Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə52/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   48   49   50   51   52   53   54   55   ...   77

Yemək otağında madam Kutürlə Viktorina, bir də qızın çiyninə söykənib yatan Ejen qalmışdı. Kristofun 
xorultusu sükuta dalan evin hər tərəfinə yayılır, Ejenin uşaq kimi məsum, füsunkar yuxusuna başqa bir 
lətafət verirdi. Viktorina xoşbəxt idi: o, ən gözəl qadın hisslərinin canlı ifadəsi olan şəfqət hissinə qapıla 
bilər, ağır bir günah işlətmədən, sevdiyi gəncin ürək döyüntüsünü öz ürəyinin yanında duya bilərdi. Qızın 
üzündə ana məhəbbəti və bu hissə görə bir vüqar duyulurdu. Onun qəlbində qaynaşan fikirlərin yığını 
arasından, saf, gənclik hisslərinin hərarəti ilə oyanmış çoşqun ehtiras həyəcanları görünürdü. 
Madam Kutür qızın əlini sıxaraq: 
– Mənim biçarə qızım!.. – dedi. 
Qoca arvad qızın bu dəqiqə xoşbəxtlikdən nurlanmış iztirablı, qüsursuz üzünə məftun nəzərlərlə baxırdı. 
Viktorina qədim ikonaya bənzəyirdi; sanki, rəssam, təfərrüatına əhəmiyyət vermədən, sakit və vüqarlı 
fırçasının bütün sehrkarlığını sarımtıl tonla ifadə etmiş, lakin bu sarılıqda göylərin qızılı şəfəqini əks edən 
qız surətinə vermişdi. 
Viktorina Ejenin saçlarını oxşayaraq: 
– Anacan, – dedi, – o, axı iki stəkandan artıq içmədi. 
Madam Kutür cavab verdi: 
– Qızım, o, əyyaş olsaydı, şərabı başqaları kimi asan içərdi. Onun sərxoş olması onun saflığına dəlalət 
edir. 
Küçədən ekipaj təkərlərinin səsi gəldi. 
– Anacan, bu, cənab Votrendir. Cənab Ejenə kömək edin. O şəxsin məni bu vəziyyətdə görməsini 
istəmirəm: o, insan qəlbini çirkaba bulaşdıran ifadələr işlədir, bir də, onun baxışları qadın hisslərini təhqir 
edir: o, qadını sanki gözləri ilə soyundurur. 
Madam Kutür: 
– Yox, yox, qızım, – dedi. – Səhv edirsən. Cənab Votren yaxşı adamdır, qismən mənim mərhum ərimi 
xatırladır: o da bunun kimi kobud, lakin mərhəmətli, xeyirxah bir ayı idi. 
Bu anda Votren yavaş addımlarla içəri daxil oldu. O, iki cavanın bu halda görünüşünə bir nəzər saldı: 
çırağın işığı onların üzünü, elə bil, nəvazişlə oxşayırdı. 
Votren qollarını sinəsində çarpazlayaraq: 
– Belə səhnələr, – dedi, – “Pavel və Virginiya”*    müəllifi hörmətli Bernarden de Sen-Pyeri gözəl səhifələr 
yaratmaq üçün ilhama gətirə bilərdi. Gənclik nə gözəldir, madam Kutür! – Ejeni seyr edərək: – Yat, 
mənim sevimli balam, – dedi, – səadət bəzən insan yuxuda olduğu zaman gəlir. – Sonra yenə madam 
Kutürə tərəf dönərək: – Madam, – dedi, – bu gəncdə məni cəzb edən şey onun mənəvi gözəlliyi ilə 
cismani gözəlliyinin ahəngdarlığıdır. Yaxşı baxın: məgər bu, mələk çiynində yuxuya gedən bir məlaikəyə 
bənzəmirmi? O, məhəbbətə layiq gəncdir! Əgər mən qadın olsaydım, onun yolunda məmnuniyyətlə 


ölərdim (yox, yox, mən o qədər də axmaq deyiləm), onun üçün yaşardım. – Sonra madam Kutürün 
qulağına pıçıldadı: – Onları məftun nəzərlərimlə seyr edərkən, Allahın onları bir-biri üçün yaratdığını 
düşünürəm. – Votren bir az sonra ucadan davam etdi: 
– Allahın sirrindən heç kəs agah deyil, o, insanların ürəklərini, fikirlərini imtahandan keçirir. Pak və 
günahsız qəlbinizlə, insani meyillərinizlə birləşmiş olduğunuzu gördükcə mən özümə deyirəm ki: bunlar 
gələcəkdə də bir-birindən ayrılmayacaqlar. Allah-taala adildir. Bəli! – Sonra qıza dedi: – Yadımdadır, mən 
sizin əlinizdə xoşbəxt bir həyatın əlamətlərini görmüşdüm. Madmazel Viktorina, əlinizi mənə verin. 
Xiromantiyadan başım çıxır, mən dəfələrlə fala baxmışam. Qorxmayın, yaxın gəlin! Aman, yarəb, mən 
nələr görürəm! Namusuma and olsun ki, siz tez bir zamanda Paris aləmində ən zəngin qızlardan biri 
olacaqsınız. Siz, sizi sevən bir gəncə böyük xoşbəxtlik bəxş edəcəksiniz. Siz, sizə pərəstiş edən gözəl, 
məşhur, zəngin bir gəncə ərə gedəcəksiniz. 
Aşağıya enən işvəkar dul arvadın ağır ayaq səsləri Votrenin fala baxmasına mane oldu. 
– Budur, Voke cici də gəldi. O, ulduz kimi qəşəng, piyalə kimi zərifdir! – Sonra əlini Vokenin korsetinin 
kənarına qoyaraq soruşdu: 
– Özümüzü, deyəsən, bir az sıxmışıq axı?! Cici, belinizi çox tarım çəkmisiniz, Allah eləməsin, ağlasaq, 
partlayacaq. Lakin eybi yoxdur, mən bir əntiqəfüruş kimi qəlpələrin hamısını yığaram. 
Voke madam Kutürün qulağına pıçıldadı: 
– Bax, bu qoçaq fransız nəzakətindən xəbərdardır! 
Votren Viktorina ilə Ejenə tərəf dönərək: 
– Əlvida, balalarım, – dedi, əllərini onların başı üstündə açdı. – Mən sizə xeyir-dua verirəm. Madmazel, 
inanın ki, namuslu bir şəxsin xeyirxahlığı, hər halda, bir şeydir, o, sizə səadət gətirər. Allah-taala xeyirxah 
bəndələrin dostudur. 
Madam Voke madam Kutürə dedi: 
– Əlvida, mənim dostum, – sonra pıçıltı ilə soruşdu: – Siz nə fikirdəsiniz, cənab Voltren mənim barəmdə 
ciddi fikirləşirmi? 
– Bəli, bəli... 
Nəhayət, Viktorina ilə madam Kutür yalqız qaldılar. Viktorina əlinin içinə baxıb ah çəkdi: 
– Ah, anacan, – dedi, – bu xeyirxah cənab Votren haqlı çıxsaydı, nə yaxşı olardı! 
Qoca xanım cavab verdi: 
– Bunun ancaq bir çarəsi var: sənin iblis qardaşın atdan yıxılmalıdır... 
– Ah, anacan! 


– Yarəb! Bəlkə, düşməninin ölümünü arzulamaq böyük günahdır. Nə çarə, yeri gələndə tövbə edərəm. 
Amma sözün düzünü axtarsan, mən məmnuniyyətlə onun məzarının üstünə çiçək səpərdim. Ürəyi 
daşdır! Anasını müdafiə etməyə mərdliyi çatmır. Əyri-üyrü yollarla sənin sərvətini mənimsəmişdir. 
Kuzinamın yaxşı sərvəti vardı. Sənin bədbəxtliyindən, bu barədə nikah sənədində bir kəlmə də 
yazılmamışdır. 
Viktorina dedi: 
– Səadətim bir başqasının həyatı bahasına başa gələrsə, bu səadət mənim üçün ağır yük olardı. Əgər 
səadətim üçün qardaşımın ölümü zərurətsə, mən həmişə burada qalmaq istərdim. 
Madam Kutür cavab verdi: 
– Yarəb! Sən özün gördün ki, bu sevimli cənab Votren, o dindar adam nə dedi. Onun iblisə Allahdan daha 
çox ehtiram bəsləyən insanlar kimi allahsız olmadığına inanmaq mənə xoşdu. Cənab Votren deyir ki, 
Allah bizi hansı yollarla apardığını kim bilər? 
İki qadın Silviyanın köməyi ilə Ejeni öz otağına aparıb, yatağında uzandırdı. Rahat yatsın deyə, aşpaz 
qadın Ejenin düymələrini açdı. Otaqdan çıxanda, madam Kutür üzünü o tərəfə çevirdikdə, Viktorina 
fürsət tapıb Ejenin alnından öpdü: o, bu cinayətkar busə ilə səadətin bütün ləzzətini duydu. Viktorina 
Ejenin otağına nəzər saldı, bu günün fərəhli hadisələrini, necə deyərlər, bir təsirlə birləşdirdi, xəyalında 
bu günün mənzərəsini yaratdı, uzun müddət məftun nəzərlə bu mənzərəni seyr etdi və nəhayət, yuxuya 
getdi: o, özünü Parisin ən xoşbəxt xilqəti hiss edirdi. 
Votrenin Ejenlə Qorio atanı kefləndirmək üçün təşkil etdiyi və şəraba yuxu dərmanı qatdığı bu ziyafət 
Votrenin öz fəlakətinə səbəb oldu. Yarısərxoş Byanşon madmazel Mişonodan “Ölüm-yalan” haqqında 
soruşmağı unutmuşdu. Əgər Byanşon bu adı         , Votren, yaxud onun əsl adını söyləyəcək olsaq, 
katorqanın məşhur adamlarından Jak Ko len ehtiyatlı tərpənməyə məcbur olacaqdı. Hələ bundan başqa, 
Kol enin səxavətinə ümid bəsləyən madmazel Mişono gecə onu qaçmaq üçün xəbərdarlıq etməyin daha 
xeyirli olduğunu düşündüyü halda, Votren onu məzar üstündə qoyulan Venera heykəli adlandırmışdı. 
Bunun da nəticəsində Mişono onu polis idarəsinə təslim etməyə qərar verdi. O, Puare ilə birlikdə dərhal 
Sent-Ann döngəsinə, gizli polis idarəsinin məşhur rəisinin yanına getdi. O, yenə Qondüro adlı qoca 
məmurla görüşəcəyini zənn etdiyi halda, axtarış polis idarəsinin rəisinə rast gəldi. Rəis onu nəzakətlə 
qəbul etdi. Madmazel Mişono rəislə söhbət zamanı bütün şərtlər üzrə razılığa gələndən sonra damğanın 
izlərini yoxlamaq üçün deyilən dərmanın verilməsini xahiş etdi. Kiçicik Sent-Ann döngəsində ən böyük 
adam sayılan bu rəis yazı stolunun qutularında dərman şüşəsini axtaranda Mişono rəisin üzündəki sevinc 
ifadəsindən anladı ki, Votrenin tutulması sadə bir katorqa məhbusunun tutulması deyil, daha mühüm və 
böyük hadisədir. Mişono baş işlədib, polis idarəsinin bəzi xain katorqaçıların göstərişləri əsasında, əlinə 
çoxlu pul keçirmək fikrində olduğundan şübhələnməyə başladı. O, öz təsəvvürlərini rəisə söylədikdə, rəis 
gülümsədi və Mişononun şübhələrini dağıtmaq üçün dedi ki: 
– Siz səhv edirsiniz. Ko len oğrular aləmində indiyə qədər təsadüf edilməyən ən qorxulu  “Sorbonna”dır*. 
Bütün mətləb də bundadır. Bütün quldurlar bunu yaxşı bilir: Ko len quldurların bayraqdarı, istinadgahı, 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə