərbəst olaraq çevrilməsini, ölkənin valyuta əməliyyatları üzərinə heç bir məh­dudlaşdırma qoyulmamasını ifadə edir. Başqa sözlə, arzu edən hər kəs, hansı məqsədlə olursa olsun, milli valyuta ilə ölkənin valyuta bazarında istədiyi qədər valyuta alqı-satqısı apara bilər. Valyutanın daxili bazarda alqı-satqısı ilə yanaşı ölkədən istənilən qədər valyuta ixracı və ya ölkəyə valyuta idxalı də sərbəstdir.

Milli valyutasını dönərli valyuta elan etmiş ölkələrin valyutaları dönərli valyuta adlanır. Ancaq yuxarıda dönərlilik haqqında verilən anlayış hüdudsuz dönərliliyi ifadə edir. Lakin real həyatda belə hüdudsuz dönərlilik mövcud deyildir. Çünki müxtəlif dövlətlər qarşısına qoyduğu iqtisadi və maliyyə məq­sədlərindən asılı olaraq, dönərlilik sahəsində müxtəlif məhdud­laşdırmalar tətbiq edirlər. Ona görə də müxtəlif dərəcəli dönərli olan valyutalar mövcuddur.

Valyuta dönərliliyi sahəsində ən çox təsadüf edilən məh­dudlaşdırma valyuta bazarında bəzi məhdudlaşdırmaların tətbiq edilməsidir. Bu məhdudlaşdırmadan biri valyuta əməliyyatı apa­ran fiziki və hüquqi şəxslərin yerli və xarici olmaqla iki yerə bölünüb məhdudlaşdırılmasıdır. Belə ki, xaricilərin ölkədə əldə etdikləri milli valyutanın valyutaya çevrilməsinə icazə verildiyi halda, ölkə vətəndaşlarına belə bir hüquq verilmir. Xarici dönər­lilik, bir qayda olaraq, tam dönərliliyə keçilməsində ilk addım rolunu oynayır. Bu yolla ölkənin xarici ticarətinin inkişaf etdi­rilməsinə və milli valyutanın etibarlılığının təmin olunmasına çalışılır. Çünki bu tədbir, ölkəyə mal və xidmət ixrac edən xaricilərin ixracdan əldə etdikləri milli valyutanı xarici valyutaya çevirib, istədiyi yerə aparmasına imkan verir. Bununla da həmin milli valyutaların ölkədə dondurulmasının qarşısı alınır.

Dönərlilikdə başqa bir məhdudlaşdırmada aparılan əməliyyatların mahiyyəti ilə əlaqədardır. Burada çox hallarda mal və xidmət axınları üçün valyuta alqı-satqısı ancaq icazə ilə, ölkə xaricinə kapital ixracı ilə əlaqədar (məsələn, xarici istiqrazlar və pay sənədlərin satın alınması, depozit hesabı açmaq kimi) əməliyyatlar isə icazəsiz aparılır. Xarici turizm ilə əlaqədar aparılan valyuta miqdarı da məhdudlaşdırılır. Bütün bunlar isə ödəniş balansı kəsirinin ləğv edilməsi məqsədini güdür. Valyuta məhdudlaşdırmalarının sayı və miqyası artdıqca dönərlilik dərə­cəsi azalır. Ölkələrin milli valyutalarının nə dərəcədə dönərli olması üçün hansı meyarların tələb olunduğu və dönərliliyi təmin etmək üçün hansı tədbirlərin həyata keçirilməsi zəruriliyi BVF tərəfindən müəyyən edilmişdir.

Dönərliliyin ən böyük faydası dövlətlərarası ödəmələri asanlaşdıraraq, dünya ticarəti və maliyyə axınlarının inkişaf etdirilməsidir. Bu isə ölkələr arasında bey­nəlxalq əmək bölgü­sünün daha da dərinləşməsinə, ölkələrin müqayisəli üstünlük­lər nəzəriyyəsinə uyğun olaraq dünya bazarında ixtisaslaşmasına şərait yaradır. Onu da göstərmək lazımdır ki, valyuta dönərliliyi getdikcə genişlənən liberal iqtisadi rejimin təbii nəticələrindən biridir.

Dönərlilik hər şeydən əvvəl, milli valyutaya göstərilən etibar ilə əlaqədar bir problemdir. Bunun üçün aparılan iqtisadi islahatların müvəffəqiyyətli olması böyük əhəmiyyətə malikdir. Başqa sözlə, valyutasını dönərli etmək istəyi hər hansı bir ölkədə iqtisadi sabitliyin təmin edilməsi (işsizlik və inflyasiyanın cilovlanması), artım sürəti və məhsuldarlığın yüksəldilməsi tələb olunur. Belə bir iqtisadiyyat beynəlxalq bazarlarda rəqabətə davam gətirə bildiyi üçün valyuta gəlirləri artacaq, nəticədə isə xarici gəlir və xərclər sağlam bir təməl üzərində tarazlaşacaqdır.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə